Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«NƏİNKİ JURNALİST, VƏTƏNDAŞ KİMİ DƏ HÜQUQUMUZU QORUYA BİLMİRİK» - MÜSAHİBƏ - FOTOSESSİYA

Nicat Dağlar: «Necə edim ki, oğlumun bağçaya getməsi haqqında Bakı meri sərəncam versin?»

«Həmkar» rubrikasının bu dəfəki qonağı vaxtilə köşə yazıları ilə daha çox tanınan Nicat Dağlardır. İndi teleqraf.az saytına rəhbərlik  edən Nicatın köşələri nadir hallarda gözə dəyir. 

Şirin Gəncə ləhçəsi ilə «qadan alım, niyə olmur ki» -deyən Nicat müsahibə təklifimizə məmnunluqla razılaşdı. Söhbətimiz zamanı müsahibimizin əvvəlki kimi fəal olmamasının səbəblərini öyrəndik, şairlik bacarığının olduğunu və digər məqamları üzə çıxardıq.

- Jurnalistikaya 1999-cu ildə «Sensasiya» qəzetində başlamışam. Bu qəzet daha çox serial yazılar, müxtəlif hekayələr dərc edirdi. Bir sözlə ciddi jurnalistika ilə məşğul olmurdu. Sonra «İmpuls» qəzetində köşə yazıları yazırdım. Buradan «Hürriyyət» qəzetinə getdim. Daha sonra «Bakı-xəbər» qəzetini təsis etdik. Qəzet qısa müddət ərzində böyük populyarlıq qazandı. Sonra «Paytaxt-sabah» və nəhayət, «Azadlıq» qəzetində işlədim. 2006-cı ilin dekabrında bu qəzetdə işlədiyim vaxt mənə sui-qəsd oldu, döyüldüm, bıçaqlandım, başımdan ciddi xəsarət aldım. Uzun müddət xəstəxanada müalicə olunası oldum. Başımda sinir damarım zədələnmişdi. O vaxt həkimlər mənə kompyuterin qarşısında çox oturmamağı, əvvəlki kimi fəal olmamağı məsləhət gördülər. Amma alınmırdı, işləmək lazım idi. Yeni açılan «Bizim gündəm» qəzetində baş redaktorun birinci müavini kimi işə başladım. Qəzet olaraq son iş yerim isə «Ölkə» qəzeti oldu. İndi teleqraf.az informasiya agentliyinin baş redaktoruyam. 

- Öz ixtisasın nədir?

- Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin «Mexanikləşdirmə» fakültəsini bitirmişəm.

- Maraqlıdır, ixtisasın üzrə nə vaxtsa işləmisən?

- Yox, əslində ora təsadüfi düşmüşdüm. Babam uzun müddət həmin universitetin prorektoru olub. Demək olar ki, ailəmizdə hamı - o cümlədən də atam, anam oranı bitirib. Mən də məcburən oranı seçməli olmuşdum, amma ali məktəbi bitirəndən dərhal sonra Bakıya qaçdım. Ümumiyyətlə, Azərbaycanda «peşəkar» anlayışına bir qədər fərqli yanaşılır. Yəni, məhz jurnalistikanı bitirən peşəkar jurnalist hesab olunur. Amma mən düşünmürəm ki, jurnalistika sahəsində işləmək üçün məhz bu ixtisasa sahib olmaq lazımdır. Bu, xüsusi qabiliyyət tələb edən bir sənəddir. Kifayət qədər bu peşənin bilicisi, uzun müddət jurnalistikada külüng vurmuş, imzaları imzalar içərisində olan şəxslər var ki, onlar ixtisasca jurnalist deyillər. Əslində, jurnalistikanı bitirmiş məşhur imzalar digərləri ilə müqayisədə daha azdır.

- Teleqraf.az saytının rəhbərisən. Azərbaycanda KİV rəhbəri olmaq nə deməkdir, bunun hansı üstünlüyü və çətinlikləri var?

- Birinci növbədə bu, böyük məsuliyyətdir. Redaktor olmaq o deməkdir ki, yaradıcı işlə yanaşı, texniki, məişət işləri ilə də məşğul olursan. Hər zaman rəhbərlik etdiyin qurumun hər hansı problemləri çıxarsa, onu həll etməyə hazır olmalısan. Ümumiyyətlə ağır bir işdir. Çalışıram ki, öhdəsindən gələm.

- Azərbaycan jurnalistikasının bugünkü durumunu necə xarakterizə edərdin?

- Olduqca yüksək qiymətləndirirəm. Hər halda günümüz internetin qarşısında keçir. Bizə qonşu olan ölkələrin - Türkiyənin, Rusiyanın, digər MDB ölkələrinin informasiya portallarını izləyirik. Azərbaycan jurnalistikasının səviyyəsini heç də həmin ölkələrdən aşağı olduğunu düşünmürəm. Jurnalistikamız kifayət qədər inkişaf edir. Azərbaycan mətbuatında elə cəsarətli yazılara, ağıllı analizlərə, təhlillərə rast gəlirik ki, onlara digər ölkələrin mətbuatında rast gəlmək mümkün deyil. Hər halda jurnalistikamız rəqabətə girməyə hazırdır.

- Bəs, jurnalistlərin sosial durumundan danışsaq, necə? Sən həm də «Rejional araşdırmaçı jurnalistika məktəbi»nin Azərbaycan təmsilçilərindən birisən. Səfərdə olduğun ölkələrin və Azərbaycanın jurnalistikasının durumunu daha yaxşı müqayisə edə bilərsən.

- Hə... o məsələdə vəziyyət yaxşı deyil. Təəssüf ki, o barədə ürəkaçan sözlər danışa bilmirik. Açıq Cəmiyyət İnstitunun və ABŞ-ın «Gəlirlərə nəzarət” İnstitunun birgə lahiyəsi olan bu məktəb dörd ölkəni - Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanı əhatə edir. Hər ölkədən bura beş nəfər məktəbə müsabiqə yolu ilə seçillib. Lahiyə çərçivəsində bizim tədbirlərimiz, səfərlərimiz olur. Digər ölkələrin nümayəndələri də bura gəlir. Bunun nəticəsində konkret müşahidələrimiz yaranır. Deyim ki, bu mənada Azərbaycan xeyli geri qalır. Məsələn, Qazaxıstanda informasiya portalı və ya qəzetdə çalışan adi müxbir gün ərzində 3000-4000 işarəlik yazı yazanda bunu böyük qəhrəmanlıq hesab edir və bunun müqabilində ayda ən azı 700-800 dollar maaş alır. Bizim jurnalistlər isə dizlərini yerə qoyub, döşənib səhifə-səhifə yazılar yazırlar. Bunun müqavilində qəzetlər səhifəsini 10, ən yaxşı halda 15 manatdan hesablayırlar. İnternet portallarında da məvaciblər aşağıdır. Ukraynada redaksiya işçilərinin demək olar ki, hamısının xarici maşınları var. Azərbaycan jurnalistlərinin isə böyük əksəriyyəti kirayədə yaşayır və aldıqları maaşın da böyük hissəsi ev puluna gedir. Belə olan halda, içi mən qarışıq jurnalistlərin durumu haqqında fikir söyləmək heç də çətin deyil. Doğrudur, Ukraynada və Qazaxıstanda da kirayədə yaşayanlar var, amma bu bizdəki kimi ordu təşkil etmir. Həm də onların hər halda ev almaq imkanları realdır, bizimki kimi arzu, xəyal deyil.

- Yeri gəlmişkən, sənin mənzilin var?

- Yox, kirayədə yaşayıram. Azərbaycanda hətta sayt və ya qəzet rəhbəri olmaq da o qədər əhəmiyyət daşımır. Kiçik bir mənzildə səhətində ciddi problemlər olan anamla birlikdə yaşayırıq. Hər halda yenə də günümüzə şükür edirik.

- Sənin ARDNŞ-lə məhkəmə məsələn nə yerdədir?

- Məhəkəmə davam edir. Ötən il Dövlət Neft Şirkətinin xaricdəki - əsasən Ukrayna və Gürcüstandakı fəaliyyəti ilə bağlı araşdırma aparırdım. Araşdırma zamanı bir sıra suallar ortaya çıxdı ki, onları ancaq ARDNŞ cavablandırmalı idi. Həmin sualların heç biri kommersiya sirrlərinə aid deyildi. Məsələn, SOCAR-ın Gurcüstanda yanacaqdoldurma stansiyasılarının sayı və s.ilə bağlı idi. Cavab vermədilər. Neft Şirkətini məhkəməyə vermək məcburiyyətində qaldım. Azərbaycandakı məhkəmələrdə hansı nəticənin əldə olunacağını təxmin edirəm. Buna görə də, buradakı proseslər başa çatandan sonra Avropa Məhkəməsinə müraciət etmək fikrim var. Bildiyimə görə, həm də bu birinci hal deyil, ARDNŞ-lə bağlı QHT-lər tərəfindən də bir neçə dəfə Avropa Məhkəməsinə müraciət olunub.

- Sən hüquqlarının bərpası üçün məhkəmə yolunu seçmisən. Necə hesab edirsən, umumilkdə ölkəmizdə jurnalistlər öz hüquqlarını müdafiə edə bilirlərmi?

- Qətiyyətlə deyərdim ki, yox. Biz başqalarına hüquqlarını necə qorumaq lazım olduğunu öyrədə, qaydalar, qanunlar haqqında çeşidli misallar gətirə, başqalarını mübarizəyə səsləyə bilirik, amma özümüz öz hüquqlarımızı qoruya bilmirik. Hətta bir vətəndaş kimi də öz hüquqlarımızı qoruya bilmirik. Mən özümdən bir misal gətirmək istəyirəm. Jurnalistliyimi, sayt rəhbəri, redaktor olmağımı bir kənara qoyuram, Azərbaycan vətəndaşı olaraq, hamı kimi öz övladımı uşaq baxçasına qoymaq istəyirəm. O baxçaya ki, cəmi iki il bundan əvvəl ora böyük övladım gedib. Mən bağça direktorunun yanına gedirəm, dırnaqlarına boya çəkə-çəkə, üzünü pudralaya-pudralaya valideyinlərlə söhbət edən bir xanımla rastlaşıram. Bağça təhsil müəssisəsi yox, gözəllik salonu təəssüratını yaradır. Deyir ki, yerimiz yoxdur. Yalnız Hacıbala Abutalıbovun icazəsi ilə uşağı bağçaya götürə bilərik. İndi mən necə etməliyəm ki, Hüseynzadə Mirsamir Nicat oğlunun baxçaya getməsi haqqında Bakı meri sərəncam versin. Bu harda görünüb. Sonradan öyrənirəm ki, ətrafımdakı jurnalistlərdən böyük bir hissəsinin bağça problemi var. Birinin yanında söhbət açan kimi hamısının dərdi açılır ki, uşağa bağça tapa bilmirəm. Çıxılmaz vəziyyətdə qalmışıq, adi uşaqlarımızı bağçaya qoymaq hüququmuzu tələb edə bilmirik. Bilmirəm, bağça rəhbərliyini məhkəməyə verim, orda həqiqətən yer olub-olmadığını öyrənmək üçün araşdırma aparım, yoxsa ortada rüşvət məsələsi var...

- Nicat, niyə yazmırsan? Bir vaxtlar radikal köşə yazılarının müəlifi kimi tanınırdın. İndi isə imzana rast gəlmək müşkülə çevrilib. İndi yazmamağın həmin mövqedən, yazılarından imtinadır, (indi bu cür mövqe göstərmək dəb halını alıb) yoxsa başqa səbəbləri var?

- Yox, yazılarımdan niyə imtina edirəm ki? Yazılarım arxivlərdə, evimdə qovluqlardadır, lazım olan yerlərdə sənəddir. Söhbət ondan gedir ki, indi ailə dolandırmaq haqqında düşünürəm. Həmin vaxt subay idim, maliyyədən daha çox hamılıqla mübarizə əhval-ruhiyyəsində idik. Az qala qonorar, pul ikinci dərəcəli görünürdü. El arasında bir misal var – qanımızı qaşığa qoymuşduq. Qəzet də daşıyırdıq, gecə redaksiyada da, mətbəədə də yatırdıq. Həm də sosial məsuliyyət bizi boğmamışdı. Amma zaman keçir, ailə-məişət məsələləri adamın üstünə gəlir. Problemləri həll etmək məcburiyyəti yaranır, pul qazanmaq haqqında daha çox düşünürsən. Mətbuatda da pul yoxdur, məcbur olursan, QHT sektoruna, digər işlərə baş qoşasan və yazı yazmağa vaxt qalmır. Radikallığa gələndə isə, bəlkə də gənclikdən gələn bir çılğınlıq idi ki, yaxşı analiz, götür-qoy edə bilmirdik. Yaşa dolduqca isə həmin radikallıq analizlərdə, təhlillərdə, müqayisələrdə öz əksini tapır. Yəni, yenə də haqsızlığa qarşı barışmazam, hüquqları pozulan insanların yanındayam.

- İçində yazı yazmaq üçün bir tələbat yaranmır?

- Yaranır, amma adam o qədər yüklənir ki - yazıları oxumalısan, redaktə etməlisən, texniki problemləri həll etməlisən - yazmağa vaxt olmur. Təbbi ki, içimdən gələn yazılar yazmağa ehtiyac olur.
Əvvəllər şer deməzdim, bəzən beynimdəkiləri sətirlərə düzürdüm, indi ona da vaxt olmur. Ötən 8 Mart Qadınlar Bayramı Günündə anam haqqında nəsə yazmaq ürəyimdən keçdi (dediyim kimi anam xəstədir). Bu bir parça mənə böyük təsəlli verdi.

- Bəlkə həmin şeri deyəsən…

– Ana, sənə nə alım, sevimli bayramınçün
Sən Allah, özün denən, ürəyindən keçəni
Denən mənə, qoy bilim, istədiyin nə varsa
Demə əvvəlki kimi, əgər pulun çatarsa…
Bir bax… pulum var mənim, böyümüşəm ay ana,
Təki sən nəsə istə, düşünmə ki, neçədir
Təki alacağım şey, bilim, ürəyincədir.
Ana, bəlkə sənə don alım, üstündə cimcimələr
Bəlkə, bir ətir alım, bəlkə, bir çətir alım?
– İstəmirəm ay bala, nə çətir, nə də ətir.
Səni yaxşı görmürəm, get, bir eynək al, gətir.

- bunu yazdım və rahatladım. Doğrudur indi köşə yazmıram, amma araşdırmalarım olur. Mənim aqrolizinqlə bağlı böyük bir araşdırmam oldu. Yazı Azərbaycana gətirilən kənd təsərüfatı texnikaları, onların taleyi, ayrılan vəsaitlə bağlı idi. Neft Şirkəti ilə bağlı yazım Qazaxıstanda, Ukraynada rus və ingilis dillərində çap olundu. Xaricdən mənimlə əlaqə saxladılar, yazı ilə maraqlandılar. Həmin yazını nüfuzlu Avropa, Amerika qəzetlərindən birində də çap etməyə çalışıram. İndi isə «regional jurnalistika məktəbi» layihəsi çərçivəsində bölgələrdə məktəb tikintiləri ilə bağlı araşdırma aparıram. Bu yazı Qazaxıstanı, Ukraynanı və Azərbaycanı əhatə edəcək, müqayisəli təhlillər veriləcək, korrupsiya halları üzə çıxarılacaq. Noyabrda həmin yazılar hər üç ölkədə işıq üzü görəcək. Bunlar axı balaca işlər deyil.

- Nicat, həm də ictimai fəaliyyətlə məşğulsan.


- Bir qədər əvvəl Jurnalistlərin İqtisadi Maarifləndirmə Mərkəzini yaratmışam. Həmin təşkilat nəinki Azərbaycanın, həm də regionun ən böyük koalisiyası olan «Mədən sənayesində şəfaflığın artırılması koalisiyası»nda təmsil olunur. Mən bir qədər əvvəl həmin qurumun mətbuat xidmətinin rəhbəri kimi çalışırdım, ötən ildən isə koalisiyanın idarəedici Şurasına seçilmişəm. Koalisiya İngiltərənin keçmiş baş naziri Toni Bleyerin təşəbbüsü ilə yaradılıb. Əsasən neft gəlirlərinə nəzarət etməyə çalışırıq.

- Ölkəmizdə QHT sahəsində, xüsusilə ictimai təşkilatların qeydə alınması sahəsində ciddi problemlər var. Sənin təşkilatının qeydiyyatı varmı? Bir də ümumilikdə səncə bu sahədə obyektlivlik nə dərəcədə təmin olunur?

- Təşkilatımın qeydiyyatı yoxdur. Ümumiyyətlə, qeydiyyata alma məsələsində çox ciddi problemlər var. Süründürməçilik olur. Adi bir adamın tapşırıq olmadan QHT sahəsinə gəlib, qeydiyyata düşməsi çətin məsələdir. Amma məhkəmələrdən keçəndən, uzun-uzadı dava-dalaşlardan sonra buna nail olanlar olub. Axı niyə belə olmadı? Bu çox adi, elementar bir prosedurdur. 2x2 kimi sadədir. Bilirsiz ki, bir neçə ildir QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb, ildə iki dəfə müsabiqə elan edilir, ictimai təşkilatlara maliyyə ayrılır. Bu zaman obyektivliyin nə dərəcədə təmin olunub-olunmaması, ayrı-seçkilik edilib-edilməməsi haqqında heç nə deyə bilmərəm. Çünki, təşkilatımın qeydiyyatı olmadığı üçün müraciət edə bilməmişəm. QHT sahəsində olan digər problemlərə gələndə, ötən 5-7 ildə ölkədə kifayət qədər ciddi donor təşkilatları fəaliyyət göstərirdi. Onların əksəriyyəti - o cümlədən «Soros» fondu fəaliyyətini dayandırdı. İndi donor təşkilatlarının sayı barmaqla sayılacaq qədərdir. Bu da ictimai təşkilatları ağır vəziyyətə salıb. Yəqin ki, dövlət bu barədə nəsə fikirləşəcək.

- Nicat, bir qədər də şəxsi həyatın barədə danışardın.

- Ailəliyəm, iki övladım - bir qızım, bir oğlum var. Belə deyirəm ki, biri bacım, biri qardaşımdır. Ailədə üç qardaş olmuşuq, bacımız olmayıb. Balaca qardaşım Samir Azərbaycan ordusunda xidmət edərkən həyatını itirib. Onun vəfatı ilə bağlı çox ağır illər yaşadıq. Üstündən bir il keçməmiş oğlunun dərdini çəkə bilməyən atam da gözlənilmədən dünyasını dəyişdi. Sonra Allah mənə oğul payı qismət elədi - ona həmin qardaşımın adını qoydum. Bacım olmadığına görə də qızımı bacı hesab edirəm. Qızım ikinci sinifə gedir, oğlum isə Allah qoysa gələn il məktəbə gedəcək. Xanımım miqrobioloqdur. Elmi Tədqiqat İnstitutlarından birində baş elmi işçi olaraq çalışır. Gələn il müdafiə etmək istəyir - bu da bildiyiniz kimi Azərbaycan reallığında çətin prosesdir.

Xatirə Nəsirli 

 

 






21 Sentyabr, 2012  15:45 Baxılıb: 2154 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner