Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NAİLƏ BAĞIROVA: “POLISDƏN ZƏHLƏLƏRİ GEDİR, JURNALİSTLƏRİ SEVİRLƏR” - FOTOSESSİYA

.

Onun jurnalistikaya gəlişi azadlıq uğrunda mübarizənin başlandığı illərə təsadüf edir. Nailə Bağırova meydan hərəkatının yetişdirdiyi jurnalistlərdən biridir. Mühəndis ailəsində böyüsə də jurnalist olmaq arzusunu gerçəkləşdirib. Peşəsinə vurğunluğunu sezmək çox asanddır. “Azadlıq” qəzetində, “Turan” informasiya agentliyində, “Azadlıq” və BBC radiolarında çalışıb. Hazırda “Reuters” informasiya agentlyinin müxbiri və ann.az saytının redaktorudur.

“Deyirdilər ki, bu nə sənətdir, ona-buna diktafon, mikrafon tutacaq”

Bütün fənləri yaxşı oxuyurdum. Mənim texniki, ya da tibb elmləri üzrə ixtisaslaşacağımı düşünürdülər. Jurnalist olacağımı 10-cu sinifdə qərarlaşdırdım. Elə bir zaman idi ki... Söhbət ötən əsrin 80 illərindən gedir. SSRİ jurnalistikasında dəyişiklik baş verdi. Xəbərlərdə diktorları jurnalistlər əvəzləməyə başladı. Telejurnalistlərdən ən çox Tatyana Mitkovanın maneraları, özünü aparmağı, xəbəri təqdim etmə formalarını bəyənirdim. Buzlar ərimişdi və jurnalistlərin təqdimatında xəbərlər insanlarda yeni ruh yaradırdı. Məhz, xəbər jurnalistikası ilə məşğul olmağı çox istəyirdim.
Məqalələrin müəyyən nəşrlərədə çıxması jurnalistika fakültəsinə qəbul olmağın başlıca şərti idi. 10-cu sinifdən “Azərbaycan gəncləri” qəzetində sosial mövzulara aid yazılarım çap olunmağa başladı. Sosial mövzular mənə hər zaman yaxın olub. Burda araşdırma aparırsan, kiməsə kömək edirsən.
Ailəmizdə jurnalist olmağıma heç kəs etiraz etmədi. Düzdür, çox uzaq qohumlarımız deyirdilər ki, bu nə sənətdir, ona-buna diktafon, mikrafon tutacaq. İndi həmin qohumalar mənə zəng edib problemlərinin həllində kömək istəyirlər və deyirlər, nə yaxşı ki, jurnalist oldun (gülür).

“Birinci kursdan tələbə hərəkatı ilə bərabər meydanlara yürüdük”



1988-ci ildə Bakı Dövlət Universitinin jurnalistika fakültəsinə qəbul olundum. Azərbaycanda müstəqillik uğrunda hərəkat başladı. Birinci kursdan tələbə hərəkatı ilə bərabər meydanlara yürüdük. Rektorumuz Yahya Məmmədov başda olmaqla, BDU-nun tələbələri İstiqlaliyyat küçəsində irəliləyirdi. Sabir heykəlinin qarşısında polislər qarşımızı aldı. Yadmıdadı, Yəhya müəllim belə bir söz dedi: “əvvəlcə məni vuracaqsız, sonra tələbələrimi”. Azadlıq meydanını aldıq. Ondan sonra hər gün fakültəmizin tələbələri ora yığışar, müzakirələr aparardıq.
“Молодёж Азербайджана” qəzetinin redaktoru Nəcəf Nəcəfov yazmağa meyli olan gəncləri qəzetə işə götürdü. “Azadlıq” qazetinin o zamankı kollektivini də Nəcəf bəy meydandan toplamışdı. Məni isə ora “Azadlıq” qəzetində redaktor müavini çalışan Rövşən Əliyev gətirdi. Qazetinin bir, iki və yeddinci səhifələrini hazırlayırdım. İlk qonorarıma ikikasetli maqnitafon aldım. Üçüncü kursda oxuyurdum, amma hamıdan çox qonorar alırdım, əməkhaqqım 1000 rubldan aşağı olmazdı. Bizə əməkhaqqı veriləndə Elçin Səlcuq hirslənirdi ki, dünən yox sırağa gün jurnalistikaya gəlib məndən çox əməkhaqqı alır (gülür).
Atəşkəsin 10 illiyi ilə bağlı BBC-də bir reportaj hazırlamalı idim. Reportajı BDU-dan “stand up”la başlayacaqdım. Maraqlıydı, 10 il bundan əvvəl BDU-nun tələbələri azadlıq uğrunda mübarizədə ayağa qalxmışdı. Bəs indi nə düşünürlər? Hətta tarix fakültəsinin tələbələri də ATƏT-in Minsk qrupunun missiyası barədə məlumatlı deyildilər. İndiki tələbələrdəsə siyasi fəallıq yoxdur, daha çox şou-bizneslə maraqlanırlar.

“Əvvəl çox utancaq olmuşam”



İlk məqaləmi Fərhad Tapdığoğlu ilə yazdım. Mərkəzi Seçki Komisiya sədrinin mətbuat konfransı idi, ilk sualımı da orda verdim. Ümumiyyətlə, mən indi belə açıq danışıram, əvvəl isə çox utancaq olmuşam.
1992-ci il “Azadlıq” qəzetinin məşhur zamanı idi. Yarım milyon tirajla çıxırdı. Satışı çox yaxşı idi, bir nömrəsi də qalmırdı. “Azadlıq” Azərbaycan Xalq Cəbhəsinin mətbu orqanı olasa da bizdən çox onun hakimiyyətini tənqid edən yox idi. Görüşlərin birində Pənah Hüseyn dedi ki, bizi siz yıxdız. Universitetdə yaxşı müəllimlərimiz var idi. Mühazirələrində azadlıq ruhu duyulurdu. Onların dərsindən böyük həzz alırdım. Bəzi müəllimlərimiz isə nə qədər gülməli olsa da köhnə, saralmış kağızlardan dərs keçir, Lenindən sitatlar gətirirdi. Fəal müxbir idim. Tədbirlər, müsahibələr - bir də ayıldım ki, diplom işi yazmalıyam, iki ay qalır. Diplom rəhbərim Cahangir Məmmədli dedi ki, bizim heç bir tələbəmizin sənin qədər yazısı çıxmayıb. “Komersant”da, “Komsomolka”da da yazılarım dərc olunmuşdu. “Azadlıq” radiosuna reportajlar verirdim. Ünlü insanlarla müsahibələrimi də topalayıb, sərbəst mövzu kimi gətirdim. ..Və ilin ən yaxşı diplom işi sayıldı.
1993-cü ildən “Turan” informasiya agnetliyində çalışırdım. “Azadlıq” qəzetində peşəkar müxbir kimi yetişsəm də nail olduqlarımı “Turan”a borcluyam. Xəmirim “Turan”da yoğrulub. Agentliyin direktoru Mehman Əliyev ən qaynar, ekstrimal nöqtələrə həmişə məni göndərərdi. Kişi jurnalistlər deyəndə ki, niyə Nailəni göndərirsən, cavab verirdi ki, jurnalistikada qadın kişi olmur, hamınız jurnalistsiz. Bəxtim gətirib ki, həmişə müstəqil KİV-lərdə çalışmışam. Bu baxımdan, BBC böyük məktəbdir. Hələ tələbə olanda orda çalışmağımı arzulayırdım. Atam həmişə həmin radionu dinləyirdi. 2002-ci ildə müsabiqə yolu ilə BBC-yə işə düzəldim və Bakı ofisi bağlanana qədər orda çalışdım.

“Nişanlanana qədər yoldaşımın üzünü görməmişəm”



Həyat yoldaşım tarix elmləri doktoru Aydın Balayev məni “Azadlıq” qəzetində işlədiyim vaxt tanıyıb. O “Qurtuluş” jurnalının redaktoru idi. Çox iş olurdu, evə gec gedirdik. Düzünü deyim ki, nişanlanana qədər o insanın üzünü görməmişəm (gülür). Halbuki biz çox vaxt bir redaksiyada olmuşuq. Sadəcə başım işə qarışdığından o insanı duymamışam. Bəlkə də ailə qurmaq mənim üçün o qədər də əhəmiyyətli olmayıb deyə, diqqət yetrmirdim. Bəxtim gətirib ki, pis adama rast gəlmədim. İki övladım var. Oğlum Amerikada gen mühəndisiliyini oxuyur. Qızım auditor olmaq isəyir. Necə ki, ailəmdə jurnalistikaya yaxın peşə sahibləri olmayıb, eləcə də uşaqlarım hərəsi tamam fərqli sənət seçiblər. Yoldaşım jurnalist olduğumu bildiyi halda mənlə evlənib. Yəni, onu qarşıda nələr gözlədiyini bilirdi (gülür). Hər zaman dözümlülük ifadə edib. Müəllim və ya həkim qadının gəlib evində yemək hazırlamaq imkanı varsa, jurnalist bilməlidir ki, buna vaxtı yoxdur və xörəyini axşamdan bişirməlidi. Əsas odur ki, ailəyə məsuliyyətlə yanaşıb işini planlaşdırasan. Təbii ki, adamın həyat yoldaşı da evdə ona yardımçı olanda heç bir çətinlik yaranmır. Yoldaşım, uşaqların dərsləri ilə maraqlanır, yazılarımda çox məsləhətlər verir, onun bilikərindən həmişə faydalanıram. Amma bəzən dostlarımla münasibətlərimi korlayır (gülür). Çünki jurnalist dostlarım ondan müsahibə almaq istəyir, o isə razılaşmır. Onda xanımlar məndən inciyir. Onu da məcbur etmək olmaz, bu onun özəl həyatıdır. Görəndə ki, çox inciyirlər, zarafatla deyirəm ki, istəyirsiz ayrılım. Gülüb, deyirlər ki, ayrılma, başqa adamdan gedib müsahibə götürərik.

“Bu dəqiqə cəmiyyətin çata biləcəyi yeganə zümrə jurnalistkadır”

“Azadlıq”da işlədiyim dövrdən bir epizod danışım: Mənə diktafon verib rus səfirliyi ilə müsahibəyə göndərdilər. Diktafonu işlədə bilmədim, verdim səfirə o da qurdaladı. Beləliklə, o diktafonu səfirlə bərabər qırdıq (gülür). Ondan sorna neçə ildir jurnalistikadayam həmişə məumatları kağızda qeyd edirəm. Bu, mənə həmin müsahibədən sonra miras qalan xüsusiyyətdir.
Amma radioda əl yazısı keçmir. BBC-də çalışanda böyük çantada kamerayla gəzirdim. İki diktafondan istifadə edirdim. Bir dəfə təsadüfən diktafonun biri qoşulub. Dükandayam, dükan sahibi də soruşur ki, qəribə səs gəlir, sizin çantanızda televizor var? Dedim yəqin dikatafon qoşulub, çıxarıb bağladım. İndi bu oğlan məndən pul almır ki, siz jurnalistsiz, bizim problemlərimizi həll edirsiz. Siz olmasaz bizi sayan olmaz. Deyirəm, ay qardaş, nə olsun jurnalistəm, al pulunu.
Sadə insanlarla ünsiyyət qura bilirəm. Onların dedikləri mənə daha maraqlı görünür, nəinki məmurların fikirləri. Deyirlər, insanlar iki peşə sahibindən çəkinir: jurnalist və polislərdən. Deyərdim ki, polisdən zəhlələri gedir, jurnalistləri isə sevirlər.
Sadəcə bir qədər inam problemi olur. Jurnalistlər sadə vətəndaşdan müsahibə alıb bunu işıqlandırmır. Ona görə cəmiyyətdə jurnalistlərə satılmışlar kimi baxanlar var. Amma izah edəndə ki, sən nə desən onu verəcəm, onda insanlar yumşalır, bütün dərdlərini danışırlar.
Bəzi media orqanlarında jurnalistin məmura sual vermək hüququ da yoxdur. Xahiş edirlər ki, siz sualı verin biz cavabı çəkib efirə yayımlayaq. Yəni sabah heç kəs bizim redaksiyaya zəng edib deməsin ki, sənin jurnalist hökümətə xoş olmayan sual verdi. Amma hər bir jurnalist qəlbində həqiqəti deməyə can atır, çalışdığı media qurumunun imkan verdiyi qədər informasiyanı ötürür. Bu dəqiqə cəmiyyətin çata biləcəyi yeganə zümrə jurnalistkadır. Jurnalistlər olmasa insanların həyatı çox çətin olar. Çünki az-çox onlara yardım edirik. Onlar bunu başa düşürlər sadəcə jurnalistin səmimi yanaşmasını duyana qədər ehtiyat edirlər. Səmimiyyəti duyanda baryerlər də yox olur.

Arifə Mikayılova (“Simsar” Jurnalı)






22 İyun, 2012  18:27 Baxılıb: 2821 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner