Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«İCTİMAİ PALATADA QICQIRMA PROSESİ GEDİR» - MÜSAHİBƏ

“2005-ci il parlament seçkilərində qalib gəlsəm də, nəticələr saxtalaşdırıldı. Avropa Məhkəməsi mənim qələbəmi tanıdı və hökuməti cərimələdi”.

Müsahibimiz bir vaxtlar Azərbaycanı idarə etmiş şəxsdir. 1992-ci ilin martında parlamentin sədri seçilən Yaqub Məmmədov hətta müəyyən müddət prezident səlahiyyətlərini icra edib. Xalq Cəbhəsi hakimiyyətə gələndə o, postundandan istefa verdi. Sonrakı dövrlərdə də aktiv siyasətlə məşğul olmadı.
Simsar.az Yaqub Məmmədovla əlaqə saxlayaraq ölkədə cərəyan edən ictimai-siyasi proseslərə münasibətini öyrənib.


- Yaqub müəllim sizi müsahibəyə çətinliklə razı sala bildik. Sanki mətbuatla təmas qurmaq həvəsində deyilsiz. Sizi mətbuatdan, siyasi proseslərdən uzaq düşürən nədi?

- Düz deyirsiz, son bir ildə mətbuatdan uzaq gəzirəm. Müsahibələr vermirəm. Pedoqoji işlərlə məşğul oluram. Açığı müsahibə verməyə o qədər də həvəsim yoxdur.

- Siyasətlə məşğul olmaq pedoqoji işlərdən daha çətindir?

- Əlbətdə ki, çətin sahədir. Ölkədə siyasətçilərin sayı çox, nəticəsi isə yoxdur. Ona görə də, mənə ehtiyac qalmır. Bütün bunlara görə də, siyasətdən uzaq gəzmək istəyirəm.

- Belə bir deyim var. Siz siyasətlə məşğul olmasanız da, siyasət sizinlə məşğul olacaq. Necə düşünürsüz, Yaqub Məmmədov siyasətsiz yaşaya bilər?

- Təbii ki, siyasətdən tam uzaqlaşmaq mümkün deyil. Özü də mənim kimi adam üçün. Həyatımız siyasiləşib. Biri var aktiv siyasətlə məşğul olasan, biri də var ele-belə. Mən müəyyən formalarda siyasətlə məşğul oluram. Əvvəllər siyasi proseslərə münasibət bildirirdim. Amma son vaxtlar çalışıram ki, bu proseslərdən uzaq olum.

- Ölkədəki siyasi, sosial proseslərə, hadisələrə biganə qala bilirsiz?

- Yox, qalmaq olmur. Çox çətindir. İçimizi müxtəlif formalarda boşaldırıq. Dost-tanışlarla söhbətlər edirik, müzakirələr aparırıq. Çalışdığım təhsil, səhiyyə sektorundakı vəziyyət məni qane eləmir. Eləcə də digər məsələlər. Maddi durum, təqaüdlər aşağıdır. Ən ciddi məsələ Dağlıq Qarabağın hələ də işğal altında qalmasıdır. Münaqişənin həllilə bağlı müzakirələrin sonunu görmürəm.

- 2005-ci il parlament seçkilərində «YeS» Blokunda təmsil olunurduz. Amma 2010-cü il parlament seçkilərində bir qədər passiv mövqe nümayiş etdirdiz və namizədliyinizi irəli sürmədiz. 2013-cü il prezident seçkilərində hansısa formada iştirak edəcəksiz?

- Bilirsiz ki, mən 2005-ci il parlament seçkilərində namizədliyimi irəli sürmüşdüm. Qalib gəlsəm də, nəticələr saxtalaşdırıldı. Avropa Məhkəməsi mənim qələbəmi tanıdı və hökuməti cərimələdi. Amma məhkəmə prosesi o qədər uzun çəkdi ki, 2010-cu il parlament seçkilərində iştirak edə bilmədim. Gələn il keçiriləcək prezident seçkilərində bir vətəndaş, seçici kimi işirak edəcəm.

- Siyasi qüvvələrin güclərinin nisbətini necə qiymətləndirirsiz? Müxalifətin seçkilərdə qələbə qazanmaq şansı varmı?

- Müxalifət birləşə bilməsə, heç bir uğur əldə edə bilməyəcək. Müəyyən maraqlar üzündən siyasi partiyalar birləşə bilmirlər. Hər dəfə seçkilərə bir az qalmış parçalanırlar. Əgər belə olacaqsa, müxalifət məğlub olacaq. Gücdən söhbət gedirsə, güc hakimiyyətdədir. Bütün resurslar hakimiyyətin əlindədir. Seçkilərdə qələbə qazanmaq üçün birlik və maliyyə lazımdır. Bunların heç biri müxalifətdə yoxdur. Müxalifətin yeganə birliyi İctimai Palatadır, oradakı vəziyyəti görürsüz. İctimai Palatada qıcqırma prosesi gedir.

- Nə üçün Ziyalılar Birliyində yoxsuz?

- Mən heç bir birliyə, bloka qoşulmuram. Oradakı insanlarla münasibətlərim var. Ziyalı kimi məsələlərə öz münasibətimi lazım olanda bildirirəm. Gərək bloka qoşulum?

- Bəlkə ehtiyat edirsiz? Adınızın narazılarla bir sırada çəkilməsini istəmirsiz?

- Açığı hakimiyyət belə bloklara, birliklərə yaxşı yanaşmır. Başqa cür reaksiya verir. Mənə Rafiq Əliyevdən də pis təzyiqlər ediblər. Məni də vəzifədən uzaqlaşdırıblar. Amma ajiotaj, gərginlik olmasın deyə, hay-küy salmadım. 2000-ci ildə mənim bir müsahibəmə görə, məni kafedra müdirliyindən azad etdilər.

- Eks-prezident Ayaz Mütəllibov ölkəyə qayıtdıqdan sonra onunla təmasınız olubmu?

- Yox, olmayıb. Amma eks-prezidentlərin statusu ilə bağlı qanunun qəbulunu, Ayaz Mütəllibovun ölkəyə dönüşünün təmin olunmasını müsbət qiymətləndirirəm. Ayaz Mütəllibovun dövründə rəhbər vəzifələrdə işləyənlərdən biri də mən olmuşam. Gərək mənə qarşı da ögey münasibət aradan qaldırılsın. Bizim dövlətə, xalqa, hökumətə qarşı elə bir düşmənçiliyimiz də olmayıb axı. Təkcə prezidentlərlə iş bitmir. Onlarla işləyən adamlara da münasibət dəyişməlidir. Milləti parçalamaq, qarşı-qarşıya qoymaq istəmirəm.

- Konkret olaraq sizə qarşı hansı ögey münasibət olub?


- Xırdalıqlara varmaq istəmirəm, amma bütün sahələrdə mənə qarşı ögey münasibət olub. O boyda rəhbər vəzifədə işləmişəm. Tibb Universitetinin rektoru olmuşam. Universitetin Partiya Komitəsinin sədri olmuşam. Ali Sovetin deputatı, sədri olmuşam, prezident səlahiyyətlərini icra eləmişəm. Mənə qarşı haqsızlıq, ədalətsizlik olunur. Mənə dövlət qulluqçusu kimi təqaüd vermirlər. 

- Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılan cinayət işinə, həm də bir tibb eksperti kimi münasibətinizi bilmək maraqlı olardı.

- Eçlibəyin ölümülə bağlı açılan cinayət işini pisləyirəm. Təəssüf edirəm ki, siyasi maraqlar üçün mərhum prezidentin ruhuna sayğısızlıq göstərilir. Kələkidən gələndən sonra mənim də Elçibəylə bir neçə dəfə görüşüm olub. Elçibəy xərçəng xəstəliyindən dünyasını dəyişib. O xəstəlik də elədir ki, orqanizmdə zəhərlənmə verir. Mütəxəssis həkim kimi deyə bilərəm ki, prostat vəzinin xərçəngi orqanizmdə zəhərlənmə yaradır və xəstə dünyasını dəyişir. Türkiyə kimi ölkənin həkimləri mərum prezidentin ölümü ilə bağlı rəy veriblər. Rəy olduğu halda, cinayət işinin açılması arzuolunan deyil. Tutaq ki, Elçibəyin qəbri açıldı, cəsəd eksqumasiya olundu və onun zəhərləndiyi aşkar edildi. Bunu kimə sübut edəcəklər və necə müəyyənləşdirəcəklər ki, Elçibəyi kim zəhərləyib? Bu çox mürəkkəb prosesdur. Bu kimi işlər bizim milli mentalitetimizə ziddir.

Ruslan XƏLİL










1 Noyabr, 2012  17:46 Baxılıb: 1852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner