Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«ATAM BAZARDA SOĞAN SOYDUĞUMU GÖRƏNDƏ «YENİ MÜSAVAT»I BAĞLADILAR?» -DEDİ» - MÜSAHİBƏ - FOTOSESSİYA

Sevinc Telmanqızı: «Rauf Arifoğlunun tələbkarlığı ilə mənim məsuliyyətim düz mütənasibdir»

«Ev yiyəsi yunu qarşımıza töküb, çırpmağı tapşırdı. Ömrümdə heç vaxt bu işi görməmişdim. Amma indi məcbur idim. Yoxsa layihəni korlaya bilərdim. Bir az çırpdıqdan sonra qərara gəldik ki, «Şərikli çörək» filmində olduğu kimi edək - çırpılmış yunları o birilərinin üzərinə tökdük ki, işi nə qədər yarıtmağımızdan ev yiyəsinin xəbəri olmasın». Bu cür əhvalatlar «Yeni Müsavat» qəzetinin müxbiri Sevinc Telmanqızının başına çox gəlib. «Həmkar» rublikasının bu dəfəki qonağı xüsusilə özünün fərqli layihələri, cəsarətli proyektləri ilə tanınır.

- Sevinc, maraqlı müsahibələrin olub. Eyni zamanda özün də bir neçə dəfə müsahibə vermisən. Səncə, müsahibə vermək daha asandır, yoxsa başqasını danışdırmaq?

- Məncə müsahibə almaq daha yaxşıdır. Çünki, onda gəminin sükanı sənin əlində olur. Əgər müsahibini duya bilirsənsə, müsahibəni sən idarə edirsən - sualların, arqumentlərin, mimikaların, bəzənsə atmacalırnla. Müsahibə vermək isə elədir ki, məkandan asılı olmayaraq sən qonaqsan. Qonaq da üzlü olmamalı, deyilənlə razılaşmalıdır. Əslində hesab edirəm ki, jurnalistlərin işi müsahibə vermək yox, müsahibə almaqdır.

- Biz siyasətçiləri, iqtisadçıları, aktyorları, müğənniləri və başqalarını danışdıraraq, onları cəmiyyətə tanıdırıq. Səncə bizim özümüzün tanınmağa ehtiyacımız yoxdur?

- Onların reklam olunmağa həqiqətən ehtiyacları var. Biz onlardan yazmasaq, onları tanıyan da olmayacaq. Amma bizim əlimizdə imzamız boyda böyük «silahımız» var. Çalışmalıyıq ki, imzamızı «brend»ə çevriək. İmzamızı görən kimi onu oxuyan adam hansısa yazımızı xatırlasın. Bir-birimizin köməyi, təbliğatı olmadan bu işin öhdəsindən gəlməyi bacarmalıyıq. Amma əgər həmkarlarımız işimizi qiymətləndirir və sözümüzə dəyər verirsə, «yekəbaşlıq» etmək yox, çox sağ ol demək lazımdır. İndiki məqamda da çox sağ ol deyirəm.

- Jurnalistikaya gəlişin necə oldu?

- Bakı Dövlət Universitetinin «Filologiya» fakültəsində III kursda oxuyurdum. Hamımızın tandığımız Vüsalə Mahirqızı ilə bir qrupda oxuyurduq. O, «Bakı Universiteti» qəzeti ilə əməkdaşlıq edirdi və bunu mənə də təklif etdi. Mən də təbii ki, ictimai əsaslarla həmin qəzetə yazılar verməyə başladım. Bu «ilk qələm təcrübəm» sayıla bilər. Böyük mətbuata gəldikdə isə, 1999-cu ildə universiteti bitirdikdən sonra «525-ci qəzet»də işə başladım. Dəqiq tarixini də deyə bilərəm - 31 mart. 2-3 ay burada işlədikdən sonra Xalid Kazımlının rəhbərlik etdiyi «Reytinq», sonra isə «7 Gün» qəzetinə getdim. «7 Gün» bağlandıqdan sonra «Yeni Müsavat»a gəldim. O vaxtdan - yəni 2001-ci ildən burdayam.

- Müxtəlif səbəblərdən jurnalistlərin tez-tez mətbuat orqanlırını dəyişdiyi bir vaxtda Sevinc Telmanqızının adı «Yeni Müsavat»la birlikdə assosiyasıya olunur. Uzun müddət eyni qəzetdə işləməyin bağlılıqdandır, yoxsa başqa amillər də var?

- Burada işlədiyim müddətdə təkliflər almamışam desəm, yalançı olaram. Kifayyət qədər təkliflər olur. Söhbət təkcə müxbir ştatından getmir, layihə rəhbəri, redaktor vəziflərinə də təkliflər olub. Demək olar ki, hər ay yeni saytlar, mətbuat orqanları açılır. Digər tərəfdən, Müsavat Partiyasının üzvü deyiləm ki, bu qəzetə siyasi bağlılığımın olsun, nə də qəzetin rəhbərliyndə təmsil olunmuram, deyim ki «Yeni Müsavat»ın strategiyasının müəyyənləşməsində iştirak edirəm. Amma hələ ki, mənim parametlərimə, şərtlərimə, ruhuma, enerjimə, böyük çıxmasın, prinsiplərimə uyğun olan yeganə iş yeri «Yeni Müsavat»dır. Rauf Arifoğlunun tələbkarlığı ilə mənim məsuliyyətim bir-birilə düz mütənasibdir. İndiki məqamda özümü bu qəzetdən kənarda görə bilmirəm. Getmək istəsəm, mənim ayaqlarımı zəncirləyən yoxdur.

- Maraqlı proyektlərə imza atan bir jurnalist kimi tanınmısan. Soğan da satmısan, xadimə də işləmisən. Sənin üçün hansı layihə  daha yaddaqalan olub?

- Bunlar hamısı proje olaraq işlənilən mövzulardır. Hər hansı bir faktı üzə çıxarmaq üçün jurnalistlərin bir neçə yolu var. Məsələn, hansısa soğansatanın necə işlədiyini bilmək üçün onu danışdırmaq da olar. Onun nə dərəcədə səmimi olacağı başqa məsələdir. Faktı əldə etmək üçün çətin, amma eyni zamanda maraqlı olan bir janr var ki - bu da proje janrıdır. Yəni qiyafəyə girirsən və həmin şəxsin bir gününü yaşayırsan. Həmin vaxt mən işsizlik problemi ilə bağlı bir yazı hazırlaydım. Sənədlərimi (müəllimlik ixtisası ilə bağlı qırmızı diplomum var) Bakı məktəblərindən birinə verdim, məşğulluq idarəsinə müraciət elədim - iş tapa bilmədim. Sonda fikirləşdim ki, bir vətəndaşın bundan sonra gedə biləcəyi yer haradır və bazara üz tutdum. Milli Məclisin binasında xadimə işi də tapmışdıq. Proje həyata keçirmək mənim aləmimdə faktın tapılması yolunda ən maraqlı üslubdur.

- Bəs ən maraqlı laiyhə?

- Bu cür sualı mən də müsahiblərimə ünvanlayıram. Deyəndə ki, yadıma gəlmir - mənə elə gəlirdi ki, qeyri-səmimidirlər. İndi isə özümün yadıma düşmür. Çünki, hamısının öz marağı olur. Rey Kərimoğlu ilə birgə hazırladığım «günvurma» layihəsinin adını çəkə bilərəm. Günvurmaların hədsiz artdığı bir vaxt idi. Guya Reyi gün vurmuşdu. Bu, əslində teatral bir şey deyildi. Yəni «Qayğanaq» verlişlərində olduğu kimi adamları aldatmaq deyildi. Bu zaman insanın başına hansı hadisələr gələ bilər, ətrafdakıların reaksiyası necə olur, təcili yardım nə vaxt gəlib çıxır, ilkin müdaxilə necədir - biz bunları canlı olaraq izləyirdik. Hətta yadımdadır ki, parkdakı «bomj» da öz yardımını təklif etmişdi. «Bomj» süni nəfəs vermək istəyirdi ki, Rey birtəhər başını qaldırıb, mənə işarə elədi ki, onu uzaqlaşdırım. Zorla onu süni nəfəs verməkdən çəkindirdik (gülür). 10 dəqiqədən sonra təcili yardım gəldi və Reyə iynə vurdu. Hərdən fikirləşirəm ki, mənim nə qədər proyektim olub. Xaricilərlə, bağ mövsümü, qardaşlar, mətbəxdə və s. proyektlərim olub. Mənim aləmimdə hər proyektin yaşama müddəti var. Yaranır, özünü doğruldur və tamam. Həm də özün də bilirsən ki, Azərbaycanda müsahib qıtlığı var - hər kəs danışmaq, müsahibə vermək istəmir. Mən on il bir proyekti işləyə bilmərəm, həm oxucu bezər, həm də özüm.

- Etiraf edək ki, hər jurnalist bu cür proyektlərin öhdəsindən gələ bilmir. Şüşəsilən, xadimə roluna girməyi hər kəs bacara bilməz. Belə demək olarmı ki, Sevinc Telmanqızı kompleksiz jurnalistdir?

- Söhbət təkcə kompleksizlikdən getmir. Pafoslu çıxmasın, gördüyüm işi çox sevirəm. Qonorar xətrinə iş görmək istəmirəm. Bəlkə də bu iddialılıq, şöhrətpərəstlik kimi qiymətləndiriləcək. Amma mən istəyirəm ki, yazdığım yazı yadda qalsın. Kimsə Sevinc deyəndə, fikirləşsin ki, o, bu işləri görüb. Bunun üçün də risk eləməyə məcbursan, fikirləşməməlisən ki, kənardakılar deyəcək ki, ailəli qadındır, getdi soğan soydu və s. Mən soğan soyanda bazarda atamla qarşılaşdım. Onun ağlına nə deyirsənsə gəldi, bircə bunun proje olmasından başqa. Dedi ki, deməli «Yeni Müsavat»ı da bağladılar hə? İşsiz qalıb bazarda iş tapmağıma tam inanmışdı. Digər tərəfdən burada ailə faktoru da var - başqa bir sənətin sahibi ilə ailə qursaydım, bunların proyekt olduğunu başa düşməzdi və razılaşmazdı. Mən də ailəmi sənətimə qurban verməyəcəyimə görə, bunların heç birini edə bilməyəcəkdim. Yanımdakı adamın kimliyinin də mənim jurnalist kimi normal iş ortaya qoymağımda böyük rolu olub.

- Sənin üçün bir tabu, sərhəd, «bunu eləyə bilmərəm» dediyin bir şey varmı?

- Tabu deməzdim, amma mövzular var ki, onlara baş qoşmaram. Məsələn, mən iqtisadiyyatdan yazmaram. Çünki, yaza bilmirəm. İqtisadiyyatdan yazmaq üçün elementar iqtisadi biliklərə malik olmaq lazımdır. Təkcə «filan iqtisadçının sözlərinə görə, filankəs dedi ki» ilə iqtisadiyyatdan yazı yazmaq olmaz. Şou-biznesdən yazaram, bu mənim üçün problem deyil, istənilən sənətçidən müsahibə alaram. Amma ona «gələcək yaradıcılıq planlarınız nədir?» kimi suallar vermərəm, dişli suallar verib, ortaya fakt çıxararam. İnanmıram ki, kriminaldan yaza bilim. Əslində jurnlistin qarşısında hansısa fakt varsa, baxmamalısan ki, bu sənin mövzundur ya yox. Çünki, fakt səni gözləmir və sənin nazınla oynamır.

- Ən maraqlı, yaddaqalan müsahibin kim olub?

- Mənim aləmimdə maraqsız müsahib yoxdur, müsahibə götürməyi bacarmayan jurnalist var. Bu yaxınlarda mən bir nəfərdən müsahibə götürdüm - rəsmən zülm çəkdim. Sanki, mən ondan yox, o məndən müsahibə götürürdü. Sualı verirəm, bir kəlmə ilə deyir - «hə», yenidən sualımı izah eləyirəm, yenə də başa düşmür. Bunun adı çətin müsahibədir. Amma bununla yanaşı hesab edirəm ki, ən maraqsız müsahibin də danışa biləcəyi mövzular var. Bəzən mənə deyirlər ki, filankəs maraqsız adamdır, ondan müsahibə götürməyə dəyməz. Deyirəm ki, «vallah oxuyacaqlar». Yaxşı suallar verirsən, cavablar, başlıq, filan çıxarırsan və baxırsan ki, onu 10 min nəfərdən çox adam oxuyub. Mənim üçün statistika da önəmlidir. Bu o deməkdir ki, istədiyin hədəfə çata bilmisən. Sıravi adamların, adi yük daşıyanların Azərbaycanla bağlı elə maraqlı fikirləri, yanaşmaları olur ki, bəzi siyasətçilər, köşə yazarları, şərhçilərin dediyi onların yanında maraqsız görünür. Hesab edirəm ki, müsahibəyə getməmişdən əvvəl mütləq hazırlıqlı olmalısan, müsahibin haqqında 100 faiz də olmasa, 70 faiz məlumatlara malik olmalısan ki, onun qarşısında gözünü döyməyəsən. Dişli müsahibə əslində intellekt savaşıdır.

- Köşə yazılarında Zamin Hacının hər hansı bir rolu olurmu?

- Təbii ki, yox. O, ancaq yazı çıxandan sonra ya tənqid, ya tərif deyər. Onu yaxşı tanıyanlar bilir ki, Zamin alman kimi adamdır. Özünə dəxli olmayan məsələlərə bir saniyəsini də ayırmaz. Mənim köşəmin də ona aidiyyatı yoxdur. Ancaq sizin kimi, yəni, oxucu tək ona vaxt ayırıb oxuyar. Hərdən ikimizin şahid olduğu maraqlı hadisələr olur. Dərhal deyir, bax, birdən köşə yazarsan ha. Yazıb heyif eləmə mövzunu, özüm yazacam (gülür).

- Zaminlə tanışlıq, evlilik…

- 2001-ci ildə ümumi tanışımız jurnalist Samirə Əhmədbəylinin vasitəsilə tanış olmuşuq. 2002-ci ildə evləndik. Bu il evliliyimizin 10 ili tamam olur. İki uşağımız var. Bizim «hekayəmiz» bu qədər.

- Zamin Hacı yüksək ideyaları, demokratiyanı təbliğ edən yazıları ilə tanınır. Bəs evdə necə, onu «demokrat ər» hesab etmək olar?

- Əgər desəm ki, yazılarda bir cür, evdə başqa cürdür, qeyri səmimilik etmiş olaram. Yenə deyirəm ki, o demokrat olmasaydı, mən bu gün istədiyim kimi jurnalistika ilə məşğul ola bilməzdim. Yazı yazmaq xatirinə işləmək əsl jurnalistika deyil. O, başa düşür ki, işləmək lazımdır, qadın özünü yalnız qaz peçinin, bozbaş qazanının yanında ifadə eləməməlidir. Biz nəyə görə ali təhsil alıb, belə deyək ki, universitet qapılarında sürünmüşük? Ona görə ki, işləyib özümüzü ifadə edə bilək. İnsan evə gələndə onda ruh yüksəkliyi olmalıdır ki, bu gün nəsə etdi. O zaman insanın özünün də özünə hörməti artmış olur. Bunu təmin edən şəxs həm də həyat yoldaşıdır. O, narazılıq etsəydi, mən də ailəmi karyeraya qurban verəcək qədər başıxarab olmadığıma görə, işimi atasıydım. O, çox səmimi adamdır. Yazıları ilə prinsipləri üst-üstə düşür. Yazılarında da demokratik cəmiyyətin necə olmasını təbliğ edir, öz ailəsində də bu şəraiti yaradır.

- Bəzən bu mövzu geniş müzakirələrə, psixoloqların çeşidli rəy vermələrinə səbəb olur. Söhbət cütlüklərin bir yerdə işləməsinin müsbət və mənfi tərəflərindən gedir. Bu situatsiyada olan bir şəxs kimi nə deyə bilərsən?

- Əslində məkan baxımından bir yerdə işləmirik. Çünki o, evdə, mən isə redaksiya şəraitində işləyirəm. Yəni, 24 saatı göz-gözə gəlib, bir-birimizdən bezmək kimi problemimiz yoxdur. Amma Azərbaycan mətbuatı kimi bir yerdə ər-arvadın eyni mətbuat orqanında çalışması üstünlükdür. Çünki hər bir mətbuat orqanının öz xətti, öz yolu var. Ayrı-ayrı mətbuat orqanlarında çalışdıqları zaman isə ərin yazdığı qadının, qadının dediyi isə kişinin xoşuna gəlmir. İşdəki fikir ayrılığı evə də daşınır. O mənada da birgə işləməyimizin bizim üçün üstünlüyü var, prinsiplərimiz üst-üstə düşür.

- Jurnalist ailəsi olaraq gördüyünüz işin müqabilində ailənizin maddi vəziyyəti sizi qane edir?

- Ümumilikdə bu məsələdə Azərbaycan mətbuatının böyük problemləri var. Biz dəfələrlə xarici ölkələrdəki mətbuat orqanlarında olmuşuq. İlk növbədə onların sosial durumu ilə maraqlanmışıq. İndi «Fransız mətbuatından sosial baxımdan aşağıyıq» deməyimin heç bir mənası yoxdur. Çünki bu hər kəsə aydındır. Mənim qəzetimin 10-15 min tirajı varsa, onların qəzetləri 100 minlərlə tirajla satılır. Onların gündəlik reklamlarının dəyəri milyonlarla ölçülürsə, müqayisədə bizim qəzetin reklamı yox səviyyəsindədir. Belə bir şəraitdə maksimum işləməyə çalışrsan ki, maddi ehtiayacını ödəyəsən. Azərbaycan mətbuatının böyük bir hissəsində də şərtlər belədir ki, qazancın əməyinə müvafiq olur. Yəni, çox işləyirsən, çox qazanırsan, az işləyirsən az qazanırsan. Çox deyəndə də təbii ki, burada söhbət böyük pullardan getmir. Nisbətən fərqlənməyi nəzərdə tuturam.

- İş rejiminin gərgin olduğu müşahidə olunur. Belə olan halda evə, ailəyə, iki uşağa ayırmağa vaxtın qalırmı?

- Çalışıram çatdırım. Çünki, qəzet qarşısında olduğu kimi ev, uşaqlarım qarşısında da məsuliyyətim var. İşləri planlaşdıranda, sistemləşdirəndə çatdırmaq olur. Yetər ki, bir qədər məsuliyyətli olasan. İndi bizim cavan, enerjili vaxtımızdır, 10 il bundan sonra bilmək olmaz ki, necə olacağıq. Bu tempdən sonra çökəcəyik, ya yox. Tərifləmək çıxmasın, özümü enerjili və məsuliyyətli hesab edirəm. Ona görə də özümdən o qədər də narazı deyiləm. Həftə ərzində şənbə və bazar günlərini bütünlüklə ailəmə həsr edirəm, həftə içində də səhər uşaqların birini məktəbə, digərini baxçaya qoyub, işə gəlirəm. Axşam saat 6-dan sonra da evdə olmaq onların həm dərsləri, həm də özləri ilə məşğul olmaq üçün kifayət edir. Təbii ki, istəyərdim ki, ailəmə daha çox vaxt sərf edim.

- Sonuncu sualımı vermək istəyirəm. Bir qadın olaraq necə, özünə lazımi qədər vaxt ayıra bilirsənmi?

- Yox. Həm də xüsusi olaraq bəzək-düzəyə meyilim yoxdur. Amma, köhnə arvadlar demişkən, əgər adam arasına çıxıramsa, çalışıram ki, saçım-başım qaydasında, üst-başım təmiş olsun – qarşımdakılara hörmət əlaməti olaraq. Amma salonlarda yatım-qalım və ya paltar mağazalarına xüsusi aludəçiliyim olsun, belə bir şey yoxdur. Ehtiyac olanda baş çəkməyə üstünlük verirəm.

Xatirə Nəsirli 

 






17 Oktyabr, 2012  15:06 Baxılıb: 4443 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner