Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DİLÇİLİK İNSTİTUTU ƏLİFBAYA DƏYİŞİKLİK EDİLMƏSİNİ İSTƏYİR

Fəxrəddin Veysəlov: «Onu dəyişməklə dilə xələl yetirmərik, əksinə kömək etmiş olarıq»

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlovun Simsar.az saytına müsahibəsi

- Ölkə prezidenti bir müddət öncə AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi texniki bazasının yüksəldilməsi, dilçiliyin tədqiqi və inkişafı ilə bağlı iki mühüm sərəncam imzalayıb. Sərəncamın icrası yönündə hansı addımlar atılır?

- Bu gün Dilçilik İnstitutunun qarşısında çox mühim vəzifələr durur. Dilçiliyin inkişafı ilə bağlı cənab prezidentin iki sərəncamı var: «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqanda» sərəncamda dilçiliyin inkişaf istiqamətləri çox aydın əksini tapıb. Digər sərəncamla prezident Dilçilik İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılması üçün 2 milyon manat pul ayrıb. Problem o qədər ciddidir ki, bizə həm maddi texniki bazanın yaxşılaşdırılması, həm kadr potensialının yaxşılaşdırılması, dilçilik sahəsində tədqiqatların səviyyəsinin yüksəldilməsi, Azərbaycan dilçiliyində dəyərli əsərlərin külliyat halında çap olunması, həmin əsərlərin xarici dillərdə, dünya dilçilik irsini özündə əks etdirən mənbələrin Azərbaycan dilinə tərcümə olunması, müxtəlif sahələrlə bağlı terminaloji, danışıq lüğətlərinin hazırlanması kimi məqsədlərimiz var. Tele-radio məkanında, cəmiyyətdə Azərbaycan dilinin danışıq normalarına riayət olunmalıdır. Bizim iki-üç dildə lüğətlərimiz olmalıdır. İndi Azərbaycan dili dünyaya rus dili deyil, öz gücünə çıxır. Bu mənada Azərbaycan dili günün tələbləri səviyyəsində tədqiq olunmalıdır. Bizim dilin başqa dillərlə fərqli cəhətlərilə yanaşı, oxşarlıqları da işlənilib hazırlanmalıdır.

- Xarici ölkələrdə dilçiliyin inkişafı, mühafizəsi necə təmin edilir?

- Avropa ölkələrində dilçiliyin mühafizəsi və inkişafı ilə ayrı-ayrı cəmiyyətlər məşğul olurlar. Onları bəzən turizm cəmiyyətləri adlandırırlar. Ötən əsrin əvvəllərinlə bizdə də belə cəmiyyətlər olmuşdu. Belə cəmiyyətlər dilin saflığı, inkişafı uğrunda mübarizə aparırlar. Bəzən həmin cəmiyyətləri dövlət və ya özəl şirkətlər maliyyələşdirirlər. Vaxtilə Fransada və Rusiyada öz dillərini qorumaq üçün akademiya yaratmışdılar. Xarici ölkələrdə bu sahədə çox böyük işlər görülüb. Bilirsiz ki, Azərbaycan uzun müddət SSRİ-nin tərkibində olub və vahid dil siyasəti yürütmək çətin olub. Bizdə ayrıca dilçilik institutu, ali məktəblərdə kafedralar var. Mətbuat Şurası, Teleradio Şurası dilimizin qorunması ilə bağlı işlər görürlər. İndi lazımdır ki, biz bütün işimizi səfərbər edib, dilimizin tədqiqi, tətbiqi və təbliğilə bağlı fəaliyyət göstərək.

- Dilimizin normalarının pozulmasına görə, daha çox telekanallar tənqid olunur. Telekanalların dilimizə qarşı ögey münasibətinin arxasında nə dayanır?



- Burada səbəblər çoxdur. Təhsil, telekanalların şoulaşması, madiyyat arxasınca qaçmaları və s. Bəzən mətbuata səriştəsiz adamlar gəlir. Belə adamlar aşağı maaşla işə götürülür. Bəzən də, rusdilli insanlar telekanalların, qəzetlərin Azərbaycan bölməsinə işə götürülür. Telekanalların, reklamların, əsərlərin dilinə nəzarət edən qurum olmalıdır.

- Azərbaycanda istifadə olunan əlifbada hansısa islahatların aparılması nəzərdə tutulur?



- Bununla bağlı müəyyən təkliflər var, tədqiq olunmalıdır. Məsələn, biz latın əlifbasından istifadə etsək də, elə hərflərimiz var ki, onları xaricdə başa düşə bilmirlər. Kompyuterdən istifadə zamanı da çətinlik çəkirik. «Ə», «Ü», «Ö», «I» kimi saitlər bizdə yazıda tez-tez istifadə olunur. Onlar klaviaturanın orta hissələrində olmalıdır ki, istifadə etmək asan olsun. İndiki halda biz həmin hərflərdən çətinliklə istifadə edirik. Elə etməliyik ki, beynəlxalq şəbəkəyə çıxışda problem yaşamayaq. Əlifbamızı müasir sistemə uyğunlaşdırmalıyıq. Hərf simvolik xarakter daşıyır. Onu dəyişməklə dilə xələl yetirmərik, əksinə kömək etmiş olarıq. Biz danışığı yazı şəkilində birbaşa komyuterin yaddaşına köçürmək üçün proqramı işləyib hazırlamalıyıq. Və ya avtomatik tərcümə. Bədii əsərlərin, kitabların Azərbaycan dilinə tərcüməsinə milyonlar xərclənir, amma ortada ciddi işlər azdır. Avtomatik tərcümə olsa, vəsaitə də qənaət etmiş olarıq. Və ya götürək adları. Azərbaycan sözünü hər ölkə bir cür tələffüz edir. Bakı sözünü də həmçinin. Mənim adım Fəxrəddindi. Onu ingilis necə səsləndirsin? Ya söz deyildiyi kimi yazılmalı, ya da yazıldığı kimi deyilməlidir. Dünya «Landon» deyir, biz isə «London».

- Dilin inkişafı daha çox nədən asılıdır?

- Dilin inkişafı həm də iqtisadiyyatın inkişafından asılıdır. Yeni məhsul istehsal edirsən və bütün dünyaya ixrac olunur. Dünya həmin məhsulu ilkin adı ilə tanıyır. Dil elə sistemdi ki, özü-özünü tənzimləyir. Ona nəyisə qadağan etmək mümkün deyil.

- Dili mühafizə etmək, yoxsa ona liberallıq verməklə inkişaf etdirmək olar?

- Dilin mühafizəkar və ya liberal olması xalqdan asılıdır. Məsələn, fransızlar dil məsələsində çox mühafizəkardılar. Onlara başqa dildə sual versən, bilsələr belə sənə cavab verməyəcəklər. Biz dil məsələsində çox açığıq. Bizdə bir az da modabazlıq var. Gürcü ilə, gürcü, rusla rus, ingilislə ingilis, həttə Türkiyə türklərilə də onların öz dilində danışırıq. Halbu ki, onlar sənin öz dilini başa düşürlər. Özümüzü göstəririk.

Ruslan XƏLİL






12 İyun, 2012  15:37 Baxılıb: 1940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner