Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NİCAT KAZIMOV VƏ ELMƏDDİN CƏFƏROV ÜZ-ÜZƏ – DEBAT

“Elməddininin dişlərini çıxarmaq lazımdır” – “Dövlətimiz, məmurlar, elit təbəqə məni qəbul edir”

Simsar.az saytı yeni rubrikaya start verir. Bir-birlərini qəbul etməyən, eyni mövzu ilə bağlı fərqli, bəzən də zidd mövqelərdə dayanan müxtəlif sahənin nümayəndələrinin debatını təşkil edir.
Rubrikamızın bu dəfəki qonaqları Gənc Tamaşaçılar Teatrının rejissoru, tanınmış aktyor Nicat Kazımov və gənc aktyor «Bacanaqlar» serialının prodüsseri Elməddin Cəfərovdur.
Söhbətimizə özlərini peşəkar sayan aktyorların Elməddinlə debata çıxmaq istəməmələrindən başladıq.



Ruslan Xəlil: Nicat bəy, sizi Elməddinlə debata dəvət edəndə çox tərəddüd etdiniz. Tərəddüdün səbəbini açıqlayardız.

Nicat Kazımov: Ona görə tərəddüd etdim ki, Elməddin başqa sahənin adamıdır. O, özünü peşəkar aktyor hesab etmir. Mən onunla hansı mövzularda diskussiyaya girə bilərəm? Elməddin şou verilişlərə qatılır və bəlli tamaşaçısı var. O, teatra uyğun aktyor deyil. Dilində qüsur var. Ən yaxşı halda bir tamaşada rol ala bilər. Onun xarici görünüşü, spesifikliyi müxtəlif rolları ifa etməyə imkan vermir. Şəxsən mən rejissor olaraq Elməddinə rol verməkdə çətinlik çəkərdim.

Elməddin Cəfərov: Ümumiyyətlə, teatr aktyorları məni qəbul etmirlər. Onların əksəriyyəti düşünür ki, əgər diplomu yoxdursa, aktyor deyil. Bəziləri isə qısqanclıqdan məni qəbul etmək istəmir. Hətta diplom alsam belə, məni qəbul etməyəcəklər. Buna qətiyyən pis baxmıram və bundan pis olmuram. Çünki Firəngiz Mütüəllibova, Yaşar Nuri, Fatma xanım kimi aktyor və aktrisalarla birgə çalışmışam. Onların mənə verdiyi qiymət daha üstündür. Bir də, gəlin televiziya aktoyoru ilə teatr aktyorunu qarışdırmayaq. Teatr aktyorları var ki, kamera ilə işləməyi bacarmırlar. Mən televiziya sahəsini bilirəm. Onlar isə teatr sahəsini. 11 ildir televiziyada çalışıram. Teatrda aktyor dayanmadan 3 saat oynayır. Biz də isə 3 dəqiqə. «Motor stop» edib, istənilən vaxt çəkilişi saxlamaq olur.

Nicat Kazımov: Əlbəttə ki, teatr tamam başqadır. Mən kionya çəkiləndə maneramı azaltmağa çalışıram. Teatrdakı manera kinoda yaramır. Kinoya çəkilmək aktyor üçün daha asandır. Orada səhvi düzəltmək imkanı var. Teatrda bu yoxdur. «Qoca kloun» da mən 75 yaşlı qocanı oynayıram. Axırda gənclər onu öldürəcəklər. Yəni tamaşada o prosesi keçmək lazımdır. Dayanmadan oynayırsan. Çoxlu enerji itirirsən və yorulub əldən düşürsən. Elməddin sabah bizim tamaşada rol alsa, mən onun barəsində tamam başqa cür danışacam. Amma bu gün mən onun oynadığı «Bacanaqlar» serialı barədə heç nə deyə bilmərəm. Yəni mənim xoşumə gəlmirsə mən baxmıram. İmkanım var ki, kanalı dəyişim. Elməddinin oynadığı serialda, onun oynadığı rolu birinci mənə təklif etmişdilər. Məni çağırdılar telekanala və təkliflərini verdilər. «Mənlik deyil» dedim. Çünki «sitkom»a çəkilmirəm. İmicimi qoruyuram. «Sitkom»a çəkilərdim. Gərək yaxşı əsər və pul olsun. Bunlar da yoxdur.

Elməddin Cəfərov: Niyə, babat pul verirlər.

Nicat Kazımov: Baxır kim hansı vəsaitlə qane olur. Mən dedim ki, əgər ayıma bir evin pulunu verəcəksizsə çəkilirəm. Elməddin «sitkom»ları bacarır. Mən rayon şivəsində danışa bilmirəm. Düşünmürəm ki, bu mənə lazımdır.

Ruslan Xəlil: Ümumiyyətlə, şivə ilə danışıb insanları güldürmək üçün peşəkarlıq, istedad lazımdırmı?

Elməddin Cəfərov: Şivə ilə danışıb insanları güldürmək bütün dünya ölkələrində var. Bunu müzakirə etsək heç nə əldə etməyəcəyik. Biz heç kimi məcbur etmirik ki, bizi baxın. Xoşun gəlirsə bax, xoşun gəlmirsə kanalı dəyiş.

Ruslan Xəlil: «Xoşun gəlmir, baxma» sözü tamaşaçıya qarşı kobud, qeyri-etik ifadə kimi səslənmir?

Elməddin Cəfərov: Bəs nə deyim? Deyim ki, xoşun gəlsə də, gəlməsə də bax…

Ruslan Xəlil: Nicat bəy, «Bacanaqlar»a baxırsız?

Nicat Kazımov: Baxmıram.

Ruslan Xəlil: Ailədə baxırlar?

Elməddin Cəfərov: (Replika) Bizə 25 yaşdan yuxarı insanlar baxır.

Nicat Kazımov: Dəqiq deyə bilmərəm. Şəxsən mən baxmıram.

Ruslan Xəlil: Seriallarda nə çatışmır?

Nicat Kazımov: Ssenariləri yaxşı deyil. Söhbət təkcə «Bacanaqlar»dan getmir. Rejissor problemi də var. Rejissorlar aktyorlarla işləyə bilmirlər. Biz ancaq Elməddini, Fərdanı, Müşfiqi günahlandırırıq. Rejissor gərək onların içindən tamam fərqli xüsusiyyətləri tapıb çıxarsın. Mən Elməddinin «Tək səbir»dəki monoloqlarına baxırdım. Hətta gülürdüm. Mən Elməddini başqa ampulada da görmək istəyirdim. Amma o, dəyişmədi. Rejissorlar, telekanallar seriallara aktyor lazım olanda «Elməddin var» deyib, peşəkar aktyorları axtarmırlar. Bir də zövq məsələsi var. Ən pis əsəri yaxşı ssenariləşdirmək, ən zəif aktyoru yaxşı makiyaj edib oynatmaq olar.

Ruslan Xəlil: Nə üçün «Bacanaq»lara baxanların sayı, sizin tamaşalara gələnlərin sayından çoxdur?

Nicat Kazımov: Biri var tamaşaçının səviyyəsinə düşmək, biri də var tamaşaçının zövqünü formalaşdırmaq. Biz ikinci missiyaya xidmət edirik. Mən tamaşalarımın heç birində çoxluğun dinlədiyi bayağı musiqilərdən istifadə etmirəm. İki il əvvəl Nizami Gəncəvinin «Xeyir və Şər» tamaşasını Şəmkir və Gədəbəydə oynadıq. Şoka düşmüşdüm. Gədəbəy camaatı necə maraqla baxırdılar tamaşaya… Ortaya yaxşı, zövqlü iş qoyanda tamaşaçı baxır.

Ruslan Xəlil: Elməddin bəy, peşəkar aktoyr olmaq üçün üstünüzdə çalışırsız?

Elməddin Cəfərov: General olmaq istəməyən əsgər, əsgər deyil. Düşünürəm ki, peşəkar aktyor olmaq üçün İncəsənət Universitetini bitirmək lazım deyil. Peşəkar aktyorlarla çalışıram. Onlar məni qəbul edir. Dövlətimiz, məmurlar, elit təbəqə məni qəbul edir. Bəzi aktyorlar məni tipaj aktyor kimi qəbul edirlər. Elələri də var ki, İncəsənət Universitetini bitirmədiyim üçün məni qəbul etmirlər. Mən onları aktyor kimi qəbul edirəm, amma onların məni qəbul etməməsi həyatımda heç nəyi dəyişmir. Əgər çoxluq məni qəbul etməsəydi bu işdən uzaqlaşardım. 75 faiz qəbul edib, 25 faiz qəbul etmirsə bu normaldır. Mən prodüsser və aktyoram. Öz işimi də düzgün, halallıqla qururam. Bizim serialın uğur qazanmasının bir səbəbi var. Səmimiyyət mövcuddur. Aktyora üç şey lazımdır. Pul, qayğı və yemək. Özün nə yeyirsənsə aktoyra ondan artığını vermək lazımdır. Aktyor tox olmalıdır. Sənət adamları həssas olurlar. Onlarda tez küsmək xəstəliyi var. Gərək tez-tez hal-əhvallarını tutasan. Prodüsser olaraq mən aktyoru özüm kimi qəbul edirəm. İndi bəzi peşəkar aktoyrlar mənimlə ona görə debata çıxmaq istəmirlər ki, onlardan yaşca cavanam. Düşünürlər ki, 50-60 yaşları var, 32 yaşlı aktyorla nə mübahisə, müzakirə etsinlər. Mən hətta imtahan verib İncəsənət Universitetinə qəbul olsam belə, onlar artıq mənimlə müzakirələrə qoşulmayacaqlar.

Ruslan Xəlil: Elməddini Mədəniyyət və İncəsənət Universitetinə qəbul edərlər?

Nicat Kazımov: Elməddinə orada oxumaq, diplom almaq lazımdırmı?

Ruslan Xəlil: Elməddin, sizi qəbul etməyən aktyorlarda nəyi qəbul etmirsiz?

Elməddin Cəfərov: Onlarda qəbul etmədiyim şey heç də peşəkarlıqları ilə bağlı deyil. Adlarını çəkməyəcəm. Bir sıra aktyorlar var ki, adamla görüşəndə başqa cür olurlar, görüşəndən sonra başqa cür. Bir hadisəni danışım. Film çəkilişi var idi. Mən orada baş rolu oynayırdım. Getdim açılış tədbirinə. Tanınmış aktyorlar var idi. Nuriyə xanımdan başqa çoxu məni soyuq qarşıladı. Fikirləşdilər, bu kimdi, gəlib bura? Ssenarini yazan tanınmış şəxs həm də dövlət məmuru idi. Hamının içində dedi ki, bu ssenarini mənim üçün yazıb. Ondan sonra bir neçə dəqiqə öncə mənə saymazyana yanaşanlar başladılar yaltaqlanmağa. Mənə qarşı fikirləri dəyişdi. O adamların şəxsi fikirləri yoxdur. Mənim qardaşım Mədəniyyət və İncəsənət Universitetinə imtahan verəndə bütün sınaqlardan keçir. Axırda ona sual verirlər ki, sənət aləmində qohumun varmı? Mənim adımı çəkir və onunla da kitabını bağlayırlar. Həmin vaxt o qədər pis oldum. Sonradan qardaşımı kəsənlərlə görüşəndə heç biri reallığı etiraf etmədi.
Başqa bir məqama da toxunmaq istəyirəm. Mənə bir neçə teatrdan əməkdaşlıqla bağlı təklif gəlib. Üzr istəyərək bildirmişəm ki, mən teatrda işləyə bilmərəm. Orada işləsəm gərək iş rejiminə riaəyət edim. Bu da məndə alınmır. İşlərim çoxdur. Bu gün məni qeyri-peşəkar adlandıranlar, sabah qeyri-ciddi adlandırmasınlar, deyə təklifdən imtina etmişəm. Teatrlara gedb-gələndə gördüyüm şeylər məni dəhşətə gətirdi. Qeybət dəhşətli dərəcədədir. Hansısa tamaşada rol almaq üçün necə bir-birilərinin dalınca danışırlar. Baxıram, peşəkar aktyorlar televiziyada mehribancasına danışırlar. Həmin vaxt onlara Elməddinlə bağlı sual verən olsa, məni parça-parça edərlər. Həmin aktyorlar başqa yerdə bir-birilərilə o qədər ucuz mübahisə edirlər ki, adam utanır. Məsələn, 86-cı ildə filan tamaşada mən rol almışam, sən almamısan kimi ucuz mübahisələr edirlər. Məhz bu adamlar məni aktyor kimi qəbul etmirlər. Qeybət, torba tikmək insanları tamaşadan iyrəndirir. Bizdə isə səmimiyyət, demokratik mühit var. Rəhbərlə aktyor arasında heç bir dəmir pərdə yoxdur. Hamımız qardaş, dostuq. Fatma xanıma, Firəngiz xanıma ana deyirik. Çəkiliş zamanı gərginlik olur,sonra da bitir.

Ruslan Xəlil: Elməddingil KVN məktəbinin yetirmələri hesab olunur. KVN teatrının populyarlarşasının, onlara təlabatın artmasının səbəbi nədir?

Nicat Kazımov: Mən özüm də 87-ci ildə KVN-də iştirak etmişəm. O vaxt KVN rus dilində idi. KVN-dən böyük sənətkarlar çıxır. Bəhram institutda mənimlə oxuyub. Elçin məndən aşağı kursda oxuyub. KVN baş verənlərə operativ reaksiya idi. Teatr bütün dövrlər üçün aktual olan əsərləri səhnələşdirir. KVN isə gündəmdə olan məsələlərə toxunurdu. Aparıcısı olduğum «Şou-qalib» verilişi vaxtında reytinq qırırdı. Amma dövr bitdi. İndi daha ciddi şeylərə təlabat var. Vaxtı ilə «7 numara» Türkiyədə məşhur idi. Amma indi «Muhtaşem yüzyıl» aktualdı.

Elməddin Cəfərov: Biz 11 ildir ki, gündəmi tuturuq. Çox çətindir. Gündəmi tutmaq üçün peşəkarlıq lazımdır. Hər həftə 9 milyon əhali ilə ünsiyyətdə olmaq çətindir. Teatrda 3 saatlıq tamaşaya görə 2 ay məşq edirsən. 3 saat ərzində səhv edirsənsə deməli, sən aktyor deyirsən. Serialda isə hər şey bir günün içində olur. Teatr aktyorları məni peşəkar saymırlar, mən də onları televiziya üzrə peşəkar saymıram.

Nicat Kazımov: İndiyə qədər 10-a yaxın filmə çəkilmişəm. «Pəri Cadu»da 4 dəqiqəlik rolum var, amma iki saat məni əsmə tutur. 10 filmdə bu qədər həyacan keçirməmişəm. Elməddin Gənc Tamaşaçılar Teatrında bir tamaşada oynaya bilər. Həmin rol ona uyğun olmalıdır. Amma digər rollarda oynaya bilməz. Çünki Elməddin şivə ilə danışır. Bu mənada onun işi çətindi. Şekspirin əsərində şivə ilə danışmaq olmaz axı. Amma «Pəri Cadu»da Əmrah, Əcinnə rollarını oynaya bilər.

Elməddin Cəfərov: Bəzi uğurlarım var ki, mə nonu heç yerdə deməmişəm. 2007-ci ildə Avrasiyada kastinq keçirildi. 9 saniyəlik sujet var idi, orada çəkilmək lazım idi. 40-a yaxın dövlətin akytorlarının iştirak etdiyi kastinqdə mən birinci yerə çıxdım. Çəkilişlər olur ki, tanınmış aktoyrlar üç gün çalışırlar, amma heç nə ortaya çıxmır. Amma mən yarım saat çəkilmişəm və gözlənildiyindən daha yaxşı effekt yaratmışam. Moskvada sənət adamları arasında müsabiqə olub, mən birinci yerə çıxmışam.

Ruslan Xəlil: Teatrlarda bir tamaşanı illərlə təkrar-təkrar göstərirlər. Eyni tamaşaya nə qədər baxmaq olar? Üstəgəl pafos, qışqırıqlar və s…

Nicat Kazımov: Mən bu fikirlərlə razı deyiləm. Eyni tamaşanı 20 il də oynamaq olar. «Ələddinin sehirli cırağı»nı 14 il öncə hazırlamışam və hər il tamaşaya qoyulur. Axı, hər il yeni uşaqlar məktəblərə gəlir və s.
Xaricdə «Hörümçək adam» tamaşasını 20 ildir səhnəyə qoyurlar. Köhnəlmiş əsərləri səhnədən çıxarmaq olar. «Ana qaz» tamaşasının tamaşaçıları eyni adamlardı. 10 ildir ki, eyni adamlar həmin əsərə baxırlar. Ölməz əsərləri səhnədən çıxarmaq olmaz.

Elməddin Cəfərov: Qəbul etsələr də, etməsələr də teatrlarda ssenari qıtlığı var. ona görə də, bir əsəri hər dəfə təkrar-təkrar səhnəyə qoyurlar. Zalı boş qoymaq da olmaz. Beş klassik əsər səhnələşdirəndə, bir dənə də müasir əsəri tamaşaya qoysunlar. Şekspirin «12-ci gecə» əsərinə baxırdım, az qala oradaca yuxuya getmişdim. Bu gün tamaşaçını yuxuya verən əsərləri səhnələşdirmək düzgün deyil.

Ruslan Xəlil: Sizə elə gəlmirmi ki, getdikcə daha çox qeyri-ciddiləşirik?

Elməddin Cəfərov: Qeyri-ciddi verilişlərin sayı təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində artır. Amerikada da bu belədir.

Nicat Kazımov: Teatr elit sənətdir. Türkiyədə teatra getmək dəbdir. 8 il səhnədən düşməyən «Kərbəla» tamaşasına bilet tapmaq mümkün deyil. Orada tamaşaçı gəlir. Vaxtilə, Azərbaycanda da bu belə idi. İndii bizdə də bu formalaşır.

Ruslan Xəlil: Necə düşünürsüz, tamaşaçının zövqünə uyğun seriallar çəkmək, tamaşalar səhnələşdirmək lazımdır, yoxsa tamaşaçının zövqünü yüksldəcək əsərlər hazırlamaq?

Elməddin Cəfərov: Bu müəllifdən, rejissordan asılı olan məsələdir. Şəxsən, öz sövqümə uyğun ssenarilər hazırlayıram. Xöşbəxtlikdən mənim zövqüm xalqın zövqü ilə üst-üstə düşür.

Ruslan Xəlil: Bunu nədən bilirsiz?

Elməddin Cəfərov: Çünki mən qadın paltarı geyinmirəm, açıq-saçıq, qeyri-etik sujetlər hazırlamıram. Sənin zövqün məni maraqlandırmır. Heç fikirləşmirəm ki, bu insanların xoşuna gələr, yoxsa yox. Əsas odur ki, qeyri-etik səhnələr olmasın. Sərbəstlik, açıq-saçıq səhnələrin olması hələ peşəkarlıq demək deyil.

Nicat Kazımov: Açıq-saçıq səhnələrin olmasının qeyri-peşəkarlıqla heç bir əlaqəsi yoxdur. Müəllif özü buna qərar verməlidir. Bu, ona lazımdırmı? 8 il əvvəl «Pəri Cadu»nu hazırlayanda orada açıq səhnələr ajiotaj yaratmışdı. Amma bu gün artıq həmin səhnələrə təəccüblənən yoxdur. Jan Luk Qodarın filmlərini heç bir telekanal vermir. «Adəm və Həvva» pyesini bizdə göstərmək mümkün deyil. Amma İtaliyada, Çexiyada həmin pyesi səhnələşdirmək olar. «İstənilməyən qonaq» pyesi mənim xoşuma gəlir, amma əsərin temperametri bizim tamaşaçıların xoşuna gəlməyəcək. Çox düşündürücü əsərdi. Bizim tamaşaçılar isə ya gülməli, ya da ağlamalı, dinamik əsərlərə baxırlar.

Ruslan Xəlil: Sizcə, aktyorda peşəkarlıq, yoxsa istedad daha vacibdir?

Elməddin Cəfərov: Məncə əsas istedaddır. Aktyorlar var ki, peşəkardılar. Amma ömürlərinin sonuna qədər epizodik rollarda çəkilirlər.

Nicat Kazımov: Teatrda sistemlər yalnız istedadlı şəxslər üçündür. İstadadı savadla bərkitmək, inkişaf etdirmək lazımdır. Savad mütləq lazımdır. Teatrda savadsızlıq baş alıb gedir. Elməddin istəsə savad ala bilər. Dilindəki qüsuru aradan qaldırmaq üçün ilk növbədə dişlərini düzəltdirməlidir.

Elməddin Cəfərov: Həkimlərlə danışmışam, amma məsləhət görməyiblər.

Ruslan Xəlil: Dişlərini düzəltsə, Elməddin tamaşaçılar üçün maraqsız olacaq, hətta onu tanımaya bilərlər.

Elməddin Cəfərov: Onsuz da tamaşaçılar məni tanımırlar. Əsil Elməddini ailəsi tanıyır. Dişlərimi düzəltdirsəm də, düzəltdirməsəm də məni tanımayacaqsız. Tutaq ki, deyilən şeylərin hamısını elədim. Qalan 25 faiz aktyor da məni qəbul etdi. Nə dəyişəcək?

Nicat Kazımov: Elməddin teatrda işləməyə iddialı deyil. Teatrda işləsəydi onunla qırğına birinci mən çıxardım. İlk növbədə dişlərini düzəltdirərdim. Bizə gənc aktyorlar gəlir. Onların dişlərini düzəltdiririk, saqqalını qırxdırırıq, əyib düzəldirik. Amma bunlar Elməddinə lazım deyil. Onun telekanaldan aldığı pul mənim teatrdan aldığımdan bir neçə dəfə çoxdur. Çox istərdim ki, Türkiyədə filmlərə çəkilim, teatrlarında tamaşalar qoyum. Türkiyədə həm yaradıcılıq var, həm də pul. Bizdə bunların ikisi bir yerdə olmur.

Elməddin Cəfərov: Bəzən aktyorlar deyirlər ki, Elməddin arxasında güclü adamlar var. And olsun Allaha ki, arxamda Allahdan başqası yoxdur. Nə qazanmışımsa zəhmətimlə qazanmışam.

Ruslan Xəlil

 

 

 

 






8 Noyabr, 2012  15:17 Baxılıb: 3673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner