Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MƏLEYKƏ ƏSƏDOVA: “MƏNİMÇÜN “ƏFSANƏ GƏLİR” DEYƏNDƏ FƏXR EDİRƏM” - FOTOSESSİYA

ş


 Bu dəfə “Gözəl düşünən gözəl görər” rubrikasının qonağı xalq artisti Məleykə Əsədovadır.  Rubrikanın mövzusu haqqında aktrisanın fikirləri, onun bizimlə bölüşdüyü məqamlar diqqət çəkən oldu. Hiss etdik ki, o, bu həyata doğrudan da hər şeyi gözəl görüb, gözəl yaşamaq üçün gəlib. Aktrisa içində yaşatdığı gözəlliyi eləcə də teatr səhnəsində onu sevən, ona inanan tamaşaçılara siraət etməklə öz peşə missiyasını yerinə yetirir.




İradə Nürəddinqızı: “Gözəl düşünən gözəl görər” kəlamını necə anlayırsız?
Məleykə Əsədova: Çalışıram ətrafımda olan doğmalarıma, əsasən də qızıma hər şeyi gözəl göstərim. Hətta qara rəng də gözəldir. Onu gözəl görmək üçün insan gözəl düşüncəyə, zehnə, ürəyə sahib olmalıdır. Elə insanlar var ki, gözəl olan şeyləri belə gözəl görə bilmir. Ya da qısqandığından, pxıllığından gözəl olduğunu deməyə dili gəlmir.
İradə Nürəddinqızı: Hətta bir vaxtlar sizin “Gözəllik işığında” adlı bir telelayihəniz də var idi.
Məleykə Əsədova: O vaxt layihənin adına görə bəziləri düşünürdü ki, guya mən öz gözəlliyimə görə belə ad seçmişəm. Halbuki, bu adı, var olduğum sənətin gözəlliyinə aid etmişdim. Bizi xalqa gözəl göstərən də məhz sənətimizdir.
İradə Nürəddinqızı: Bəs niyə “söndürdüz” o layihənizi?
Məleykə Əsədova: Mənim həyatımın gözəlliyi sənətimlə yanaşı, həm də dünyalar qədər sevdiyim anam idi. O mənim hər şeyim idi. Anam rəhmətə gedəndə mən o verilişin çəkilişində idim. Çəkilişə görə telefonumu söndürmüşdüm. Zəng ediblər, xəbər versinlər, mənə zəng çatmayıb. Çəkilişdən çıxanda artıq anam dünyasını dəyişmişdi. Bu, mənə çox pis təsir etdi. Elə bil, ürəyimin işığı söndü. Sonra da, proqramı bağladım.

“...Hər üzünü mənə göstərdi”

Azər Nəsibov: Həyatda gözəl olmayan amillər də var. Onları gözəl görmək sizin üçün asandır?
Məleykə Əsədova: Mənim üçün çətindir. Ona görə çalışıram ki, gözəl olmayan hər nə varsa, onlardan qaçım. Bəzən olur ki, mənim qəlbimi qırırlar. Üzümə pis bir şey demirlər. Amma arxamca ürəkdolusu qeybətimi edirlər. Hətta çalışıram, o insanlara da cavab verməyib, üstündən keçim. Çünki rəhmətlik Barat xanım Şəkinskayanın dediyi “var olan insan haqqında həmişə danışırlar” cümləsi yadıma düşür. Kim mənim qəlbimə dəyirsə, Allah bilsin! Həyat qısadır, istəyirəm ki, bu qısa zamanda gözəl düşünüb, gözəl yaşayım.
Azər Nəsibov: Qızınız böyüyəndə həyatın çətinliklərinə düşüb, çirkinliklərini gördüyü anlar da olacaq. Heç düşünürsüz ki, zamanla onu bunlara hazırlayasız?
Məleykə Əsədova: Atamla anam bizi sevgi dünyasında böyüdüb. Qardaşım yoxdur, dörd bacıyıq. 17 yaşım olanda atam dünyasını dəyişdi. O vaxta qədər mən hüzür yeri görməmişdim. Belə şeylər haqda heç vaxt yanımızda danışmırdılar. Üstəlik, o vaxtdan kövrək olmuşam. Sonradan anam deyirdi ki, belə halların pis təsir edəcəyini bilib, məni uzaq tuturmuş. Heç vaxt ağlıma gətirmirdim ki, valideynlərim rəhmətə gedər. Məni nə atam, nə də anam çətinliklərə öyrətdi. Vaxt gəldikcə, həyat hər üzünü mənə göstərdi. Mən var ikən, qoy, qızım dünyanın ancaq gözəlliklərini görsün. Bir də ki, həyat özü göstərəcək. Bir şeyi də vurğulayım ki, hətta qızım üçün elə cizgi filmləri seçirəm ki, tərbiyəvi mövzuda olsun, nəinki, dava, aqressiya...
Narınc Rüstəmova: Cəmiyyət artıq dəyişib. Uşağınızda təzad yaranmırmı ki, sinif yoldaşında nəsə başqa cürdür, onda isə başqa cür?
Məleykə Əsədova: Yox, qızım heç vaxt belə suallar vermir. O, çox ağıllıdır, anlayır ki, mən onu necə böyük sevgi ilə böyüdürəm.
Narınc Rüstəmova: Bunun qarşılığında öz uşaq sevgisini sizə verə bilirmi?
Məleykə Əsədova: İnanın ki, verir. Hətta xəstə olanda qoymur ki, kimsə mənə yaxın gəlsin. Deyir anama özüm qulluq edəcəm. Bu, mənə hədsiz dərəcədə xoş təsir bağışlayır. Ən yaxın dostum anam olub. İstəyirəm ki, qızımın da ən yaxın dostu mən olum. Qızımı çox sevirəm. Hər səhər saat 7-də durub onu məktəbə yola salıram. O, qapıdan çıxanda öpüb, - “Allah qorusun!” deməsəm, özümü yarımçıq hiss edərəm.
Azər Nəsibov: Şəxsi həyatınızda necə, gözəllik işığı yanır?
Məleykə Əsədova: Şəxsi həyatımın gözəllik işığı qızımdır. İnanın Allaha ki, bunu səmimi deyirəm.
İradə Nürəddinqızı: Bəs çətin deyil sizin üçün?
Məleykə Əsədova: Çox çətindir. Amma güclü qadınam.
İradə Nürəddinqızı: Qadın nə qədər güclü olsa da, həmişə kişi nəvazişinə ehtiyac duyur.
Məleykə Əsədova: Orası elədir. Qadın güclü olsa da, yanında, evində, ocağında həmişə kişiyə ehtiyacı var. Bu gün çiynimdə ağır bir yük var. Ailəmi həm kişi, həm də qadın kimi özüm idarə edirəm. Amma həqiqətən də çətindir. Bəlkə də kənardan çox xoş, problemsiz görünürəm. Lakin, içimdə olanları bilən yodur.
İradə Nürəddinqızı: Deyirlər ki, əvvəlki görünüşünüzə görə “Yad qızı” və “İtgin gəlin” tamaşalarının efirlərdə yayımına qadağa qoymusuz. Bu, düzdür?
Məleykə Əsədova: Ağ yalandır. Bunu uyduranlar Allahdan qorxmurlar? Qoy, yalana görə qarşılığını Allahdan alsınlar! O tamaşalarda oynadığım Jalə və Əfsanə obrazları mənim ilk uğurlarımdır. Bu obrazlarla tamaşaçılar tərəfindən sevilmişəm. Belə olan halda, bunu necə edə bilərəm? Üstəlik də, həmin tamaşalar satışda da var. Gedib satış yerlərindən bir-bir onları alıb məhv edənəm? Bu uydurmadır, absurddur! Kimsə məni görüb “Əfsanə gəlir” deyəndə, fəxr edirəm.

“Pozğundur deyib, daş-qalaq etmək olmaz”

Azər Nəsibov: Sizin daim formada və gözəl qalmağınız çox maraqlıdır...
Məleykə Əsədova: Kənardan nə qədər problemsiz görünsəm də, xeyli problemim var. Hətta buna görə özümə ayırmağa vaxt tapmıram. Gözəl görünməyimin səbəbi odur ki, həmişə pozitivəm və ən əsası, gözəl düşünürəm. Bəziləri kimi gecə yatmayıb, düşünmürəm ki, görəsən sabah kimin haqqında pis danışım, pislik edim, necə aləmi qatım bir-birinə ki, diqqət çəkim? Belə olsa, gözəl görünə bilərdim? Belə şeylərdən uzağam. Bu gün hətta pəhriz saxlamağa, dərimə qulluq üçün maskalardan istifadə etməyə zamanım yoxdur. Evimdə çalışan xanımlar da məəttəl qalırlar ki, Məleykə xanım bu qədər problemlər içində öz pozitivliyini, gözəlliyini necə saxlaya bilir? Amma qəlbi təmiz insan olduğumdan, Allah mənə layiq olduğum mükafatı verir.
Elmar Hüseynov: Həyatda da rol oynaya bilirsiz?
Məleykə Əsədova: Kaş, oynaya bilsəm. Oynaya bilmədiyimdən, çox şeyi itirirəm. Çox vaxt eşidirəm ki, haqqımda “özündən razıdır, qeyri-səmimidir” deyirlər. Niyə belə dediklərini bilirəm. Bəzən xarici görkəmim insanlarda bu təəssüratı yaradır. Ümumiyyətlə, çox az hallarda insanlara qaynayıb-qarışır, ünsiyyət yaradıram. Hətta hər hansı məclisə gedəndə nadir hal olur ki, çox oturum. Bu da haqqımda yalnış fikir yaradır.
İradə Nürəddinqızı: Psixoloqa müraciət etmisiz?
Məleykə Əsədova: Anam sağ olanda onu öz psixoloqum sayırdım... Hər bir insanın, hər bir ailənin psixoloqa ehtiyacı var. Bəzən olur ki, tanınmış adam olduğumdan özümə müəyyən qadağalar qoymaq məcburiyyətində qalıram. Məsələn, dənizi çox sevdiyim halda Bakıda heç vaxt çimərliyə gedə bilmirəm. Hamının əlinda kameralı mobil telefon var. Bilirəm ki, istər-istəməz məni çimərlik geyimində telefona çəkməyə başlayacaqlar. Buna görə də sıxılacam. Ya da olur ki, hansısa məclisdə yemək yeyəndə narahat oluram. Çünki orda da çəkirlər. Əslində anlayıram ki, belə də olmalıdır. Çünki tanınmış adamam, maraqlı olmasam etməzlər. Amma bu hallar daxilimdəki adi insan olan Məleykəni sıxır. Hərdən düşünürəm ki, bu dünyanın qızı deyiləm. Rəhmətlik Mikayıl Mirzə deyirdi ki, göydən yerə en. Sən saf olduğun kimi, insanların hamısını saf görmək istəyirsən. Amma bu, mümkün deyil. Buna görə də, psixoloqa müraciət etmişəm.
Azər Nəsibov: Bir aktrisa kimi, istənilən obrazı yarada bilərsiz, yoxsa buna da içinizdə müəyyən qadağalar qoyardız?
Məleykə Əsədova: Mən aktrisayam, bu baxımdan mənə etibar olunan rola heç vaxt qadağa qoymaram, imtina etmərəm.
İradə Nürəddin qızı: Məsələn, türk aktrisası Meral Konradın yerinə olduğu kimi Təhminə obrazını oynayardız? Orda açıq-saçıq səhnələr var.
Məleykə Əsədova: O film çəkiləndə mən hələ səhnədə yox idim. Əgər olsaydım və mənə təklif olunsaydı, olduğu kimi oynayardım.
Azər Nəsibov: Bəs pozğun qadın obrazı necə, oynaya bilərsiz?
Məleykə Əsədova: Mənim üçün heç bir rola qadağa yoxdur. Əsas odur ki, o pozğun qadın obrazı tamaşaçıya müsbət, həqiqət olan şeyləri göstərə bilsin. İnanın, pozğun kimi baxdığımız elə qız-qadınlar var ki, insan kimi keyfiyyətli mənəvi tərəfləri var. Kiməsə pozğundur deyib, daş-qalaq etmək olmaz. İnsanlar bir-birlərinə dəyər verməli, qədrini bilməli, pis yollardan çəkindirməyi bacarmalıdırlar. Elnur Rüstəmov: Bu gün cəmiyyətdə pozğun qadın obrazına münasibət dəyişib. Pozğunluq zahiri görünən tərəfdir. Pozğun adlandırılan elə qadın ola bilər ki, daxilində gözəl bir mələk yatmış olar.
Məleykə Əsədova: Sizinlə tamamilə razıyam. Bax, belə bir qadını tamaşada, yaxud filmdə canlandırmaq mənim öhdəmə düşərsə, əminəm ki, bunu bacararam. Çünki o pozğunluğun arxasında tamaşaçıya gözəl mələyi çatdırmaq öhdəsi durur. Mən bir aktrisa kimi özümə 100 yox, 150 faiz inanıram.

“SIMSAR” jurnalı

 






21 May, 2012  17:36 Baxılıb: 2702 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner