Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TƏRLAN NUR YAŞAR: “BƏZİLƏRİ OXUDUQLARININ YARISINI GÖSTƏRƏ BİLMİRLƏR” - MÜSAHİBƏ - FOTOSESSİYA

“Təhsil sadəcə Allahın verdiyi istedadı təkmilləşdirmək üçündür”

Qonağım aktyor Tərlan Nur Yaşardır. Onu adətən komediya janrında olan tamaşa və filmlərdə görürük. İxtisasca aktyor olmasa da etiraf etmək lazımdır ki, bəzi pafoslu “peşəkarlardan” güclüdür. Hansı filmdə olursa olsun, mütləq diqqət cəlb edir. Bu da onun peşəkarlığından xəbər verir.

- Yaxın vaxtlarda yeni filmin çəkilişlərinə başlayacağıq. İncəsənət Universitenin məzunu Hacı Rövşən filmə rejissorluq edəcək.
- Yumoristik film olacaq?
- Bəli, hardasa “Toy” kinokomediyası kimi. Amma yeni filmdə ciddiyyət də var. Dəqiq desək, faciəvi-komediya janrında olacaq. Ssenari “Arı” prodakşna məxsusdur. Adını hələ seçməmişik. İki variant üzərində düşünürük – ya “Toy axşamı” ya da “Çərpələng”.
- Aktyorlardan kimlər rol alacaq?
- Mən düşünürdüm ki, aktyorlar seçilib. Amma rejissorla söhbət etdikdə bildirdi ki, ssenarini oxuyandan sonra özü aktyorları müəyyən edəcək. Mən də onun qərarına hörmətlə yanaşdım.
- Bu, sevindirici haldır. Çünki son vaxtlar film və seriallarımızda ancaq eyni simaları görürük. Hətta aktyorluqdan xəbəri olmayanlar belə filmlərə çəkilir. Bəlli ki, onlara qonorar verilmir, elələri populyar olmaq xatirinə rejissora pul verib çəkilirlər. Bu, çox acınacaqlı haldır. Siz bunun nədənlərini bilirsiz?
- Açıq bazardır. Hansısa rejissoru məcbur etmək olmaz ki, ancaq peşəkarlarla işlə. Əslində, bunun yaxşı tərəfləri də var. Yeni simalar kəşf olunur.
- Təbii, bunun o zaman yaxşı tərəfi olur ki, əsl peşəsi aktyor olmayan, Allah vergisi olan istedadını biruzə verir və bəyənilir. Amma bizdə tanışlıqla rol alanların bir çoxunda heç qeyri-adi istedadın yarısı da olmur.
- Razılaşıram. Sadəcə, rejissorlar bunu adət halına çevirməməlidirlər.
- Məsələn, Elçin Cahangirov çəkdiyi seriallarda belə nöqsanlara tez-tez yol verir. Bəllidir ki, hazırda çəkdiyi son serialın büdcəsi az olduğundan aktyorluğa yaramayan bəzilərindən pul alıb çəkir. Adamın sadəcə “yazıqlar olsun” deməyi gəlir. Demək ki, bəzi rejissorlar “xaltura” ilə məşğuldurlar.
- Kimdənsə pul alıb filmə, seriala çəkmək mərhələsi artıq bitmək üzrədir. O problem rejissorun özündədir. Demək ki, rejissor hələ də həmin dönəmdə qalıb. İnsanlar bəzən pula görə çox şeyə göz yumurlar. Çəkilişin sahibi rejissordur. Əgər o, bu cür adamları çəkməkdən imtina etsə, kimsə onu məcbur edə bilməz. Pul həyatda hər şey demək deyil. Həmişə dediyim bir kəlmə var: İnsanın cibi kasıb olmur. Onun arzuları, istəkləri, tamahı kasıb olur.
- Bu gün bizdə film hansı səviyyədədir?
- Qonşu ölkələrdən demək olar ki, 10 il geridəyik. Amma sitkom baxımından artıq yaxınlaşmışıq.
- “Bacanaqlar” serialından hansı səbəbdən uzaqlaşdız?
- Həmin vaxtlar psixoloji baxımdan çətin anlar idi. Bir yer vardı, ora getməli idim. Ora da getsəydim məcburən serialdan ayrılmalı idim. Elə də oldu.
- Bəs “Aramızda qalsın” serialından gedişinizin səbəbi nə oldu?
- Müqavilənin vaxtı bitdi. Amma Cəsarət obrazının serialdan tam getmək vaxtı hələ bitməyib.
- Niyə müqaviləni uzatmadılar?
- Bilmirəm. Uzatsaydılar, düşünərdim.
- Görünür, sizi başqa aktyorla əvəzləməyi düşünüblər...
- Məlumatım yoxdur.
- Oynadığınız filmlərdən, seriallardan qonorar alırsız?
- Alıram. Amma müqavilənin şərtlərinə görə qonorarı açıqlamaq sirdir. Əgər mən öz qonorarımı açıqlasam, ola bilər ki, məndən az qonorar alan aktyor bu baxımdan həvəsdən düşər.
- Ən azı nə qədərdir?
- Ən az qonaq aktyorlar alırlar. Təqribən 30-50 manat civarında. Hətta almayanlar da olur. Ən yüksək qonorarın nə qədər olduğunu dəqiq bilmirəm. Amma onu deyə bilərəm ki, seriallarda çəkilən aktyorlara ən yaxşı qonorar verən kanallardan biri Xəzər TV-dir.
- Nədənsə tamaşaçıların böyük əksəriyyəti bizdə çəkilən serialları, xüsusən də yumoristik janrda olanları bəyənmirlər. Hətta başqa ölkələrin seriallarına da bənzədirlər.
- Məncə artıq bənzərlik yoxdur. Bəyənməməyə gəldikdə isə, zövqdən asılıdır. Bəyənib baxanlar da var.
- Bizim aktyorların çoxu hələ də Sovetlərdən qalma pafosdan qurtula bilmirlər. Səbəbini soruşanda absurd cavab verirlər. Deyirlər ki, bilirsiz, potensialım var, amma rejissor məni hələ kəşf edə bilmir...
- Belə deyənlərin fikri ilə razı deyiləm. Mənim fikrimcə hər bir aktyor həm də özünün quruluşçu rejissorudur. Məsələn, rejissorlar bilirlər ki, məni sözün yaxşı mənasında idarə etmək asan deyil. Mən filmə, ya da seriala çəkilərkən bir neçə dublda rejissora variantlar verirəm. Fantaziyası yaxşı olan rejissor da ən düzgününü seçir. Bəzi aktyorlar Stanislavski məktəbini keçdiklərindən o pafos hələ də onlarda var. Amma Stanislavskinin özü belə deyib ki, aktyor həmişə rolunu təbii oynamalıdır.
- Hansı aktyorların təbii oyunlarını bəyənirsiz?
- Azər Axşam, Rüfət Nəzərov və bir çoxları.
- Yəqin bəyənmədikləriniz də var.
- Əslində, mən həmişə hər şeyin gözəl tərəflərini görməyə çalışıram... Mən peşəkar aktyor deyiləm. Amma heç vaxt bundan utanmamışam. Tərəf müqabili olduğum aktyorlar mənə həmişə deyirlər ki, sən çalışırsan bizimlə başa-baş oynayasan. Ancaq bəzi peşəkarlar var ki, oxuduqlarının yarısını da göstərə bilmirlər.
- Çoxu təsdiqləyər ki, təhsil almaq peşəkar olmaqdan xəbər vermir. İncəsənətdə Allah vergisi olan istedad mütləqdir.
- Razıyam. Təhsil sadəcə Allahın verdiyi istedadı təkmilləşdirmək üçündür.
- Çoxu sizin aktyorluq bacarığınızı bəyənir. Demək ki, bu sahədə peşəkarsız. Amma nədənsə təvazökarlıq edib özünüzü həvəskar adlandırırsız.
- Mən kənardan özümə baxmağı bacarıram, hansı ki bəzilərində bu yoxdur. Sadəcə nəzəriyyəni bilmirəm.
- Nəzəriyyəni bilən aktyorların da səhnədə, efirdə səhvləri az deyil...
- Pislər də olmalıdır, yaxşılar da. Zaman özü ələkdən keçirəcək.
- Hazırda yayımlanan seriallardan hansını bəyənirsiz?
- ATV kanalında yayımlanan “Pərvanələrin rəqsi” serialını çox bəyənirəm. Xüsusən aktyor işini vurğulamaq istərdim. İlqar Cahangirovun rolunun öhdəsindən gəlməsi məni həqiqətən valeh edir. Bu gün Azərbaycanda orta yaş həddində tanıdığım ən güclü aktyor məhz odur. O serialın ən güclü, aparıcı qüvvəsi olan aktyorlardan biri də Ramiz Novruzdur. Ümumiyyətlə, baş rolun ifaçıları nə qədər güclü oynasalar, digər aktyorlar da onlara baxıb həvəslənər, rollarının öhdəsindən layiqincə gəlməyə çalışarlar. Kollektivdən çox şey asılıdır. Bir filosof yaxşı deyib: “Bir şam öz alovundan başqa şamları da yandıranda heç nə itirmir”. Demək ki, Ramiz Novruz və İlqar Cahangirov öz alovlarından ətrafdakı aktyorlara ötürməklə o filmi gözəl işıqlandırırlar.

Azər Nəsibov

 






29 May, 2012  16:11 Baxılıb: 6164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner