Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«SƏMƏD VURĞUN «YEVGENİ ONEGİN»İ DÜZGÜN TƏRCÜMƏ ETMƏYİB» - MÜSAHİBƏ


Eyvaz Borçalı: «Mozalan» məni ədəbiyyatdan uzaqlaşdırdı»


Mövzuları bu gün də aktual olan və sevilə-sevilə izlənilən «Mozalan» satirik tele-jurnalının filmlərinə maraq günü-gündən artmaqdadır. Filmlərin sosial şəbəkələrdə paylaşılması və edilən «layk»lar onların ürəklərə nə dərəcədə yaxın olmasından xəbər verir. Həmin filmlər elə-belə başa gəlməyib. Böyük bir kollektivin məhsullarıdır.
Müsahibimiz «Mozalan»ın baş redaktoru, şair, tərcüməçi Eyvaz Borçalıdır.

Qısa tanıtım - Eyvaz Borçalı 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olub. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. 
Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun 3-cü kursundan Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilib. Buranı bitirdikdən sonra «Azərnəşr»də redaktor kimi əmək fəaliyyətinə başlayıb. "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, "Mozalan" satirik kino-jurnalının baş redaktoru, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində işləyib. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan "Əbədi məşəl" şeirilə başlayıb. Bundan sonra dövri-mətbuatda vaxtaşırı şeirlərini və bədii tərcümələrini çap etdirir. Bakı şəhər Oktyabr rayonu xalq deputatları Sovetinə üç çağırış deputat seçilib.

- Eyvaz müəllim, öncə «Mozalan»a gəlişiniz barədə məlumat verərdiz.

- Məndən qabaq «Mozalan» tele-jurnalının baş redaktoru yazıçı Əkrəm Əylisli idi. Onun yanında işləyəndə mən sujetlər, mövzular yazdım. Ən çox bəyəniləni mənim sujetlərim oldu. Əkrəm bir nömrə buraxandan sonra «mən gedirəm» dedi. Yerini mənə təklif etdi. Rəhbərlik də razılıq verdi. İkinci növbəni də onun adı ilə buraxdım. Orada əsas məsələ işi təşkil etməkdən ibarət idi. Moskvada Ədəbiyyat İnstututunda oxuyunda jurnalistikadan kurs keçmişdik. Yəni jurnalistikadan xəbərim var idi. Öyrəndiklərimi, bildiklərimi təcrübədə tətbiq etməyə çalışdım.

- Mövzuları necə seçirdiz?

- Mövzuları mən seçirdim. Həyatda gördüklərimi, müşahidə etdiklərimi, vacib məsələləri seçib müzakirəyə çıxarırdıq. Əsas məqsədimiz o idi ki, problemin kökünə toxunaq. Çibanı deşməklə deyil, dibindən sıxmaq lazımdır. Həm də tez-tez Moskvaya təcrübə kurslarına gedirdik. Bu gün Rusiyanın bəzi məşhur satirik aparıcılarını vaxtilə «Mozalan»a mən cəlb etmişəm.

- O vaxtı açıq tənqid çətin idi. Filmlərinizə rəhbərliyin münasibəti necə idi?

- Birinci şəxsə qədər olanlar bəzi filmlərin mövzularından razı qalmırdılar. Amma birinci şəxs - Heydər Əliyev «Mozalan»ı həmişə müdafiə edib. MDB ölkələri içərisində satirik tele-jurnalı ilk dəfə Azərbaycanda nəşr olunub. Bu da Heydər Əliyevin təklifilə olub. O, hakimiyyətə yeni gəlmişdi və Azərbaycanı tamam yeni bir istiqamətə yönəltdi. Hesab edirəm ki, o çox düzgün mövqe tutmuşdu. Kəm-kəsirləri, nöqsanları üzə çıxarıb ifşa etmək üçün belə bir tele-jurnalın nəşrinə göstəriş verdi.

- «Mozalan»ın filmlərinin bu gün üçün aktual olmasının əsas səbəbləri hansılardı?

- Əvvəla, bizim filmlərimiz sadəcə tənqiddən ibarət deyildi. Bu həm də böyük yaradıcı iş idi. Mövzuların, rejissorun, aktyorların, musiqinin seçimi və digər məsələlər yaradıcı işlər idi. Film kollektiv əməyin məhsuludur. Düzdür, indi deyirlər ki, film rejissorun əməyinin məhsuludur. Amma «Mozalan»da bu belə deyildi. Mövzu seçiminin doğru olması, yaradıcılıq peşəkarlığı həmin filmlərin bu gün də aktual olmasının başlıca şərtləridi. Elə məsələlər var ki, onların həlli üçün bir-iki il deyil, yüz il tələb olunur. «Molla Nəsrəddin»i, Sabiri oxuyursan, elə bil bu günün mövzularından yazıblar. Biz də elə Molla Nəsrəddin»dən, Sabirdən ilhamlanaraq «Mozalan»ın mövzularını işləmişik.

- Bu gün də satirik filmlər, verilişlər hazırlanır. Amma nədənsə onların ömrü qısa olur. Bu nə ilə bağlıdır?

- Mənim bu barədə danışmağım düzgün çıxmasa da, deməliyəm ki, indiki tənqidçilər çox hazırlıqsızdılar. Qıdıqla yaranan gülüş, təbəssüm xeyir gətirmir. Üzdən gedirlər, mövzuları dərindən öyrənmirlər.

- «Mozalan»dan nə üçün getdiz?

- Özüm getmədim. Mənə Kinostudiyanın direktoru olmaq təklifi gəldim. Əvvəlcə getmək istəmədim. Sonra dedilər ki, gəl bu sahəni də inkişaf etdir. Mən də getdim. Bizim filmlər əvvəlcə rus dilində hazırlanıb, sonra Azərbaycan dilinə tərcümə olunurdu. Çalışdıq kinonu milliləşdirək. Milli kadrların yetişdirilməsinə çalışdıq. Rəhmətlik Ceyhun Mirzəyev, rejissor Vaqif Mustafayev kimi gəncləri qabağa çəkdik. Bu da təbii ki, o biri qüvvələrin xoşuna gəlmirdi. Mənə qarşı fəaliyyətə başladılar. Mərkəzi Komitəyə məndən yazdılar. Yazdılar ki, Eyvaz Borçalı rusları, erməniləri, yəhudiləri sıxışdırır. Onu yazan adamlar sonradan tribunalarda olub, özü də həmişə millət adından danışıblar. Amma millətə heç bir xeyirləri dəymədi.

- Müstəqillik əldə etdikdən sonra «Mozalan»ı nə əcəb davam etdirmədiz?

- Filmləri çəkmək üçün vəsaitə ehtiyac var. Həmin vəsait ayrılmadı. Sonradan ayrıldı. «Mozalan»a Orxan Fikrətoğlunu rəhbər qoydular. İldə bir dəfə film çəkilir. İldə bir film hazırlamaqla neyləmək olar? Orxan «Mozalan»ın ruhunu düzgün tuta bilməyib. Hər bir janrın öz siniri var. Onu düzgün tutmayanda uğur əldə etmək olmur.
Beləliklə mən «Mozalan»dan uzaqlaşdım. Və başladım əvvəlki işimə - şeir yazmağa, tərcümələr etməyə. Puşkini və Lermantovu yenidən tərcümə etmişəm. Tərcümələr hazır vəziyyətdədir. Bu günlərdə aparıb təhvil verməliyəm. Məndən bəhrələnmək istəmədilər, amma nə olar…

- Ədəbiyyatımızın bugünkü durumunu necə qiymətləndirirsiz?

- Yeni əsərləri ardıcıl şəkildə izləyə bilmirəm. Görmə qabiliyyətim zəifləyib. Böyüdücülərdən istifadə edirəm. Amma bilirəm ki, yeni güclü gənclik gəlir. Həmin gücdən müxtəlif istiqamətlərə istifadə olunur.

- Yazçılar Birliyi ilə əlaqələriniz necədir?

- 1967-ci ildən Yazıçılar Birliyinin üzvüyəm. Bu müddətdə oraya ayağım 30 dəfə dəyə, ya dəyməyə. Oradakı hərc-mərclik məni iyrəndirdi. Biz ədəbiyyata gələndə Yaçızılar Birliyi sırf yaradıcılıqla, ədəbiyyatla məşğul idi. Yeni əsər müzakirə olunurdu, bizdə həmin müzakirələrdən nəsə götürürdük. İndii isə düşük-düşük kitabların təqdimatını keçirməklə məşğuldular. 2001-ci ildə balaca poemam var idi. Onu Yazıçılar Birliyinə müzakirə üçün təqdim etdim, amma reaksiya olmadı.

- Dediz ki, Puşkin və Lermantovun əsərlərini təkrar tərcümə etmisiz. Əvvəlki tərcümələr də nə kimi qüsurlar var?

- Puşkinin «Yevgeni Onegin» poemasını Səməd Vurğun tərcümə edib. Həmin tərcümədə bir sıra ciddi qüıurlar var. Səməd Vurğun ilk başdan Puşkindən uzaqlaşıb. Əsərin ruhunu öz üslubuna yaxınlaşdırıb. Mənim tərcümələrimi Elçin Əfəndiyev «Ədəbiyyat» və «525-ci qəzet»dəki yazılarında çox yüksək qiymətləndirib. Əslində, mən sırf ədəbiyyatla məşğul olmalı idib. Təəssüf ki, «Mozalan» satirik tele jurnalı bu gün mənim ədəbiyyatçı kimi tanınmağıma imkan vermir.

Ruslan XƏLİL








5 Sentyabr, 2012  14:51 Baxılıb: 5101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner