Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ÇİNGİZ SULTANSOY: “KARİKATURA ÇƏKDİYİMƏ GÖRƏ QIZIL MEDAL ALA BİLMƏDİM” – MÜSAHİBƏ – FOTOSESSİYA

“Uşaqlıqda çox şuluq eləmişəm, məktəbdə şüşə də sındırmışam, dava da salmışam” 

Sovet hakimiyyətinin dağılmasını arzu edənlərdən biri idi. O zaman jurnalistlərə mirzə, təbliğat maşını və aləti kimi yanaşıldığından, öncə ədəbiyyatçı olmaq haqqında düşünürdü. 83-cü ildə dissident xarakterli bir esse yazdı. Ancaq Sovet imperiyasının dağılması onun həyat yolunu da dəyişdi. Riyaziyyatçı olsa, Moskvada aspiranturada oxusa da anladı ki, qələm onu daha çox çəkir. 90-cı illərdə fəal jurnalistikaya gələn və qısa müddətdə yazıları, verilişləri ilə ölkəmizdə tanınan, məqalələri Gürcüstan, Rusiya, Ukrayna və Ermənistan saytlarında dərc olunan müstəqil jurnalist Çingiz Sultansoy “Jurnalist ömrü” rubrikasındadır.

1952-ci ildə Bakıda anadan olmuşam. Atam tanınmış ziyalı Rüstəm Sultanov əvvəllər universitet müəllimi, sonralar yüksək vəzifələrdə çalışmış, iki dərslik müəllifi, tanınmış insan olub. Biz indiki Murtuza Muxtarov küçəsində, Səadət Sarayından bir qədər aralıda yaşayırdıq. 6 yaşım olanda atam yeni ev aldı və biz Funiklyorun yanında Alimlər Evi kimi tanınan binaya köçdük. Anam da ziyalıdır, tanınmış müəllim olub. Ömrünün sonuna yaxın ailə ilə bağlı xatirələri, bizim ata nəslimiz - Kəngərli nəsli ilə bağlı müəyyən hadisələri qələmə alıb, qəzetlərdə dərc etdirirdi. İndi tanınmış vəkil Elton Quliyev onun tələbəsi olub. Elton Quliyev hüquq fakultəsinə imtahan verəndə ona məktəb proqramından kənar suallar verilir. Bütün sualları cavablandırdıqdan sonra, sualları verən müəllimlərdən biri soruşur ki, sənin ədəbiyyat müəllimin kimdi? Elton Quliyev deyir ki, Sənubər Mustafayeva. Həmin müəllim həmkarlarına deyir ki, daha nə sual verirsiz, “beş” yazın getsin. Hesab edirəm ki, məndə dil-ədəbiyyata maraq anamdan gəlib.
Ziyalı ailəsinin, müəyyən dərəcədə təmin olunmuş ailənin uşaqları necə yaşayırdısa, mənim də uşaqlığım elə keçib. Amma bir fərq olub, bizim bağımız yox idi. Atam vəzifələrdə işləməyinə baxmayaraq, heç vaxt rüşvət almayıb. Biz bir çox ailələrə nisbətən yaxşı yaşasaq da, evimizə haram pul girməyib. Ona görə də, heç vaxt pulumuz çox olmayıb. Bununla yanaşı, istirahət etmək üçün Essentukiyə, Kislovodska da getmişik.
Şuluq uşaq olsam da, dərslərimi çox yaxşı oxumuşam. Yəqin, bu, ata-ananın təsiridir ki, oxumaq lazım olduğunu təlqin ediblər. Amma uşaqlıqda çox şuluq eləmişəm, məktəbdə şüşə də sındırmışam, dava da salmışam.
Biz evdə də heç vaxt rus dilində danışmamışıq, təhsilim də rus dilində deyil. Di gəl ki, adətən rus dilində yazıram, bunun da səbəbləri var.

Dənizçi olmaq istəmişdim

Məni jurnalistikaya yönəldən olmayıb. Uşaqlıqda adamın könlündən çox şey keçir. Bütövlükdə bir neçə peşəyə maraq salmışam. Yeniyetmə dövründə dəllək, dənizçi və qəssab peşələrindən xoşum gəlib. Atam riyaziyyatçı olduğundan bizdə riyaziyyata xüsusi hörmət, münasibət var idi. Riyaziyyatı da yaxşı oxuyurdum, dəfələrlə respublika olimpiadasında qalib olmuşdum. Ümumittifaq olimpiadasında da yer tutduğuma görə, “Artek” pioner düşərgəsinə göndərilib, iki ay orada qaldım. Ora yazda getdiyimə görə “Artek”də təhsil də aldım. Azərbaycan dilində təhsil alsam da, orada qiymətlərim o qədər də aşağı düşmədi. Burada “5”, orada isə “4” alırdım. Orta məktəbi bitirəndən sonra universitetin riyaziyyat fakultəsinə daxil oldum. Ədəbiyyata isə marağım çox idi, demək olar ki, vaxtımın çoxunu kitab oxumaqla keçirirdim.

Gizli məktəbli jurnalist


Məktəbdə 5-cı sinifdə qeyri-leqal divar qəzeti buraxırdım. Karikaturalı qəzet idi. Səhər tezdən gəlirdim, onu divara yapışdırırdım, heç kim bilmirdi. Pis oxuyanlar, dərsə gecikənlər tənqid olunurdu. Tək başıma 3 nömrə buraxdım. Bu da bir şuluğum idi, məni cəlb edən əməlimin gizli qalması idi. Bu qəzet böyük maraq doğurmuşdu. Bəlkə də müəllimlər xəttimdən tanımışdı, amma heç biri açıb-ağartmadı. Artıq 10-cu sinifdə oxuyanda buraxılış imtahanına az qalmış bir neçə müəllimin karikaturasını çəkdim, sinifdə hamı baxıb gülürdü. Bu karikaturalar ədəbiyyat müəlliməmin əlinə keçdi, o da səs-küy saldı. Nəticədə mən qızıl medaldan məhrum edildim və hətta atam mənə müəllim tutmağa məcbur oldu. Atam çox tələbkar idi. Dərslərimizi yaxşı oxumağı bizdən – qardaşımla məndən birinci o tələb edirdi. Ondan çəkinirdik, vəzifədə olmasına arxayın ola bilmirdik.
Universitetin riyaziyyat fakultəsinə daxil oldum və oranı qırmızı diplomla bitirdim. Universitetdə oxuyanda da mütaliədən əl çəkmirdim. Oxuduğum müəlliflərdən mənə ən çox yeniyetməlikdə Mayn Rid, Jül Vern, Cek London, tələbəlikdə Heminquey, Mopassan, Balzak, Zolya, Tolstoy, Kuprin, Bunin, Viktor Hüqo, Mario Varqas Lyosa, Mihel Hotero Silva və başqa məşhur yazıçılar təsir etmişdi. Bu mütaliə rus dilimin inkişaf etməsinə çox kömək etdi.
Universiteti bitirəndən sonra akademiyada işə düzəldim, aspiranturaya qəbul olub, Moskvaya getdim. Orada başa düşdüm ki, əslində mənim marağım riyaziyyata yox, ədəbiyyatadır. O zamanlar jurnalistika çox maraqsız bir peşə idi. Demək olar ki, jurnalist mirzə hesab olunur, partiyanın diktəsini yazırdı. Müstəqil mövqe sərgiləmək, mövzu işləmək mümkün deyildi. Ona görə də, jurnalistika Sovet dövründə mənim üçün maraqlı peşə deyildi, amma ədəbiyyatda müəyyən azadlıqlar vardı.
Azərbaycan ədəbiyyatını oxumağa başlayanda orada 60-cı illər nəslinin nəfəsi duyulurdu. Ədəbiyyatda İsa Hüseynov, Anar, Əkrəm Əylisli, Sabir Əhmədov, Rustəm İbrahimbəyov, Elçin, Azər Abdulla və s. var idi. Onları oxumaq maraqlı idi. Onda anladım ki, jurnalistlərin deyə bilmədiyini yazıçılar deyir.

Jurnalistikada ilk addımlar

Qələmimi ilk dəfə hekayə ilə sınamışam. Jurnalistikaya Yenidənqurma dövründə gəldim. Nəcəf Nəcəfovun rus dilində çıxardığı “Молодёжь Азербайджана” ilə əməkdaşlığa başladım. “Azərbaycan gəncləri” qəzetinə də yazılar verirdim. Nəcəf Nəcəfovu da, “Azərbaycan gəncləri” qəzetinin redaktoru Yusif Kərimovu da həmişə xoş hisslərlə xatırlayıram. Nəcəf Nəcəfovun qəzeti qısa zamanda öz mövqeyi olan, başqa qəzetlərin müraciət edə bilmədiyi mövzulara müraciət edən qəzet oldu. Nəcəf Nəcəfov məni yanına çağırırdı, getmirdim. Mənə deyirdi ki, maaşın azlığından qorxma, burada qonorar maaşdan çox olur. Sonralar “Gənclik” jurnalında işləməyə başladım, daha sonra Xalq Cəbhəsinin rus dilindəki mətbu orqanı olan “Свободa” qəzetinə keçdim. Orada artıq məsul katib idim, fəal yazırdım. Xocalı faciəsi ilə bağlı o dövrdə qəzetdə yazdığım yazını tapıb qoymuşdular internetə, 3-4 il bundan qabaq onu gördüm. Bu il yazını götürüb qısa ixtisarlarla “AzadlıqRadiosu”nun rusdilli saytında dərc etdirdim. Həmin yazı qısa zamanda ən çox oxunan yazılardan biri oldu. Düz 20 il bundan əvvəl yazılmış yazı olsa da, obyektivliyinə və dəhşətli faktları özündə birləşdirdiyinə görə aktuallığı itməmişdi.

“Hazırladığım veriliş Milli Məclisdə və iki nüfuzlu şirkət arasında dava saldı”

Xalq Cəbhəsi hakimiyyətə gələndə televiziya şirkətinin rəhbərliyinə Məmməd İsmayıl gətirildi. Televiziyaya yeni kadrlar lazım idi. O, məni “Gənclik” jurnalından tanıdığından televiziyaya dəvət etdi. Qısa müddətdə özümü təsdiq etdim deyə, Məmməd İsmayıl gedəndən sonra da AzTV-də qalıb işləyə bildim. Hazırladığım televiziya verilişləri mübahisə doğurur, qalmaqal yaradırdı. Bir verilişimə görə Milli Məclisdə və iki nüfuzlu şirkət arasında dava düşdü. İndi kimə desən inanmaz ki, AzTV-də elə verilişlər olub. Ekologiya barədə veriliş hazırlamışdım, ekoloqlar məndən o verilişin surətini istəmişdilər ki, Türkiyədəki beynəlxalq konfransa aparsınlar.
Yol çəkilişi ilə bağlı verilişimdən sonra Heydər Əliyev sərəncam imzalamış, “Azəravtoyol”un yığdığı pulun 25 faizini Bakı Şəhər İcra Hakimiyyətinə yönəltmişdi. İqtisadçı dostlarımın hesablamalarına görə, bu pul birinci il 700 min, ikinci il 900 min, üçüncü il isə 1 milyon manatdan artıq olmuşdu. Başqa bir verilişdən sonra yenə də Heydər Əliyev çox kəskin “sahibsiz ölülər” probleminin həlli üçün göstəriş vermişdi.
2005-ci ildə yazdığım bir araşdırmadan sonra Azərbaycan hökuməti yoltikən podratçı firmanı 2 milyon dollar cərimə etdi. Bu araşdırma 36 milyon dollarlıq yolun rekonstruksiyası ilə bağlı yazılmışdı.
Millətini pisləyənlərin intellektual-psixoloji durumu (buna milli natamamlıq kompleksi deyirlər), bu durumun səbəbləri barədə araşdırmam kifayət qədər böyük rezonans doğurmuşdu, 1 telekanal hətta mövqeyində, efir siyasətində dəyişiklik elədi. Bütövlükdə, müxtəlif illərdə 5-6 yazım olub ki, onları kitab-qəzet oxuyan təbəqənin az qala hamısı oxuyub.
Mənə hücumlar olmasa da, hədələr bir neçə dəfə olub. Bu hədələr də məlum adamlardan gəlib deyə, onlara elə də önəm verməmişəm. AzTV-də işləyəndə narkomanlar haqqında veriliş hazırlamışdım. Biz o vaxt “Azneft”də yaşayırdıq. Qonşumuzda, narkoman qadın var idi, onu çəkmişdim. Ondan sonra, İçərişəhər yaxınlığında 2 içkili adam yolumu kəsmək istəmişdi, cəld tərpənib qaçmışdım.
Rüşvət təklifi də almışam. Ən böyük təklif 1000 dollar olub. Bu, 90-cı illərdə baş vermişdi və zamanına görə böyük məbləğ idi, amma qəbul etməmişdim.

“Gənclərdən yeniliyə can atmağı öyrənirəm”


Mən artıq jurnalist kimi tanınandan sonra müxtəlif partiyalardan dəvət almışam. AMİP sədri Etibar Məmmədov mənə Azərbaycanın ən yeni tarixi ilə bağlı kitab yazmağı təklif etmişdi, amma düşündüm ki, bu təkliflə kitab yazmağa dəyməz. Müstəqil jurnalist olmağa meyl məndə lap əvvəldən vardı. Zaman göstərdi ki, düz eləmişəm.
Bu gün sözün kəsərinin olmadığından şikayətlənirlər, amma Xədicə İsmayılın araşdırmaları sözün necə kəsərli olduğunu sübut edir. Sözünün kəsəri var ki, o, bu qədər təzyiqə məruz qalır.
Jurnalist öz məsuliyyətini yaxşı dərk etməlidi, yalan və sifarişlə yazmamalıdı. O halda ona və yazdıqlarına inam olacaq. Özüm barədə deyə bilərəm ki, jurnalistikada sözümün kəsəri olub, ona görə işimdən razıyam.
Tanınmış simaları izləyirəm, onlardan xəbərim var, amma öz mövzularıma daha çox fikir verirəm, mənə daha çox öz işlərim, öz mövzularım maraqlıdır. Hesab edirəm ki, bugünkü jurnalistikada obyektivlik, beynəlxalq standartlara cavab vermək çatışmır. Mən “İnternews”də işləmişəm. AzadlıqRadisounun işlədiyi standartları görürəm. Amma bütövlükdə bizim jurnalistikada obyektivlik azdı.
Allaha şükür, yaxşı ailəm var. Artıq, babayam. İki qızım, iki nəvəm var. Düzdür, mən də istəmişəm ki, oğlum olsun, amma sonra anlamışam ki, fərsiz oğuldansa fərli qız yaxşıdır. Amma nəvələrimin ikisi də oğlandır. Övladlarımdan heç biri yolumu davam etdirmir, amma hər ikisi yaxşı mütəxəssisdir.
Həmişə gəncliyə meyilli olmuşam. Bu, yəqin ki, xasiyyətdir. Ola bilsin ki, məni cavan saxlayan elə mənim ürəyimdir. Adam var ki, 40 yaşını keçəndən sonra sanki qəlibə girir. Amma yeniliyə can atmaq lazımdır. Mən də gənclərdən yeniliyə can atmağı öyrənirəm. Məsələn, kompyuterdən, internetdən, sosial şəbəkələrdən istifadə etməyi öyrəndim.
Bəzən dil məsələsi də çətinlik yaradır. Mən azərbaycanca ona görə yaza bilmirəm ki, əlim kiril əlifbasına öyrəşib. Gənc jurnalistlərdə müsbət cəhət odur ki, onlar bizim nəsildən fərqli olaraq, zamanın yeni texniki nailiyyətlərindən: internetdən, sosial şəbəkələrdən, axtarış sistemlərindən, “Google”, “Wikipedia”, “Facebook” və “Tvitter”in imkanlarından məharətlə istifadə edə bilirlər.
Bizim nəslin adamları ancaq kitab oxuyurlar. Az sayda yaşıdlarım internetin imkanlarından istifadə edir. Gənclərdən belə şeyləri öyrənib, yeniliyə can atmaq lazımdır. Son illərdə gənclərdə sosial və siyasi fəallıq çox təqdirəlayiq haldır. Onlarda mənfi cəhət odur ki, az kitab oxuyurlar. Daha çox oxusalar yaxşı olar. Bəzən düşünürəm ki, bunun obyektiv səbəbləri də var. Çünki, Azərbaycandakı təhsilin səviyəsini görürük.
Mühitlə barışmaq olmaz, özünə hörmət edən adam mühitlə barışmamalıldı, daha çox oxumalıdır, işləməlidir.

Elmar Hüseynov


“SİMSAR” jurnalı






23 İyul, 2012  20:56 Baxılıb: 3120 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner