Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«REPORTAJ SAYTI AÇILSA, ORADA İŞLƏMƏYƏ BEŞ NƏFƏR TAPILMAZ» - MÜSAHİBƏ - FOTOSESSİYA

Səbuhi Məmmədli: «Gənc jurnalistlər kondisionerli otaqlardan çixmaq istəmirlər»

Həmişə başqalarından yazırıq - siyasilərdən, ictimai xadimlərdən, müğənnilərdən, aktyorlardan, ən azı teleaparıcılardan. Bu dəfə də öz həkarlarımıza – yazılı mətbuatın üzdə olan simalarına üz tutmağı düşündük.

İlk qonağımız «Bəxtiyar» filmindəki Ağabalanın dediyi kimi «incəsənətdə köhnədir» və «jurnalistikada öz dəsti-xətti var». Lent.az-ın müxbiri Səbuhi Məmmədli xüsusilə öz fərqli reportajları, geniş fantaziyası, bu fantaziyanı qələmə almaq bacarığı və digər özünəməxsus xüsusiyyətləri ilə seçilir.


- Jurnalistikaya gəlişimin maraqlı tərəfi odur ki, yaşımın az olmasına baxmayaraq, ilk yazım hansısa rayon qəzetində və ya «Pioner» qəzetində deyil, o vaxtki populyar qəzetlərdən biri olan «Bakı» qəzetində dərc olundu. Sonra həvəsə düşdüm, həmin qəzetə xəbərlər verdim. Bu işdə mənə Araz Qurbanov kömək edirdi. O vaxt 15 yaşım var idi. Sonra Kirov adına Azərbaycan Dövlət Universitetinə (xahiş edirəm, belə də yazın) sənəd verdim, amma qəbul olmadım. Əsgərlikdən qayıdandan sonra yenidən sənədlərimi verdim və «Fəlsəfə» fakültəsinə daxil oldum. Həm də əla qiymətlərlə. Fakültəyə gələndə, bunu elə-belə, təki ali təhsil olsun, deyə seçmişdim. Elə birinci kursun, birinci semestrində başa düşdüm ki, fəlsəfə mənlik deyil. Diplomumda «fəlsəfə müəllimi» ixtisası yazılıb. Bircə gün də həmin ixtisas üzrə işləməmişəm. Universitetdə oxuya-oxyuya qəzetlərə yazmağa başlamışdım. 1992-ci ilin noyabrında «525-ci qəzet» çıxdı. Qəzetin təsisçisi Rəşad Məcid gəncləri qəzetə dəvət edirdi. Həmin qəzetin ikinci nömrəsindən qəzetin baş redaktoru Yusif Rzayevlə birlikdə işə başladım. Həmişə demişəm - o mənim jurnalistikada ibtidai müəllimim olub. «Hayd park» adlı rublikam var idi, bu rüblika məni məşhurlaşdırdı. Sonra Mehman Cavadoğlu məni «Azərbaycan» qəzetinə xüsusi müxbir olaraq dəvət etdi. O vaxtı 22 yaşlı gəncin dövlət qəzetinə xüsusi müxbir kimi dəvət alması görünməmiş hadisə idi. Orada Şahvələd Çobanoğlu, Aydın Caniyev (Allah qapısını açsın), Rəsmiyyə Rzayeva var idi. Hamımız da tələbə. Günorta olmamış dövlət qəzetini köşklərdə tapmaq mümkün deyildi. Sonra isə hakimiyyət dəyişikliyi oldu, elə oldu ki «525-ci qəzet» müxalifət qəzetinə çevrildi. Rəşad Məcid ölkəni tərk eləmişdi, Yusif Rzayev müəyyən səbəblərdən Bakıda yox idi. Və 1875-ci ildən bu yana, 137 ildə ilk dəfə ciddi qəzetin ən gənc baş redaktoru oldum. Bundan sonra «Rezonans»-da, Rauf Arfioğlunun dəvəti ilə «Yeni Müsavatda» redaktor işlədim. Bir müddət Moskvada diaspora qəzetində işlədim, sonra yenə «Yeni Müsavata» qaytdım.

- Maraqlıdır, «Yeni Müsavat»a neçə dəfə gedib-qayıtmısan?

- Çox olub. Rauf Arifoğlu böyük adamdır ki, mənə, mənim məsuliyyətsizliklərimə dözüb. Niyə dözüb bilmirəm, amma dözüb. Hətta emosiyaya qapılıb qəzetdən şəxsi məqsədlər üçün də istifadə etmişəm. Bəzən məsuliyyətsizliyim üzündən onun tapşırıqları yerinə yetirilməmiş qalıb. Hirslənib, danlayıb, işdən çıxarıb, amma iki gündən sonra zəng edib ki, işə gəl.

- Reket qəzetlərində də işlədiyini etiraf etmisən…



- Buna işləmək demək olmaz. O vaxt «Azadlıq»da işləyirdim, maaşım aşağı idi, vəziyyət ağır idi və hətta avtobioqrafiyasını belə yaza bilməyən adamlara 5-6 nömrəni çıxarmağa kömək etmişəm. Sadəcə pul xətrinə. Burda itirəcəyim bir şey yox idi.

- Təbii ki, bunu etiraf etməyib, gizli saxlaya da bilərdin. Bunları danışan vaxt hesab etmirdin ki, bu sənin əleyhinə çevrilə bilər?

- Axı, mənim özümün də vicdanım, səmimiliyim var. Səmimi etiraf etmişəm ki, belə şeylər olub. Bu, bəlkə də gənclikdən, gəncliyin çılğınlığından irəli gəlib. Səmimi etiraf etməyin özü də bir böyüklükdür. Bunun mənim əleyhimə işləməsi isə heç vecimə də deyil.

- Suriyadan reportajlar verəndə də əleyhinə statuslar yazanlar oldu.

- Bu statusları yazanlar, sonradan lent.az-dakı reportajlarımı saytlarına qoydular, qəzetlərində çap etdirdilər.

- Yeri gəlmişkən, Suriya təəssüratlarını bölüşərdin.


- Biz bu məsələni qaldıranda - yəni mənim ora getmək məsələm ortaya çıxanda Vüsalə xanım da, Qabil Abbasoğlu da tərəddüd edirdilər. Onların ən böyük narahatlığı da, tərəddüdləri də təbii ki, mənim təhlükəsizliyimlə bağlı idi. Ora gedəndə Azərbaycanın Suriyadakı səfirliyi geri çağrılmışdı, çünki səfirliyin özünün təhlükəsizliyinə təminat yox idi. Birinci dəfə həmin təhlükəni Türkiyədən Suriyaya keçəndə hiss etdim. Məndən bir gün qabaq 70 min əhalisi olan Azaz şəhəri bombalanmışdı, müxalifət də Əsədin 17 tankını vurmuşdu. Sırf kinolarda gördüyümüz, kitablarda oxuduğumuz, bəlkə də budan da daha dəhşətli müharibə səhnəsi idi. Əgər kimsə deyirsə ki, hansısa qorxmaz reportyor gəldi, ölüm qorxusunu gözə almadan çəkdi – bunlar boş söhbətlərdir. Mən Azaza girəndə, fikirləşdim ki, hara gəlib çıxmışam? 

- Peşman oldun?

- Qətiyyən, amma hamımız insanıq, təbii ki, canımızdan qorxuruq. Yaxınlıqdakı Təl-Rifaf şəhərində səslər gəlirdi, soruşdum ki, bu nə səslərdir, dedilər ki, 30 km aralıda Təl-Rifafı bombalayırlar. Fikirləşdim ki, bombanın biri gəlib, bura düşsə, tanımadığım, bilmədiyim yerdə hansı vəziyyətdə qalacam. Əhatə dairəmdə müxaliflər idi. Amma burda nə müxalifətin, nə də Əsədin qanunları işləmirdi. Təssəvvür et ki, qanunsuz, «bezpredel» bir yerə gəlib düşmüsən. Nə olsun ki, yanında bir ərəb bələdçi var. Amma bir saatdan sonra adaptasiya oldum və emosiyalar keçdi.

- Bu ölkədə xalqın demokratiya uğrunda mübarizə apardıqlarını deyirlər. Necə fikirləşirsən, onlar demokratiya qura biləcəklərmi?


- Bu ölkənin axırını düşünəndə mən dəhşətə gəlirəm. Əsədin tanklarını vurmuşdular. Mən soruşanda ki, əsgərləri neylədiz, basdırdız? - dedilər ki, atdıq köpəklərə, yedilər. Bu ifadəni eşidəndə mən dəhşətə gəldim. Təsəvvür edin ki, həmin əsgərlər də, onların cəsədini itə atanlar da ərəblərdir. Bu millətdə bir-birinə qarşı o qədər nifrət var ki, bu nifrətin nə vaxtsa sönəcəyini düşünə bilmirəm. Azaz şəhərinin sakinlərinin heç bir günahı yox idi. Sadəcə, Əsəd tərəfdarları müxaliflərə Hələbdən çıxmağı təklif etmişdilər. Onlar da çıxmamışdılar və nəticədə Azaz şəhəri bombalanmışdı. Maraqlıdır ki, Suriya Dövlət Televiziyası gün ərzində konsertlər verir. Xəbərlər gedən zaman soruşdum ki, burda nə deyirlər. Mənə dedilər ki, diktor deyir ki, ölkədə bir-iki dənə «quldur» var, onların qarşısını almaq istəyirlər. Ölkənin yarısı yoxdur, bunlar isə deyirlər ki, bir-iki dənə quldur var. Komandirlərdən biri maraqlı bir etiraf elədi ki, Bəşər Əsəd Hafiz Əsədin oğlanları arasında ən ağıllısı və rəhmlisidir. Mən Pankisi dərəsində, Abxaziyada, Cənubi Osetiyada, Çeçenistanda olmuşam. Amma bu tamam başqa bir şey idi. Fikirləşirəm ki, bundan sonra hara desən getmək olar. Əsas olan da dəstəkdir. Mən redaksiya ilə əlaqə saxlayıb, situatsiyanı izah edəndə Qabil Abbasoğlu dedi ki, cəhənnəm olsun, Suriya, qayıt gəl. Mən Hələbə qədər gedib, çıxdım, gördüm ki, təhlükəsizliyim yoxdur, qayıtdım. Təsəvvür edin ki, mənim getdiyim marşurut üzrə bir gün əvvəl yapon jurnalist qadın Mika Yamomota (hansı ki, öldürüldü) və indi əsirlikdə olan türk jurnalist getmişdi. «Əl-Cəzirə», «Reuters»-in əmkdaşlarının əyinlərində bronjlet, başlarında kaska var idi, hər birini də üç-dörd nəfər üsyançı mühafizə edirdi. Mənimsə əynimdə indi geyindiyim bu köynək idi. Buna görə də Hələbin içərilərinə getmək alınmadı.

- Nəsiminin qəbri ilə maraqlandın?

- Elə belə də yaz - Nəsimi yadıma düşmürdü.

- Ümumiyyətlə hansı ölkələrdə olmusan?

- İran, Türkiyə, Suriya, İordaniya, Ermənistandan başqa bütün MDB ölkələri, Fransa, Hollandiya və Belçikada.

- Ən maraqlı reportajını harada hazırlamısan?

- Təbii ki, Suriya səfərini də qeyd etmək olar. Ən məcara dolu reportajım isə Kazbek dağının ətəyindən Qafqazın bütün münaqişə bölgələrini keçə-keçə Azərbaycana gəlməyimdən yazdığım reportaj idi. Adlara fikir verin - Vladiqafqaz, İnquşetiya, Xasaryut, Çeçenistan, Mahaçqala…

- Həmin reportaja görə mükafat da almışdın.

- Hə. «Media açarı» mükafatı.

- Mükafatın təqdimat mərasimində İradə Tuncayın səsləndirdiyi bir fikir yadımda qalıb. O, dedi ki, növbəti qalibimiz elə bir adamdır ki, o, getmədiyi yerdən də reportaj hazırlamağı bacarır.

- Yəqin ki, İradə xanım mənim fitri istedadıma eyham vurub (gülür). Amma getmədiyin yerdən reportaj hazırlamaq olmaz.

- Amma bunu eləyənlər var.


- Bu xalturadır. Mənim bu redaksiyada bir stəkan çay içib, bir siqaret çəkməyim yetər ki, çıxıb, reportaj hazırlayım. Amma, bu reportaj deyil. Reportyor olmaq üçün Allah bütün imkanları adama verib - gör, görə bilmirsənsə eşit, eşidə bilmirsən, iylə, əlini vur, toxun. 

- Münaqişə bölgələrinin adını çəkdin. Maraqlıdır, Azərbaycanın sərhəd bölgələrində olmusan?

- Əlbəttə olmuşam. Dəfələrlə Qazaxda, Ağdamda, başqa sərhəd bölgələrində olmuşam.

- Bəs, dünyanın daha harasından reportaj hazırlamaq istərdin?

- Türkiyənin teroristlərlə üz-üzə olan bölgələri olan Şırnaq, Hakkaridən reportaj hazırlamaq istərdim.

- Səncə, jurnalisti qələmdən soyudan nədir - redaksiyadakı mühit, ədalətsizlik, yoxsa, sözün dəyərdən düşməsi?

- Hamısı. Mən görsəm ki, reportajımı cəmi 800-1000 nəfər oxyur, qələmi atıb gedərəm. Jurnalistə dəstək olmalıdır. Həm ailədə, həm də redaksiyada. «Qayıt gəl» - özü də bir dəstəkdir.

- Azərbaycan jurnalistikasını necə görmək istərdin?

- Əlbəttə ki, istərdim ki, bizdə də «Frans-Press», «Reuters» kimi elə imkanlar olsun ki, dünyanın qaynar bölgələrinə gedə, burada təhlükəsizliyimizi təmin edə, mühafizəçi götürə, hətta Əfqanıstana gedib, reportaj hazırlaya bilək. Amma ümumikdə, çəkdiyim zəhmətin dəyərləndirilməsindən şikayətim yoxdur.

- Ölkədə saytların sayı gün-gündən çoxalır, yeniləri açılır. Səncə, bu müsbət, yoxsa mənfi tendensiyadır?

- Bunun ziyanı yoxdur. Amma sadəcə mənim, sizin yaşıdlarınız və sizdən bir neçə yaş aşağı olan nəsil var. Bundan sonra davamı gəlmir. Bu qəribə bir şeydir. Jurnalistikaya gəlirlər, amma öyrənmək üçün həvəsləri yoxdur. Gənclər əziyyət çəkmək, kondisonerli otaqlardan çıxmaq istəmirlər. Son dövrün jurnalistlərindən təkcə «Yeni Müsavat»-ın reportyoru Fərahimdən xoşum gəlir. Ora-bura qaçır, çalışır. Sırf reportajla bağlı sayt açsan, burada işləməyə beş nəfər tapa bilmərsən.

- Gənc jurnalistlərdən birinin adını çəkdin. Bəs, tanınmış qələm əhlindən kimləri bəyənirsən?

- Təmsil olundğum Media Qrupdan ad çəkməyim düzgün olmazdı. Amma məsələn, Mən hələ də başa düşmürəm ki, niyə Yusif Rzayev «525-ci qəzet»-də ilişib qaldı. Azərbaycan dilini onun qədər səlis bilən ikinci redaktor yoxdur. Amma Yusif yazmır. Məmuniyyətlə Aydın Caniyevin, Hikmət Sabiroğlunun, Zöhrab Əmirxanlının, Mehman Cavadoğlunun yazılarını oxuyardım, amma yoxdur. Gənc nəsil, yazıq neyləsin, kimdən öyrənsin?

- İstədiyin vaxt qapısını döyüb, içəri keçə biləcəyin bir redaksiya, necə deyərlər «ata ocağı» var.

- «525-ci qəzet», «Yeni Müsavat».

- Tanınmış jurnalist kimi, şəxsi həyatın da oxucularımız üçün maraqlıdır. Bu haqda da bir qədər danışardın.


- Bakıda anadan olmuşam, 5 nömrəli məktəbi bitirmişəm, Naxçıvanda hərbi xidmətdə olmuşam. Futbola böyük marağım var idi, yaxşı oynayırdım da, amma anam futbolçu olmağımın əleyhinə çıxdı. Fəlsəfə fakültəsini bitirmişəm, diplomumu düz 13-ildən sonra almışam, ailəliyəm.

- Öz ixtisasına qarşı çox laqeyd olduğun məlumdur. Heç olmasa Kantı, Hegeli, Nitsşeni tanıyırsan?

- Adlarını eşitmişəm…(gülür) Bir dəfə fəlsəfədən dövlət imtahanı idi. Müəllimim də Rəbiyyət xanım Aslanova idi. Sağ olsun qiymət yazıb yola verirdi. Mənə Kantın «Transendental fəlsəfə»si ilə bağlı sual düşmüşdü. Transendental sözünü deyə bilmədim. Amma heç olmasa Kantın adını eşitmişdim, ikinci sualda ümumiyyətlə söhbətin nədən getdiyini bilmirdim. Üçüncü sual isə hürufiliklə bağlı idi. Mən də «Nəsimi» filminə baxdığıma görə, başladım həmin filmdə gördüklərimdən danışmağa. Komissiya üzvlərinin yanında məlimlərim çox pis olmuşdu. Sonra isə komissiya üzvlərindən biri Fuad Qasımzadə dedi ki, buna «yaxşı» yazın, getsin, çünki heç nə bilməyə-bilməyə 15 dəqiqədir danışır.

- Sonuncu sualım isə futbolla bağlı olacaq. Futbolçu olmaq arzundan danışdın. Azərbaycan futbolunun gələcəyini necə görürsən?

- Oyunları izləyirəm. Deyirlər Azərbaycanda futbol yoxdur. Amma belə deyil. «Neftçi»nin uğurları var. Mən öz statusumda belə bir fikir paylaşmışdım - «Ay caamat gözünüz aydın, «Neftçi» artıq «İnter»-ə uduzacaq». Sadəcə futbol lazımi əllərdə deyil. Futbolun başında duran adamın 86 dənə işi var - ARDNŞ-in prezidenti, millət vəkili, onun futbola məşğul olmağa sadəcə vaxtı yoxdur. Güman ki, federasiya prezidenti olmaq perestij sayılır deyə, bu vəzifəni də götürüb.

Xatirə Nəsirli

 

 

 






6 Sentyabr, 2012  15:16 Baxılıb: 2894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner