Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İRADƏ İSAQ: «ƏLİ İNSANOVDAN QORXURDUM» - MÜSAHİBƏ - FOTOSESSİYA

 «Ölümündən 24 saat əvvəli» davam etdirməyə ürəyim tab eləmədi

O, ölümləri araşdıraraq, tanındı və şöhrət qazandı. «Ölümündən 24 saat əvvəl» verlişi ilə cəmiyyət üçün qaranlıq olan məsələləri açdı, məşhurların ölüm səbəblərini açıqladı. Həm də psixoloji olaraq çətin bir işin öhdəsindən müvəffəqiyyətlə gəldi. Simsar.az-ın «Teleaparıcı» layihəsinin bu dəfəki qonağı ANS-in aparıcısı İradə İsaqdır.

- Əksər junalistlər kimi mən də işə qəzetdən başlamışam. Ümumiyyətlə başlamaq üçün qəzetdən gözəl məktəb yoxdur, istənilən televiziya qəzetin yerini vermir. Çünki, danışırsan yox olub gedir, amma yazırsan qalır. İlk dəfə jurnalistlik fəaliyyətimə «Gələcək» qəzetindən başladım, sonra «Ədalət»ə keçdim. Müəyyən dövr keçdikdən sonra Daşdəmir Ədalətoğlunun sayəsində «Həftə içi»nə gəldim. Bundan sonra ailə qurdum və jurnalistika fəaliyyətimlə sağollaşdım. Çünki, həyat yoldaşım jurnalistika sahəsində işləməyimə razı deyildi. Bu vaxtadək, yəni 22 yaşınadək insan nə edə bilərsə, onu eləmişdim, amma içimdə böyük bir fontan qalırdı.
Sonra işləməyə qərar verdim. Həyat yoldaşımla aramızda problemlər oldu və biz ayrıldıq. Həmid müəllimin vasitəsilə Səhiyyə Nazirliyinin mətbuat xidmətində yenidən işə başladım. Həmid Vəliyev BDU-dakı fəaliyyəti ilə bağlı işdən çıxanda mənə təklif elədi ki, mətbuat xidmətinin rəhbəri vəzifəsinə keçim. Mən isə Əli İnsanovdan qorxurdum. Onun ağır xasiyyətli olduğunu bilirdim, əsəbləşməyini də görmüşdüm. Hətta Nazirliyin binasında bizi hündürdaban ayaqqabı ilə də gəzməyə qoymurdu. Həmid müəllim gedəndən sonra mən də işdən çıxdım. AZ TV-nin «Səhər» verlişinə gəldim, Qulu Məhərrəmli məni işə götürdü. İlk dəfə efirə çıxanda çox həyacanlı idim, bir neçə dəfə çaşdım, hətta gülməyim də gəldi. Sonra isə Vaqif Abbasovun köməkliyi ilə İctimai Televiziyada işə başladım. Bu televiziyada üç il işlədim. Bir məsələ ilə bağlı işdən çıxdım. Bu zaman İradə Tuncayın təklifi ilə «Ədalət» qəzetində köşə yazıları yazırdım. Artıq İradə kimi üzə çıxmağa başlamışdım. Aparıcı Azadə Balayevanın vasitəsilə ANS-ə gəldim. Burada Mirşahin Ağayev mənə «Ölümündən 24 saat əvvəl» verlişini aparmağı təklif etdi. Dedi ki, bu reytinq gətirməyən bir layihədir. Bir ay müddətində öhdəsindən gələ bilsən işə götürüləcəksən. Mən də bunun öhdəsindən gəldim.

- Amma ən çox ANS-də tanındız.

- ANS böyük məktəbdir. Onun geniş audutoriyası var. Məncə, hər aparıcının işlədiyi televiziyada öz dəsti-xətti olmalıdır. Televiziya aparıcısı kimi yaddaşlarda qalmaq, sevilmək çətindir. Bu gün elə aparıcılar var ki, bəlkə də 20 ildir ki, televiziyada işləyirlər, amma onların varlığı ilə yoxluğu bilinmir. Elgizi çoxları tənqid edir, amma fakt bundan ibarətdir ki, onun verlişlərinə baxılır, böyük audutoriyası var. Bu bəlkə də Allahın qismətidir ki, mən də tanındım.

- «Ölümündən 24 saat əvvəl» uğurlu bir proyekt oldu və tanındı. Bəzən yas mərasimlərinə gedəndə bütün gün ərzində məyusluq içərisində oluruq. Hər həftə kimlərininsə ölümünü araşdırmaq, yaxınlarını dinləmək psixoloji olaraq sizə necə təsir edirdi?

- Məhz bu məsələyə görə də verlişi dayandırdım. İki ildən artıq çəkməyə ürəyim tab eləmədi. Amma efirdə elələri var ki, insanları yığıb, iki saatdan artıq ağladırlar və donmuş şəkildə onlara baxırlar, sanki, bundan ləzzət alırlar. Həmin verlişdə ekranlarda görünməsə də ağladığım məqamlar çox olmuşdu. Doğrudur, verilişi davam etdirməyimlə bağlı çox təkliflər gəlir, rəhbərlik də davam etdirməyimi istədi, amma sadəcə mənə ağır idi. Bu həm də sirr dolu bir layihə idi, veriliş çəkilərkən o qədər qəribə hadisələr olurdu ki. Mİrmövsüm Ağa ilə bağlı çəkiliş edəndə, verlişin nə vaxt efirə gedəcəyini soruşdular. Vaxtını deyəndə oradakılar bir-birinə baxdılar, dedilər ki, həmin gün Mirmövsüm ağanın ölüm günüdür. Mübariz Əhmədovla bağlı verlişim xeyli gecikdi, efirə gedəndən bir gün sonra onun meyidini qaytardılar. Hətta dumanlı çiskinli bir gündə çəkilişə çıxırdıq. İşimizi bitirib, maşına oturanda yağış-leysan başlayırdı. Mən özümü qeyri-ciddi insan hesab etmirəm. Bütün ciddiyyətimlə deyirəm ki, bu qeyri-adi bir layihə idi. Sanki, ilahi qüvvə bizi izləyirdi. Bəzən ölümünü araşdırdığım insanları yuxuda görürdüm, narahat olurdum. Ona görə də indi də bu layihəni başlamağa ürəyim gəlmir. İndi yeni bir layihə ilə bağlı fikirləşirəm.

- Bir qədər açıqlama verə bilərsiz?

- Yalnız onu deyə bilərəm ki, olduqca maraqlı layihədir.

- «Ölümündən 24 saat əvvəl» və indi aparıcılıq etdiyiniz «Xəbərin izi»ndə tok şousu - bu iki verlişi necə müqayisə edərdiz?

- Əslində ikisi də araşdırmadır. Sadəcə «Xəbərin izi»ndə yerində araşdırmadır. Bunun bir qədər yüngül cəhəti odur ki, kadr dalınca heç yerə getmirik. Amma tok-şou da ağır, məsuliyyətli bir janrdır, insandan hazırcavablıq tələb edir. Həm də verlişi idarə etməyi, hamıya eyni müddətli vaxt ayırmağı bacarmalısan.

- Jurnalistika fakültəsində dərs deyirsiz. Gənc jurnalistlərimizin səviyyəsini necə qimətləndirisiz?

- Gənc jurnalistlərimiz çox hazırlıqlıdırlar, o baxımdan ki, hamısı internetdən istifadə edirlər. Bəzən hansısa bir xəbəri deyirəm, görürəm ki, məndən qabaq bilirlər. Amma çox tənbəldirlər, bircə özlərini yetişdirmirlər. Ümumiyyətlə, jurnalistika fakültəsində oxuyanlardan çox az hissəsi bu sənətin ardınca gedir. Əgər bir qrupda üç nəfər jurnalist olmaq istəyirsə, mən sevinirəm, özlərinə də hiss etdirmədən qiymətləndirmədə bunu nəzərə alıram. Özüm çox aktiv tələbə olmuşam. Həm də fakültədəki təhsil sistemindən narazı idim. Bir dəfə «İnternews» kampaniyası tələbələrin arasında təhsillə bağlı sorğu keçirirdi. Mən bir alovlu çıxış elədim ki.. Verliş efirə getdi, fakültəyə gələndə gördüm ki, bir qrup acıqlı müəlim yolumu gözləyir. Hətta iş atamı fakültəyə çağırtdırmaq səviyyəsinə gəlib çatdı. Atamın yanında da rəhmətlik Famil Mehdi ilə mübahisə etdim. Hərçənd haqlı olsam da indi, həmin hadisəyə görə, utanıram. Özüm də müəlliməm, tələbə söz güləşdirsə mənim xoşuma gəlməz.

- Jurnalistika fakültəsində tədrisin səviyyəsini qaldırmaq üçün sizcə, nə etmək lazımdır, qəbul prosesində yeniliyə ehtiyac varmı?

- Jurnalistika fərdi yaradıcılıqla bağlı bir ixtisasdır. Şahvələd Çobanoğlunun ali təhsili belə yoxdur, amma bir nömrəli jurnalistlərdən biridir. Məncə, jurnalistika fakültəsində qabiliyyət imtahanı olmalıdır.

- Necə düşünürsüz, fakültədə praktik cəhətdən gənclərin hazırlanmasına üstünlük verilməsi daha effektli nəticələrə səbəb olmazmı?

- Bu çox ağrılı məsələdir. Özüm bununla məşğul olmaq niyyətindəyəm. Televiziya kafedrasına bir sıra təkliflər hazırlamışam, sentyabr ayında bunları təqdim edəcəm. Ümumiyyətlə, yaxşı jurnalist olmaq üçün savadlı olmaq lazımdır. Ramiz Rövşəni dindirsək, görərik ki, bir dünyanı bilir. Dayaz adam nə yaxşı jurnalist, nə də yaxşı şair ola bilməz.

- Teleaparıcı olaraq, Azərbaycan televiziya məkanında hansı verlişləri və hansı aparıcıları bəyənirsiz?

- «Keçmişə salam»ı bəyənirəm. Bu verlişdə layihə rəhbəri Gülnarə xanımın əziyyəti böyükdür. Leyla Əliyevanı ideal aparıcı hesab edirəm. Sima olaraq Zaur Baxşəliyevi bəyənirəm. Onu tənqid edənlər də çoxdur, hətta mən də tənqid eləmişəm, amma o, audutoriyanı ələ ala, səmimi ola, insanların ürəyinə girə bilir. Bunu hər aparıcı bacarmır. Sadəcə bir az onun intelektini artırmaq lazımdır. Məsələn, Murad Dadaşov həm güclü şoumen, həm də yüksək intelektə malik bir şəxsdir. Murad Dadaşovla siyasətdən də, ictimai problemlərdən də danışmaq olar. Amma Zaurla yox. Büllurə Aslanqızı yaxşı televiziya redaktorudur. Qənirə Ataşovanı, Anar Nəcəflini, Aytən Səfərovanı bəyənirəm. Ülvira nədənsə özünü başqa yöndə təqdim edir, amma o, çox intelektualdır, Yəqin ki, hansısa proyekdə özünü təsdiq edəcək. Gözəllik baxımından xəbər aparıcısı Nigarı bəyənirəm. Amma hərərəfli olraq, bəyəndiyim, qeyd etdiyim kimi Leyla Əliyevadır.
Televiziyada yerində olmayan, təsadüfü adamlar da çoxdur. Bizdə ümumiyyətlə yaxşı verlişlər də azdır.

- Bir az da şəxsi həyatınız barədə danışmağınızı istərdik.

- Bir oğlum var, səkkiz yaşındadır, od-alov parçasıdır. Anam-atam, qardaşım var. Həyatda ən çox anam və oğlum üçün yaşayıram. Deyəsən, bu xarakterlə tərəf müqabili tapmayacam (gülür). Çünki yaş ötdükcə, mənim üçün seçim etmək də çətin olur, digər tərəfdənsə yaşıdlarımın hamısı evlidir. Doğrudur təkliflər çox olur, hətta onların arasında yaşca kiçiklər də var. Onların hamısına sayğı ilə yanaşıram. Amma mənim üçün ikinci həyat yoldaşı anlayışı yoxdur, oğlumun atası anlayışı var. Heç vaxt bəzi analar kimi oğlumu kiminləsə qoyub ərə getmərəm.

- Gərgin iş rejimi ilə yanaşı oğlunuza, ev işlərinə vaxt ayıra bilirsiz?

- Bu barədə anama pis övladam. Evə çatan kimi ancaq ayaqablarımı çıxarıb, istirahət edirəm. Çünki, çox yorğun oluram. Oğlumun dərsləri ilə məşğul olmaq üçün repititor tutmuşdum. Amma indiki uşaqları komyuterin qarşısından ayrıb, dərsə bağlamaq üçün mütləq ana lazımdır. Mənimsə vaxtım olmur, axşam saat 10-11-də evə gələn ana uşaqla necə məşğul olacaq? Bizim belə bir problemimiz var.

Xatirə Nəsirli

 






6 İyun, 2012  15:46 Baxılıb: 4844 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner