Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SƏFİR İNAYAT ULLAH KAKAR: MƏMNUNİYYƏTLƏ AZƏRBAYCANDA YAŞAYARAM - MÜSAHİBƏ – FOTOSESSİYA

.

Razılaşdığımız vaxtda səfirliyin gözləmə zalına daxil olduq. Buradakı gənclə tanış olub xeyli söhbətləşdik. Azərbaycanlı qızla evlənən Harun viza açdırmaq üçün gəlmişdi. Dediyinə görə, ölkəmizdə kiçik bizneslə məşğul olur. Azərbaycanı çox sevən, bir neçə dildə sərbəst danışmağı bacaran Harun ölkələri haqqında ətraflı məlumat verdi. Bizi birləşdirən dəyərlərdən, Azərbaycanda yaşamağın çətin və asan tərəflərindən söhbət açdı. Bir az sonra gözləmə zalına daxil olan köməkçi səfirin bizi gözlədiyini söylədi. “Elçilər” rubrikasında bu dəfə Pakistan səfiri İnayat Ullah Kakarla söhbətləşdik.   

 -Artıq bir ilə yaxındır Azərbaycandasız. Ölkəmiz haqqında təəssüratlarınız necədir?

- 2011-ci ilin iyul ayından yəni, yeddi aydır Azərbaycandayam. Ölkənizə gəlməmişdən öncə jurnallardan bu ölkə haqqında oxumuşdum. Onu deyim ki, kənardan Azərbaycan başqa cür görsənir, bura gəldikdə isə hər şeyin fərqli olduğunu gördüm.
- Fərqli deyəndə nəyi nəzərdə tutursuz?
- Bakını və bəzi regionları gəzdikdən sonra buranın jurnallarda deyildiyindən daha gözəl olduğu qənaətindəyəm. Onu da deyim ki, Bakı dünyanın ən müasir şəhərlərindən biridir. Bu şəhər durmadan inkişaf edir, gözəlləşir.
- Bir neçə ölkədə olmusuz. Bakını digər şəhərlərdən fərqləndirən nədir?
-Bakının daha bir özəlliyi isə burada metro sisteminin olmasıdır. Dünyada gördüyüm dənizkənarı bulvarlar arasında ən çox bəyəndiyim və sevdiyim Bakıdakı dənizkənarı bulvardır. Demək olar ki, boş vaxtlarımı burada keçirməyi xoşlayıram. Sahil parkları nə qədər gözəl olsa da, Bakıdakı qədər möhtəşəm deyil.
- Sözünüzdən belə çıxır ki, sahildə olmağı, dənizi seyr etməyi çox sevirsiz?
- Dəniz kənarı yerləri uşaqlıqdan çox sevmişəm. Burada insan ruhən dincəlir. Səfirliklərdə işlədiyim zaman həmişə sahilə can atmışam. İstər Qırmızı dənizin, Aralıq dənizinin, Atlantik okenanın  sahilləri, istərsə də Xəzər dənizinin sahili mənim üçün dincəlməli ən gözəl yerdir.
Bir də şəhər, əhalisi gözəl olduqda, gözəl şəhər adlanar. Bakıdakı insanlar daha gözəl, daha səmimidirlər. Burada insanların biz-pakistanlılara qarşı  çox yaxşı münasibəti var.
- Bəs Pakistanla Azərbaycanın oxşar və fərqli cəhətlərini nədə görürsüz?
- Pakistan və Azərbaycan əhalisinin əksəriyyəti müsəlmanlardır. Hər iki ölkədə ortaq “İslam” dəyərləri  və əxlaqı var. Onun aşıladığı dəyərlər və gözəlliklər bizi bir-birimizə daha yaxın edir. Fərqli dəyişikliklər, əvvəla, coğrafi mövqedən irəli gəlir. Bir də bu, təbii ki, həyat tərzi və yaşayışda özünü göstərir. Müstəqillikdən öncə Pakistan britaniyalıların müstəmləkəsi olub və bu ölkədə olarkən onların izlərinə rast gəlmək mümkündür. Bu gün Azərbaycanda Sovet İttifaqının, Şimali Afrika ölkələrində fransızların izinə rast gəlmək olur. Bu çox normaldır. Onu da deyim ki, təməl İslam dəyərləri olan ölkələrdəki fərqlər, müəyyən qədər ölkələrin coğrafi mövqeyində, mədəniyyətində, keçdikləri tarixi yolda və qonşuların təsirində görünməkdədir.
Vurğulamaq istərdim ki, Azərbaycanda cəmiyyət bir-birinə qarşı çox tolerant davranır. Bu ölkədə qarşındakı insanın hansı dindən olması, dili və milləti  o qədər önəmli deyil. Dilindən, dinindən, millətindən asılı olmayaraq insanlar bir-birini daha gözəl başa düşür, anlayır. Əslində İslam da bizə bunu aşılayır. Bu da cəmiyyət üçün çox önəmlidir və inkişafına güclü təsir edir.
- Azərbaycanın hansı rayonlarında olmusuz?
- Şamaxı, Quba, Qobustan rayonlarında olmuşam. Xızır peyğəmbərin ziyarətgahına getmişdim. Lənkərana getməyi planlaşdırsam da qışın gəlməsi və yağıntılar buna imkan vermədi. Eyni zamanda Pakistanın Gürcüstandakı səfiri olduğum üçün bu ölkəyə də getməliyəm. Ora gedərkən Azərbaycanın bir neçə rayonunda olmağı düşünürəm.

“Pakistan Ermənistanı bir dövlət kimi tanımayacaq”

- Qarabağ münaqişəsi haqqında fikrinizi öyrənmək istərdik.
- Meksikadan sonra Pakistan İslam Respublikası da Xocalı soyqırımını tanıdı. Pakistan Senatının Beynəlxalq Münasibətlər Palatası Azərbaycan torpaqlarının 20%-inin işğal olunması və Xocalı soyqırımı haqqında bəyannamə qəbul edib. Pakistan həmişə Azərbaycanı dəstəkləyir və hər zaman onun yanındadır. Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində ədalətli həllinin tərəfdarıdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməyəcəyi təqdirdə, yəni Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Pakistan Ermənistanı bir dövlət kimi tanımayacaq.
Həmçinin Kəşmir və Dağlıq Qarabağ problemləri arasında çox böyük paralellər və oxşarlıqlar var. Pakistan və Azərbaycan eyni problemləri yaşayır, buna görə də hər iki ölkə problemə eyni mövqedən yanaşır. Bu əməkdaşlıq gələcəkdə daha yaxından davam etdiriləcək. Eyni mövqedən çıxış etdiyimiz bir çox məsələ beynəlxalq aləmdə həllini tapanadək mübarizə aparacağıq.
- Qubada olarkən kütləvi soyqırım məzarlığında da olduz?
- Bizə bu haqda danışdılar, amma təəssüf ki, vaxt darlığından oranı görə bilmədik. Növbəti səfərimizdə Qubadakı məzarlığı da ziyarət edəcəyik.
- Hələ uşaqkən arzularınız içərisində səfir olmaq da vardı?
- Orta məktəbin son siniflərində oxuyarkən oxuduğum qəzetlər və jurnallara görə məndə xarici ölkələrdə səfir olmaq istəyi yaranmışdı. Bu istək sonradan səfir olmaq arzumu gerçəkləşdirdi. BMT-nin və digər beynəlxalq təşkilatların formatını, necə işləməsini, proseduranı, səfirlərin necə işləməsi bardə məlumatları maraqla izləmişəm. Pakistanda dövlət qulluğunda işə girmək üçün Mərkəzi Dövlət Qulluğu Komissiyası var. Dövlət qulluğunda işə girmək üçün mütləq bura sənəd verməlisən. İldə bir dəfə keçirilən imtahanlarda 5-6 min nəfər iştirak edir və 150 nəfər işə qəbul olunur. Bu 150 nəfərdən biri də mən oldum. Bundan sonra hansı sahəyə getmək dövlətin əlində olsa da, qismətimə arzuladığım yerdə olmaq yazıldı. Uzun müddət səfirliklərdə işlədikdən sonra nəhayət, səfir vəzifəsini tutdum. Bundan öncə Əfqanıstanın Qəndəhar şəhərində Baş konsul idim.
- Müsəlman ailələri çoxuşaqlı olmaları ilə diqqət çəkib. Sizdə də belə olub?
- İki bacım, üç qardaşım var. Ailələr artıq müasirləşib. İndi ailədə az uşağın olmasına və yaşayışa diqqət yetirilir. Buna görə də mənim iki oğlum iki qızım var. Bir oğlum və bir qızım Pakistanda, digərləri isə yanımdadır. Böyük oğlum evlidir, bir oğlu var və Pakistanda bizneslə məşğul olur. Onlar da Bakını çox sevirlər, burada çox xoşbəxtdirlər. Həftəsonu onlarla birgə müxtəlif bölgələri gəzirik. Bir yerə gedə bilməyəndə isə bulvara gedirik.      

“Azərbaycanlılar gözəl geyinirlər”

- Bizim mətbəxi çox xoşlayırsız?
- Azərbaycan mətbəxi çox zəngindir. Milli yeməkləriniz çox xoşuma gəlir. Və hər gün demək olar ki, milli yeməklərinizdən yeyirəm. Düşbərə, dolma, xıngəl çox dadlıdır. Sizin salatların da ayrı ləzzəti var. Pakistandan aşpaz gətirsək də, hərdən çalışırıq ki, özümüz Azərbaycan yeməkləri bişirib, yeyək.
- Azırbaycan insanı sizin yaddaşınızda necə təsir buraxır?
-Azərbaycan insanı çox çalışqandır. Xüsusilə də, xanımlar. Burda xanımlar dövlət işlərində işləyir, axşam evə gəldikdə isə evdə çalışırlar. Yemək bişirir, müxtəlif işlər görürlər. Azərbaycan insanlarının əksəriyyəti, demək olar ki, 99%-i – sürücü, təmizlik işçisi və s. vəzifəsindən, məsləyindən asılı olmayaraq gözəl geyinirlər. Burda insanlar çox dostcanlı və dostsevərdirlər. 
- Azərbaycan musiqisinə qulaq asırsız?
- Televiziyadan sizin musiqilərə qulaq asıram və çox bəyənirəm. Tam olaraq sözlərin başa düşməsəm də, musiqinizi çox sevirəm. Bəzən elə musiqilər olur ki, qulaq asarkən dincəlirəm. Sizin musiqilərlə bizim musiqilərdə oxşarlıqlar da var. Muğamı xüsusilə çox sevirəm. Bizdə də bu cür musiqi var. Bizdə buna sufian deyirlər. Bu musiqilərdə dini bağ var. Elə bir adam olmaz ki, muğama və yaxud sufiana qulaq asarkən ona xüsusi təsir etməsin.
- Boş vaxtlarınızda nə işlə məşğul olursuz?  
- Boş vaxtlarımda kitab oxuyuram, bir də gəzirəm. Daha çox gəzməyi xoşlayıram. Azərbaycan dilini öyrənirəm və yaxın gələcəkdə bu dili öyrənəcəyimə inanıram. Onu da deyim ki, diliniz o qədər də çətin dil deyil. Sizin dillə bizim dildə olan xeyli ortaq sözlər var. Dərzi, bazar, təzə və bu kimi sözlər hər iki dildə işlənir.
- Ən çox xoşladığınız sözümüz hansıdır?  
- Hər iki dildə işlənən sözlərdən çox xoşum gəlir. “Yaxşı”, “çox sağ ol” sözləri insanın psixoloji durumuna da yaxşı təsir göstərir (gülür).
- Azərbaycandakı insanlar kimi həyat tərzi sürmək istərdiz?
- Azərbaycanda həyat tərzi çox mükəmməl şəkildə inkişaf edib. Xüsusən də Bakı və Bakı ətrafı kəndlərdə. Rayonlarda isə tam fərqli həyat tərzi var. Mən indidən həyat tərzimi qarışdırmışam (gülür). Amma zamanla burdakı insanlar kimi həyat tərzi sürə bilərəm. Gələcəkdə, qismət olsa, gəlib bu ölkədə məmnuniyyətlə yaşayaram.

Elmar Hüseynov

"SİMSAR" jurnalı

 






17 Avqust, 2012  20:06 Baxılıb: 2103 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner