Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

PEŞƏKAR VƏ DİLETANT BƏSTƏKARLAR NƏYİ BÖLÜŞƏ BİLMİRLƏR? - DEBAT

.

Murad Arif: «Mən Cahangir Cahangirov, Fikrət Əmirov yox, Con Lennon, Pol Makkartin olmaq istəyirəm»

Nailə Mirməmmədli: «Sevinirəm ki, Murad pis yola düşməyib, mahnı yazır»


Simsar.az saytının redaksiyasında ənənəvi olaraq keçirilən debatın bu dəfəki mövzusu musiqili incəsənətin mövcud durumu, peşəkar bəstəkar və mahnı yazarları arasındakı münasibətlərdən bəhs edir. Qonaqlarımız əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və həvəskar bəstəkar, teleaparıcı Murad Arifdir.


Ruslan Xəlil: - Bəzən peşəkarlarla həvəskarların arasındakı sərhədlər pozulur. Kimin isedadının harada bitdiyini və kimin peşəkarlığının haradan başladığını müəyyənləşdirmək çətin olur. Bəzən yerləri səhv düşənlər də olur. Bu halda narahat olmursuz?


Nailə Mirməmmədli: - Qabiliyyət Allah vergisidir. Əgər Nailə Mirməmmədli yer üzü boş qalmasın deyə yox, sənətdə layiqli yer tutmuş bir insan kimi mövcuddursa niyə narahat olmalıdır? Allah hər kəsə öz ruzi-bərəkətini verir. Həvəskar bəstəçilər, mahnı yazanlar həmişə olub. Bu normaldır. Onların olması peşəkarları narahat etməməlidir. Mənim tələbələrim arasında elələri var ki, bu sahə üzrə ali təhsilləri yoxdur. Amma məndən nə vaxt dəstək istəyiblərsə köməyimi əsirgəməmişəm. Kəmalə Qasımova Tibb Univesitetini bitirib, Ramalın özünə də kömək etmişəm. Bu, belə də olmalıdır. Heç kəs heç nəyi bu dünyadan özü ilə aparmayacaq.

Azər Nəsibov: - Murad bir vaxt sənin üzərinə gedirdilər. Tənqid edirdilər ki, Murad bəstəkar deyil, plagiatlıqla məşğuldur, mahnı yazmamalıdır.

Murad Arif: - Mənə qarşı olanlar arasında Nailə Mirməmmədli olmayıb. Mənə elə gəlir ki, burada söhbət peşəkarlıq və qeyri-peşəkarlıqdan deyil, insaniyyətlikdən getməlidir. İnsan konteksti daha önəmlidir. Bütöv, özünü təsdiq etmiş insan başqasının işlərinə qarışmamalıdır, başqasının işinə fikir bildirməməlidir. Nailə xanım elə bir insandır ki, onun başqasını hansısa məqsədlərlə tənqid etməyə, aşağılamağa ehtiyacı yoxdur. Çünki o, özünü təsdiq edib. Azərbaycan balaca ölkədir. Rusiya kimi bir ölkədə heç vaxt hansısa debatda Laskovıy Mayla Anna Paxmutova qarşı-qarşıya gəlməz. Peşəkar insan sözünü işi ilə deyəcək.

Azər Nəsibov: - Bəzi həvəskar bəstəkarlar var ki, həvəskar olduqları halda özlərini öyürlər və mahnılarnın hit olmasından ağız dolusu danışırlar. Buna münasibətiniz?

Nailə Mirməmmədli: - Mənim tanıdığım elə bəstəkarlar var, düşünürəm ki, onlar necə savad alıblar? Hər sahədə belələri var. Hikmətin bir sözü vardı. Biri ət doğramağı bacarır deyir, cərrah ola bilərəm. Həkimlikdə bu, ölüm-dirim məsələsidir. Bəstəkarlıqda isə zövq. Ya zövqlərin səviyyəsini qaldırırsan, ya da öldürürsən. İnsanın zövqü düzgün formalaşmayanda bunun fəaliyyətində, hərəkətlərində özünü göstərir. Mən elə bəstəkarlar tanıyıram ki, onların melodiya baxımdan kasadlıqları var. Bəzən melodiyanı tapır, amma onu inkişaf etdirə bilmirlər. Mən hər gələnin bəstəkarlıqla məşğul olmasının da tərəfdarı deyiləm. Düzdür, şeiriyyata, musiqiyə həvəs bizim qanımızdadır. Mən Muradı prodüsser kimi tanıyıram. İnanıram ki, o, yanımda «mən bəstəkaram» sözünü deməyəcək.

Murad Arif: - Mən nəyinki sizin yanınızda, ümumiyyətlə, heç yerdə özümü bəstəkar kimi təqdim etmirəm.

Nailə Mirməmmədli: - Bu artıq mədəniyyətdir. Bəziləri dünən başlayıb mahnı yazmağa, artıq sinəsini qabağa verir.

Ruslan Xəlil: - Muradda bəstəkarlıq istedadı var?

Nailə Mirməmmədli: - Onun melodiya tapmaq qabiliyyəti var. Yəqin Murad da mənimlə razılaşar. Uşaq vaxtı eşitdiyimiz mahnıların heç də hamısının melodiyasını yadda saxlaya bilmirik. Üzərindən illər keçir uşaq vaxtı eşitdiyimiz melodiyanı yenidən meydana çıxarırıq. Elə bilirik ki, yeni melodiya tapmışıq. Sonra kimsə deyir ki, bu melodiya filan mahnınındır. Burada mahnı bəstəçisinin kobud təqsiri yoxdur. Mən Səid Rustəmov, Tofiq Quliyevin dəsti xəttini bilirəm. Hikmətlə birlikdə Tofiq Quliyevə not aparırdıq, iki yerə bölürdü. Deyirdi ki, bu siz deyilsiz, mənəm. Cavanşir Quliyev, rəhmətlik lər - Suleyman Ələsgərov, Tofiq Quliyev və Xanlar Məlikovun təkidilə iki ali təhsili aldıq. Dedilər ki, sizdə istedad var, onu inkişaf etdirə bilərsiz. Mən Ramala deyirəm ki, sən istedadlısan, tənbəlləşmə.

Ruslan Xəlil: - Murad Arif bundan sonra peşəkar ola bilərmi? Bunun üçün nə etməlidir?

Nailə Mirməmmədli: -Məsləhətlər almalıdır, oxumalıdır, üzərində işləməlidir. Gec deyil, cavandır. Mən Bülbül adına musiqi məktəbinin fortapiano sinfini bitirmişəm. Pedoqoji Universitetin aranjimançı, vokalist, drijor, musiqişünaslıq və bəstəkarlıq üzrə Tofiq Quliyevin sinfini bitirmişəm. İndinin özündə də dərs alıram. Yaşar İmanovdan orkestrin sirlərini öyrənirəm. Öyrənmək gec deyil.

Ruslan Xəlil: - Murad bəy, peşəkar bəstəkar olmaq istəyirsiz? Bəzən adamın üzərinə çox gələndə «məndən heç nə olmayacaq» kompleksi formalaşır. Sizdə bu kompleks varmı?

Murad Arif: - Mən komplekssiz adamam. Yeganə kompleksim çəkimlə bağlı ola bilərdi, çəkim də qaydasındadır. Hər bin insanın məqsədləri var. Mənim məqsədlərim sırasında melodiyaları nota köçürmək yoxdur. Ümumiyyətlə, mənim peşəkar bəstəkar olmaq niyyətim də yoxdur. Təbii olaraq məni mediada hit-meker adlandırırlar. İstəyim ürəyimdən keçən hissləri, düşüncələrimi pop janrında insanlara çatdırmaqdır. Röyanın oxuduğu «Həyata ikinci dəfə gəlsəydim…» mahnısını elektro-house üslubunda yazmışam. Əgər mən həyata ikinci dəfə gəlsəydim bu sənətə yiyələnərdim. Yazdığım mahnılar müəyyən insanların ürəyinə yol tapsa da, «mən musiqiçiyəm» kəlməsini dilimə gətirə bilmirəm. Bu məni çox narahat edir.

Ruslan Xəlil: - Həvəskar bəstəçilərə, müğənnilərə televiziyada geniş meydan vermək nə dərəcədə doğrudur?

Nailə Mirməmmədli: - Əvvəllər AzTV-də özfəaliyyətlə məşğul olan gənclərə öz istedadlarını göstərmək üçün meydan verilirdi. İndi bir qədər fərqlidir. Mən çox sevinirəm ki, Murad Arif başqa gənclərdən fərqli olaraq pis, zərərli vərdişlərdən uzaqdır. Pis yola düşməkdənsə, mahnı yazmaq yaxşıdır.

Murad Arif: - Mahnı yazmaq sahəsində mən öz yolumu tapmışam. Mən mahnıları diktafonla evimin gözəl akustikası olan bir guşəsində yazıram. Mən şeirə mahnı yaza bilmirəm. Bəzən şairlər şeirlərin mənə verirlər ki, ona mahnı yazım. Bacarmıram. Mən fortapiano, qarmon, zurna ifa edə bilmirəm. Bacım Könül Arifqızı Konservatoriyanı fortapiano üzrə bitirib. Evimizdə həmişə dahi bəstəkarların əsərləri çalnıb. Amma mən fortapianoda ifa etməyi bacarmıram.

Ruslan Xəlil: - Bəstəkarlıq sahəsində xaousun olması zövqlərin müxtəlifliyindən irəli gəlir. Bəziləri hesab edir ki, kütlənin zövqünə uyğun mahnılar bəstələmək lazımdır. Bəziləri də kütlənin zövqünü cilalamağı, formalaşdırmağı qarşısına məqsəd qoyur. Maraqlıdır, siz mahnı yazarkən bunlardan hansını qarşınıza məqsəd qoyursuz?

Murad Arif: - Tamaşaçının zövqü məni qəti maraqlandırmır. Sevda Ələkbərzadə üçün yazmışam.
Sən güc tap öz ürəyində,
Söz ver özün özünə,
Dünya sənin əlində,
Yaşa sonuncu gün kimi.
Mən yaxın bir insanın İstanbul hekayəsini eşitmişəm. Sevginin orada yaranıb, orada ölməyini eşitmişəm. «İstanbul gözləyir bizi» mahnısı həmin hekayədən doğub.

Nailə Mirməmmədli: - Mən iki tələbə yoldaşımla birlikdə pianoçu kimi həm musiqilərimlə, həm ifamla Latviyada keçirilən festivala getmişdim. Biz orada qeyri-adi, təəccüblü mənzərə ilə qarşılaşdıq. Bazar günü şəhərə çıxıb bazarlıq etmək fikrinə düşdük. Amma mağazaların hamısı bağlı idi. İldə bir dəfə şəhərin adamları stadiona yığışıb akapella şəklində mahnı oxuyurlar. Bütün stadionu bir drijor idarə edir. Xor necə unikal idi. Xor xalqın birləşməsi deməkdir. Latviyada insanların zövqü ona görə yüksəkdir ki, uşaqlar 11 il musiqi məktəbinə gedirlər. Təhsil uşağın zövqünü formalaşdırır. Mən özüm uşaqlarıma yaxşı musiqi təhsili vermişəm. Tək mənimlə iş bitmir. Hər bir ailə övladlarının musiqi zövqünün formalaşması barədə düşünməlidir. Olmaz ki, biz də ildə bir dəfə Tofiq Quliyevin doğum günündə stadionların birində konsert keçirək?

Murad Arif: - İnsanların zövqünü formalaşdırmaq Mirməmmədlilərin və ya Murad Arifin işi deyil. Bu, birbaşa təhsillə bağlıdır. Bizə orta məktəbdə yüksək səviyyədə nəğmə dərsi keçirdilər. Bu il ali məktəblərə qəbul imtahanlarında keçid balı 150-ə salındı. 150 balla universitetə qəbul olan şəxsin musiqi zövqündən nə gözləyirsiz? Mənim anam biologiya müəllimidir. Əgər Sovet dövründə 30 uşaqdan 27-i «4» ala bilirdisə, bu gün hər sinifdə cəmi 3 uşaq yaxşı qiymət ala bilir. Təhsildə vəziyyət getdikcə pisləşir.

Nailə Mirməmmədli: - Ailədə uşaqlara müxtəlif qadağalar tətbiq edirik. Filan şeyə əl vurma, belə söz danışma, bu hərəkəti etmə və s. Qadağalar altında böyüyən uşaqlar bu gün Üzeyirin mahnılarına qulaq asırlar. Üzeyirdə talant var, amma onu düzgün istiqamətləndirmək lazımdır. Kimdi bayağı mahnılara qulaq asanlar? - taksi sürücüləri. Çünki vaxtında oxumayıblar. «Xodla maşını Nabrana sür» küçə sözüdür. Siz gecələr Fizuli meydanında olsaz, görərsiz insanlar necə acdılar. Gözləyirlər ki, beşmərtəbədə hansısa «avtoş» gələcək küçə mahnısını oxudacaq və qulaq asacaqlar. 1927-ci ildə Üzeyir Hacıbəyovla Müslüm Maqomayev xalq mahnalarını toplayırlar. Zülfüqar bəyin və Cabbar Qaryağdının ifasında nota alırlar. Mahnıların sözləri yığılır, insanlara xoş gəlsin deyə sözlərdə dəyişiklik edilir, söyüşlər yığışdırılır. 50-ci ildə Bülbül, Tofiq Quliyev, Səid Rüstəmov xalq mahnılarını ikinci dəfə yığmağa başlayırlar. Tarixdə o qədər Üzeyir Mehdizadələr olub ki, heç bir tarixdə qalmayıb. Öz dövründə qeyri-peşəkar kimi təqdim olunan Ələkbər Tağıyev elə musiqiçilərdən bəhrələndi ki, o, istər-istəməz peşəkarlaşdı. Bu gün elə professional bəstəkarlarımız var ki, ürəkləri yoxdur texnika, palifoniya ilə bəstələri muncuq kimi düzsünlər. Amma elə qeyri-professional var ki, ürək var, savad olmadığı üçün onu inkişaf etdirə bilmirlər.


Azər Nəsibov: - Elə professionallar da var ki, bir-birilərini plagiatlıqda ittiham edirlər. Səhv etmirəmsə sizinlə bağlı da belə bir olay yaşanmışdı…

Nailə Mirməmmədli: - Bəli, olmuşdu. Həmin adamla indi normal münasibətlərim var. Məsələ ondadır ki, o vaxtı da onu başa sala bilmədim, indi də başa sala bilmirəm. Mən deyirəm ki, yazdığım muğamın ən çox sevdiyim bölməsi olan şüştərdi. O deyir ki, yazdığı bayatı-şirazdır. Amma ikisi də eyni şeydir. Üzeyir Hacıbəyov 12 il Azərbaycan muğamları üzərində işləyib. 7-ni saxlayıb. Həmişə mənə deyirlər ki, cavan qalmısan. Ona görə cavan qalmışam ki, içimdə paxıllıq yoxdur. Çəkdiyim bəlalar öz yerində. Amma ürəyimin təmizliyi qocalmağa imkan vermir. Kant insanları dörd yerə bölür. Bilikli olduğunu bilənlər, bilikli olduğunu bilməyənlər, biliksiz olduğunu bilənlər, biliksiz olduğunu bilməyənlər. Bunlardan ən qorxulusu axırıncılardı.

Murad Arif: - Açığı mən bilmirəm Kantın hansı kateqoriyaya aid olduğu insanlardanam. Amma özzümü bəstəkarlıq sahəsində diletant sayıram. Bu gün bu mövqeyimi dəyişmək istəmirəm. Maksimum istərdim ki, fortepianoda ifa edim. Amma öyrənməyə hazırda vaxtım yoxdur. Eyni zamanda, istədiyim musiqini istədiyim formada dinləyiciyə çatdırmağıma heç nə mane olmur. Bəzəm məni qəribçiliyə salırlar. Tarixə düşmək kimi iddiam yoxdur.

Nailə Mirməmmədli: - Murad axı niyə istəmirsən ki, bəstəkarlığın incəliklərini öyrənib peşəkar olasan. Axı, mahnılar yazırsan. Özünü sına da.

Murad Arif: - 2008-ci ildə müəllifi olduğum Xəyyamın «İstanbul»u, Ayazın bayağı «Almalar»ı, Elnarənin «Ay qız oyan»ı hələ də oxunur. Xəyyam 6 ildir toylarda «İstanbul»u oxuyur. Səmimi deyirəm. Desələr ki, sabah o mahnılar öləcək zərrə qədər də narahat olmuram.

Ruslan Xəlil: - Murad bəy, bilirsiz onlar niyə hələ də sizin mahnıları oxuyurlar?

Murad Arif: - Çünki təlabat var.

Ruslan Xəlil: - Nailə xanım bəlkə gerçək səbəbləri siz deyəsiz…

Nailə Mirməmmədli: - Çünki smicdilər. Məhz buna görə də müğənnilər bizə yox, onlara müraciət edirlər.

Murad Arif: - Yox, mən belə deməzdim. 5 il ərzində Elnarə ilə cəmi bir mahnı hazırlamışıq.

Nailə Mirməmmədli: - Murad, sənin yazdıqlarının sayı hələ azdır. Sən öyrənməyə meyilli olsan və yazdıqlarını nota alıb saxlasan, peşəkarlaşa bilərsən.

Murad Arif: - Mənim buna ehtiyacım yoxdur. Bir daha deyirəm. Dünyaya yenidən gəlsəydim valideynlərimdən xahiş edərdim ki, məni peşəkar fortepiano dərslərinə qoysunlar. İstərdim ki, oğlum bir gün Baxa, Şopenə, bir gin Bethovenə, bir gün Çaykoviskiyə qulaq assın.

Nailə Mirməmmədli: - Murad, istəməzsən, oğlun sənin mahnılarına qulaq assın və ya digər qeyri-peşəkarların bəstələrini dinləsin?

Murad Arif: - Onsuz da, belə mahnılara qulaq asmaq məcburiyyətində qalacaqlar. Dostları ilə bağçaya, məktəbə gedəndə mənim mahnılarıma, «Xodla maşını bağçaya sür» meyxanasına, digər bəstələrə qulaq asmalı olacaqlar. Məni diletant fəaliyyətimdə sevdirən bilirsiz nədir? Məşhur musiqi qrupları «Beatles», ABBA onların üzvləri Con Lennon və Pol Makkartin bütün dövrvrün ən məşhur musiqi əsərlərini yazarkən heç not bilməyiblər. Əllərində gitara Liverpulun hansısa orta məktəbinin pilləkənlərində öz-özlərinə oxuyurdular. Sonradan onların əsərləri London Simfonik Orkestrində ifa olundu.

- Nailə Mirməmmədli: - Onlar beyinlərində uzun illər yığılıb-yatmış bəstələri yaratdılar. Bunun ardını ortaya qoymaq üçün mütləq oxumaq, təhsil almaq lazımdır. 3-4 mahnı ilə kifayətlənmək olmaz.

Murad Arif: - Con Lennonun təhsil almaq nəyinə lazım idi. «Yesterday» mahnısı ilə tarixə damğasını vurdu. 1980-ci ildə isə onu qətlə yetirdilər. Yaxşı ki, təhsil almadı, getdi. Bu gün mənim üçün konservatoriyanı bitirib diploma sahib olmaq yox, fortepianonu öyrənmək daha vacibdir. Konservatoriyanı bitirən o qədər adam var ki, heç bir uğur qazana bilməyib. Peşəkarlar Rauf Hacıyev, Tofiq Quliyevdir. Amma dünyada çox istedadlı diletantlar da var axı. Mən Cahangir Cahangirov, Fikrət Əmirov yox, Con Lennon, Pol Makkartin olmaq istəyirəm.

Nailə Mirməmmədli: - Axı, sən musiqi sahəsində nə yenilik etmisən ki, Con Lennon, Pol Makkartin olmaq istəyirsən?

Murad Arif: - Mənə yenilik lazım deyil. Əsas odur ki, içimdəkiləri insanlara çatdırım.

Nailə Mirməmmədli: - Ehh, Murad. Axı Con Lennon, Pol Makkartin yenilik edərək tarixdə qaldılar. Sən heç yenilik də etmək istəmirsən.

Murad Arif: - “Beatles” qrupu təkcə yeniliklərinə görə deyil, həm də sadəliklərinə görə tarixdə qaldılar. Bəlkə də mən nə vaxtsa Azərbaycanın «Yesterday»ini yazdım. Nə bilmək olar? Tarixdə qalmaq üçün peşəkarlığa ehtiyac yoxdur. O qədər peşəkarlar var ki, heç nə yarada bilmirlər. Heç onlara təlabat da yoxdur.

Nailə Mirməmmədli: - Muradın musiqi duyumu, bu sahə üzrə informasiyaları genişdir. Mən Vaqif Mustafazadənin adını çəkməyə bilmərəm. Faqifin ultra-savadı yoxdur. Amma instinkti, duyumu güclüdür. Vaqif Mustafazadənin öz yolu var. Murad, bilirsən ki, sənin əleyhinə deyiləm. Amma istəmərsən ki, sənin də öz yolun olsun? Sənə bir söz deyim. Kilsə musiqisində belə bir qanun var idi. Onlar bilirdilər ki, hansı intervallar oxunmamalıdır. Həmin intervallardan istifadə olunsa o zaman şeytanlar fəallaşa bilər.

Murad Arif: - Siz belə şeylərə inanırsız?

Nailə Mirməmmədli: - Ayıbdı belə söz demə. Polisdə, təcili yardımdakı siqnallar sirenalardı. Kilsədə də sirenalar ifa olunurdu. Sən mənim toppuş balamsan. İstəyirəm ki, professional olasan.

Murad Arif: - Populyar musiqi janrında nəsə yaratmaq üçün peşəkarlıq mənə lazım olmayıb. Əminəm ki, bundan sonra da lazım olmayacaq. Necə ki, məndən öncə super diletantlara bu lazım olmayıb. Amma oğlum musiqiçi olsa, məndən fərqli olaraq peşəkar olacaq.

Nailə Mirməmədli: - Debatı oxuyanlar belə nəticəyə gələcəklər ki, Murad Arif musiqi dünyasında baş girləyir. Sən oxu, öyrən, informasiyalarını genişləndir.

Ruslan Xəlil: - Musiqi meydanını tamamilə qeyri-peşəkarların öhdəsinə buraxsaq nə baş verər?

Nailə Mirməmmədli: - Faciə yaşanar. Təkcə musiqi meydanını deyil, istənilən sahəni qeyri-peşəkarlara qoyub getsən, insanların zövqü korlanar.

Murad Arif: - Azərbaycanda diletantlara birmənalı yanaşma yoxdur. Zövqlü və zövqsüz diletantlar var. Bizdə nümunələrə deyil, fərdlərə üstünlük verilir. Mən istərdim ki, fərdlər bilinmədən nümunələrə qulaq assınlar. Və nümunələrə görə qiymətlər verilsin. Mən görürəm ki, indiki halımla insanların müəyyən ehtiyacını ödəyə bilirəm və mahnılarım sevilir. Bu mənə kifayətdir. Bütün bunlarla yanaşı musiqi adlı nəhəng dünyaya başqa qapıdan girməyi sınamaq da pis olmazdı.

Nailə Mirməmmədli: - Mən səndə istedadın olduğunu görürəm. Və sənə bir valideyn, bir müəllim kimi əlimdən gələn köməkliyi etməyə hazıram.

Simsar.az 

 






23 Noyabr, 2012  13:48 Baxılıb: 3358 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner