Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FOTOQRAF VƏ RƏSSAM NƏYİ BÖLÜŞƏ BİLMİR? - DEBAT

Rəssam: «Yaradıcı yükü olmayan fotoların sərgisini keçirməyin mənasını anlaya bilmirəm» 

Fotoqraf: «Onların yaradıcı, bizim isə texniki imkanlarımız genişdir»
 

Simasar.az saytının redaksiyasında ənənəvi olaraq keçirilən debatın bu dəfəki mövzusu fotoqrafiya və rəssamlığın kəsişən, ziddiyyət təşkil edən məqamlarını müəyyənləşdirmək, eyni zamanda bu iki sənət sahiblərinin bir-birilərində qəbul etmədikləri tərəflərə aydınlıq gətirməkdir.
Beləliklə qonaqlarımız Gənc rəssam Məhər Məhərrəmov və peşəkar fotoqraf Çingiz Seyfullayevdir.


Tanıtım:

Məhər Məhərrəmov 1988-ci il 21 iyulda Gəncə şəhərində anadan olub. 1997-ci ildə uşaq incəsənət məktəbinə təsviri sənət ixtisası üzrə qəbul olub. 2004-cü ildə Gəncə Qarnizonu Zabitlər evində 2 il rəssamlıq təhsili alaraq qırmızı diplomla bitirib. Bir neçə müsabiqə, sərgilərdə yaxından iştirak edib. Bu il Park Bulvarda Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş Yeddi Gözəl Həftəsi adlı fərdi rəsm sərgisi keçirilib və Qafqaz Media İctimai Birliyini tərəfindən «Qızıl fırça» diplomu ilə təltif olunub.

Çingiz Seyfullayev «Yarasa» studiyasının rəhbəridir. İki ildir peşəkar fotoqrafiya ilə məşğul olur. Studiyanın tərkibində gənc fotoqraflar üçün kurslar keçir. Çəkdiyi fotolar sosial şəbəkələrdə çox məşhurdu.


Ruslan Xəlil: - Son vaxtlar fotosərgilərin sayı sanki rəsm sərgilərinin sayını keçməkdədir. Rəssam kimi necə düşünürsüz, fotoqrafiyanın inkişafı rəssamlığı kölgədə qoymur?

Məhər Məhərrəmov: - Əvvəla bildirim ki, rəssamlığa maraq var, amma kütləvi deyil. Bu sənətə barmaqarası yanaşanlar da var. Mən belələrindən uzaq gəzirəm. Həyatını bu sahəyə həsr edib, uğur qazananlar, yaxşı gəlir əldə edənlər də var.
Fotoqrafla rəssamın işlərində nə qədər uyğunluq olsa da, bir o qədər fərqlər mövcuddur. Düzdür, fotoqrafiya inkişaf edir. Amma bu rəssamlığa marağın azalmasına səbəb olmur. Mən bütün sahələrdə peşəkarlığa qiymət verilməsinin tərəfdarıyam. Əgər fotosərgidə həqiqətən də gözəl fotolar nümayiş olunursa, bunun nəyi pisdir ki? Rəssam kimi fotoqrafın da hədəfi, obyekti olmalıdır. Fotoqraf nə qədər peşəkar olsa da, rəssam kimi istədiyi yaradıcılığı ortaya qoya bilməz. Heç bir yaradıcı yükü olmayan fotoların sərgisini keçirməyin mənasını anlaya bilmirəm.

Çingiz Seyfullayev: - Əvvəllər fotoqrafiya iki yerə bölünürdü. Fotomüxbirlər və foto rəssamlar. İndi "fıtıqraflar" peyda olub. "Fıtıqraf" fotoaparatı hələ düzgün idarəetməyi bacarmayan, heç bir yaradıcı axtarışı olmayanlar deməkdir. İndii onların sayı artıb. Hərə əlinə bir fotoaparat alıb, deyir mən fotoqrafam. İndi peşəkarlıqla həvəskarların arasındakı sərhəd götürülüb. Rəsmlə foto arasındakı fərqlər mövcuddur. Rəsm daha çox yaradacı təxəyyülün məhsuludur. Foto daha çox reallığa uyğundur və operativliyi ilə seçilir. Rəssam həyatda olmayan gülü, digər varlığı çəkə bilir. Amma fotoqraf yox. Bizdə rəssamlığa bir qədər yaxın olan fatorəssamlıqdır. Fotoşop proqramı vasitəsilə foto üzərinə təxəyyüllərimizi əlavə edə bilirik. Onların yaradıcı, bizim isə texniki imkanlarımız genişdir. Rəssamlarda işıqla işləmək problemi yoxdur. Amma biz işıqla işləmək məcburiyyətindəyik. 

Məhər Məhərrəmov: - Fotoqraflarda operativlik olsa da, bəzi hallarda rəssamların işi daha asandır. Fotoqraf hansısa görüntünü çəkmək üçün saatlarla, bəzən aylarla gözləməli olur. Rəssamlarda belə bir problem yoxdur. Meşədə hansısa mənzərəni çəkmək üçün əvvəlcə görüntünün cızmaqarasını edirik. Evdə əsəri ərsəyə gətiririk. Fotoqrafda bu imkanlar yoxdur.

Çingiz Seyfullayev: - Bizim əsas silahımız fotoaparat və Günəşdir. Günəşin hərəkətindən, görünüşündən asılı olaraq biz mövqeyimizi dəyişirik. Bizim düşmənimiz zamandı. Dostumla birlikdə planımız var. 365 gün eyni saatda eyni yerdə durub günəşin şəkilini çəkək. Sonda 365 şəkili yan-yana qoyub günəşin necə dəyişdiyini insanlara göstərmək istəyirik. Bu plan hələ də qüvvədədir. Nə vaxtsa həyata keçirəcəyik. Rəssam 365 gündə günəşin hərəkətini bir tabloya yerləşdirə bilər. Amma biz gərək 365 şəkil çəkək. Eyni zamanda rəssam bizim əldə etdiyimiz effekti qazana bilməyəcək.

Ruslan Xəlil: - Rəssamlıqda və fotoqrafiyada gündəmdə olan mövzular hansılardı?

Çingiz Seyfullayev: - Fotomüxbirlərin işi məlumdur. Hazırlanan mövzuya uyğun şəkillər çəkirlər. Bizdə peşəkar fotorəssam demək olar ki, yoxdur. Bizdə sadəcə çəkdiklərimizi nümayiş etdirmək var. Fotoqrafların mövzuları müxtəlifdir. Təlabat toylaradır. Amma artıq iki aydır, toylara getmirəm. Toya gedirsənsə peşəkarlığı, yaradıcılığı bir tərəfə qoymalısan. Toyda ancaq məqamı tutmaqla məşğul olursan. Hazırda fotoqraf kursunda master klaslar keçirəm. Eyni zamanda ailənin, uşaqların xoşbəxt anlarını fotoaparatımın yaddaşına köçürməklə məşğulam. Uşaqla işləmək çətindir.

Məhər Məhərrəmov: - Mən hərdən zövq almadığım işləri də görürəm. Sifraişlə portretlər çəkirəm. Avropada imkanlı, vəzifəli şəxslər heç vaxt rəssama öz portretlərini çəkdirməzlər. Onlar rəssamın ideyalarına önəm verirlər. Avropada hətta baxıb gülmək üçün rəssamlara öz karikaturalarını çəkmək sifarişi verənlər də var.

Ruslan Xəlil: - Portretləri kimlər üçün və neçəyə çəkirsiz?

Məhər Məhərrəmov: - Qiymətlər fərqlidir. Portreti 1000 manata da çəkənlər var, 40 manata da. Bu günə qədər bir neçə portret çəkmişəm. Amma sifarişçilərin adlarını açıqlaya bilmərəm. Çünki onlar özləri də adlarının açıqlanmasını istəməzlər. Mən portretləri pula görə yox, xahişlə çəkmişəm. Ehtiyacım olsa da, pulla rəsm çəkməmişəm. Gedib, başqa işdə işləmişəm. Hazırda Gəncədə Buta Xalçaçılıq Mərkəzində dizayner işləyirəm. Rəssamlıqla dolanmaq mümkündür. Restoranlar, şadlıq evləri üçün avanqard tipli rəsmlər çəkmək olar.

Çingiz Seyfullayev: - Fotoqrafın həmişə çörəyi olur. Ən pis halda toylara, ad günlərinə gedirlər. Mən fotoqrafa qiymət verən insanların toyuna getməyi üstünlük vermişəm. Sənətimə, ideyama qiymət verənlər olub. Mən deyəndə ki, bəyi atıb-tutun və bəy buna etiraz edirsə, artıq həvəsdən düşürəm. Mənim «Yarasa» adlı studiyam var və orada fotokurs açmışam. 10-15 tələbəm var. Bir tələbənin aylıq ödənişi 200-500 manat arasında dəyişir. İstedadlı uşaqlara güzəşt edirik. Mənim müəllimim Vüsal Verdiyev olub. Fotoaparatı qoydu qabağıma dedi. Bu «iso», bu «diafraqma», bu da mənzərə. Get çək. Mən peşəkar fotoqraflığı iki il ərzində öyrəndim və indi dərs deyirəm. Amma bu mənada rəssamların işi çətindi. Məhər bəyə sual verirəm. Peşəkar rəssamın yetişməsi üçün neçə il lazımdır?

Məhər Məhərrəmov: - Bəli, fotoqrafların işi bəzi hallarda asandır. Fotoaparatın texniki tərəflərin öyrənir və başlayır çəkməyə. Rəssamlığın isə sonu yoxdur. Da Vinçi ömrünün sonunda deyirdi ki, rəssamlığın «a» hərfini hələ indi öyrənirəm. Bu gün şedevr əsər yaratmısansa, sabah yaratdığın əsər keyfiyyətsiz ola bilər.

Çingiz Seyfullayev: - Rəssamdan yaxşı fotoqraf ola bilər. Çünki onun təxəyyülləri, yaradıcılıq qabiliyyətləri var. amma fotoqrafın rəssam olması çətin məsələdir.

Ruslan Xəlil: - Niyə görə bu gün populyar, dəyərli əsərlər ortaya çıxmır?

Məhər Məhərrəmov: - Dəyərli rəsm əsərləri işlənilir. Amma onlar klassik əsərlər qədər populyar ola bilmir. Bunun da bir neçə səbəbi var. Da Vinçidən sonra çox adam «Mono Liza»nı çəkdi. Amma orijinalına oxşada bilmədilər. «Mono Liza»da olan sirlər, sifətdəki məna, peşəkarlıq digər əsərlərdə yoxdur. Mono Lizanın gözü yalnız bir nöqtəyə baxır. Amma digərlərinin çəkdikləri əsərlərə kənardan baxanda Mono Lizanın sənə baxan gözlərini görürsən. Fərq bundadır. Mono Liza özü məşhur tacir Cakonda tərəfindən sifariş olunmuş əsərdi, pulu da qabaqcadan ödənilmişdi. Amma Da Vinçi əsəri işləyəndən sonra onu götürüb qaçıb.

Çingiz Seyfullayev: - Koreyalı fotoqraf olub. O, səyahətə çıxıb. Dağın başında çadır qurub gecələyir. Səhər duranda görür ki, içəri ayı girir. İlk olaraq əlini fotoaparatına atır və ayının onu parçaladığı yerdə şəkilini çəkir. Bu onun sonunca və ən dəyərli fotosu olur. Bu şəkil 12 müsabiqədə birinci yerə layiq görülüb. Bundan başqa göy göz, hicablı qızın şəkili var. Sülh rəmzi olaraq çox populyar şəkildi.
Hisslər gülüş və kədərdən ibarət deyil. Sifətdəki qeyri-adi hissləri çəkmək tamam başqa şeydir. Sonda onu da bildirim ki, istər fotoqraf ol, istərsə də rəssam gərək işinin peşəkarı olasan.






29 Noyabr, 2012  17:16 Baxılıb: 2886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner