Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“AZƏRBAYCAN MEDİASI ÇOX GERİDƏ QALIB” – MÜSAHİBƏ - FOTOSESSİYA

Aqil Camal: “Qəzetlərimizin loqosunun üstünü örtsən, bilmək olmaz ki, bu hansı qəzetdir” 

“Həmkar” rublikasının bu dəfəki qonağı “Türküstan” qəzetinin baş redaktoru Aqil Camaldır.

- Jurnalistikaya gəlişiniz necə oldu?

- Jurnalist olmağı arzulamamışam. Amma yazı qabiliyyətim olduğuna görə, VIII sinifdə oxuyarkən sinifimizin divar qəzetinin redaktoru seçilmişdim. Kəlbəcərdə doğulmuşam, burada 2 saylı orta məktəbdə oxumuşam. Məktəb qəzetləri adətən siniflə bağlı, kimin yaxşı, kimin pis oxuması haqqında məlumatlar dərc edir. Amma mən o vaxt - yəni 1990-cı ilin sonunda başlanan ABŞ-İraq müharibəsi ilə bağlı xəbərləri də verirdim. Divar qəzetimizin adı «Şüa» idi. 1989-1990-ci ilərdə azad mətbuatın yaranması ilə əlaqədar məktəb qəzetləri də bu qəzetlərin adlarını götürürdü. Məktəbimizdə iki «Azadlıq», bir «Ədalət» qəzeti vardı. Həmin vaxt «Müxalifət» qəzeti də yeni nəşrə başlamışdı. Əslində bu söz Sovet dönəminə xas olmayan bir ifadə olduğuna görə, onun mənasını o qədər də anlamırdıq. Amma yeni ad olduğundan məni cəlb elədi və qəzetimizin adını dəyişib «Müxalifət» qoydum. Məktəb direktoru, sinif rəhbəri də bu adın mənasını bilmirdilər. Bir müddətdən sonra «müxalifət»in nə olduğunu bildilər və təbii ki, qəzetin adını dəyişdilər. Dövrü mətbuatı daim izləyirdim. 1992-ci ildə 10-cu sinifdə oxuyanda – bir neçə dəfə «Azadlıq» qəzetinə məqalə yazmışdım. «Poçt qutusu» hekayəsindəki kimi gətirib, qutuya atmaq istəyirdim, amma atmırdım. Fikirləşirdim ki, qəzetdəki məşhur insanlar onu oxuyacaq və güləcəklər. Dəfələrlə bu, təkrarlanmışdı. Taleyin işinə baxın ki, bundan tam 8 il sonra «Azadlıq» qəzetində işləyəsi oldum. Bundan əvvəl isə 1999-cu ildə «Türkün səsi» qəzetində redaktor kimi işə başlamışdım. Sonra o zaman məşhur olan «Press-fakt» qəzeti ilə 1 il əməkdaşlıq etdim. 2000-ci ilin sonunda Bahəddin Həziyev «Azadlıq»-a redaktor keçəndə məni qəzetə dəvət elədi. Qısa vaxtdan sonra Bahəddin bəy redaktorluqdan getdi, mən qaldım. 6 il işlədim. Arada parallel olaraq «Üç nöqtə»də də çalışmışam. Belə demək olar ki, jurnalistikaya ictimai fəaliyyətdən gəlmişəm. Adını çəkdiyim qəzetlərdə işləməmişdən əvvəl “Turan” Gənclər Təşkilatının sədrinin birinci müavini idim. Bütün bəyanatları, press-relizləri, müsahibələri mən yazırdım. Yavaş-yavaş mətbuata «transfer» elədim.

- Öz ixtisasınız nədir?

- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, sonra da həmin Akademiyanın «idman fiziologiyası» üzrə magistraturasını bitirmişəm. Jurnalistika sahəsində təhsilim isə bir neçə kursa getməyimlə bitir.

- Nə vaxtsa ixtisasın üzrə işləməyi düşünmüsənmi?

- İndi də məndə idmanla məşğul olmağımın əlamətlərinin hiss olunduğunu deyirlər. Uşaqlıqdan aktiv sürətdə idmanla məşğul olsam da, idmançı olmaq niyyətində deyildim. Sadəcə doğulub, böyüdüyüm Kəlbəcər mühiti fiziki cəhətdən güclü olmağıma təkan verirdi. Bakıda məşq zamanı çiynimdən xəsarət aldım - çiynim çıxdı. Bu da öyrəncəkli bir yer olduğundan aktiv idmanı arxa plana keçirəsi oldum.

- Uzun müddət «Azadlıq» qəzetində işlədiz…

- Bu gün Azərbaycanın tək mediasına yox, ictimai-siyasi mühitinə də baxsaq, «Azadlıq» qəzetindən çıxmış insanları görə bilərik. Qəzetin özündən də başqa, həmin məkan, redaksiya bir məktəb idi. Ora informasiya üçün, görüş yeri kimi gələnlər də çox idi. Mən qəzetdə işə başlamamışdan da bir neçə il əvvəl “Turan” Gənclər Təşkilatının üzvü kimi orda idim. Təbii ki, ordakı insanlarla birgə çalışmağımın da mənim formalaşmağımda rolu böyük olub. Amma «Azadlıq»-dan götürdüyüm ən böyük dəyər azad ruhlu insan olmaqdır. Burada kollektivdə, idarəetmə sistemində Azərbaycan üçün xas olmayan sərbəstlyin olması, insanların tutduqları vəzifələrin şərti xarakter daşıması kənardan gələnlərə qəribə görünürdü. Əgər baş redaktorun kompüteri boş idisə, müxbir gəlib onun yerində rahatca oturub işləyirdi. Baş redaktor isə qapının arxasından baxıb görürdü ki, burada iş gedir və sakitcə çəkilib gedirdi. «Azadlıq» qəzetindən çıxan adamlar başqa redaksiyalardakı mühitə, şəraitə öyrəşə bilmirdilər.

- Hazırda özünüz də qəzet redaktorusunuz. Artıq neçə ildir ki, «Türküstan» qəzetinə rəhbərlik edirsiniz. “Azadlıq”da gördüyünüz və bəyəndiyiniz bu münasibətləri öz qəzetinizdə də tətbiq edirsiz?

- Demək olar ki, bizdəki münasibətlər sistemində «Azadlıq» qəzetinin kiçik bir modelini görmək olar. Bizdəki münasibətlər də bəzən kənardakılara qəribə görünür. Məsələn, «müəllim» sözünü qətiyyən xoşlamıram. Təbii ki, əgər bu söz pedaqoji fəaliyyətlə məşğul olan insana deyilmirsə. Mənə «Aqil müəllim» deyəndə özümü 50-60 yaşında adam kimi hiss edirəm. Bundansa, sadəcə adımın deyilməsi yaxşıdır. Amma “bəy” xitabını xoşlayıram.

- «Türküstan» qəzetini öz üzərinə götürdüyü missiyanı həyata keçirə bilirmi? Yəni «Türküstan» sözünə uyğun olaraq.

- Qəzetimizin qurucusu Tofiq Seyiddir. Amma o, bizim yaradıcı işlərimizə müdaxilə etmir. Demək olar ki, onun baxışları ilə bizim baxışlarımız üst-üstə düşür. Qəzetin adını da Tofiq bəy təklif edib. O, Əbülfəz Elçibəyin yaxın silahdaşlarından olub. Əbülfəz bəyin bu adda qəzet çıxarmaq arzusunun olduğunu bildirib. İdeoloji qəzet dedikdə yalnız tarixi məqalələr, tarixi şəxsiyyətlər barədə yazılar başa düşülür. Doğrudur, bizim qəzetimizdə bunlar da var, amma bunlar 10 faiz təşkil edir. Bu gün ölkəmizdə, bölgəmizdə gedən, dünyanın gündəmdə olan proseslərdən də yazırıq. Sadəcə, bizi fərqləndirən bəzi kriteriyalar var. Biz ölkəiçi siyasətə qarışmırıq. Əslində, ölkədə siyasət deyilən bir şey yoxdur, bütün proseslər imitasiya xarakteri daşıyır. Buna görə də özümüzü aldatmaq istəmirik. Həmçinin hesab edirik ki, biz daha böyük siyasətlə məşğul oluruq.

- Artıq 7-ci ildir ki, qəzetiniz fəaliyyət göstərir, amma etiraf edək ki, qəzet bazarında yetərincə yer tuta bilmədi.


- Bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Çünki bu formanı özümüz qəbul etmişik. Bizim qəzetimizin özünəməxsus oxucu kütləsi var - bunlar ziyalılar və milli düşüncəli gənclərdən ibarətdir. Hətta qəzetimizin saylarını evlərində, iş yerlərində toplayanlar da var. Qəzet bazarındakı vəziyyətə gəlincə, ən çox krassvord qəzetləri oxunur. Oxucunu cəlb etməyi qarşımıza məqsəd qoymadığımıza görə, bazardakı vəziyyət də bizi düşündürmür. 
Bu məsələ marağımızda olsaydı, ən azı «Azadlıq» qəzetidən olan təcrübəmdən yararlana bilərdim. Amma digər tərəfdən yayım firmalarında «Türküstan» qəzeti satıcıların dili ilə desək, «gedən» qəzetlərin siyahısındadır. Hətta satış rəqəmlərinə görə, tanınan, hökumətdən ildə iki dəfə yardım alan əksər qəzetlərdən öndəyik.

- Yeri gəlmişkən, qəzetiniz hökumətin - yəni KİVDF maliyyəsindən yararlanırmı?

- İndiyədək olmayıb. Çünki, əvvəlki şərtlərə görə, tirajımız buna yol vermirdi. Bu il isə layihə təqdim etmək niyyətimiz var. Çünki, tirajımız və satış faizimiz artıb.

- Necə hesab edirsiz, Azərbaycanda qəzet bazarına girmək niyə bu qədər çətindir? Bu sualı sizin qəzetin deyil, ümumilikdə Azərbaycan mətbuatının problemi olaraq, verirəm.

- Azərbaycanda hər bir sahədə yenilik olsa da, çap mediasında yenilik yoxdur. Müqayisə üçün Azərbaycan qəzetlərini qonşu ölkələrin qəzetləri ilə yanaşı qoyub baxmaq olar. Sanki oxucuları da formalaşdırıblar ki, qəzet mütləq belə olmalı, mütləq bir səhifə müsahibə verilməlidir və s. Müxbirə müsahibə tapşırılanda ona deyilir ki, filankəsdən bir səhifəlik müsahibə al. Halbuki dünyanın heç bir ölkəsində belə bir şey yoxdur ki, qəzetin bir səhifəsi hər hansı tanınmamış bir adamın müsahibəsinə ayrılsın. Biz köşə yazılarını da normal təqdim edə bilmirik. Dizaynerlərimiz «köşə» dedikdə düşünürlər ki, burada mütləq başda jurnalistin şəkli, ardınca yazı verilməlidir. Xarici qəzetlərə baxsaq, bunun da min cür formasını görə bilərik. Qəzetlərimiz dizayn, forma cəhətdən inkişaf etmək istəmirlər. Üç ildir ki, dövlət tərəfindən qəzetlərə yardımlar ayrılır. Üç il qabaqkı qəzetlə indikini müqayisə etsək, onda hər hansı bir dəyişikliyi görməyəcəyik. Əksinə, hesab edirəm ki, bəzi qəzetlərin real satışı daha da aşağı düşüb. Çünki, qəzetlər dövlətdən ayrılan dotasiyalara arxayın olub, satışdan pul qazanmaq marağı ikinci plana keçib. Azərbaycan nəşriyyatında rəngli mətbəə açılıb. Amma qəzetlərimizin heç biri həmin mətbəəyə müraciət etmir. Azərbaycana xaricdən gələn bir nəfər qəzetlərimizin birini əlinə alıb, onun dizaynına, şəkillərinə baxarsa, dərhal düşünəcək ki, Azərbaycan mediası çox geridə qalıb. Hansısa qəzetin loqosunun üstünü örtsən, bilmək olmaz ki, bu hansı qəzetdir. Yəni, qəzetlər sanki bir adamın əlindən çıxır. Əslində, internet mediasının önə keçdiyi bir vaxtda bu məsələlərə daha həssas yanaşılmalıdır. Mən hələki bir nümunə görürəm - «Baku-post» qəzeti baxmayaraq ki, pulsuz paylanır, amma heç olmasa həmin qəzeti xaricdən gələn bir adamın qarşısına çıxarmaq mümkündür.

- Bilirsiz ki, sosial təminat sahəsində də jurnalistikamızda ciddi problemlər var. Başqa sözlə desək, mətbuatda çalışanları əhalinin evsiz, aztəminatlı təbəqəsinə aid etmək olar.

- Sosial təminatdan danışmazdan əvvəl Azərbaycanda ciddi media ilə, reket jurnalistikanın sərhədləri müəyyənləşməlidir. Bundan sonra sosial layihələr ciddi media üzərində reallaşmaldır. Məsələn, mən bildiyimə görə jurnalistlərə tikilən binada ev almaq üçün tələsik müraciət edən insanların əksəriyyəti ciddi mediada çalışanlar deyil. Bəziləri ölkə rəhbərliyinə sədaqətlərini, guya hansısa «xeyriyyə» əməllərini qeyd edən məktublarla müraciət edirlər. Öncə qeyri-ciddi media sıradan çıxarılmalıdır. Belə olsa, bilinər ki, ölkədə nə qədər insan mediada çalışır və onlara yönəlik hansı işləri görmək olar. Sərhəd bəlli olsa, qardaş Türkiyədə olduğu kimi, hər hansı imtiyazlar ortaya çıxa bilər. Əslində bizdə reket mətbuatı çiçəkləndirən məsələ məmur təbəqəsinin media ilə bağlı bilgisizliyidir. Onlar kiminsə əlində vəsiqə görən kimi onu jurnalist hesab edirlər. Halbuki, ciddi mətbuatda çalışan və özü ciddi olan jurnalist heç vaxt vəsiqə göstərmir. Onun imzası, işlədiyi yerin adı yetərli olur. Reket jurnalistikasının cövlan etdiyi məkan adətən bölgələrdir. Çünki, Bakıdakı idarə, müəssisələrdə ciddi jurnalistika barəsində müəyyən qədər bilgilər var. Mətbuat Şurasının siyahısı var və onu müəyyən yerlərə göndərir. Bu iş ciddi şəkildə davam etdirilməlidlir. Bölgələrlə davamlı işləmək, həmin siyahıları onlara təqdim etmək, bir qədər də həmin şəxslərə qarşı inzibati qaydada təbirlərin görülməsinə ehtiyac var.

- Bir az öncə qeyd etdiniz ki, mənzil siyahısında reket jurnalistlərin adlarını görmək ehtimalı var. Sizcə, dövlətin jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər zamanı obyektivlik nə qədər təmin olunur?

- Mənzil siyahısında hələ ki, kimin adlarının olacağı məlum deyil. Dövlətin jurnalistlərə yardım məsələsinə gəlincə, mənim ehtiyacım olsa da, bunun fəlsəfəsini qəbul etmirəm. Çünki, bu medianın konkret olaraq nələrisə nəzərə almasına, daxili senzuraya gətirib çıxarır, arxayınçılıq, ələbaxımlılıq əmələ gətirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, burada hansısa nazirliklərin, dövlət qurumlarının müsabiqə elan etməsi halına rast gəlmək mümkün deyil. Həmin müsabiqələrdə ancaq nazirliklərin fəaliyyətinin təbliği ilə bağlı mövzulara rast gəlmək mümkündür. Medianın inkişafı üçün ilk növbədə azad rəqabət mühitini təmin etmək lazımdır. Dövlət dəstəyi zamanı adı cəmiyyətə bəlli olmayan qəzetlərin min bir əziyyətlə nəşr olunanları ötüb keçməsinin qarşısını almaq lazımdır. Qəzetin rəqabət meydanı köşkdür. Hətta istərdim ki, qəzetlərə yardım edilməsin ki, təbii rəqabət şəraitində özlərini təsdiq etsinlər.

- Belə çıxır ki, mənzil məsələsinin də əleyhinəsiz?

- Xeyr, əleyhinə deyiləm. Amma burda da sivil ölkələrin təcrübəsinə baxsaq yaxşı olar. Çünki, iddialılar çox olduğu halda təqdim olunan yerlər məhduddur. İstənilən halda bu böyük ajiotaja, səs-küyə, şübhələrə yol açacaq.

- Yeri gəlmişkən, sizin mənziliniz var?

- Şəxsi mənzilim yoxdur. Atamgillə birlikdə yaşayıram. Amma mən də mənzil üçün müraciət edənlərin sırasında olacam. Bundan sonrası qiymətləndirənlərin öhdəsində qalır. Digər tərəfdən bir məsələni qeyd edim ki, mən jurnalistlərə imtiyazlı şəxslər kimi baxmağın tərəfdarı deyiləm.

- Mən əslində bu sualları jurnalistləri imtiyazlı təbəqə hesab etdiyimdən vermirəm. Amma, jurnalistləri sosial baxımdan o qədər də yüksək səviyyədə təmin olunmuş təbəqə hesab etmək də mümkün deyil.

- Doğrudur. Biz fiziki olmasa da, əqli olaraq daha çox əmək sərf edir və səhhətimizə də ciddi ziyan vururuq. Bu kiməsə minnət qoymaq kimi başa düşülməsin, amma bizim bir günə, bir həftəyə, bir aya başa gətirdiyimiz məhsulu kimsə 40 qəpiyə alır. Oxuyur ya oxumur, bu hələ məlum deyil. Jurnalistlərin əməyinin cəmiyyət tərəfindən qiymətləndirilməsi üçün daha əvvəl dediyim kimi jurnalist adına ləkə gətirən ünsürlərin aradan çıxması lazımdır. Bu zaman medianın gücü iqtisadi baxımdan da artar. Yəni sənə verilən reklamı hansısa qeyri-ciddi bir layihə oğurlamış olmaz.

- “Turan” Gənclər Təşkilatında olmusuz, indi də ictimai fəaliyyətinizi davam etdirirsiz…

- «Ortaq Dəyərlər» İctimai Birliyinin sədriyəm. Müəyyən layihələr həyata keçiririk. Mediada olsam da, özümü daha çox ictimai-siyasi mühitin adamı hesab edirəm.

- Sonuncu sualımı vermək istərdim. Düşünürəm ki, jurnalistlərin şəxsi həyatı da oxucular üçün maraqlıdır…

- Ailəliyəm. Bir qızım var. Atatürk Litseyində, üçüncü sinifdə oxuyur.

- Görünür, onu da «Türküstan» ruhunda böyütmək fikriniz var?

- Çox istərdim ki, belə olsun. Oxuduğu məktəbdə də milli ruh var, özündə də ailədən gəlmə bir xətt var. Yəqin ki, istədiyimiz kimi olar.

Xatirə Nəsirli






6 Noyabr, 2012  14:02 Baxılıb: 2448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner