Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

EMMA ƏLƏKBƏRZADƏ: “HƏR ŞEİR, HEKAYƏ YAZAN ÖZÜNÜ YAZAR ADLANDIRMASIN” – MÜSAHİBƏ FOTOSESSİYA

“Kitabı açanda birinci misranı bəyənməsəm, qalan əsəri də oxumuram”

“Nə oxuyursan?” rubrikasının bu dəfəki qonağı tanınmış müğənni Emma Ələkbərzadədir. Qonağımıza deyəndə ki, kitablardan danışacağıq “Əla, bu, mənim yaralı yerimdi” – deyib, müsahibəyə ikiəlli razılaşdı. Sevdiyi yazarları, əsərləri və tənqidlərini bizimlə bölüşdü. 

- Humanitar fənnləri həmişə yaxşı oxumuşam. Amma cəbr, həndəsə, fizika, kimya, bu fənnlərin hamısından həmişə iki almışam. Bülbül adına məktəbdə oxumuşam və orada əsas diqqət musiqiyə və humanitar fənnlərə idi. Ona görə də mən tarix, ədəbiyyat kimi fənləri daha çox sevmişəm.

- Dərslərdən əlavə nə oxuyurduz?
- Mən rus bölməsində oxumuşam. Bizə A.S.Puşkinin hansısa poemasını verirdilər, onu öyrənib, danışırdıq. Dərslərdən əlavə isə 1-ci, 2-ci sinifdə təbii ki, nağılları oxuyurduq. Amma yuxarı siniflərdə Çingiz Aytmatovu oxuyurdum. O zamanlar çox dəbdə idi. Ən çox oxuduğum müəlliflər isə amerikalı yazıçı Ernest Hemenquey, bir də ki, fransız yazıçısı Emil Zolya idi. Bunlar dünya ədəbiyyatından ən çox sevdiyim yazıçılardır. Əsərlərdən isə Jorj Sandın “Konsuela”sı ən sevimli əsərimdir. Onu oxuyanda elə bilirsən ki, Konsuelanın həyatını yaşayırsan. Sonradan bildim ki, Jorj Sand dahi bəstəkar Şopenin sevgilisi olub. Müəllif həmin əsərdə də elə öz həyatını yazıb. Yazıçılar çoxdur, amma bu üçünü fərqləndirirəm. Düşünürəm ki, hansı yazıçı ilə maraqlanırsansa, onu oxumaq lazımdır.

- Azərbaycan ədəbiyyatına marağınız necədir?
- Bir vaxtlar mən Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini bir dəfə oxuyub, dərsdə əzbər danışmışdım. Çünki onu öz evimizdə görmüşdüm. Bilirsiz ki, mən xalq yazıçısının ailəsində böyümüşəm. Qılman İlkin, Yusif Səmədoğlu, ümumiyyətlə yazıçılarımızın əksəriyyətini öz evimizdə görmüşəm. Faktla deyirəm – babamla, atam olduğuna görə yox, uşaqlıqdan onların əsərlərini oxumuşam. Etiraf edim ki, babam Əbülhəsənin əsərlərini oxumaq uşaq vaxtı mənə çətin idi. Amma böyüdükcə yenidən oxudum və başa düşdüm. Atam isə çox sadə dildə yazırdı. Başqa yazıçı və şairlərdən isə Səməd Vurğun, Bəxtiyar Vahabzadə və Süleyman Rüstəmin şeirlərini çox bəyənirdim. Musa Yaqubun yazdıqlarını isə lap çox sevirdim. Onun vətən haqqında cəmi 4 misralıq şeiri insanların yaddaşına həkk olunub.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyursuz?
- Müasirlərdən heç kimi oxumuram. Çünki mənə maraqlı deyil. Bir nüans deyim. Qardaşım oğlunun 10 yaşı var. Onun ədəbiyyat dərsliyinə baxıram və fikirləşirəm ki, bunlardan heç kimi tanımıram. Şükür Allaha, ədəbiyyatdan da başım çıxır, çünki özüm də yazıram. Bilirəm ki, romanda vacib olan nədir, hekayədə vacib olan nədir. Biri var ki, ürək yazır, biri də var ki, beyin yazır. Beyin yazanda savad lazımdı. Ədəbiyyat dərsliyinə baxıram və bağlayıram. Mənə maraqlı deyil. Niyə indiki dərsliklərdə dahi yazıçılarımızın əsərləri yoxdur? Niyə Anarın, Rəsul Rzanın əsərləri yoxdur?

- Yuxarı sinif dərliklərində var. Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, Səməd Vurğunun əsərləri var.
- Biz bunları 6-cı sinifdə oxuyanda keçmişdik.

- Ədəbiyyata mara atanızın təsiri ilə idi, yoxsa özünüzdə var idi?
- Özüm həmişə istəmişəm ki, filoloq olum. Evdən isə məni musiqi sahəsinə yönləndirdilər. 

- Adətən əksinə olur. Musiqiyə marağı olanları müəllimliyə yönləndirirlər.
- Yox, məni musiqiyə yönləndirdilər. Çünki 3 yaşım olanda pianoda sərbəst ifa edirdim. 5 yaşımda Konservatoriyanın Kamera orkestrində royalda ifa etmişəm. 6 yaşımda Bülbül məktəbinin birinci sinifində oxuyurdum.

- Qeyd etdiz ki, yazırsız. Nəzm, yoxsa nəsr?
- Nəsr az yazıram. Daha çox şeir, bayatı, qəzələ üstünlük verirəm.

- Nə vaxtdan yazırsız?
- Çoxdan

- Kitab kimi çap etdirmək fikriniz var?
- Fikrim var. Amma mən peşəkar deyiləm. Mən utanaram. Çünki qorxaram ki, dahi şairimiz Nəriman Həsənzadə bəyənməsin. İnsan kimi tənqidə çox gözəl yanaşıram. Amma mən elə insanın nəvəsiyəm, elə insanın qızıyam ki, qorxuram bəyənməzlər. Ona görə də risk etmək istəmirəm. 2001-ci ildə balaca şeir kitabçası çıxardım. Dostlarıma hədiyyə kimi payladıəm. O vaxt Nəriman Həsənzadə oxuyanda dedi ki, burada Çingizin əli var. Amma yenə də qorxuram. 

- Ailədə yazan təkcə sizsiz, yoxsa Sevda xanım da yazır?
- Seva da yazır.

- Azərbaycan ədəbiyyatından hansılar sevimli yazıçınızdır?
- Ən birinci babamla, atam, ondan sonra isə Anar sevimli yazıçımdır. Sevimli yazıçılar çoxdur. Etiraf edim ki, mən hər əsəri oxumuram. Kitabı açanda birinci misra sənə maraqlıdırsa, onda arxası da gedəcək. Mən birinci misranı bəyənməsəm, qalan əsəri də oxumuram. Mahnıda da belədir, ilk 3 notu eşidirəm. Maraqlı gəlirsə, oxuyuram, əksi olduqda isə oxumuram.

- Sevimli obrazınız hansıdır?
- Emil Zolyanın “Sevgi səhifəsi” və “Nana” əsərlərinin adlarını çəkə bilərəm. “Nana” mənim babamın da sevimli əsəri idi. Mənim hələ ki, bu evdə kitabxanam yoxdu, çünki bura yoldaşımla təzə köçmüşük. Amma atamgildə böyük kitabxanam var. Planlaşdırıram ki, burada da böyük kitabxanam olsun. Çox xoşlayıram ki, evdə kitabxanam olsun.

- Kitabları daha çox hansı dildə oxuyursuz?
- Azərbaycan yazıçısını əlbəttə ki, öz dilimizdə. Amma xarici ədəbiyyatı heç vaxt Azərbaycan dilində oxumuram, oxumayacam da.

- Deyəsən, siz də tərcümələrdən narazısız.
- Bəli, çox məntiqsiz və süni tərcümə edilir. Xariciləri və rus yazıçılarını mütləq rusca oxumalıyam.

- Kitabları daha çox hansı kitab mağazasından alırsız?
- Şükür Allaha, atamın kitabxanası o qədər genişdir ki, kitab almğa ehtiyac olmur. Amma bəzi rus dilində kitablar var ki, mən onları Nyu Yorkdakı “Rus kitab evi”ndən alıram. Nyu Yorkda Brighton-Beach adlı məhəllə var, orada Little Odessa adlı bölgə var ki, Odessadan gələn yəhudilər orada yaşıyır. Orada “Dom Ruskiy Kniqi” var. Mən anam üçün kitabları oradan alıb gətirirəm. Nyu Yorkda Çingiz Abdullayevin kitabları satılır. Minirəm metroya görürəm ki, kimsə kitab oxuyur, üstünə yazılıb ki, Çingiz Abdullayev. Yerlilər Ç.Abdullayevin kitablarını ingiliscə oxuyur, emiqrantlar isə rusca. Bilirsiz, adam necə fəxr edir?

- Özünüz Çingiz Abdullayevin əsərlərini oxumusuz?
- Xeyr, hələ oxumamışam. Çünki dedektiv əsərləri xoşlamıram. Mən daha çox melodram, həyat hadisələrindən bəhs edən əsərləri oxuyuram. Ən çox da yazıçıların həyatı haqqında olan əsərləri oxumağı sevirəm. Məsələn, Ernest Hemenquey ömrünün sonlarına yaxın aclıq içində yaşayırdı və parkda oturub göyərçinləri vururdu ki, yesin. Axırda da özünü öldürdü. Düşünürəm ki, əvvəlcə yazıçının həyatı ilə tanış olmaq lazımdı ki, onun əsərlərində nə demək istədiyini anlayasan. Bu, eyni zamanda bəstəkarlara da aiddir. Mən əvvəlcə Bax, Bethoven haqqında ədəbiyyatı oxuyuram, yalnız ondan sonra onların əsərlərini ifa edirəm. Çünki hansısa əsəri pianoda ifa edəndə sən o əsəri yaşamalısan. Mən klassik caz pianoçusuyam. Mənim sənətim əsla müğənnilik deyil.

- Dediyiniz məqam rəssamlara da aiddir. İrvinq Stounun “Yaşamaq yanğısı” əsəri Van Qoq haqqında tamam başqa təsəvvür yaradır.
- Əlbəttə, rəssamın həyatı ilə tanış olanda onun əsərlərini, orada nə demək istədiyini daha yaxşı başa düşmək olur. Mən 2009-cu ildə burada bir sərgiyə getmişdim. Mehriban Əliyeva Salvador Dalinin əsərlərini gətirtmişdi. Əsərə baxırdım, elə bil ki, bir nöqtəyə baxırdım, anlamırdım. Gəldim, gecə Salvador Dalinin həyatını oxudum, səhər yenə gedib baxdım. Əfsuslar olsun ki, çox adam oxumur. Siz, mən və bir neçə nəfər bilir. Maraqlanmırlar.

- Sizcə niyə maraqlanmırlar?
- Bilmirəm, hərənin zövqü bir cürdür. Elə adam var ki, sevir ki, ancaq klublarda əylənsin. Eləsi var ki, xaricə gedəndə ancaq alış-veriş etməyi sevir. Nyu Yorka gedəsən, hansısa müzikla getməyəsn, necə ola bilər? Yaxud Hollivuda gedib, hansısa atraksiona getməyəsən, Manhettena gedib, muzeyə getməyəsən, necə ola bilər? Mən 2008-ci ildən həm Amerikada yaşayıram, həm də Bakıda. Nyu Yorku nə qədər gəzirəm, bitmək bilmir. O qədər muzey, o qədər gəzməli yer var, vaxt çatdırıb hamısına gedə bilmirəm.

- Elə filmlər olur ki, onlar hansısa əsərin əsasında çəkilir. Eləsi olub ki, ona baxandan sonra əsəri də oxumağa qərar verəsiz?
- Bəli, “Çalıquşu” filminə baxandan sonra onun kitabını tapıb oxudum. “Şindlerin siyahısı” əsərini isə eyniadlı film çəkilməmişdən əvvəl oxumuşdum. Mən 5 il İsrail səfirliyində işləmişəm. Oranın böyük kitabxanası var idi. Oradan “Qara kitab” adlı bir kitab götürdüm. “Şindlerin siyahısı” II Dünya müharibəsi illərində 6 milyon yəhudinin soyqırıma məruz qalması haqqındadır. Mən İsrail Universitetində Avropa Yəhudilərinin faciəsi üzrə 4 il təhsil almışam. Dünyada ən sevdiyim iki film var, “Xaç atası” və “Bir dəfə Amerikada”.

- Azərbaycandakı kitab evlərindən hansında olmusuz?
- “Ali və Nino”nun adını eşitmişəm, amma olmamışam. Bir dəfə Rus kitab evində olmuşam vəssalam. Demək olar ki, Azərbaycanda olanda kitab almıram. Amma xaricə gedəndə kifayət qədər rus dilində kitab alıram.

- Yuxarıda qeyd etdiniz ki, yeni yazarlardan heç birini tanımırsız. Efirlərdə görünürlər, bəziləri də efirlər vasitəsilə tanıyır.
- Mən Azərbaycan kanallarına ancaq xəbərlər verilişinə və bacımı, ya da məni göstərəndə baxıram.

- Kitab təqdimatlarına dəvət alırsız?
- Heç xəbərim olmur. Dəvət alsam, mənə maraqlı olsa gedərəm.

- Sevimli obrazınız hansıdır?
- Dünya ədəbiyyatından da var, ümumiyyətlə çoxdur. Amma Azərbaycan ədəbiyyatından Səməd Vurğunun “Aygün” poemasındakı Aygün obrazı mənim sevimlimdir. Aygün sevgi üzərində ailə qurur, amma həyat yoldaşı hər gün evə içkili gəlir və Aygün körpəsinə layla çala-çala onu gözləyir. Zaman keçir, Aygün konservatoriyanı oxuyur, öz sənətini davam etdirir və böyük bəstəkar olur. Axırda da həyat yoldaşı onun ayağına gəlir. Aygün güclü qadındır və məni də cəlb edən elə budur. Sonda vurğulamaq istəyirəm ki, hər şeir, hekayə yazan özünü yazar adlandırmasın. Bu, bizim dahi şairlərimizə və yazıçılarımıza təhqirdir. 

Fatimə Kərimli






30 Noyabr, 2012  14:36 Baxılıb: 2178 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner