Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SƏİDƏ QULİYEVA: “SƏNƏT ADAMLARININ YAŞAM TƏRZİ AŞAĞI SƏVİYYƏDƏDİR” – MÜSAHİBƏ – FOTOSESSİYA

Bir çox obrazlardan tanıdığımız əməkdar artist Səidə Quliyevanın səmimi, sadə və ünsiyyətcil xasiyyəti xoş təsir bağışlayır. Onunla ad günü ərəfəsində apardığımız söhbətlərindən yansıyan müsbət əhvalı rubrikamızda sizlərə də çatdırmağa çalışdıq.



Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Şıxəli Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar yaradıb.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin "Atayevlər ailəsi" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə" tele-tamaşalarında Məleykə və s. kimi rollar oynayıb.
“Adam ol”, “Ağ atlı oğlan”, “Bəyaz həyat”, “Bizi bağışlayın”, "Fransız", “Günaydın, mələyim”, "Qayınana" əməliyyatı”, “Qeybdən gələn səs”, “Mən mahnı qoşuram”, “Yaramaz”, “Yerlə göy arasında”, “Yoxlama”, “Yollar görüşəndə” və başqa filmlərdə rol alıb.


“Adil müəllim aktrisalığımı bəyənmədi”

Düşünürəm ki, anadan olandan bu sənətə sevgi də mənimlə bərabər doğulub. O vaxtlar insanlar mədəniyyətə, musiqiyə çox bağlı idi. Orta məktəbdə oxuyanda teatrın 100 illik yubileyi münasibətilə Leyla Bədirbəyli və İsmayıl Dağıstanlı bizimlə görüşə gəlmişdi. “Vaqif” tamaşasından bir parça ifa etdik. Leyla xanım mənə gözəl sözlər dedi. Bir məktəb şagirdinin elə də böyük bacarığı yoxdur, amma xoş sözlər stimul verdi. Aktrisa olmaq istəyimi heç kəsə bildirmirdim, çünki qorxurdum. Evdə desəydim, münaqişə yaşanacaqdı. O dövrdə aktrisa olmaq böyük risk idi. 10-cu sinifi bitirəndə qəti qərara gəldim. Əslində, Tibb İnstitutuna hazılaşırdım. İncəsənət İnstitutuna imtahanlar tez başladığına görə səndlərimi ora verdim. Düşünürdüm ki, qəbul olmasam sənədlərimi yenidən Tibb İnstitutuna verərəm. İncəsənət İnstitutuna yaxşı qiymətlərlə qəbul olundum. Məhz rejissor Adil İsgəndərovun kursuna düşməyim də böyük uğur oldu. Adil müəllim üç il aktrisalığımı bəyənmədi. Çünki həddindən artıq gərgin idim. Tələbəykən səhnəyə çıxanda özümü çox narahat hiss edirdim. Amma dörüdüncü kursda başa düşdüm ki, bu gərginlik məni məhvə aparır. İçimdə olanı üzə çıxara bilmirdim. Sonuncu kursda Süleyman Sani Axundovun “Eşq və İntiqam” əsərində Həcər rolunu ifa etdim- bu rolu birdə 22 ildən sonra Milli Dram Teatrının səhnəsində oynadım. Şekspirin “On ikinci gecə” əsərində isə Mariyana obrazında çıxış etdim. Ondan sonra Adil müəllim məni bəyəndi.
İncəsənət İnstitutuna qəbul olunduğumu anam bilsə də, atamdan gizlətdik. O, bunu altı aydan sonra bildi. Əvvəldə aktrisa olmağımı istəmirdi. Sonralar akrtisa kimi tanınanda atam mənimlə fəxr edirdi.

“Səhnədə həyəcandan çənəm əsdi”

1978-ci ildən Akademik Milli Dram Teatrının truppasında çalışıram. Nurəddin Mehdixanlı ilə eyni gündə təyinatla teatra gəldik. Villiam Şekspirin “Heç nədən hay-küy” əsərində baş rol aldım. Səməndar Rzayev, Fuad Poladov, Vəfa Fətullayeva, Hamlet Qurbanov, Hamlet Xanızdə, Rəfael Dadaşov kimi böyük sənətkarlarla tərəf müqabili oldum.
İlk dəfə idi geniş tamaşaçı qarşısına çıxırdım. Səhnədə həyəcandan çənəm əsdi. İlk sözü deyə bilmədim. Rəhmətlik Vəfa Fətullayeva çox həyacanlı olduğumu görüb, mətnimin sözünü öz dialoquna uyğunlaşdıraraq dedi. Ondan sonra cəsarətləndim. İndinin özündə də həyəcan var. Amma bu tərcrübəli həyəcandır. Tamaşa oynamaq hər gün aktyorun ömründən alır, çünki stress keçirirsən. Tamaşaçı hiss eləmir, deyir nə yaxşı oynadı. Daxildə olan həyəcanı heç bir dillə ifadə edə bilmirəm, bunu bəlkə də yalnız sənət adamları hiss edir...
Sənətimi sevirəm, amma ailəm mənim üçün hər zaman birincidir. Əgər yoldaşım aktrisa olmağıma icazə verməsəydi, razılaşardım. Amma yaxşı ki, belə olmadı. Biz ailə quranda tanınmış aktrisa idim. O da sənət adamı idi, məni tanıyırdı. Sevdiyim işim, ailəm və övladım var. Yoldaşım sənətimə böyük önəm verir və həmişə mənə dəstək olur.

“Deyirlər ki, mənfi obrazlarda oynamayım”

Biz insan talelərini canlandırırıq. Hər rolda jestlər, səs tembri kimi özünəməxsus ştrixlərin olması da təbiidir. Yalnız bunlarda uyğunluq var. Amma insan taleləri müxtəlif olduğu kimi obrazlar da fərqlidir. Sənətkar o müxtəlifliyi tamaşaçıya çatdıra bilirsə, o zaman xoşbəxtdir.
Teatrda bütün verilən rolları qəbul edirəm, çünki bu mənim işimdi, imtina etməyə ixtiyarımız yoxdur. Amma kino və televiziya tamaşalarında seçimlərim olur. Məsələn, şit qadın obrazları təklif olunarsa oynamaram. Rol mənə uyğun gəlmirsə, aktrisa kimi yaradıcılığıma xələl gətirirsə imtina edirəm. Tamaşaçını təəssüfləndirmək çox asandı, qəlbini fəth etməksə çətin. Məncə, tamaşaçı sevgisini qorumaq lazımdır. Tamaşaçı aktyoru həyatda olduğu kimi, fərdi xüsusiyyətləri ilə birlikdə sevməyə çalışır. Çox vaxt xahiş edirlər ki, mənfi obraz oynamayım. Deyirlər ki, sizə xanım-xatun rollar yaraşır (gülür). Amma mən anlatmağa çalışıram ki, aktrisayam mənfi obrazları da oynamalıyam. Səhnədən düşəndə onsuz da adi insan kimi sizlərdən biriyəm.

“Mən indiki gəncliyi sevirəm”

Xəzər televiziyasında çəkildiyim “Aramızda qalsın” serialındakı kollektivlə sanki bir ailəyik. Ordakı insanları özümə yaxın bilirəm. Günümün çox hissəsi ordakı çəkilişlərdə keçir. Ora toya, bayrama getdiyim kimi gedirəm (gülür). Özümü pis hiss elədiyim zamanlarda da oranın aurasını duymaq yetərli olur. Xoş münasibət məni sağaldır, ürəyimdə sevinc yaradır. Hiss edirəm ki onlar məni sevir, mən də onları sevirəm. Heyətə çox alışmışam. Əksəriyyəti də cavanlardı. Belə yaxşı gənclər olduğunu görəndə çox sevinirəm. İndiki gənclik haqqında bəziləri mənfi fikir yürüdür. Bu yanaşmadan xoşum gəlmir. Mən indiki gəncliyi sevirəm. Sadəcə insanlarla münasibət qurmağı bacarmaq lazımdı. İnsanlarla dil tapmağı bacarıram. Bəyənmədiyim adamlar olanda sadə münasibət qururam. Rəfiqələrimdən mənə xəyanət edənlər olub. Sevdiyim insanlardan pislik görəndə uzaqlaşmışam. Məndə kobudluq yoxudur. Çünki heç kəsə kiminsə qəlbini qırmağa ixtiyar verilməyib. Şəxsən heç kimin şəxsi həytına qarışan deyiləm. Kimsə müdaxilə edəndə həmin adamın, yaxşı mənada ağzından vururam.

“Teatrıda maaşımız azdır”

Çox istərdim ki, sənət adamlarına yaxşı qonarar verilsin. Teatrda maaşımız azdır. Səkkiz ildir hər həftə televiziyada verliş aparıram. Ordan da cüzi qonarar alıram. Sevdiyim işdir, amma bizdə hər şey cüzidir. Biz sənət adamlarının yaşam tərzi aşağı səviyyədədir.
Martın 5-də ad günümdür. Yeni yaşımdan əsas gözləntilərim can sağlığıdır. Oğlum indi 16 yaşının içindədi. Allahdan möhlət istəyirəm ki, onu ürəyim istəyən kimi böyüdüm. Bir də nəvə istəyirəm (gülür). Oğlum dünyaya gələndə bir jurnalist zəng vurdu və ən çox nə arzuladığımı soruşdu. Dedim, 70 il ömür istəyirəm ki, balamın balasını görüm. Bu, mənim üçün dünyada ən böyük səadət olar. Nə vaxtsa eşitsəniz, nəvəm var, bilin ki dünyanın ən xoşbəxt adamı mənəm.

Arifə Mikayılova
“SİMSAR” Jurnalı

 






16 İyun, 2012  17:09 Baxılıb: 5767 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner