Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RƏBİYYƏ ZƏRDABİ: «RÜŞVƏT ALMADIĞIMA GÖRƏ İŞDƏN ÇIXARILMIŞAM»

«Mən 29 ilin müəllimiyəm, bundan sonra başqa sənətlə məşğul ola bilmərəm»

Bu günlərdə yubileyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin nəticəsi Rəbiyyə Zərdabi 29 il çalışdığı təhsil müəssisəsindən - Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetindən işdən çıxarılıb. Həm də bu barədə əmr ona babasının «ad günü hədiyyəsi» olaraq, məhz Həsən bəyin doğum günündə təqdim olunub. Rəbiyyə xanım işdən çıxarılmasını özünə qarşı haqsızlıq sayır və hüquqlarının bərpasına çalışacağını deyir. Biz də onu dinləyərək, problemini ictimaiyyətin diqəətinə çatdırmaq qərarına gəldik. Müsahibə əsnasında babası və onun şəcərəsi haqqında da bəzi suallarımız oldu.

- Rəbiyyə xanım, işdən çıxarılmağınıza səbəb nə oldu?

- Dərs saatının olmadığını bəhanə gətirirlər. Amma mənim hələ təqaüd yaşıma çatmağıma12 il var. Buna görə də, işdən çıxarılmağım qanunsuzdur. Mənim konstitusion hüquqlarım var. Və ən başlıcası mən dolanmalıyam, ixtisasım da müəllimlikdir. Bu yaşdan sonra gedib bizneslə və ya başqa bir peşə ilə məşğul olmalı deyiləm. 29 ildir ki, həmin ali məktəbdə işləyirəm və yaxşı müəllim olduğumu da deyə bilərəm. Buna işdən çıxarılandan sonra tələbələrimin qəzetlərdə, sosial şəbəkələrdə səsləndirdiyi etirazlar da əsas ola bilər.

- İşdən çıxarılmağınıza rüşvət almamağınızın səbəb olduğunu demisiz.

- Əslində doğurdan da səbəb odur ki, mən onlara sərf edən müəllim deyiləm - rüşvət almıram, dedikləri ilə oturub-durmuram. Ancaq öz işimlə məşğulam. Düz insan olmağım görünür, onlara sərf etmir.

- «Onlara» deyəndə konkret kimi nəzərdə tutursuz?

- Əlbəttə ki, Universitetin rektoru Timurçin Əfəndiyev bu məsələdən xəbərsiz deyil. Onun imzası ilə işdən çıxarılmışam. Amma mənim işdən çıxarılmağımın əsas baiskarı «Kulturologiya» fakültəsinin dekanı İlqar Hüseynovdur. Ümumiyyətlə, kafedranın «mətbəxi»ni açıb-tökmək istəmirəm, amma bir şeyi qeyd etmək istəyirəm. Biz kollektiv şəkildə kitab yazırıq, o isə həmin kitabın üzərinə yalnız öz adını qeyd edir və öz şəklini həmin kitaba verir. Professor kimi təsdiq olunmasa da, özünü professor kimi təqdim edir. Qəribəsi də budur ki, son vaxtlar mənimlə birlikdə üç qadını işdən çıxarıb, üçü də ailə başçısını itirmiş xanımlardır. Hansı ki, min bir əziyyətlə bu səviyyəyə gəlib çıxıb, elmələr namizədi, elmlər doktoru olub, bununla yanaşı övladlarını böyüdürlər. Onlardan biri də Elmira Alxasovadır ki, əri ermənilər tərəfindən faciəli şəkildə öldürülüb.
Bu xanım kafedra müdirinin «yalançı, plagiat alim» olması ilə bağlı Ali Atestasiya Şurasına müraciət edib. Digər tərəfdən ümumiyyətlə insanı işdən çıxaranda, müəssisənin rəhbəri onu çağırar, səbəbini izah edər. Sadəcə əmri yazıb. 29 ilik zəhməti olan bir insanı lazımsız bir əşya kimi «bayıra atmaq» olmaz. Mənə ən çox təsir edən də məsələnin bu tərəfidir. Ümumiyyətlə, son altı-yeddi ildir ki, mən rektor Timurçin Əfəndiyevi görmürəm. Ona yaxınlaşmaq mümkün deyil ki, müəllimlər də öz dərd-sərlərini desinlər.

- Verdiyiniz açıqlamadan belə çıxır ki, təhsil müəssisələrində aparılan «antikorrupsiya tədbirləri» bir oyundur?

- Mən ümumiyyətlə müəllimin əlinin tələbənin puluna batmasını ən böyük günah, ən böyük haram hesab edirəm. Tələbələrimi də hər zaman, birinci növbədə insan olaraq yetişdirməyə, onların rüşvətxorluq kimi amillərə qarşı mübariz olmasına çalışıram. Bəzən öz pulumla onları muzeylərə, tarixi abidələrə aparmışam. Bu baxımdan da vicdanım o qədər rahatdır ki… Prezidentə müraciətimdə də bunları yazmışam. Yazmışam ki, təhsil sistemində 29 il vicdanla işlədiyimə görə mənə prezident təqaüdü verilsin.

- İşdən çıxarılmağınızla bağlı Türkiyədən də sizə dəstək gəldi.

- Mən Türkiyədə çap olunan böyük bir jurnalın «Fikir, Sənət və Ədəbiyyatda törə»-nin Azərbaycan təmsilçisiyəm, 2 dəfə üç saatlıq verlişlə Türkiyədə Azərbaycan mədəniyyətini təmsil etmişəm. Məni işdən çıxararkən əslində bu da nəzərə alınmalıydı. 300 səhifəlik «Həsən bəy Zərdabi və Azərbaycan mədəniyyəti» adlı elmi-tədqiqat əsərinin müəlifiyəm. «Mikayıl Müşfiq sevgisi» məqaləm Hollandiyada «ilin yazısı» seçilib. Yazılarımın çap olunduğu «Yeni Çağ» qəzetinin köşə yazarı Mustafa Aslan, «Fikir, Sənət və Ədəbiyyatda törə» dərgisinin sahibi Ömər Farux Beycəoğlu da dövlət başçısına müraciət ediblər. Onlar mənə də müraciət edirlər ki, gedib, orada işləyim. Tula və Moskavadan iş adamları hesab nömrəmi istəyiblər ki, yardım etsinlər. Əlbəttə ki, bunlar mənim soyadımla bağlıdır. Onların hamısına öz təşəkkürümü bildirirəm.

- Hüquqlarınızın bərpası üçün prezidentə müraciət etmisiz? Başqa addımlar da atmaq fikriniz varmı?

- Prezident Administrasiyasının rəhbəri Əli Həsənova, Ombudsman Elmira Süleymanovaya müraciət etmişəm. «İnsan Hüquqları Bəyannaməsi»ndə hər bir şəxsin işləmək hüququ təsbit olunub. Azərbaycan da həmin bəyannəməni qəbul edib. Ona görə də, xahiş edirəm ki, mənim hüquqlarım müdafiə olunsun. Əks təqdirdə Avropa Məhkəməsinə də müraciət etmək fikrim var.

- Yeri gəlmişkən, Həsən bəy Zərdabinin törəmələri haqqında bir qədər məlumat verərdiz.

- Onun qızlarından biri – Pəri xanım Azərbaycan Parlamentinin birinci sədri Əlimərdan bəy Topçubaşovla ailə qurub. Onların iki qızı hazırda Türkiyədə yaşayır. Keçmiş mədəniyyət naziri, bəstəkar Rauf Hacıyev də Zərdabinin nəvəsi sayılır. Çünki, Zərdabinin ailə qurmayan qızı Qərib Sultan xanım onu dörd yaşından götürüb, saxlayıb. Bir məsələni də demək istəyirəm, mənim nənəm Rəbiyyə Mirzəxanova Zərdabi Azərbaycanda ilk qadın qəzet redaktoru olub.

- Mətbuatımızın banisi kimi Zərdabiyə verilən qiymət sizi qane edirmi?

- Doğrudur, prezident İlham Əliyev Zərdabinin yubleyinin keçirilməsi ilə bağlı fərman verib. Amma mən onun adının Gəncə Dövlət Universitetinə qaytarılmasını çox istəyirəm. Digər tərəfdən Azərbaycanda teatrın əsasını qoyan bir adama teatrlarımızdan birinin adı mütləq verilməlidir. Niyə universitetlərdən birinə onun adı verilməsin?

- Zərdabinin məzarının bir neçə dəfə dəyişdirilməsi məsələsi də mətbuatda yer alıb...

- Zərdabinin məzarı üç dəfə dəyişdirilib. Qərib Sultan xanım buna etiraz edərək, yeddi il onun sümüklərini sumkada öz evində saxlayıb. Belə deyək ki, Zərdabiyə bu ölkədə yer olmayıb. 1950 - ci illərdə Respublika üzrə Zərdabinin yubileyinin keçirilməsi qərara alınıb. Kommunist Partiyasının baş katibi Şıxəli Qurbanov məzarın düzəldilməsi haqda qərar verib. O zaman məlum olub ki, Zərdabinin məzarı yoxdur.
Zərdabişünas alim Abbas Zamanov Qərib Sultan xanımın yanına gələrək, Zərdabinin sümüklərini istəyib. O, isə onlara acıqla cavab verərək, sümükləri verməyəcəyini bildirib. Oğlu Rauf Hacıyevin xahişindən sonra Qərib Sultan nənə sümükləri verib. Şıxəli Qurbanovun xidmətləri nəticəsində Zərdabi Fəxri Xiyabanda yenidən basdırılıb.

- Rəbiyyə xanım öz ailəniz haqda da məlumat verərdiz.

- Həyat yoldaşım faciəli şəkildə vəfat edib. İki övladım var. Qızım Nərgiz Türkiyədə yaşayır, ailəlidir. «TRT-Avaz»-ın Azərbaycan şöbəsində çalışır. Oğlum da Azərbaycan Televiziyasında səs rejissorudur.

Xatirə Nəsirli

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.









3 İyul, 2012  16:18 Baxılıb: 3589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner