Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SƏLİM BABULLAOĞLU: “...ORUCLU SÖZƏ CİDDİ EHTİYACIMIZ VAR” – MÜSAHİBƏ - FOTOSESSİYA

"...Bəzən bir qarışqa, internet vasitəsilə aldığımız məktub insan taleyini dəyişə bilər"

Onunla köhnə dostlar kimi zəngləşdik. Yazıçılar birliyindəki otağında məni gözləyəcəkdi. Bu dəfə məqsədim “Böyükçölün test kitabının ağ yerləri”ni qaraltmaqdır. Əgər imkan versə... İstədiyi kimi görüşümüz müsahibədən çox səmimi söhbətə çevrilsə də, hərdən mənə elə gəlirdi ki, müsahibə alan yox, sanki müsahibə verən mənəm.
İstər Yazıçılar Birliyində istərsə də Azad Yazarlar Ocağında bütün yazarların çox sevdiyi Səlim Babullaoğlu rubrikamızın qonağıdır.


- Necəsiz, Səlim müəllim?
- İstidir. Bir az da orucun halsızlığı var. Buna görə də çayı da yığışdırmışam...
- Narahat olmayın, mən də tuturam.
- Allah qəbul eləsin.
- Sizinkiləri də. Səlim müəllim bura gələndə ilk cümlə haqqında düşünürdüm. “...Adam danışmaq istəyir...” Nədən danışmaq istəyir?
- Hə, şeirdən sitat gətirisiz (gülür...) İnsan “üns”, “ins” kələmsindəndir. Möhtacdır özü kimisilə danışmağa, ünsiyyətə. Adam- məncə Allahla danışan bəndə, insan- isə özü kimisi ilə danışandır. Görünür mən həmin fikri deyəndə daha çox insan olmuşam.
- Havalar çox istidir. Ac qalmaq çətindir, susuz?
- Əslində hamısı bir az çətindi, bir az da yox. Orucluq elə bu iki vəziyyətin arasnda anlamaqdır həm də.
-Oruc tutursunuz. İftar qonaqlığı da verirsiz?
- Hə, bəzən olur. Yeri gəlmişkən, sizi dəvət edə bilərəm (gülür...)
- Ədəbiyyatımız nə zaman oruc tutacaq, Səlim müəllim, yoxsa buna ehtiyac yoxdur?
- Yox, əksinə buna ehtiyacımız çoxdur. Ciddi bir ehtiyacdır bu. Bizim asketik sözə, oruclu sözə ciddi ehtiyacımız var. Özü də təkcə ədəbiyyat yazanda yox, yaşayanda da, danışanda da.
- Belə baxanda, yazarlarımız deyirlər ki, ədəbiyyatımız möhkəm inkişaf edir. Sizcə, hansı qanadı daha çox inkişafdadır? Şeir, yoxsa proza...
- Bizdə şerin vəziyyəti proza ilə müqayisəyə gəlməyəcək dərəcədə yaxşıdır. Əlbəttə hər iki janrdan olan ən yaxşı nümunələrə baxanda deyirəm bunu. İndi də belədir. Amma mən indi daha çox şeir, esse, araşdırma oxuyuram. Proza çox az.
- Gənc ədəbiyyatı oxumursuz?
- Mən ümumiyyətlə bizdə çap olunan bütün materiallara göz atıram, təxminən yarısını oxusam da hamısından informasiya səviyyəsində xəbərim olur. Odur ki, oxuyuram, niyə oxumuram.
- Ad çəkə bilərsiz?
- Son oxuduğum uğurlu nəsr əsərlərinin müəllifləri Alpay Azər, Mirmehdi Ağaoğludur.
- Bəs, gənc şairlər?
- Baxın, Elmar, dəfələrlə dediyim bir fikri təkrarlamaq istəyirəm. Son 25 ildə yaranan poeziya, bu illərdə formalaşan bütün nəsillərdən danışıram, bütövlükdə XX əsr şerimizin ən maraqlı, ən dərin hissəsidir. Bunu yetərincə başa düşmürlər. Amma mən məsələn, bu illərdə yazan 25-30 şairin hərəsindən 10-15 şeir seçib, onları dünyanın aparıcı dillərinə çevirtdirib üzüağlıqla istənilən yerə böyük poeziya kimi aparardım.
- Dünya ədəbiyyatı ilə mütəmadi məşğul olan biri kimi dünya ədəbiyyatında nələr baş verdiyini deyə bilərsizmi? Bunun Azərbaycan ədəbiyyatına hansı təsirləri var?
-Vahid bir səhnə yoxdu. Olsaydı belə bunu rezume eləmək mənim gücüm xaricində olardı.
- Səlim müəllim, yaradıcılığınızda yeni nələr var?
- Bir neçə şeir. İrihəcmli tərcümə əsərləri. Bir neçə kitab hazırlığı, redaktə və sair, və ilaxır.
- “Böyükçölün test kitabının ağ yerləri” hələ qaralmayıb?
- Yox. Maraqlıdır, niyə bu şeir?
- Daha çox sizin bu şeirinizi sitat edirlər.
-Doğrudan? Bilmirdim. Həəə. Oxumusuz o şeiri?
-Əlbəttə. Hətta çox xoşuma gəlib.
-Sizcə niyə daha çox o şeiri sitat edirlər, hərçənd, bu mənə bir az qəribə gəlir.
- (Deyəsən, səhv düşmüşük. Səlim müəllim məndən müsahibə alır). Yəqin ona görə ki, adamlar orda öz sosial problemlərini , reallığı görürlər.
- Yəqin.
- “Rüşvət alanda və verəndə onu mütləq zərfə qoyun”. Vermisiz, yoxsa almısız ki, bu qərara gəlmisiz?
- Birindən soruşurlar ki, siz niyə rüşvət almırsız, deyir təklif edən olmayıb.
- Ciddi deyirsiz?!
-Əlbəttə ciddi deyirəm, həmin adam elə belə də demişdi.
- “Uşaq cinayətkarın qucağına atıldığı üçün öldürülmür?”, yoxsa atanız dediyi kimi “qatilin vicdanı varmış, öldürmədi körpəni...” Bu fikirlərdən hansı ədəbiyyata daha yaxındır?
- Düzü, bilmirəm, Elmar.
- “Susuz ikən bir adama su verdimi, söylə şeir?” Oxucuya verə bilmədi, yoxsa şairə?
- Müəllifə verəndə oxucuya hökmən verir. Hərçənd sənətin praktiki yanı o qədər də funksional deyil.
- Gənc şairlər iddia edir ki, onlara dövlət heç bir maddi və mənəvi dəstək göstərmir.
- Düşünürəm ki, onlar “heç” sözü ilə xeyli dərəcədə yanılırlar.
- Özünüzü yazdığınız yazınız varmı?
- Bütün yazılarımda özümdən nəsə var, əlbəttə, başqa cür olmur.
- Tərcüməçiliklə də məşğul olursuz. Bu gün ədəbiyyatımızın ən ağrılı yerlərindən biri tərcümələrdir. Tərcümələrin bu qədər problemli olması nə ilə bağlıdır?
- Bunun çoxlu səbəbi var. Təhsillə bağlı yeri var. Maliyyə əsaslı problemlər var. Ümumiyyətlə isə tərcümə problemlərinin praktiki və nəzəri yanlarına kompleks yanaşıb onların institusional həllinə nail olmaq olar. Prinsiplər işlənməlidir. Məsələn bizim ən zərif yerimiz sağlam tərcümə tənqidinin olmamasıydı, son günlərə qədər mən belə düşünürdüm, bu mənada gələcəyə skepsislə baxırdım. Amma Seyfəddin Hüseyinlinin silsilə yazıları əla bir presedent yaratdı, dəyərli örnək oldu. Başqalarını bilmirəm, amma mən buna çox sevindim.
- Həyatda, ya da hansısa əsərdə qəhrəman olmaq istəməmisiz?
- Həyatda bütün uşaqlar kimi olmaq istəmişəm. Amma bizim hamımız həyatda igidlik göstərməsək də, öz ömür dramımızın qəhrəmanıyıq, bəlkə də baş qəhrəmanı.
-Sizi tez-tez aldadırlar? Əgər aldadırlarsa bunlar kimlərdir: alverçilər, əməkdaşlar, dostlar yoxsa qadınlar?
-Qadınlar... düşünmürəm. Qalan hamı cəhd edir və çox vaxt buna nail olurlar. Çünki mən ehtiyac olmayan yerdə özümə bəraət qazandırmaq, kimisə ittiham eləmək ədəbsizliyindən uzaq durmağa çalışıram.
- Aldatmısız və ya xəyanət etmisiz?
- İki sualı birdən necə verə bilirsiz?
-Təcrübə öz sözünü deyir. Yaxşı onda birinicini verim. Aldatmısız?
- Başqa sual var?
-Xəyanət eləmisiz?
- Sonra...
- Günahı necə tanıyırsız? Yoxsa mələklər göstərir?
-Yenə var şəxsi sual (gülür)?
- Var e, amma cavab vermirsiz.
- Mənim öz prinsiplərimdən döndüyüm vaxtlar çox olub. Amma bir şey təskinlik verir ki, səhvlərim və günahlarım ictimai xarakter daşımır. Xətir üçün çox xəstə yatmışam. Bilirsiz, Elmar, belə sualları vermək düz deyil.
-Niyə?
- Günahları insanlara danışmaq da, yəni bunu rahat-rahat eləmək də, elə balaca günah deyil. Ən azı buna görə. Qaldı günahları kimin göstərməyinə, günahları nişan verən , onu tanıyan insanın özü olmasaydı, yəqin ki, insan ümumiyyətlə günahkar olmaz, günah ümumiyyətlə olmazdı. Müdriklərdən birinə “yalan danışıb-danışmadığımızı, səhv edib-eləmədiyimizi necə bilək?” soruşanda əlini ürəyinin üstünə qoymuşdu.
-Sizə də ürəyiniz nişan verir?
- Mən o tip adamlardanam ki, səhvi birinci özümdə axtarıram. Sonra da özümü məhşərə çəkirəm.
-Taleyi dəyişməyən sözlər və ya taleyinizi dəyişməyən sözlər hansılardır?
- Allah, ata,ana, sevimli qadın, övlad, vətən, günəş, bulud, ağac- bu sözlər yəqin taleyi dəyişməyən sözlərdir, yəni bu sözlərin taleyi dəyişmir heç vaxt. Bu və bu tip sözlərin xaricindəki sözlərin bütün kələmələr də elə yəqin ki, insan taleyinə təsir eləməyən, onu dəyişmək gücündə olmayan sözlərdir. Hərçənd, kim bilir, bəzən bir qarışqa insan taleyini dəyişə bilər. Bilgisayarda internet vasitəsilə aldığımız məktub dəyişə bilər taleyi. Görün, nə qədər söz oldu: bilgisayar, internet... Amma yox, əsas söz məktub, məktubdakı sevgidir. Nəsə...
- “Zaman həmişə işləyir. İliyimizə” yazmısınız. Bu əvvəllə aid idi. İndi hara, kimə və nəyə işləyir?
- Bu həmişə belədir.
-Son vaxtlar Facebookunuzu bağlamısız. Buna bir səbəb var?
- Müvəqqəti yorğunluqdu yəqin.
-Dostlarınız və sizi tanıyanlar bilmək istəyir ki, qarşıda hansı yeni layihələr, ideyalar var?
-Var. Çoxdur. Sağlıq olsun.

Elmar Hüseynov

 






27 İyul, 2012  16:03 Baxılıb: 2525 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner