Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“QADIN DEDİ Kİ O, MURTUZ ƏLƏSGƏROVUN QARDAŞIDI...” - MÜSAHİBƏ – FOTOSESSİYA

/

İşinin çoxluğunu nəzərə alaraq, müsahibə götürmək üçün təklif etdiyi yerə yollandıq. ANS-də görüşdüyümüz zaman hava  soyuq olduğundan, çay süfrəsi arxasında söhbət etmək istədi. Elə müsahibəmiz də ANS-in bufetində baş tutdu. Çay içə-içə keçmişə səmimi bir nəzər saldıq. Bəzən kədərlə, bəzənsə ürəkdolusu danışırdı o günlərdən müsahibimiz. O günlərin həsrəti, gözlərindən oxunurdu... Söhbətimiz o qədər maraqlı alındı ki, vaxtın necə keçdiyini də unutduq...
“Tele-sima”nın bu dəfəki qonağı AzTv-nin keçmiş diktoru Sabir Ələsgərovdur.

  
- Sabir müəllim, istərdik, öncə uşaqlığnızdan danışasız?
- Mənim uşaqlığım çox çətin keçib. Ata-ana üzü görməmişəm. Əslim Tiflisdəndi, ana tərəfimsə Qazaxlı. Mən altı aylıq olanda anam rəhmətə gedib, atamgili də bütün azərbaycanlılar kimi, iranlı damğası ilə Tiflisdən sürgün eləyiblər. Mən babamgildə, nənəmgildə yaşamışam. Qazaxda böyüyüb orta təhsilimi də orda  almışam. Sözün düzü  uşaqlığım bir az cətinliklər içərisində keçib.
- Valideynləriniz sürgün olandan sonra Qazaxa, yoxsa Tiflisə getdiz?
- Qazaxda yaşamışam.
- Bakıya nə vaxt gəldiz?
- Bakıya 1955-ci ildə gəldim. Mirzə Fətəli Axundov adına İnstituta daxil oldum. 1961-ci ildə də oranı bitirdim. O zamanlar bizə diplom vermirdilər, çünki rayonlarda, kəndlərdə rus dili müəllimi catışmırdı. Deyirdilər ki, gərək gedib işləyəsən və işləyəndən sonra bizə “spravka” gətirəsən ki, həqiqətən işləyirsən. Ondan sonra sənə diplom verərik. Mən də Qazaxa gedəsi oldum. Qazaxda uzaq bir kənddə işləyəsi oldum. Səhər evdən çıxırdım, on kilometr piyada gedirdim, axşam da qayıdırdım. O zamanlar maşın da yox idi, 60-cı illərdə maşını olmaq çətin idi. Çox çətinlik çəkirdim. Sonra arayış gətirdim, diplomumu aldım.
- Neçə il müəllim işlədiz?
- Bir il.
- Sevmədiniz bu sənəti?
- Söhbət sevməkdən getmirdi, sadəcə çox əziyyətli iş idi. Sonra qayıtdım Bakıya. 62-ci illər idi. Dayım Bakıda Azərbaycan Dövlət Radio və Televiziya verlişlərində işləyirdi. Onun yanına gəldim. Dedim ki, bəlkə mənə radioda bir iş tapasan. Əziyyət çəkirəm, gündə piyada 20 kilometr yol qət edirəm. Dedi ki, radioda diktorlar müsabiqəsi keçirilir və mənə təklif  etdi ki, gəl müsabiqədə iştirak et. Mən də onun sözünə qulaq asıb iştirak etdim. Çox bəyəndilər səsimi, xoşlarına gəldi. Dedilər ki, səni qəbul edirik. 33 nəfərdən bir nəfəri – məni seçdilər.
- Burda dayınızın rolu vardı?
- Açığı, dayım da rol oynadı. Dayıdan əlavə orda yaxşı mütəxəssislər var idi. Aydın Qaradağlı, Ramiz Mustafayev, Fatma Cabbarova kimi. Onlar mənə qulaq asanda hiss etdilər ki, səsim mikrafona düşür. Amma çox təəssüf ki, işə götürmədilər. O zaman televiziyanın sədri Teymur Elçin idi. O dedi ki, mən partiya biletimi Sabirə görə təhvil verə bilmərəm. Axı, Mərkəzi Komitənin əmri var ki, bunları başqa işə götürməsinlər. Rus dili müəllimidir, getsin kəndlərdə rus dili müəlimi işləsin.
Məcbur oldum ki, radioda, son xəbərlərdə ştatdan kənar muxbir kimi fəailiyətə başlayım. Valid Sənani və Müxbirlər İttifaqının sədri Hacı Hacıyevın rəhbərliyi altında 2-3 il işlədim. 1966-cı ildə yenidən müsabiqə oldu, artıq Teymur müəllim televiziyadan  çıxıb getmişdi. Onu Mərkəzi Komitəyə şöbə müdiri təyin etmişdilər. Yazıçı-şair Ənvər Əlibəyli televiziyanın sədri idi. Bu dəfə də mənim səsimi bəyəndilər və məni işə götürdülər. 1966-cı ildən televiziyada ştatla fəaliyyətə başladım.

“Heydər Əliyev zəng vurub dedi ki...”

- Əvvəldən sizdə muxbirliyə sevgi vardı, yoxsa əlacsızlıqdan ştatdankənar müxbir işləyirdiz?
- Doğrusu, o qədər alışmışdım müxbirlik sənətinə ki, elə bil bu mənim əsl işim idi. 1966-cı ildə başladım diktorluq fəaliyyətinə. 1972-ci ilə qədər altı il radioda diktor işlədim. O vaxt iki ildən bir, üç ildən bir sədr dəyişilirdi. Qurban Yusifzadə vardı, televiziyanın sədri idi. Mənim səsim çox xoşuna gəlirdi. O zaman məni məcbur etdilər ki, sən televiziyaya keçməlisən. 
Mən də çox arıq idim, buğum vardı, burnumsa uzun idi. Dedim, televiziyaya çıxacam deyəcəklər ki, bunu haradan tapmısız? Açığı televiziyaya keçmək istəmirdim. Amma sədrin əmri ilə məcburən, radiodan televiziyaya keçdim. 1972-ci ildən 2006-cı ilədək AzTv-də fəaliyyət göstərdim.
- İlk dəfə televiziyada efirə çıxdığınız zaman qeyri-adi hadisə baş vermədi ki?
- Əvvəllər radioda işləyə-işləyə televiziyada kadrarxası mətnlər oxuyurdum.  Televiziya kollektivi ilə bir yerdə işlədiyimizdən kollektivləşmişdik. Amma hər halda efirə çıxmaq başqa bir hisss idi. Saat altıda xəbərlər informasiya proqramına çıxdım. Efirə çıxıb, xəbərləri oxudum və səhəri gün sədrin otağında beş dəqiqəlik iclas oldu. Mən də baş diktor idim, rəhbərlər, şöbə müdirləri baş redaktorlar hamısı iclasda idi. Sədr Qurban Yusifzadə iclasda  dedi: “Heydər Əliyev mənə zəng vurub dedi ki, axır ki, yaxşı səsli, avazlı bir diktor tapdınız. Yaxşı oxudu xoşuma gəldi”. Bu, mənim üçün ən böyük qiymət idi, o zamandan başladım fəaliyyətə, xalq da məni sevdi. Nə iləsə hamının hörmətini qazandım, bilmirəm. Öz hərəkətlərimlə, oxunuş tərzimlə, səsimin avazı ilə -  nə iləsə məni bəyəndilər...
- Çevrənizdə diktorlardan kimlər var idi?
- Rafiq Hüseynov, Roza xanım, Natəvan xanım, Həqiqət xanım, Şərqiyyə xanım və mən. Cəmi altı nəfər idik, iki oğlan, dörd qız.

Atası vermədi ki, getsə institutu bitirə bilməyəcək

- Həyata keçirmək istdiyiniz proyekt var idi?
- O zamanlar indiki kimi deyildi. O zaman diktorlar özləri proyekt hazırlamırdılar. Hazır materialları oxuyurdular. Rəhmətlik Mailə xanım ədəbiyyat şöbəsində baş redaktor idi. Onun bir verilişi var idi: “Gəzdim, Azərbaycanı”. Müğənnilərlə bir yerdə gedərdik rayonlara. Rayonlarda yığıncaq, konsert, iclaslar olurdu, mən də aparıcı idim. Hər dəfə də qız aparcıları dəyişirdik. Sonra yeni il verlişləri olurdu. Çox vaxt Rafiq, Ofeliya, Roza bir də mən aparırdım. Elə olurdu ki,  bütün diktorlar aparırdı, əsasən, biz dördümüz aparırdıq. Mənim öz verlişim vardı: “Yeni çıxmış kitablar”. Belə verlişlərimiz çox olub.
- Həyat yoldaşınızla necə tanış olduz?
- O, aşağı kursda, mən isə sonuncu, beşinci kursda oxuyurdum. Onların instituta qəbul olunması münasibəti ilə şənlik keçirilirdi və orada tanış olduq. Mən institutu bitirdim və qohumlarım Tiflisdən gəlib bizi nişanladılar. Toy etmək istədik, atası vermədi ki, getsə institutu bitirə bilməyəcək. İnstitutu bitirsin, diplom alsın, sonra toy edərik. Elə də oldu, o institutu birtirdi, 1965-ci ildə ailə qurduq. 1966-cı ildə oğlumuz dünyaya gəldi. Oğlum dünyaya gələndə mən radioda işləyirdim.
- Yoldaşınız sizi qısqanmırdı?
- Hərdən toylara gedərdik. Toylarda müğənlilərlə öpüşüb görüşürdük, qucaqlaşırdıq, bir-birmizi tanıyırdıq. Yoldaşım çox əsəbi idi, deyirdi ki, dur məni yola sal, mən gedirəm. Deyirdim niyə? Deyirdi onlar səni niyə öpür. Deyirdim, axı, biz bir yerdə işləyirik!
Sonradan buna alışdı. Beş ildir ki, rəhmətə gedib o şəkər xəstəsi idi, gözləri tutulmuşdu, çox əziyyət çəkirdi. Rəhmətə gedəndən sonra, elə bil ki, mənim üçün dünya boşalıb. Hiss etməzdim ki, həyat yoldaşımı itirmək bu qədər çətin imiş. Neçə il bir yerdə yaşadıq.
Mən dekabrın birində işdən çıxdım, həyat yoldaşım dekabrın yeddisndə rəhmətə getdi. Çox əziyyət çəkdim, səkkiz ay oturdum evdə, heç bir yerə getmədim. Sonra ANS-dən mənə dəvət gəldi, dedilər, gəlin burada cavan aparcılarla məşğul olun. İndi həmin cavan muxbirlərlə məşğulam, onları öyrədirəm.
- Övladlarınızdan yolunuzu davam etdirən oldu?
- Xeyr, oğlum neft şirkətində işləyir. İqtisadiyyat universitetini bitirib. Qızım universitetini biologiyasını bitirib. İndi qızımla yaşayıram. Oğlum ailəlidir, o ayrı yaşayır.

Aparıcı qızlar çox açıq-saçıq geyinirlər

- O vaxtkı muxbirlərlə indiki müxbirləri necə müqayisə edirsiz?
- O vaxt çərçivə var idi, və ondan kənara cıxmaq olmazdı. Bizim qalstuksız, pencəksiz efirə cıxmağa ixtiyarımız yox idi. İndiki cavan müxbirlərə baxıram, cürbəcür köynəklər geyinirlər. Aparıcı qızlar çox açıq-saçıq geyinirlər. Bizdə qanun başqa idi. Düzdü inkişaf var. Cavanlardan da yaxşı aparcılar var. Amma bizim yerimizi vermirlər. Bunu mənə camaatda deyir.
- Deyirsiz ki, indiki cavanlar bizim yermizi vermirlər. Onlarda nə çatışmır?
- Ümumiyyətlə, televiziyada şouya cox yer verirlər. Maraqlı proqramlar yoxdu. Xüsusən də, müğənnilər arasında bilə-bilə dava-dalaş salır, dedi-qodu edirlər ki, reytinqləri qalxsın. Maarifləndirici, öyrədici proqramlar olmalıdı.
- Sizin də “Sabiranə” adlı bir proyektiniz vardı, niyə dayandı?
- O proyekti biz ayrı cür düşünmüşdük. Yəni, qız indiki dövrün adamı, mən isə kecmişin adamı olmalıydım və bizim həyata baxışımız hec vaxt uyğun gəlməməliydi. O dediyini mən, mən dediyimi, o inkar etməliydi. Veriliş belə olmalı idi. Sonralar məni xəbərlərə kecirdilər və veriliş də bağlandı.
- O vaxtlar verilişin reytinqi necə idi?
- Yaxşı reytinq qazanırdı.
- Ancaq bu veriliş də şou xarakterli olmuşdu.
- Bəli, indi hamı şouya baxır, maraqlı olan da şoudur, ona görə.
- Amma televiziya öz tamaşaçı kütləsini toplamağa bacarmalıdı.
- Əlbəttə. Bu gün teleməkanın vəziyyəti ürəkaçan deyil. Reytinq davası gedir. Bunun üçün də indi başqa proqramlar var. Görürsüz də indi televiziyada nələr gedir. Qırğın-qiyamət, o bunun saçını yolur, bu onu vurur (Gülür).
- Bu gün bəyəndiyiniz aparıclar var ?
- Ümümilikdə, İctimai kanalın xəbərlərindəki aparıcları bəyənirəm. Yaxşı aparıcılar bizim ANS-də də var. Zənurənin, Ayaz Nizamioğlunun aparıcılığı xoşuma gəlir. Açığını deyim, onlarla da məşgul olmuşam, vaxtilə tələbələrim olublar. Digər televiziyalarda da yaxşı aparıcılar var.
- Siz də şou verilişlərə baxırsız?
- Şou verilişlər məni çox da maraqlandırmır, xoşuma gəlmir, əksinə əsəbiləşdirir.

Murtuz Ələsgərovun qardaşıdı...

- Bəs AzTv-dən niyə ayrıldız?
- Problem yox idi, sadəcə bizim təqaüd vaxtımız catdı. Təqaüdçülər cıxarıldı. Amma dedilər ki, bura sizin evinizdi. Maaş almayacaqsız, qonarar müqabilində nə vaxt istəsəniz gəlib veriliş apara, hazırlaya bilərsiz. Bizim də o yaşımız deyildi ki, gedək veriliş hazırlayaq, ora-bura qaçaq. Öyrəşmişdik ki, redaktə olunmuş, hazır mətnləri oxuyaq. Çətin olardı, özümüz yazaq, montaj eləyək, efirə çıxaraq. Ona görə də, AzTv-dən ayrldıq.
- ANS-ə gəlişiniz necə oldu?
- ANS-in prezidenti Vahid Mustafayev zəng vurub dedi ki, istəyirəm gəlib burda cavanlarla məşğul olasız. Mən də onun təklifini qəbul elədim.  Artıq beş ildi ki, ANS-də  işləyirəm. Bura mənim ücün dogma televiziyaya çevrilib.
- Dolanışığız necədir?
- Açığını deyim ki, dolanşıq sarıdan korluğum yoxdu. Allah ulu öndərmizə rəhmət eləsin.  2001-ci ildən bu günə Prezident təqaüdü alıram.  Xalq artistli olduğuma görə də  50 manat verirlər. Amma evdə oturmaq mümkün deyil. Rafiq Hüseynovun bir sözü var: “Televiziya işçisi balığa bənzəyir. Balıq sudan cıxanda çabalayır-cabalayır, ölür”. Televiziya elə bir sahədir ki, bu peşədən cıxıb, başqa peşəyə gedə bilmirsən.
- Bu gün dərs keçdiyiniz tələbələrdən razısız?
- Bəzilərindən yox. Bəzilərinə deyirəm ki, bu sözü belə tələffüz eləmək lazımdı. Yanımda elə tələffüz edir,  sonra yadından çıxır, efirdə başqa cür tələffüz edir. Çağırıram yanıma deyirəm ki, ay bala, mən sənə dedim axı belə tələffüz et. Deyir ki, unutdum. Amma mən dediyim söz bəziləri üçün qanundu. Məndən soruşurlar, bu sözü necə tələffüz edim, bu familyanı necə deyim.
- Xəbərin şouya cevrilməsinə münasibətiz necədi?
- Mən deməzdim xəbərlər şou xarakteri daşıyır. Bilirsiz xəbər əl-ayağı, mimikanı sevmir. Gərək xəbəri tamaşacıya söhbət şəkilində catdırasan. Onlarla söhbət edəsən, yəni, sən bu işin içində olasan.
Bir dəfə Bilgəhdə dincəlirdim. Məmməd Aslan da ora  gəldi. Orda kim məni görürdü, deyirdi ki Sabir  Ələsgərov burdadı. Məmməd Aslan deyir, öz-özümə fikirləşdim ki,  nə böyük adamdı Sabir Ələsgərov?  Xalqın arasında nə qədər hörməti var? Axı,  niyə belə olmalıdı, Sabir ömrüboyu özgə sözü deyib, öz sözünü deməyib. Deyir, mən Sabirlə daha yaxından taniş olandan sonra hiss elədim ki, Sabir başqasının sözünü özününküləşdirib, öz sözü kimi catdırır. Diktor, aparıcı, xüsüsən, xəbərlərin aparcısı xəbəri tamaşaciya o cür catdırmalıdır. Sənin səsinin tonunda oynaqlıq olmalıdı. Bu əlamətləri hiss elətdirməlisən. Məsələn, indiki xəbəri elə oxuyurlar ki, ölüm xəbəri də sevincli xəbər də eyni tonda deyilir. Sən səsinin tonu, sifətinin mimikası ilə xoş xəbəri bəd xəbərdən ayırmağı bacarmalısan.
- O dövrdə tanınmağınızla bağlı sizi narhat etməyiblər ki?
- Bir dəfə metroda gəlirdim. Hamı da məni tanıyırdı. Qarşımda iki qadın oturmuşdu. Qadının biri  digərinə deyir ki, az, ona bax, Sabir Ələsgərovdu tandınmı? O da  deyir ki,  hə, odu. Gördünmü necə yubiley elədilər ona? Digər qadın deyir ki, mənə eləmiyəcəklər ki, ona edəcəklər də, axı o, Murtuz Ələsgərovun qardaşıdı (gülür). Onda da, Murtuz Ələsgərov Milli Məclisin sədri idi. Onların danşığını eşidib başımı aşağı saldım, məni gülmək tutmuşdu. Elə bilirdilər ki, familyamız eyni olduğu üçün, Murtuz Ələsgərovun qardaşıyam. 

“İmkanım olsa sənə Sovet İttifaqı Qəhrəmanı adı verərdim”

- Televizyada çalışarkən hansı maraqlı hadisələrlə üzləşmisiz?
- Bir dəfə 70-ci illərin axırları idi. Heydər Əliyevin vaxtında beş nəfərə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Poladəridən, pambıqçı, tütünçü, neftçi. Onların hamısını bir yerdə efirə dəvət etmişdik, Roza xanımla ikimiz veriliş apararırdıq. Roza xanım Sumqayıtdan gələn poladəridənlə söhbət etməyə başladı. Suallara cavab verdi, təbrik etdik, danışdıq qutardı. Bundan sonra o biri qonaqlara keçməli idik. Birdən poladəridən dedi ki necə oldu, Roza xanım? Mən də onun yanında oturmuşdum, dizimlə vurdum, başa düşsün ki, belə danışmaq olmaz, canlı efirdi. Məndən soruşdu ki, Sabir müəlim, yaxşımı oldu? Dedim ki, bəli, amma bizim başqa iştirakçılarımız da var, onlar da danışmalıdır. O da cavab verdi ki, onda mən gedə bilərəmmi? Dedim, otur aşağı, bu bir başa verilişdi, nə edirsən?
Bir dəfə də adını çəkə bilməyəcəyimiz  bir hörmətli akademikimizdən Xəzərin çirklənməsi barədə müsahibə alırdım. Mən də, əvvəlcədən bunun əlyazmasına baxmışdım ki, söhbət nədən gedəcək. Canlı efir idi. Rejissorumuz çox əsəbi idi. Akademik də çox guman ki, qonşularına, qohumlarına xəbər etmişdi ki, filan vaxt efirdə olacam. Veriliş başladı, mikrofon açıldı, tamaşaçıları salamladım və təqdim etdim ki, qonağımız akademik filankəsdir, söhbətimiz bu barədə olacaq. Hörmətli akademikimiz, söhbətimiz barədə ilk sualımız belə olacaq deyib, sualımı verdim. Akademik özünü elə itirdi ki, tez-tez eynəyi çıxarıb kənara qoyur, ya da yenidən taxırdı. Gördüm ki, özünü çox itirib, yavaş-yavaş suallarla onun fikrini özümə yönəltməyə çalışdım ki, efirdə olduğunu unutsun və sakitləşsin. Yavaş-yavaş akademiki müsahibəyə öyrəşdirdim, o da öz sahəsinin bilicisi idi. Beləliklə, söhbətimiz bitdi, çıxdıq ordan, akademik  qan-tərin, suyun içində idi, üstəlik də yay fəsli idi. Dedi ki, ay Sabir, mən getmişdim, vallah imkanım olsa sənə Sovet İttifaqı Qəhrəmanı adı verərdim (gülür). Belə şeylər efirdə çox olur. O zaman biz əsasən, yazı ilə efirə çıxırdıq. Sonradan texnika inkişaf etdi birbaşa efirə çıxdıq. Yeni il verilişlərini də birbaşa yayımladıq. Hətta elə olurdu ki, 3-4 saat canlı efirdə Yeni il buraxılışı aparırdıq.
- Sonda Sabir müəllim bizə bir sualınız, ürək sözünüz varmı?
- Cox sağ olun. Jurnalınıza uzun omür arzu edirəm. Bizim kimi tanınmış, amma unudlmuş insanları unutmadığınıza görə sizə minətdarlığımı bildirirəm.

Elmar Hüseynov

 

"SİMSAR" jurnalı






13 Avqust, 2012  18:42 Baxılıb: 2769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner