Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TƏRANƏ MURADOVA: “AZƏRBAYCAN QADININA RƏQS EDƏRƏK STOLA YAXINLAŞMAQ YARAŞMAZ”

/

Xalq artisti Təranə Muradovanın milli rəqslərimizin inkişafında əvəzsiz xidmətləri danılmazdır. Onun yaratdığı hər bir rəqs özlüyündə sanki bir rəssam əsəridir. Ürəyinin gözəlliyi xarici görünüşünə sirayət edən qonağımla ilk dəfə idi canlı ünsiyyət qururdum. İnanın, bu söhbətdən pozitiv enerji almamaq mənim üçün qeyri-mümkün idi. Təranə xanımla olan “duzlu” söhbəti oxuyun və ən az siz də mənim kimi pozitiv enerji almağa müvəffəq olun...

“Zoluşkanın taleyini yaşamaq istəyirdim”

- Uşaqlıqdan baletə böyük həvəs göstərirdim. IV sinifdə oxuyanda bacım məni xoreoqrafiya məktəbinə yazdırdı. Bacımdan başqa, qalan ailə üzvlərimiz bu sənətə ciddi baxmırdılar. Ən çox da anam istəmirdi ki, mən rəqslə məşğul olum. Mənim daha ciddi sənətin sahibi olmağımı istəyirdi.
- Baletdə sizi özünə cəlb edən nə var idi?
- Anam və bacımla tez-tez Opera və Balet Teatrına gedirdik. Burdan məndə baletə böyük maraq yaranmışdı. Televizordan həmişə baletə tamaşa edirdim. Rusiyanın məşhur balerinaları Qalina Ulanova, Maya Plisetskaya və digərlərinin çıxışlarına həvəslə baxırdım. Məni ilk növbədə özünə cəlb edən onların geyimləri idi. “Zoluşka” baletinə daha da həvəslə baxır və istəyirdim ki, mənim də onunku kimi geyimim olsun. Mənə elə gəlirdi ki, hər balerin və balerina bir rəssamdır, rəqs hərəkətləri ilə sanki rəsm çəkirlər.
- Heç Zoluşkanın taleyini yaşamaq istəyirdiz?
- Hansı qız istəməz. Nağılda Zoluşkanın taleyi xoşbəxt sonluqla bitir.
- Arzunuza çatdız?
- Uşaqlıqda nəyi çox arzu edirdimsə və o arzunun yerinə yetəcəyinə möhkəm inanırdımsa, həyata keçirdi. Yaşa dolduqca başa düşdüm ki, inam insanda çox güclü qüvvədir. Mən Allaha dəhşət inanan insanam. Özümü dərk edəndən bu günə kimi təkliyimdə həmişə Allahla sanki ünsiyyətə girirəm. Ürəyimdən keçən niyyətlərimi onunla bölüşürəm. Onu dərk edirəm ki, insan Allahdan hər hansı diləyinin həyata keçməsini istəyəndə gərək təmiz ürəklə diləsin.
- Böyük səhnələrə çıxmaq üçün sizə xüsusi dəstək olan insan olub?
- Sənətimlə bağlı heç vaxt xüsusi olaraq kimlərinsə tapşırığı ilə mənə yol açmayıblar. Çünki tapşıranım da olmayıb. Orta məktəbdə də oxuyanda bəzi valideynlər kimi anam məni hansısa müəlliməyə xahiş-minnətlə tapşırmayıb. O, inanırdı ki, mənə verdiyi tərbiyəni düzgün şəkildə doğrulduram. Mən öz əqidəmə və istedadıma güvənən insan olmuşam. Amma mənim istedadımı görüb, məhz bundan yana dəstəkləyən insanlar olub. O insanlar mənə ruh yüksəkliyi veriblər. İnanıblar ki, mən peşəkar rəqqasəyəm və böyük səhnələri fəth etmək gücünə malikəm. Həmişə belə olub ki, istedadsız insanlar incəsənətin ələyində ələniblər. Tapşırıq ömürlük rol oynamır. İstedad və əmək olmasa insan böyük səhnələri fəth edə bilməz. Ümumiyyətlə, peşəsindən asılı olmayaraq, hər bir professional insan bu həyatda Allahın köməyi ilə özünə yer tapır.
- Müəllimləriniz kimlər olub?
- SSRİ-nin xalq artisti Leyla Vəkilova, Azərbaycanın xalq artisti Xumar Zülfüqarova. İndi yadıma düşəndə birtəhər oluram. O vaxtın müəllimləri də ciddi idilər, sənətə də eyni gözlə baxırdılar. Şagirdləri də bu ruhda öyrədirdilər, sənətin ciddiliyini, gözəlliyini aşıyırdılar. Biz onlardan yaxşı bəhrələnməyə can atırdıq. Amma indiki gənclər sənətə daha çox pul qazanmaq mənbəyi kimi baxırlar. Bəziləri isə sənətə şöhrət xatirinə gəlirlər. Onlar sanki yağışdan sonra çıxan göbələk kimidirlər. Mən başa düşürəm, hər kəs oxumaq, rəqs etmək istəyir. Bəlkə də onlar güzgüyə baxanda öz özlərinə necə gözəl oxuyub, oynadıqlarını düşünürlər. Amma peşəkarlıq başqadır. Peşəkarı xalq seçir və düzgün qiymət verir.

“Bizdə restoran şousu çox aşağı səviyyədədir”

- Niyə indiki rəqqasələr sənət göstərməkdən çox, söz davasına çıxırlar?
- Mən şou-biznesdən uzağam. Peşəkarlıqla şou-biznes bir-birinə ziddir. Söz davasına çıxan rəqqasələr peşəkarlıqdan uzaqdırlar. Ola bilər ki, adi adamlardan yaxşı rəqs edirlər, 1-2 rəqs elementi bilirlər. Amma onlar özfəaliyyətdir. Bu baxımdan da şou-biznes nümayəndəsi olub, daha çox qalmaqal edirlər. Məsəslən, mən o ananı başa düşmürəm ki, övladı istedadsız olduğu halda, öz istəyi ilə çalışır qızı ya müğənni, ya da rəqqasə olsun. Elə analara başa salmaq istəyəndə ki, qızınız peşəkar rəqqasə ola bilməyəcək, başa düşmək istəmirlər. Beləcə, övladlarının taleyini korlayırlar. Mənim nəzərimdə kim hansı peşədə peşəkardırsa, o işlə məşğul olmalıdır.
- Sizcə həmin özfəaliyyət rəqqasələr efirlərdə söz savaşına çıxmaqla, reklam olunmaq istəmirlərmi?
- Bu da var. Üstəlik də onlar reklam olmaqla reytinq qazanıb, restoranlara işə dəvət alıb, pul qazanmaq istəyirlər. Əvvəl onları belə etmələrinə görə qınayırdım. Sonra düşündüm ki, bəlkə onlar pis yaşayırlar, maddi durumları xoş deyil deyə, restoranlarda oynamaqla pul qazanmaq istəyirlər. Mən onları artıq qınamıram. Amma onlara peşəkər rəqqasə də deyə bilmərəm. Bizdə restoran şousu çox aşağı səviyyədədir. Hansı restorana gedirsən eyni rəqslərə tamaşa edirsən. Bir də, bir məqam xoşuma gəlmir. Bəzi restoran rəqqasələrinin bizim cövhərimiz olan milli rəqslərimizi çox aşağı səviyyədə restoranlarda ifa etmələri yaxşı hal deyil. Hansı ki, o rəqsləri vaxtilə Əminə Dilbazi, Roza Cəlilova və başqaları böyük səhnələrdə ifa ediblər. Bir sözlə, özfəaliyyət rəqqasələr başa düşməlidirlər ki, restoran səhnəsi professional səhnə deyil. Bir də qeyd edim ki, restoranda oriyental rəqs edən xanımların rəqs edə-edə stollara yaxınlaşıb pul yığmalarına pis baxıram. Məncə hər hansı bir qadın bu cür ucuzluğa getməməlidir. Azərbaycan qadınına belə şey yaraşmır!
- Ümumiyyətlə, niyə bu gün rəqqasəlik peşəsinə ciddi yanaşmırlar?
- İnanın ki, bizim də vaxtımızda belə idi. Hətta söhbətimizin əvvəlində bunu qeyd etmişdim ki, anam bu səbəbdən rəqqasə olmağımı istəmirdi. Amma mən ona sübut etdim ki, rəqqasəlik heç də asan peşə deyil. O vaxt anama dedim ki, mən öz istedadımla böyük səhnələri fəth edəcəm, tanınmış sənətkar olacam və dünyanın tanınmış sənətkarları ilə dostluq münasibətim olacaq. Mən öz sənətimə ciddi yanaşmağımla bunu sübut etdim. Azərbaycanda bu sənətə qeyri-ciddi yanaşma halı mənə toxunur. Axı bizim peşəmiz kənardan göründüyü kimi asan deyil. Hərdən mənə deyəndə ki, nə xoşbəxtsən, öz sənətinlə dünyanı gəzirsən, səhnədə 1-2 hərəkət etməklə işini görürsən. Belə fikirlər məni qəzəbləndirir. Axı belə danışanlar haqlı deyillər. Rəqs sənəti 1-2 hərəkətlə bitsəydi, nə vardı ki. O adamlar bilmirlər ki, biz peşəkar rəqqasələr hər hansı bir rəqsi hazırlayarkən günlərlə onun üzərində çalışırıq ki, səhnəyə çıxıb təqdim edəndə nöqsanımız olmasın. Bir hərəkəti dəfələrlə təkrarlayırıq, üzərində ciddi çalışırıq. Xarici ölkələrdə rəqqasəlik sənətinə çox ciddi yanaşırlar və heç də asan saymırlar. Məsələn, Yaponiyada bu sənətə elə böyük hörmət qoyurlar ki, rəqqasələrin qarşısında baş əyirlər.

“Roza Cəlilovanın qardaşı olduğunu bildirməmişdi”

- Siz sənətə balerina olmaq həvəsi ilə gəlmisiz. Necə oldu ki, milli rəqslərin ifaçısı olduz?
- Baletdə belə bir element var – ayaq barmaqlarının ucunda rəqs etməlisən. Mən nə qədər çalışsam da bu, məndə alınmadı. Ona görə milli şöbəyə keçdim. O vaxt Leyla xanım mənə dedi ki, səndən yaxşı balerina olardı, heyif ki, alınmadı. Açığı, milli şöbəyə keçməyimə peşman olmadım. Çünki vaxt keçdikcə milli rəqslərə meylim daha da artdı. Orda bizə milli rəqslərimizlə yanaşı, bir çox ölkələrin də milli rəqslərini öyrədirdilər. Xoreoqrafiya məktəbini bitirdikdən sonra məni Dövlət Rəqs Ansamblına qəbul etdilər. 30 nəfərin içindən 2 nəfəri seçdilər. O vaxt Moskvaya getmək, orada çalışmaq istəyirdim. Amma elə oldu ki, taleyim dəyişdi və Bakıda qalası oldum.
- Belə başa düşdüm ki, ailə qurduğunuza görə qaldız.
- Düzdür. Yoldaşım xalq artisti Roza Cəlilovanın qardaşıdır. Filarmoniyaya yenicə işə girmişdim. Roza xanımın anası filarmoniya ilə üzbəüz yaşayırdı, hansı ki, indi mən orda yaşayıram. Mən işə gələndə yoldaşım məni görmüşdü. Bundan sonra bir neçə dəfə işə gələrkən rastlaşmışdıq. Sonra Roza xanımdan soruşub ki, filarmoniyaya bir qız gəlir. O, kimdir? O da cavab verib ki, Dövlət Rəqs Ansamblında çalışır. Bir gün yaxınlaşdı, mənimlə söhbət etməyə başladı. Beləcə tanışlığımız başladı. Hər dəfə konsertə gəlirdi. Tez-tez filarmoniyada görüşürdük. Beləcə, aramızda münasibət yarandı. Amma Roza xanımın qardaşı olduğunu bildirməmişdi. Artıq münasibətimiz dərinləşəndə dedi. Sonra ailə həyatı qurduq. İki övladımız var-qız və oğlan. Qızımın 25, oğlumun 23 yaşı var.
- Sizə baxanda adamın ağlına gəlmir ki, o yaşda övladlarınız olar. Cavan qalmağınızın bir sirri varmı?
- Hər şey insanın qəlbinin təmizliyindən asılıdır. İnsan nə qədər təmiz niyyətli, saf düşüncəli, Allaha bağlı olarsa, bu, onun xarici görünüşündə özünü büruzə verər.
- Birbaşa xalq artisti fəxri adına layiq görülməyiniz sizdə hansı hissləri yaşatdı?
- 1998-ci il idi. Maya Plisetskaya Bakıya gəlmişdi. O axşam onun Heydər Əliyev Sarayında tamaşası var idi. Mən tamaşaya gəlmişdim. Bu vaxt mötəbər bir yerdə işləyən şəxs mənə yaxınlaşıb təbrik etdi. İnanmadım. Soruşdum, bəlkə əməkdar veriblər? Dedi ki, yox, saat 5-də xəbərlərdə eşitmişəm. Birbaşa xalq artisti adı ilə təltif olunmusuz. Tamaşadan evə qayıdanda gördüm qonşularımdan biri əlində qızılgül mənə sarı gəlir. Çatanda gülü verib, o da təbrik etdi. Onun da dediyinə inanmadım. Ona görə də gecə 12-nin xəbərlərini gözləmək qərarına gəldim. Xəbərlər gedəndə mətbəxtdə qabları yuyurdum. Fəxri adlar oxunan zaman adımı eşidəndə təsəvvür edin, özümdən asılı olmayaraq, sevincimdən möhkəm qışqırdım. O vaxt mənimlə bərabər Azər Zeynalov da birbaşa xalq artisti fəxri adına layiq görüldü. Qazandığım bütün uğurların başlıca səbəbkarı Allahdır. Mən Allahın böyüklüyünə, ədalətinə inanıram. Ona da inanıram ki, mən onun seçilmiş və sevimli bəndələrindənəm.
- Belə başa düşdüm ki, xoşbəxt insansız.
- Bəli, mən çox xoşbəxt insanam. Ona görə ki, Allah mənə şərəfli ömür verib. Mən həyatın çətinlikləri ilə də üzləşmişəm, çox ağır dönəmlər yaşamışam. Amma bunu Allahın sınağı kimi qəbul edib, naşükürlük etməmişəm. Çünki inanırdım ki, Allah gec-tez bu sınaqları bitirəcək. Mənə sadəcə səbr etmək qalırdı. Özümü ikiqat xoşbəxt sayıram ki, o çətinlikləri yaşamışam. Kimlərsə xoşbəxtliyi pulda, var-dövlətdə görürlər. Kimlərsə varlı olaraq məndən üstün ola bilərlər. Amma əminəm ki, mən qəlbən o cür insanlardan daha varlıyam!

“SİMSAR” jurnalı

 






21 İyun, 2012  19:21 Baxılıb: 2687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner