Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SEYMUR BAYCAN: “ONLARIN NİFRƏTİ İLHAM MƏNBƏYİMƏ ÇEVRİLİR” – MÜSAHİBƏ

“Elə bir söz yoxdur ki, ürəyimdə qalsın və yaza bilməyim”.

Ona zəng edib müsahibə götürmək istədiyimi söylədikdə, ədəbiyyata nə dərəcədə bələd olduğumu soruşdu. Konkret yazılarını izləyirəmlə kifayətləndim. Vaxt və məkan təyin edib, dediyi vaxtda görüşdük. Həmişə müsahibə verdiyi məkana getdik. Bura balaca bir pəncərəsi olan və yağlı yeməklərin iyindən insanın bağrı çatlayan yarıqaranlıq bir otaqdır. İşıqlı bir yeri qoyub burda niyə müsahibə vermək istədiyini soruşduqda, buranın yazarların həmişə bir yerə yığışdığı məkan olduğunu söylədi. Səhər yeməyini yeyə-yeyə müsahibə verməyi xoşladığını bildirdi. Gənc yazar Seymur Baycan rubrikamızın qonağıdır.

- Seymur Baycan müsahibə verəcəyi jurnalistdən həmişə ədəbiyyata nə dərəcədə bələd olduğunu soruşur?
- O dərəcədə də müsahibə vermək hərisliyim yoxdu. İstədiyim sözü yazıram. Elə bir söz yoxdur ki, ürəyimdə qalsın və yaza bilməyim.
- Demək istədiklərinizin hamısını yazmısız?
- Demək istədiklərimi yaza bildiyim üçün çalışıram bu mühitə aidiyyatı olmayan, təsadüfi adamlara müsahibə verməyim. Müsahibə verdiyim adam gərək ədəbiyyatı izləsin. Ədəbiyyat ilə əlaqəsi olsun. Bu işimizi çox asanlaşdırır. Axırıncı dəfə “Şərq” qəzetinə müsahibə vermişəm. Məndən müsahibə alan jurnalist ədəbiyyata bələd idi. Elə olur ki, təzə jurnalistikaya gələn adamı göndərirlər müsahibə almağa, ədəbiyyatda baş verənlərdən xəbəri olmur, bilmir nə sualı versin.
- Elə oxucular sizin dilinizdən eşitsələr daha yaxşı olar. Son günlərdə ədəbiyyatda nələr baş verir?
- Bir balaca canlanma var. Yazırıq, pozuruq. Əvvəlki illərə nisbətən insanlar oxumağa başlayıb. Az-çox tribuna qazanmışıq. Qəzetdə, saytda ədəbiyyata daha çox yer verilir. Ədəbiyyat adamlarını daha tez-tez görmək olur. 4 il bundan əvvəl mənzərə daha boz idi. Bu gün zəif olsa da, kitablar yazılır. Bu da təbii prosesdi. Yazılacaq, yazılacaq bir müddət sonra kimdəsə daha güclüsü alınacaq.
- 4 il öncəni deyirsiz. Bəs son dörd ildə ədəbiyyat şoulaşmaya daha çox meyl etməyib ki?
- Olmalıdır da. Əgər ədəbi mühitdə adamların sayı artıbsa burda hər şeyə meyl olacaq – siyasətə meyl edən də, başın aşağı salıb kitabın yazan da, müxtəlif flaşmobda iştirak edən də və şoulaşdırmağa çalışanlar da olacaq. Mənim bundan qorxum yoxdur. Çünki son illər roman daha çox yazılır. 2004-cü ilə qədər bizdə roman xofu vardı. Düşünürdülər ki, roman 40 yaşından sonra yazılmalıdır, ağır süjet, kəskin hadisələr olmalıdır. O xofu dağıtmaqdan ötrü “Ət və ət məhsulları” romanını yazdım. Düzdür, o dövrdə bu kitab şıltaqlıq kimi qəbul olundu. Dedilər ki, bu nədir? Amma adı və dizaynı maraqlı olduğu üçün roman xofu sındı. İndi isə hamı roman yazır.
- Seymur Baycan həmişə ittiham mövqeyində durur?
- Yox, əksinə məni daha çox ittiham edirlər.
- Sizi nədə ittiham edirlər?
- Müxtəlif şeylərdə. Çox ittiham olunuram.
- Bu görüntünü yaratmısız?
- Çox adama elə gəlir ki, mən bəzi yazıları diqqəti cəlb etmək üçün yazıram. Amma anlamaq istəmirlər ki, bu mənim naturam, təbiətimdir. Biri mentalitet, biri ölkə haqqında yazıma görə incik düşür. Amma mən öyrənmişəm. Bəzisi deyir ki, yəhudilərdən pul alır. Onları da başa düşürəm. Çünki bu tiplər hər şeydən təmənna güdürlər. Başqa bir insanın hansısa ideyaya səmimi xidmət etməsi onlar üçün başa düşülən deyil. Necə ki, kölə bir insan başqasının azadlığına inanmır.
- Görünür sizə inanan, qəbul edən azdır.
- Maraqlıdır ki, son zamanlar məni anlayanların, oxuyanların sayı artır. Hər həftə “vaxtilə mən sənə nifrət edirdim, səndən zəhləm gedirdi, indi yazdıqlarını oxumağa başlamışam” məzmununda 5-6 məktub alıram. Son iki ildə ortaya çıxan, kontakda olduğum oxucularımın əksəriyyəti vaxtilə məktub vasitəsilə məni təhqir edən insanlardı.
- Bir insanı boşuna heç vaxt təhqir etməzlər axı... Görünür yazdıqlarınızla insanların qüruruna toxunmusuz.
- Əlbəttə. Qürurlarına deməzdim. Görünür inandıqları bir şeyə toxunmuşam, əsəbiləşiblər. Ola bilər ki, sonra elə bir vəziyyət yaranıb ki, görüblər pis iş görməmişəm. Onlar vaxtilə bu geriliyə, avamlığa inanıb, arxada qalıblar.
- Kimisi üçün jurnalist, kimisi üçün köşə yazarı, kimsi üçünsə yazıçı Seymur Baycan özü özünü nə adlandırır?
- Dediklərinin hamısından məndə olub. Jurnalist kimi müsahibələr almışam, rayonlardan reportajlar yazmışam. Müxtəlif müsabiqələrin qalibi olmuşam. “Medi açarı” mükafatını qazanmışam. 2004-cü ildən bu yana kitablarım nəşr olunub. Ancaq məni yazıçı kimi qəbul etmirlər. Publisist, yazar deyirlər. Ən yaxın, münasibətdə olduğum adamlar yazıçı-publisist deyirlər. Çünki biz qocalar ölkəsində yaşayırıq. Burda gəncliyi, gənc adamı sevmirlər. Dilləri dönmür gənc admı təsdiq etməyə. Burdan Gürcüstanda çox fərq var. Orda mən yaşda, məndən balaca gənc yazıçılar var ki, onları bütün Gürcüstan qəbul edir. Yazıçı kimi çağırırlar hər yerə. Bizdə isə əksinə. Hələki qoca təfəkkür hakimdir. Onlar da yeni, gənc təfəkkürü qəbul etmirlər, istəyirlər ki, o gənckən qocalsın, sonra qəbul etsinlər. Mənimsə qocalmaq fikrim yoxdur.
- Bəs sizi sevənlər kimlərdir?
- Məni daha çox gənclər, azad insanlar sevir. Mən heç vaxt bilmədiyim, boş şeyi yazmıram. Buna görə azad insanlar məni sevir. Bilirəm, yazdıqlarım 300-500 manatın əsirinə çevrilənləri narahat edir. Onlar mənə nifrət edirlər. Çünki pula görə müdir, rəis qarşısında alçalırlar. Mənim azadlığım onları qıcıqlandırır, yazdıqlarım onları ifşa edir, incidir. Və onlar da mənə qarşı daha qəzəbli olurlar. Onların nifrəti məni daha da ruhlandırır, ilham mənbəyimə çevrilir.
- Bəs onların nifrəti olmasaydı?
- Onların nifrəti olmasaydı da mən yazacaqdım. Çünki 12 ildir yazıram. Diqqət cəlb etmək üçün, cığallıq etmək üçün 12 il yazmaq olmaz. Bu mənim təbiətimdir. Yazılarımda boşluq olsaydı cavab verərdilər. O adamlar yazılarımda hərf səhvi axtarırlar.
- Musiqi dinləyirsiz?
- Əsasən yol gedəndə. Evdən çıxan kimi qulaqcıq taxıram. Bundan “protivoqaz” kimi istifadə edirəm. İstəmirəm kənar adamların səsinə qulaq asam. Hər cür musiqiyə qulaq asıram. Yalnız dostlarımla və yaxınlarımla birgə olanda qulaqcığı çıxarıram.
- “Bizdə hər daşın altından bir folklor nümunəsi çıxır” deyirsiz. Bunun nəyi pisdir ki?
- Ciddi mədəniyyət ayrı şeydi, folklor ayrı şeydi.
- Folklor ciddi mədəniyyət deyil?
- Folklor Afrikada da var. Adamyeyən xalqların da folkloru var: adamı yeyib, sonra ocağın qırağında atlanıb-düşürlər. İndi bizim toylarda olduğu kimi... Bizdə ciddi nə varsa mən onları sevirəm. Deyirlər ziyalıları təhqir eləmisən. Mən saxta ziyalıları təhqir etmişəm. Əsl ziyalılarla işim olmayıb. Heç kəs deyə bilməz ki, Seymur Baycan Axundov, Mirzə Cəlil, Cabbarlı, Qara Qarayev haqqında tənqidi söz yazıb. O adamlar ki özlərini ziyalı adlandırırlar, amma oğlunu gömrükdə, səfirlikdə işə düzəltməkdən, Fəxri Xiyabanda dəfn olunmaqdan, Prezident təqaüdü almaqdan ötrü hər cür sifətə girirlər, mən onları tənqi etmişəm.
- Buna görə “Bizim professorlarımız”ı yazdınız?
- Bir iki alimi çıxmaq şərti ilə qalanı elmə dəxli olmayan admlardı da, buna hər kəs təsdiq edə bilər.
- Yazdıqda şəxsi münasibətləri nəzərə alırsız?
- Daha çox obyektivliyə diqqət yetirirəm. Adamların yaradıcılığına da obyektiv yanaşmağa çalışıram.
- “Yanan şamlar” yenə içirlər?
- Nə etsinlər, içirlər də. Rüşvət ki almırlar, yetim-yesirin çörək pulun kəsib Həccə getmirlər. İşçisinin pulu ilə məscid tikdirmirlər ki. Ya da min hoqqa ilə pul qazanıb maqazində “Halal” sosiska axtarmırlar.
- Cəmiyyətlə heç barışmırsız?
- Özləri bilərlər. Mən yazımı yazıram. Kifayət qədər də təsir edə bilirəm.
- Ölkəni tərk etmək haqqında düşünmürsüz?
- Hələ ki yox. Dolana bilirik.
- Anarla münasibətləriniz nə yerdə qalıb?
- Elə əvvəlki yerindədir. Qocalıb da Anar, özü-özünü biabır etdi.
- Seymur Baycanın yaradıcılığı nə yerdədi? Kimləri, nələri oxuyur?
- İndi daha çox hekayələr oxuyuram. Çünki özüm hekayələr yazmağa hazırlaşıram. Bu gün ədəbiyyatımızda oxumalı kimlər varsa, onları oxuyuram.
- Bəs kimləri oxumursuz?
- Bəyənmədiklərimi oxumuram.
- Hər gün yazırsız?
- Yox. Həftədə bir dəfə, bəzən iki dəfə. Ən çox “Gündəlik Azərbaycan”da işləyərkən yazırdım. Elə olurdu həftədə 5 yazı yazırdım. İndi isə həftədə bir yazı yazıram. Çalışıram xaltura eləmiyim, aldatmıyım.
- Ancaq bəzi yazılarınızda xalturalar var.
- Bəzən elə olur ki, bir yazım bir təbəqə tərəfindən xoş qarşılandığı halda, digər təbəqə tərəfindən xaltura kimi qəbul olunur. Deyirlər zəifdir. Buna da öyrəşmişəm. Mən əsasən, mövzuların özünü yazıram. Konkret mövzu, fikir olmasa yazmamağa çalışıram. İstəyirəm yazılarım gündəmə hesablanmasın. Buna görə həmişə yazıdığımın gündəmlə bağlı olmamasına çalışıram.
- Dini inanclarınız haqqında danışmanız maraqlı olardı.
- Ateistəm.
- Bu, haradan qaynaqlanır?
- Bu, çox intim sualdır. Sən niyə ateistsən, niyə Allaha inanmırsan, soruşmaq insanın maaşın soruşmaq kimi bir şeydir. Sevmirəm, inanmıram. Bu qədər.
- Heç kimə, heç nəyə?
- Yox. İnandığım şeylər var. Ona inanmıram. Çalışıram din barəsində mübahisəyə girişməyim. Bu mövzuda mübahisə etmirəm. Bu enerjini gedib yazı yazmağa sərf edirəm. Hər yazımı da 2-3 nəfər əxz eləsə bəsimdir.
- Facebookda varsız?
- Hə, vaxtım olanda girirəm. Profilimi məndən başqa iki adam da işlədir.
- Facebook vasitəsilə sizə ünvanlanan bir sualı vermək istəyirəm: Türkiyədəki oxucularınız sizin milliyətiniz haqqında soruşur.
- Bu, mənim haqqımda danışılanlara görədir. Mənimçün insanın hansı millətə mənsub olması onun doğum gününə bənzəyir. Hansı millətə mənsub olmağımın yazdıqlarıma dəxli yoxdur. Dostlarım arasında müxtəlif millətlərə mənsub insanlar var və bu münasibətlərimizə heç bir əngəl törətmir. Əksinə, onlar dünyəvi, bəşəri dəyərlərə hörmətlə yanaşan insanlardı. Belə insanlar mənim üçün çox dəyərlidi. Tarixi proseslər göstərir ki, humanizmin nativi yoxdur. Çox da maraqlanırlarsa deyirəm: erməni deyiləm.
- “Eurovision-2012” ilə maraqlanırsız?
- Bizdə bu yarışmaya müxtəlif yanaşmalar var. Kimlərsə deyir fəxr etməliyik ki, ölkəmizdə belə bir yarış keçirilir. Bu, ölkəmizin böyük uğurudu. Bəziləri də deyir ki, bu qədər sevinməyə ehtiyac yoxdu. Bu adi bir yarışmadı, o qədər sevinməyə dəyməz. Bütün hallarda mən istərdim ki, Avropadan ölkəmizə daha çox turist gəlsin. Bizim insanlar daha fərqli geyimli, fərqli görünüşlü insanları görsün və gözləri alışsın bu cür geyimli, görünüşlü insanlara. Qorxmaz Quliyevin bir fikrini xatırlatmaq istərdim. O deyir ki, hansısa bir xalqın nümayəndəsinin Nobel mükafatını alması o qədər də böyük hadisə deyil. Xalqın özü gəlib bu səviyyəyə çatmalıdır. Məsələn, Markez Nobel mükafatını alıb. Ancaq kolumbiya xalqı Nobel səviyyəsinə yüksəlməyib. Mən istərdim ki, bizim özümüz o yarışmanın səviyyəsinə qalxaq ki, bu qədər gərginlik keçirməyək: bura gələn insanlar bizi, şəhərimizi bəyənəcək, ya yox. Gəlib özümüz müəyyən həddə çatandan sonra bir də görəcəyik ki, həmin yarışmalar da, mükafatlar da özü yavaş-yavaş, gözləmədiyimiz halda bizim ölkəyə gəlib çıxıb.

Elmar Hüseynov

 

 






29 May, 2012  15:19 Baxılıb: 2889 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner