Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“QALA QRUPU”: BAŞIMIZ QARIŞIB PUL QAZANMAĞA, KİTAB OXUMAQ YADDAN ÇIXIB” - FOTOSESSİYA

.

“Nə oxuyursan?” rubrikasının bu dəfəki qonağı “Qala” qrupunun üzvləri Ceyhun, Rəşad və Xəyyamdır. “Qala”nın üzvlərinin bədii ədəbiyyata, ümumiyyətlə kitablara, təhsilə olan marağı barədə söhbətləşirik.

- Hansı fənnləri daha çox sevirdiz?
- Xəyyam: Riyaziyyatı zəif oxumuşam, amma bəzi fənnlər var idi ki, oxuyurdum.
Cografiya, Fizika daha çox marağımı cəlb edirdi.
- Rəşad: Mənim daha çox sevdiyim fənnlər ədəbiyyat, cəbr, həndəsə olub. Qalanlarını isə yaxşı oxumamışam. Mən orta məktəbi incəsənət gimnaziyasında oxumuşam. Orada həm musiqi, həm də orta məktəb fənnləri tədris olunub.

- Sinifdənxaric oxuya marağınız necə olub?
- Xəyyam: Oxumuşam, amma yadımda deyil. Mən orta məktəbi 1999-cu ildə bitirmişəm. Görün, neçə il keçib.

- Bədii ədəbiyyatla aranız necədir?
- Ceyhun: Bədii ədəbiyyatla hamımızın arası əladı. Çünki Xəyyam Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, Rəşad İncəsənət Universitetini bitirib. Mən də mühasibat uçotu və audit üzrə ali təhsil almışam. Ali məktəbə daxil olmaq üçün imtahan verəndə də hamımız ədəbiyyat fənnindən imtahan vermişik, ona görə də ədəbiyyatla aramız yaxşıdır.

- Ən sevdiyiniz əsər hansıdır?
- Ceyhun: Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması

- O əsərdə sizi cəlb edən nədir?
- Ceyhun: Ən çox bəyəndiyim odur ki, iki şəxs bir-birinə bəslədiyi sevgini utanmadan, hətta o dövrdə belə hamıya etiraf edə biliblər.

- Dünya ədəbiyyatı ilə aranız ncədir?
- Ceyhun: Şekspirin əsərlərindən oxumuşam, amma adları yadımda qalmayıb. Müğənni olduğuma görə, dilimin bir az düzəlməsi, söz ehtiyatımın artması üçün oxumuşam.

- Azərbaycan yazıçı və şairlərindən hansıları tanıyırsız?
- Ceyhun: Azərbaycan ədəbiyyatından az oxumamışam. Yazıçı və şairlərindən Anarın, Cəlil Məmmədquluzadənin, Abdulla Şaiqin, Səməd Vurğunun adlarını çəkə bilərəm. Çoxu yadıma düşmür.

- Son illərdərdə ortaya çıxan yazıçlılardan kimləri tanıyırsız?
- Ceyhun: Çingiz Abdullayevi.

- Hansısa əsərini oxumusuz?
- Ceyhun: Oxumuşam, amma hamısını yarımçıq-yarımçıq.

- Oxuduğunuz əsərin adını çəkə bilərsiz?
- Ceyhun: Xeyr, yadımda deyil.

- Yadınızda qalmamağına səbəb nədir?

- Ceyhun: İncəsənət adamlarının beyni o qədər yüklənir ki, yadda saxlamaq çətinləşir. 

- Müasir yazarlardan daha kimləri tanıyırsız?
- Ceyhun: Anar Məmmədovun adını çəkə bilərəm. Biz onun şeirlərini də oxumuşuq. Səhv etmirəmsə, Şairlər İttifaqının üzvüdür. Ondan başqa Azər Şirin. Cavid Qurbanov, Cəlal Qurbanov və başqaları.
- Xəyyam: Aysel Nəcəfzadə.

- Hazırda kitab oxyursuz? Yeni çıxan kitablardan xəbəriniz var?
- Ceyhun: (Sualdan yayınır). Mən sizə təşəkkür edirəm ki, belə mözular qoyursuz. Çünki bizim müğənnilərimiz, içi özüm qarışıq, başımız qarışıb pul qazanmağa. Siz bizi ayıldırsız.
- Xəyyam: Boş vaxtlarda kitab oxumaq lazımdı.

- Dünyanın məşhur yazarlarından kimləri tanıyırsız?
- Xəyyam: Mən ədəbiyyatı 15 il bundan əvvəl oxumuşam.

- Yeni yazıçı və şairlərdən Seymur Baycan, Aqşin Yenisey var. Tanıyırsız onları?

- Ceyhun: Aqşin Yeniseyin adını eşitmişəm, amma Seymur Baycanı tanımıram. 

- Seymur Baycan televiziya verilişlərində çox olur.
- Xəyyam: Bəlkə də görmüşük, amma tanımırıq.

- Günel Mövludu yəqin tanıyarsız.
- Ceyhun: Xeyr, tanımırıq. Məncə bədbəxtlik ondadır ki, adlarını çəkdiyiniz şairlər yaxşı mənada piyar edə bilmir.

- Mahnı müəllifləri ilə şairləri qarışdırmayaq. Sizin sadaladıqlarınız isə mahnı müəllifləri idi.

- Ceyhun:Hər şair musiqiyə söz yaza bilmir. Sözə musiqi yazmağa nə var? Mənə bu dəqiqə söz verin musiqi yazım. Bu baxımdan Azər çox istedadlıdır. Mən də musiqiyə söz yazıram. İçimdən gələnləri, səmimi sözləri yazıram. Hamısı da hitə çevrilir. Röya, Sevda Yəhyayeva, Günay İbrahimli mənim mahnılarımı oxuyub. Günay İbrahimlinin ifa etdiyi “Mən də sənə inanırdım” mahnısı lap çox tanındı. Mən şair deyiləm, sadəcə ürəyimdən keçənləri yazıram. 

- Kitab təqdimatları olur. Onlara dəvət alırsız?
- Xeyr, bizi dəvət etmirlər. Amma yaxşı olardı ki, etsinlər.

- “Əli və Nino” kitab mağazaları şəbəkəsini tanıyrsız?
- Xeyr, ola bilsin siz bu sahədə daha çox iş görürsüz ona görə, bilirsiz. Bizə bunu heç kim deməyib.

- Elə müğənnilər var ki, deyirlər ki, kitab almaq istəyirlər, amma kitab mağazası tapa bilmirlər. Halbuki, kifayət qədər kitab mağazası var.
- Ceyhun: Mən bir müddət əvvəl deyirdim. Mən bilsəm ki, buradan çıxanda yolumun üstündə kitab mağazası var, gedib Çingiz Abdullayvin kitabını alardım.

- Bəlkə siz diqqət etmirsiz? Çünki alış-veriş mərkəzlərində, Park Bulvar, Metro Park bunların hamısında kitab mağazası var.
- Ceyhun:
Səmimi deyim ki, fikir vermirik. Kitab oxumaq ailədən gəlir. Gərək uşaq gözün açanda görsün ki, bir otaqda atası kitab oxuyur, bir otaqda anası.

- Bunu hər ailəyə aid etmək olmaz. Çox vaxt da bu, insanın özündən asılıdır.
- Ceyhun:
Belə şeylər genetik olaraq keçir. Məsələn, mənim bir əmim var, qara fəhlədir, heç orta məktəbi bitirməyib. Amma çox gözəl səsi var. Elə zəngulə vurur ki, heç bəzi xanəndələr onu edə bilmir. Mənə gəlincə isə, Allah yol çdı mən öz istedadımı göstərə bildim.

- Xarici ölkələrin adi müğənnisi belə, çox savadlı danışır. Bizim müğənnilərdə isə bunu görmək olmur.
- Ceyhun:
Bizim müğənnilərimizdən kitablar mövzusunda ən yaxşı Faiq Ağayev və Ədalət Şükürov danışa bilər.

- Noyabrın 19-u yazıçı Rafiq Tağının bıçaqlanmasının il dönümü idi. Tanıyırdız onu?
- Allah rəhmət eləsin, xeyr tanımırdıq.

- Evinizdə şəxsi kitabxananız var?
- Ceyhun:
Açığını deyim ki, marağımız yoxdur. Amma siz bizdə maraq oyatdınız.

- Evinizdə heç bir kitab yoxdu?
- Ceyhun:
Min bir mahnı kitabımız var.

- Kitaba marağınızın olmamağını özünüz nə ilə əlaqələndirirsiz?
- Ceyhun:
Ona görə ki, ətrafımızda olan insanlar ancaq maliyyəni: ayın axırında krediti necə verməyi, hansı qızla necə görüşəcəyini fikirləşir. Məsələn, mən istəyərdim ki, “Həzrəti Yusif” serialının çəkilişi və baş rol ifaçısı haqqında kitab olsun, onu böyük məmnuniyyətlə oxuyardım.

- Elə filmlər var ki, onlar əsərlərin əsasında çəkilib. Elə film olub ki, maraqlanıb onun əsərini oxuyasız?
- Ceyhun:
İndi xatırladım, “Qara volqa” əsərini oxumuşam. Yarıya qədər.

- Ədəbiyyat sahəsində Nobel alanlardan kimi tanıyırsız?
- Ceyhun:
Heç birini. Siz bu kitabları haradan alırsız?

- Kitab mağazalarından. Bakının hər yerində kitab mağazası var. “Əli və Nino” kitab evini bütün kitab oxuyanlar tanıyır. “Əli və Nino” demişkən, eyni adlı əsər var, oxumusuz onu?
- Ceyhun:
Xeyr. Bir-bir xatırlayıram Azərbaycan şairlərini: Nəsimi, Molla Pənah Vaqifin “oxutmuram əl çəkin” şeirini.

- Xeyr, müəllif o deyil.
- Ceyhun:
Cəlil Məmmədquluzadədir?

- Mirzə Ələkbər Sabirdir. Daha bir sual: Nizaminin neçə xəmsəsi var?
- Ceyhun:
Yeddi. Üzr istəyirəm, neçə xəmsəsi var?

- Xəmsə özü beşlik deməkdir.
- Ceyhun:
Doğurdan elə olur ki, adamın yadından çıxır. Bu dəqiqə mənim beynim işimlə bağlı məsələlərlə, suallarla doludur. 

- Bayaq valideynləri qınadınız ki, oxumayıblar, biz də oxumuruq.
- Ceyhun:
Mənim atam elmlər namizədidir. Mən görməmişəm ki, atam kitab oxusun. Ali təhsil alıb, magistratura, aspirantura oxuyub, elmi dərəcə alıb. Həmişə yorğun olub, gəlib evə yatıb. Sabah isə bizim uşaqlarımız bizim əlimizdə kitab görməsə, onda bizim günahımız olacaq. Biz gözümüzü açıb atamızı evdə görməmişik.

- Sizin uşaqlarınız gözlərini açıb nə görəcək?
- Ceyhun:
Bizim uşaqlarımız gözlərini açıb televizorda atalarını görəcəklər. Evə gələndə də inşallah kitab oxuyacağıq (gülür)...

- Orta məktəbdə yaxşı oxumamısız?
- Ceyhun:
Doqquzuncu sinfə qədər oxumuşam. Sonradan səsimə görə getdiyim yarışlara başım qarışdı. Dərslərə girə bilmirdim və bu məni sevindirirdi. Məktəbin ulduzu idim. Arxayın idim ki, müəllimlər özləri qiymətlərimi yazacaq. Açığı belə şeylər bizi bədbəxt edib.
Xəyyam: Mən orta məktəbdə dərslərdən qaçırdım. Anam oxuduğum məktəbdə müəllimə idi, ona arxayın idim.

- Ceyhun bəy, siz mahnı sözləri də yazırsız. Bunun üçün söz ehtiyatı lazımdır ki, onu kitab oxumaq formalaşdırır. Çətinlik çəkmirsiz söz yazanda?
- Ceyhun:
Sizinlə razılaşmıram. “Dağlarda duman gözəldir” mahnısının musiqisini səhv etmirəmsə, Ələkbər Tağıyev yazıb. Onun heç bir not savadı, muğam savadı olmayıb.

- Onlar fenomenal istedadı olan insanlardır ki, 100 mində bir dünyaya gəlir.
- Ceyhun:
Şeir yazmaq işi çox qəlizdir. Şairlər özləri öz arasında heşç vaxt bir-biriləri ilə razılaşmırlar.
Xəyyam: Ümumiyyətlə kitabların qiyməti neçədir?

- 4-5 manatdan başlayır. Demək olar ki, hər qiymətə var.
- Ceyhun:
Xəyyam heç vaxt kitablara heç 40 manat da xərcləməz.
Xəyyam: Ceyhun, sən kitaba nə vaxt 40 manat vermisən? (gülür)
Ceyhun: Ayələrin tərcüməsi olan, dini bir kitab almışam. Bilirsiz, həvəs məsələsi var. Mən brend firmanın köynəyinə pul xərcləməkdən zövq alıram. Yaxud da dostum mənə Armani saatı bağışlayanda sevindiyimdən uçurdum. O, mənə kitab hədiyyə etsəydi heç vaxt o qədər sevinməzdim.

- Şifahi xalq ədəbiyyatından necə oxumusuzmu?
- Ceyhun:
Bayatıları bilirik. O da öz sahəmizə aid olduğu üçün. Tapmacalar, atalar sözləri, nağıllar bilirik. Gələn dəfə daha yaxşı cavab verərəm. Məsələn, Hüqo dünyaca məşhur şairdir də hə?

- Məşhurdur, amma şair kimi yox, yazıçı kimi.
- Ceyhun:
Receb İvedikin kinosuna baxmısız? Deməli, sevidiyi qızı görməyə getmək istəyir. Gəlir kitabxanaçının yanına. Deyir məni içəri buraxın. Kitab istəyir kitabxanaçıdan. Kitabxanaçı soruşur ki, kimin əsərlərini bilirsən? Receb də bilmir, yanındakı tələbənin kitabından Hüqonun adını görür, deyir ki, onu oxumuşuq. Hüqo mənim yadımda oradan qalıb.

Fatimə Kərimli 

 

 

 






22 Noyabr, 2012  14:35 Baxılıb: 6669 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner