Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«İMKANIM OLSAYDI BELƏ HEYDƏR ƏLİYEVİ ZƏHƏRLƏMƏZDİM» - MÜSAHİBƏ

Əli Ömərov: «Əli ilə Ömər qohum, dost, silahdaş olublar»

Simsar.az saytı sabiq məmurlarla müsahibələri davam etdirir. Bu dəfəki müsahibimiz keçmiş baş prokuror Əli Ömərovdu.

- QISA TANITIM: 1947-ci ildə Ermənistan SSR-nin Ağbaba mahalının Amasiya rayonunun, Göllü kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirib. 1966-1973-cü illərdə Ermənistan SSR Amasiya rayonunun Göllü kəndində orta məktəb müəllimi işləyib. 1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləyib. 1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışıb. 1980-1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiqİ vəzifəsində çalışıb. 1983-1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.
1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Baş Prokuroru olub.
Həqiqi Dövlət Ədliyyə Müşaviridir.
Evlidir. 3 övladı: 2 oglu, 1 qızı var.


- 1994-cü ilə baş prokuror vəzifəsindən könüllü istefa vermisiz. 18 ildə nə işlə məşğul olmusuz?

- Mən 1994-cü ildən istefa vermişəm. Hazırda heç yerdə işləmirəm. Xatirələr yazıram, qəzetləri oxuyuram. Uşaqlıq illərindən tutmuş, bu günkü günə qədər üzləşdiyim maraqlı şeyləri qeydə alıram, təəssüratlarımı yazıram.

- Xarici ölkələrdə adətən sabiq məmurlarla sıx-sıx əlaqələr qurulur, onların təcrübələri öyrənilir. Bu mənada sizə müraciətlər olunurmu?

- Yalnız jurnalistlər hansısa hüquqi məsələ ilə bağlı müraciət edirlər. Prokurorluq işçiləri əlaqə saxlamırlar. Ümumiyyətlə, Azərbaycanda belə bir ənənə yoxdur. Hər kəs özünü alim hesab edir.

- Bəlkə sizinlə əlaqə saxlamağa çəkinirlər?

- Niyə çəkinməlidilər ki? Mənim iqtidarla da, müxalifətlə də münasibətlərim normaldır. Heç kəsi nə tərifləmirəm, nə də pisləmirəm. Hər şeyə hüquqi nöqteyi-nəzərdən münasibət bildirirəm.

- Müsahibələrinizin birində demisiz ki, sizə görə övladlarınıza iş verilmir. Hazırda vəziyyət nə yerdədir?

- Bu barədə artıq danışmaq istəmirəm. Qızım bankda işləyir. Qalanları hüquq fakültəsini bitirsə də, işsizdilər. 1700 manat pensiya alıram. Yoldaşım da pensiya alır. Allaha şükür yeməyə çörəyimiz var. Kifayətdir.

- Dini rituallara əməl edirsiz?

- Mən Məkkədə olmuşam. Namaz qılıb, oruc tuturam. Ən əsası isə Allaha inanıram.

- Adınız Əli, soyadınız Ömərovdur. Dini dünya görüşünüzdə Əli ilə Ömər arasında arasında fərq qoyursuz?

- Həzrət Əli ilə Həzrət Ömər qohum, dost, silahdaş olublar. İmamlara qarşı qəddarlıq edən Ömər başqasıdır. Həzrət Ömərlə qəddar Öməri bir-birilə qarışdırmaq olmaz. Həzrət Əlinin yeddinci oğlunun adı Ömər olub. Mən Allaha yaxınam. Amma Məhəmməd Peyğəmbər öləndə vəsiyyət edib ki, özümdən sonra iki şeyi sizə əmanət qoyuram: Ailəmi və “Quran”ı. Peyğəmbərimiz buyurub ki, o, əgər dinin qapısıdırsa, Həzrəti Əli açarıdır. Allaha inanan adam onlara hörmət eləməlidir.

- Azərbaycanda müxtəlif dini təriqətlər, təşkilatlar var. Bəzən dini təriqətlər, qruplar və ya onlarla hökumət qurumları arasında mübahisələr, münaqişələr düşür. Keçmiş baş prokuror kimi necə düşünürsüz, onların fəaliyyətini hüquqi çərçivəyə necə almaq olar?

- İslam dini mənasız dini intriqaların əleyhinədir. Dindar öz işilə məşğul olmalıdır, dövlət məmuru öz işilə. O vaxt intriqalar olur ki, insanlar özünün və ya başqasının işlərini başa düşmürlər. Hər kəs hadisəyə münasibətdə həqiqətə söykənsə heç bir narazılıq olmaz.

- Şəriət qanunları ilə ədalətli cəmiyyət, sivill dövlət qurmaq mümkündürmü?

- Əlbətdə ki, mümkündür. Amma bu o demək deyil ki, Azərbaycanı dindarlar idarə etsin. Dindarların içərisində də təmiz və saxtakar insanlar var. İstər dindar olsun, istərsə qeyri-dindar haqq-ədalətə söykənməyən məmurun fəaliyyəti həmişə narazılıq doğurur.

- İnsanların hökumətdən razı və ya narazı olmasında hüquq-mühafizə orqanlarının böyük rolu var. Polisin və ya prokurorun qanunsuz bir hərəkəti onlarla, yüzlərlə insanı dövlətdən narazı sala bilir. Sizcə, polisi və ya prokuroru narazılıq yaradacaq addımlar atmağa sövq edən nədir?

- Bir şeyi başa düşmək lazımdır ki, polisdə və prokurorluqda çox ləyaqətli, xalqını sevən insanlar var. Polis əmrə tabe orqandır. İcra başçısı göstəriş verirsə ki, filan məsələnin qarşısı alınmalıdır, polis bunu icra etməyə məcburdur. Prokurorluq isə qanundan başqa heç bir quruma tabe deyil. Prokurorlar qanunlara əməl etməyəndə cəmiyyətdə narazılıq, dövlətə qarşı inamsızlıq, ümidsizlik və etirazlar əmələ gəlir. Bu gün cəmiyyətdəki narazılıqların əsas səbəbi odur ki, bəzi dövlət orqanlarının işçiləri qanun çərçivəsində fəaliyyət göstərmirlər.

- İnsan vəzifədə olanda bəzən gözü ayağının altını görə bilmir. Prokurorluğa kənardan baxıb qiymət vermək üçün kaifayət qədər vaxtınız olub. Hansı çatışmazlıqları müşahidə edibsiz bu müddətdə?

- Mən prokuror olanda da qanunları üstün tutmuşam. Hətta iş yoldaşlarım zarafatla mənə deyirdilər ki, Əli müəllim siz ki, baş prokurorsuz, qanundan niyə bu qədər qorxursuz? Qəzetdə gedən kriminal materialı araşdırmaq üçün prokurorlara göstəriş verirdim. Özüm də sonradan yoxlayırdım ki, görüm olayı necə araşdırıblar. Heç bir günahsız adamı məsuliyyətə cəlb etmədiyim kimi, günahkarı da məsuliyyətdən azad etməmişəm.

- Prokurorluq sisteminin siyasiləşməsi hansı fəsadlar doğrur?

- Prokurorluq orqanı siyasiləşməli deyil. Prokurorluq o zaman siyasiləşir ki, tabe olduğu hakimiyyət onu buna məcbur etsin. Məsələn, ölkə rəhbəri prokurorluğa təzyiq edir ki, filan məsələni onun istədiyi kimi həll etsin. Mən vəzifədə olanla belə bir şeyi hiss etməmişəm. Heydər Əliyev kimi nəhəng dövlət adamı ilə işləmişəm. Bir dəfə də olsun prokurorluğun işinə qarışmayıb. Həmişə deyib ki, qanun nəyi tələb edirsə, elə də edin. Öz xöşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran insanı mən insan hesab etmirəm.

- Kifayət qədər qalmaqallaı siyasi xarakterli cinayət işləri var ki, bu günə qədər üstü açılmayıb. Bu barədə nə deyə bilərsiz?

- Mən də mətbuatdan izləyirəm bu prosesləri. Fətulla Hüseynov, Elmar Hüseynov və başqalarının qətli, Xədicə İsmayılova ilə bağlı başlanan cinayət işinin üstünün açılmaması mənə bəllidir. Bu barədə heç nə deyə bilmərəm. Amma mən baş prokuror olsaydım bu cinayət işlərinin üstünü açardım.

- Mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənərək ölməsi üzrə cinayət işi açılıb. Bu cinayət işinin perspektivini görürsüz?

- Açığı mən cinayət işinin başlanmasına səbəb olan müraciətdə zəhərlənmənin AXCP sədri Əli Kərimli tərəfindən törədildiyinə inanmıram. Heydər Əliyev məni hakimiyyətə gətirib, mənə ordu generalı rütbəsi verib. 18 ildir ki, işsizəm. Bir yerdə eşitmisizmi Heydər Əliyevin əleyhinə söz deyim? Heydər Əliyev mənə vəzifə, çörək veribsə imkanım olsaydı da belə onu zəhərləməzdim. Əli Kərimlinin də əlindən tutub qaldıran, onu dövlət müşaviri vəzifəsinə təyin edən Əbülfəz Elçibəy olub. Ona görə də, onun Elçibəyi zəhərləməsi versiyasına inanmıram. Cinayət işinin açılmasına səbəb olan müraciətin müəllifi ayrı-ayrı vaxtlarda çox kəskin ittihamlar səsləndirib. Mətbuatda mən onun ayrı-ayrı vaxtlarda qaldırdığı məsələlərlə tanış olmuşam. Deyib ki, türmələrdə məhbusların ciblərinə nəşə atırlar, Ramiz Mehdiyev eremənipərət adamları vəzifələrə yerləşdirir və ən əsası oliqarxlar fahişələri parlamentə yerləşdirirlər. Bu, bütün qadın deputatları təhqir edir. Başqa bir müsahibəsində isə deyir ki, məni öyrədib İsa Qəmbəri Əli Kərimlinin təhqir etdiriblər, mən onlarla dost və qardaşam. Mən prokuror olsaydım ilk növbəti müraciətin böhtan olub-olmadığını araşdırardım. Əgər böhtandırsa, müraciətin müəllifini məsuliyyətə cəlb edərdim. Çünki cəmiyyət Əbülfəz Elçibəylə bağlı açılan cinayət işinin siyasi xarakterli olduğunu düşünür. Bu halda prezidentin ictimai nüfuzuna nə kimi xələllərin gələ biləcəyi nəzərə alınmalıdır. Əlbətdə ki, burada prezidentlik bir məsələ yoxdur. Müraciətin hazırlanması müəllifin xislətindən irəli gəlir. Bu cinayət işinin perspektivi yoxdur. Mərhum Elçibəyin iki vəsiyyətnaməsi var. Vəsiyyətnaməsində o, xərçəngə yoluxmasından gec xəbər tutduğunu yazıb. Müalicə aldığı Gülhanə Tibb Akademiyasının rəyində də göstərilib ki, mərhum prostat vəzi xərçəngindən əziyyət çəkib. Bununla əlaqədar olaraq Elçibəyin böyrəkləri sidik ifraz etməyib. Böyrək sidiyi ifraz etməyəndə zəhərlənmə yaradır. Deməli, əgər Elçibəy zəhərlənibsə bu xərçənglə bağlıdır. Elçibəyin kim tərəfindən zəhərləndiyini indi müəyyənləşdirmək mümkün deyil. Onun qəbrini ekskumasiya etmək lazımdır. Saçından və ya sümüyündən nümunələr götürülməlidir. Ailəsi isə qəbirin açılmasına etiraz edir. Zəhərlənmənin də iki növü var. Elə zəhərlənmə var ki, sümükdə 15-20 il qalır. Eləsi də var ki, 3-4 ildən sonra itib-gedir. Lap tutaq ki, Elçibəyin qəbri açıldı, nümunələr götürüldü və onun zəhərlənməsi təsdiq olundu. Bəlkə zəhərlənmə xərçəngin yaratdığı fəsaddır. Yaxud da necə müəyyənləşdirmək olar ki, Elçibəyi kim zəhərləyib? Bunu görən olubmu? Bu məsələdə prokurorluğu da qınamaq olmaz. Fakta görə cinayət işi açılıb. Əgər fakt təsdiqini tapmasa cinayət işinə xitam veriləcək. Ümümiyyətlə, hər hansı şəxs prokurorluğa müraciət edibsə, müraciətin böhtan olmaması ilə bağlı məsuliyyət daşıyır. Araşdırmalar müraciətin böhtan olduğunu təsdiq etdikdə iddia qaldıran şəxsin barəsində tədbir görülə bilər.

- Təmsil olunduğunuz Deportasiya Qurbanları Cəmiyyətinin fəaliyyəti nə yerdədir?

- Deportasiya Qurbanları Cəmiyyətində çox tanınmış adamlar Eldar Namazov, Firudin Cəlilov, Vahid Əziz, Köçəri Nağıbəyli və başqaları var. Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquq və azadlıqları uğurunda mübarizə aparırıq. Bu yaxınlarda 80 nəfər tanınmış şəxsin imzası ilə sabiq səhiyyə nəziri Əli İnsanovun azadlığa buraxılması üçün məsələ qaldırdıq. Yaxın müddətdə ölkənin siyasi təşkilatları ilə görüşlər keçirəcəyik. Bəzən bizim xalqda öz pozulmuş hüquqlarının bərpası üçün təşəbbüskarlıq, fəallıq azdır.

- Əli İnsanovu müdafiə etməkdə məqsədiniz nədir?

- Biz hesab edirik ki, Əli İnsanova qarşı irəli sürülən ittihamı istənilən məmura qarşı irəli sürüb onu həbs etmək olar. Əli İnsanov nazir kimi deyil, bir alim kimi yaxşı gəliri olan şəxs olub. Onun ixtiraları var. Heç bir ixtirası olmayanların milyarlardlarla manat pulu, yüzlərlə yerdə daşınan və daşınmaz əmlkı var. Onların əməlinə niyə qiymət verilmir? Mən Fərhad Əliyevin də azadlığa çıxmasını istəyirəm. Məmurdu da, səhvi ola bilər. Ona qalsa, məmurların 99 faizi içəridə olmalıdır.

- Qəri Azərbaycanlılar ölkə əhalisinin 30 faizindən çoxunu təşkil etsə də, dövlət idarəçiliyində daha az təmsil olunurlar. Bu ziddiyyəti necə izah etmək olar?

- Mən yerlipərəstliyi sevmirəm. Amma belə bir atalar məsəli var ki, görünən dağın dibi yaxın olur. Mən də bunu vətəndaş olaraq görə bilirəm ki, başqa yerlilərin hakimiyyətdə sayı daha çoxdur. Amma buna hər hansı qısqanclıqla yanaşmıram. Halal xoşları olsun. İstəyim yalnız ədalətli olmalarıdır. Xalqın qanını soranın xöşbəxt olduğunu heç vaxt görməmişəm. Ağlıyanın malını, heç vaxt gülən yeyə bilməyib. Neyləyirəm o qızıl teşti ki, içinə qan qusam.

- Deportasiya Qurbanları Cəmiyyətinin 2013-cü il seçkilərilə bağlı hansısa planları varmı?

- Deportasiya Qurbanları Cəmiyyəti hələ möhtəşəm görünməsə də, 3-4 aydan sonra çox möhtəşəm olacaq. Seçki prosesində bu cəmiyyətin rolu böyük olacaq. Cəmiyyətimizin yüz minlərlə üzvü var. Üzvlərimiz kimi dəstəkləsə, onun dalınca gedəcəyik. Bizim dəstəkləyəcəyimiz namizəd seçkilərdə qalib gələcək. Hələ qərarımızı müəyyən etməmişik. Kim xalqın mənafeyini üstün tutacaqsa, onu dəstəkləyəcəyik.

RUSLAN XƏLİL







28 Avqust, 2012  15:33 Baxılıb: 2276 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner