Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NAZİRLƏRDƏN DANIŞAN ADAM BİRDƏN-BİRƏ BAŞLADI ELARİZDƏN DANIŞMAĞA – MÜSAHİBƏ - FOTOSESSİYA

İlkin Həsəni: «Ən dürüst jurnalistikamız internetdədir»

«Teleaparıcı» rublikasının bu dəfəki qonağı Azad Azərbaycan Televiziyasının simalarından birinə çevrilən İlkin Həsənidir. «ATV Maqazin»lə populyarlıq qazanan aparıcı «Yeni Ulduz», «Xalq Ulduzu» kimi müsabiqələrə, şou-proqramlarda aparıcılıq edib. Hazırda «Səhər» proqramında çalışır.  

- İlk öncə jurnalistikaya gəlişinizdən danışmağınızı istərdim. Necə oldu ki, bu sənəti seçdiz?

- Əslində bu sənətə gəlməyi düşünmürdüm. Valideyinlərim məni hərbi formada, «paqon»da görmək istəyirdilər. Mən də özümü hüquqşünas və ya bu sahədə işləyən bir şəxs kimi görürdüm. Orta məktəbi bitirməyimə az qalmış fikrim dəyişdi. Atam dövlət televiziyasında işlədiyindən, tez-tez ora gedib-gəlirdim. “Sehirli güzgü» verlişinə, bəzi filmlərdə epizodik rollara çəkilirdim. 1995-ci ildə Nazim Abbas bir neçə bölümdən ibarət «Leyli Məcnun» filmini çəkmişdi. Həmin filmdə epizodik rol almışdım. O vaxtdan televiziya, kino sahəsinə marağım yarandı və niyə də İncəsənət Universiteti olmasın, deyə düşündüm. Bu universitetin Kinooperator fakültəsinə daxil oldum. Orta məktəbdə rus bölməsində oxuduğum üçün düşündüm ki, digər fakültələrdə qabiliyyət imtahanında yazı məsələsində problem yarana bilər. Bir il orada oxudum, operatorluq, fotoqraflıq sahəsində müəyyən biliklərə yiyələndim. İkinci kursda isə Televiziya rejissorluğu fakültəsinə keçdim. Həmin il Azad Azərbaycan Teleyayım Şirkətinə üz tutdum. Bir aylıq sınaq müddətindən sonra radioya işə götürüldüm.

- İlk iş gününüzü xatırlayırsız?

- İlk iş günümü də, şirkətə getdiyim ilk günü də xatırlayıram. Həmin vaxt yeni açılmasına baxmayaraq, ATV maraqla izlənilirdi. Mən dəhlizdən keçən zaman ATV-nin məşhur simalarını görürdüm. İnanmağım gəlmirdi ki, həmin şəxslərlə bir yerdə çalışacam. İlk dəfə efirə çıxmağıma gəlincə, bu şənbə gününə təsadüf etdi. Radioya gedib-gəlir, yoxlanılırdım. Düşünürdüm ki, 5-6 aydan sonra efirə buraxılaram. Həmin gün radionun redaktoru Yusif müəllimə dedim ki, evə gedirəm. Dedi hara gedirsən, axşam saat 6, 7 və 8-də efirdəsən. O, artıq həmin saatlarda xəbərləri oxuyan aparıcını evə buraxmışdı. Əllərim-qollarım başladı əsməyə. Özümü hazır hesab eləmirdim. Nəhayət gətirib, məni pultun arxasında oturtdular. Həmin vaxt 106 FM-də Faiq Ağayevin «Ola bilməz» adlı verlişi var idi. O, məni təqdim elədi ki, indi İlkinin ilkin xəbər buraxılışını dinləyəcəksiz. Birtəhər xəbərləri oxuyub, otaqdan bayıra çıxdım. Şüşənin arxasına prodüsserlər, aparıcılar yığışmışdı. Həyacanla onların rəyini gözləyirdim ki, əl çalmağa başladılar. Efirə çıxacağımı öncədən bilmədiyimə görə, evə xəbər eləməmişdim. Birinci dəfədən sonra həyacanım bir az keçdi, evə zəng elədim ki, qulaq asın, oğlunuz efirə çıxacaq (gülür). Atam, anam səsimi eşidən zaman inanmamışdılar ki, bu mənəm. Atam deyib ki, ola biliməz, onda bacarıq yoxdur ki, efirə çıxsın. Təkcə bacım səsimi tanımışdı. Bir neçə ay radioda işlədikdən sonra televiziyaya keçmək təklifi aldım. Amma imtina elədim. Çünki, radionun həyacanı təzə keçmişdi və özümü televiziyada görmürdüm. Bir qədər «Xəbərlər»də işlədim. Bir müddət keçdikdən sonra «ATV Maqazin» başsız qaldı və mənə dedilər ki, ora keçim.

- Ciddi xəbərlərdən şou xəbərə keçidi necə qəbul etdiz?

- Nazirlər, prezidentlər haqqında danışan adam birdən-birə başladı Elariz haqqında danışmağa. Əvvəllər çətin idi. Birbaşa efir olduğu üçün, sonra lent yazılarına baxırdım, görürdüm ki, robot kimi danışıram. Sonra isə öz üzərimdə işləyib, bəzi vərdişlərimi aradan qaldırdım. O zaman «Fatmagüllərin», «Qurdlar vadisi»nin, Rusiya kanallarındakı verlişlərin dəbdə olmadığı vaxt idi. Tamaşıçıların yerli kanallara marağı vardı. Mən də şou verlişin ilk oğlan aparıcısı olaraq, özüməməxsus tərzimlə yadda qaldım. Əslində həmin vaxt cəmi iki şou xarakterli verliş var idi ki, onlardan biri Dilarə xanımın «Çal-çağırı», o biri isə «ATV Maqazin» idi.

- İndi isə maqazin verlişləri hədsiz dərəcədə çoxdur. Necə hesab edirsiz şou insanlarının bu qədər hərtərəfli - yəni sənət, şəxsi həyat, maddi imkan - ev, maşın və s. cəhətlərdən təbliğ etmək nə dərəcədə maraqlıdır? Hətta indi guya paparazzilik də dəbə düşüb.

- Məncə, indi hansısa müğənninin harasa getməsi, təzə maşın alması, kimləsə qalmaqalı maraqlı deyil. Ümumiyyətlə yerli müğənnilərimizə çox az maraq qalıb. Çünki onlar 6-7 il bundan əvvəl etdiklərini indi də edirlər. Xarici müğənilərə baxaraq, hansısa yeniliyi tətbiq etmək həvəsləri yoxdur. Ona görə də hansısa müğənnini efirə çağıranda aparıcılar “onunla hansı mövzuda danışmaq olar?” problemi qarşısında qalırlar.

- Verlişlərdəki ucuzluğa meyillik də bundan irəli gəlir?

- Bizdə yerli müğənilərdə «əlçatmaz» deyilən bir anlayış yoxdur. İnanmıram ki, hansısa müğənni televiziyada qonaq olduğu zaman 5-6 nəfər fanatdan başqa bu verlişi kimlərsə gözləyə. Heç kimə sirr deyil ki, hansısa müğənnini istənilən məbləğə hansısa restorana çağırmaq, kabab yeyə-yeyə, çay içə-içə onu dinləmək olar. Tez-tez görünmələr istər-istəməz sənət adamlarını adiləşdirir.

- Sənət adamları, müğənnilər, elə teteapacıların özləri nəyə görə «əlçatmaz» olmalıdırlar?

- Müəyyən qədər əlçatmaz olmalıdırlar. Demirəm ki, onlar Maykl Cekson kimi bayıra çıxanda üzlərini gizlətməlidirlər, amma «təki tədbir olsun, gedim» prinsipi ilə də yaşamamalıdırlar. Bəziləri hansısa tədbirə dəvət alanda o dəqiqə soruşurlar ki, televiziyalar orda olacaqmı? Kameralar oldusa, heç bir problem yoxdur, deyirlər.

- Bildiyimə görə, Azərbaycanda paparazziliyin əsası «ATV Maqazin»- də qoyulub. İndi bir çox kanallar guya ki, paparazzilik edirlər. “Hansısa müğənni telefonla danışdı, hansısa yemək yedi” - bunlar tamaşaçı üçün nə qədər maraqlıdır və bizdə bu alınırmı?

- Paparazzi bölümünə başlayanda tərəddüd edirdik, alnacağına o qədər də inamımız yox idi. Sonra isə gördük ki, əksinə bu müğənnilərin xoşuna gəlir. «Mən bu gün filan yerdə olacam, bəlkə məni çəkəsiz?» kimi, o qədər sifarişlər gəlirdi ki. Biz isə bunların heç birini qəbul etmirdik. Hər axşam reportyorlarımız şou-proqramların olduğu məkanlara gedirdilər və özləri məqamlar tapırdılar. Yaxşı da alınırdı. Sonradan isə başqa kanallar da buna başladı. Amma biz hansının gizlin, hansının sifarişli olduğunu seçə bilirik. Digər tərəfdən isə bunlar doğrudan da maraqlı deyil. Bu yaxınlarda mənim özüm haqqında da belə bir xəbər getmişdi - «Teleaparıcının filan qiymətə olan maşını» başlığı altında - İlkin Həsəni yeni maşınında kiminləsə söhbət edirdi, sonra kameramıza gülümsənib, getdi. Bir anlıq təsəvvür elədim ki, mən İlkin yox, məsələn Tofiqəm və dedim «nə olsun?». İstər-istəməz bu «nə olsun?»un içində paparazzi obyekti də, onu ortaya çıxaran müxbir də gedir. Bunlar paparazzilik deyil. Əgər hansısa kişi müğənni heç kimin bilmədiyi məşhur bir şəxslə birlikdə dəniz kənarında uzanıb, istirahət edərsə və bunu tapıb çəkərsənsə, bu olar paparazzilik.

- Yeri gəlmişkən, mətbuatda maşınınızın qiyməti ilə bağlı müxtəlif məlumatlar yer alıb. Özünüz məsələyə aydınlıq gətirə bilərsizmi?

- Niyə də yox. Maşınımı avqust ayında almışam, nəğd deyil, kreditdədir. Qiyməti də 62500 manatdır.

- Əvvəlki müsahibələrinizdən birində demisiz ki, bir toyda qazandığınız iki aylıq əmək haqqınızdan çoxdur…

- Bu vəziyyət telekanalın rəhbərliyi dəyişməzdən əvvəl idi. Yeni müdriyyət gələndən sonra əsas diqqəti illərdir burada çalışan simalara yönəltdilər, aparıcıların, bir çox işçilərin əmək haqlarını qaldırdılar. Ona görə də keçən il dediyim sözləri bu il geri götürürəm. (gülür).

- Toylara yenə də gedirsiz?

- Əvvəllər özümü toylarda görmürdüm. Düşünürdüm ki, mənim təbiətimə uyğun deyil. 2002-2003-ci illərdə restoranların birində işlədim. Həftənin cümə, şənbə və bazar günləri mütəmadi olaraq, şou-proqramda aparıcılıq edirdim. Burada müxtəlif insanlarla - içkili, ayıq adamlarla rastlaşırdım. Onlarla təmasda olduqca düşündüm ki, burada olan insanlar toyda da olur. Amma «Yeni ulduz»a aparıcılıq etdiyim zaman demək olar ki, həftəyə iki toy təklifi alırdım, onları rədd edirdim. Sonradan isə təəssüfləndim ki, o vaxtdan bu məsələni tənzimləsəydim, indi korluq çəkməzdim. Bir neçə ildir ki, mütəmadi olaraq Bakıda, Rusiyada keçirilən toylarda oluram. Müraciət edən zaman deyəndə ki, toyumuza tamada lazımdır, həmin məclisə getmirəm, amma aparıcı lazımdır deyəndə, onların nə istədiyini bilirəm. Aşıq müsiqiləri altında şer deməmək şərtilə, əsasən müasir toylarda, gənclərin daha çox toplaşdığı yerlərdə oluram.

- Teleaparıcıların toylara getməyinin maddi ehtiyacdan irəli gəldiyi məlumdur. Bu, Azərbaycan jurnalistikasının reallığıdır. Necə hesab edirsiz, bunlar jurnalistikamızı gözdən salmır ki?

- Özünüz də qeyd elədiz ki, ehtiyacı olanlar gedir. Toyda aparıcılıq etmək mənim hobbimdir, mənim üçün fərqi yoxdur nə qədər pul alacam, - deyə bir şey yoxdur. Əlbəttə ki, biz məclisin sonunu gözləyirik ki, toy sahibi gəlib, halal qazandığımız pulu versin. Toyda müğənnilərlə yanaşı, aparıcının da əziyyəti böyük olur. Jurnalistikaya gəldikdə, sözün doğrusu, mənə jurnalist deyəndə özümü qəribə hiss edirəm. Bakı Dövlət Universitetini bitirərək jurnalistikanın sirlərinə yiyələnən də, müharibə bölgəsindən reportaj hazırlayan da jurnalist hesab olunsun, isti otaqda hansısa müğənnidən müsahibə götürən də.

- Şəxsi biznesiniz də var?

- Var idi. Müəyyən vaxtlarda kafe, restoranlar işlətmişəm. Keçən ilin martından bir qədər iri biznesə başladım. İki mərtəbəli bir kompleks idi - burada kafe, restoran, klub, sinema, oyun otaqları var idi. Hardasa il yarımdan bir qədər artıq bu işlə məşğul oldum. Pis deyildi, qazancı var idi. Amma gördüm ki, zəhmətimə dəymir. Hər gün işdən sonra bura gəlirdim, adi günlərdə gecə saat 12-də evə gedirdim, həftəsonları isə saat 4-ə, 5-ə qədər kompleksdə qalası olurdum. Səhəri isə efirdə olurdum. Hiss edirdim ki, efirdə gümrah ola bilmirəm və bu işdən vaz keçdim.

- Öz ixtisasınıza gəlincə, nə vaxtsa rejissorluq etməyi düşünürsüz?

- Universitetdə oxuduğum vaxt mənim qısametrajlı filmlərim olub ki, istər xaricdə, istərsə də Azərbacyanda müxtəlif müsabiqələrdə iştirak edib, yer tutub. Bunlar əsasən sosial mövzularda olub. Görmə qabiliyyətini itirmiş bir uşaq, qocalar haqqında filmlərim olub. Müəllimlərim tərəfindən də bəyənilib. İndi hərdən kommersiya xarakterli reklamlarım olur. Sosial çarxlar çəkməklə bağlı bəzi fikirlərim var. Bəzi dövlət strukturları razılaşsa, onların xeyrinədir. Azərbaycanda sosial çarxlar demək olar ki, yox dərəcəsindədir. Bununla bağlı Dövlət Yol Polisi İdarəsinə müraciət etmişəm, ideyamı müsbət qarşılayıblar. Yollarla bağlı mövzular çoxdur - yolu doğru keçməməyin gətirib çıxardığı nəticələr, sürücülərin mobil telefondan istifadə etməsi, tıxacda siqnal verməmək mədəniyyəti. Bunları həyata keçirmək üçün məsələnin yalnız texniki təminatının ödənilməsini istəyirəm. Özüm üçün heç nə istəmirəm.

- Ümumilikdə Azərbaycan televiziyasının mövcud durumunu necə qiymətləndirirsiz? Televiziyada işlədiyinizə baxmayaraq, Azərbaycan kanallarına baxmadığınızı bildirmisiz.

- Məncə, ən dolğun, dürüst, həqiqəti yaza bilən jurnalistikamız nə televiziya, nə radio, nə də qəzetdə deyil, internetdədir. Şəxsi bloqlarda yazılan yazılara heç bir müdir müdaxilə etmir.

- Sizin də daim sosial şəbəkələrdə olduğunuz məlumdur.

- Çoxları elə bilir ki, mən kompüterin qarşısında zombiyə çevrilmişəm. Amma bunları telefon və planşetimdən idarə edirəm. Son illər Fasebookda və Tvitterdəyəm. Əvvəllər Fasebookda azərbaycanlı görəndə sevinirdim, amma bu gün sosial şəbəkələr böyük bir qüvvəyə çevrilib. Heç kimə sirr deyil ki, sosial şəbəkələr vasitəsilə dövlətlərdə inqilablar, mitinqlər olur, buradakı hansı məlumat böyük müzakirələrə səbəb olur. Bəziləri üçün sosial şəbəkələr sadəcə tanışlıq xarakteri daşıyırsa, mənim üçün gördüklərimi, bildiklərimi paylaşmaq və digər insanların da maraqlı bildiyi informasiyalarla məlumatlanmaqdır. Rəsmi Tvitter səhifəmdə 14 minə yaxın izləyicim var. Onların vasitəsilə bilirəm ki, şəhərin harasında tıxacdır, harda nə baş verib. Restoran biznesmin reklamını da məhz sosial şəbəkələrdə qurmuşdum.

- Televiziya həmkarlarınızdan bəyəndiyiniz və bəyənmədiklərinizin adını çəkə bilərsiz?

- Bir nəfər var ki, mən ona baxıb, nəsə götürürəm – bu, Murad Dadaşovdur. Bu insan lazım olanda güldürməyi, lazım olanda ciddi olmağı bacarır. Yerli-yerində və orjinal zarafatları var. Digər aparıcılar, şoumenlərlə də normal münasibətlərimiz var. Bəziləri var ki, televiziya kamerası qarşısında normal verliş aparır, kütlənin qarşısına çıxanda isə çaşıb qalır. Mən bunların hər ikisini bacaranları bəyənirəm. Onların içərisində Tural Əsədov, Nəsib Nur, Murad Arif var. Kimsə nə vaxtsa «mənəm-mənəm» deyəndə iradımı bildirirəm. Bəyənmədiklərimə gəldikdə, bəzən yeni aparıcılar özlərini hansısa yerli aparıcıya bənzədir, onun jestlərindən, mimikalarından istifadə edirlər ki, bu da gülməli alınır.

- İstərdim ailəniz haqqında məlumat versiz.

- Məndən iki yaş kiçik bacım, onun məni yaşadan bir övladı var. Üç yaşına qədəm qoyub. Anam evdar qadındır. Bir də yaxşı qonşularımız var (gülür)

- Sonunucu sualım şəxsi həyatınızla bağlıdır. Sevdiyiniz insanın olduğunu bildirmisiz, bəs «subaylığın daşını atmaq» fikriniz yoxdur?

- Belə bir insan var, bir ilə yaxındır ki, münasibətdəyik. Hələ ki, evlənməklə bağlı konkret planım yoxdur, amma yaş da öz sözünü deyir. Ailə qurmaq hər bir insanın həyatında olacaq bir şeydir, kimdə gec, kimdəsə tez. Gözəl bir ailədə böyümüşəm, görmüşəm ki, ailə və uşaqlarla birlikdə necə xöşbəxt olurlar. Yəqin ki, mən də ailəyə münasibətdə öz valideyinlərim kimi olaram.

Xatirə Nəsirli 

 






28 Noyabr, 2012  16:05 Baxılıb: 2713 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner