Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ŞƏRQİYYƏ HÜSEYNOVA: “İLK DƏFƏ EFİRƏ ÇIXANDA...”

Diktorun “Simsar” jurnalına müsahibəsi

Onunla görüşmək üçün evlərinə getdik. Bizi gülərüzlə qarşıladı. Evə girdiyimiz zaman qonaq otağının pəncərəsindən görünən dalğalanan Azərbaycan bayrağını göstərib deyir, görürsüz, mən hər gün göylərdə dalğalanan üç rəngli bayrağımıza baxaraq gözümü səhərə açıram. Bu mənə böyük ruh verir. Hərdən düşünürəm ki, ay Allah, mənə bir balaca da ömür ver, şəhərimizin gözəlləşməsini, dəyişməsini görüm. Sanki təəssüf edərək üzümüzə baxır: “Görürsüz vaxt necə sürətlə keçir”. Respublikamızın tanınmış diktoru, xalq artisti Şərqiyyə Hüseynova “Tele-sima”dadır. 

- Vaxt bugünkü insanların ən ağrılı yeridir. Sizin də belə probleminiz var?
- Əlbəttə var. Əvvəla, mən efirdəyəm. Hələ efirdən ayrılmamışam. Buna görə, baş qaşımağa vaxt tapa bilmirəm. Həm də kanalların birində təzə proyekt üzərində çalışıram. Vaxtımın çoxunu buna sərf edirəm. İnşallah Novruz bayramına qədər çatdırıb efirə çıxacağıq.
- Hansı kanaldadır bu layihəniz?
- Əslində mənim üçün kanalların ayrıseçkiliyi yoxdur. Çünki, həyatımın 37 ilini Azərbaycanın tək kanalı olan AzTv-də çalışmışam. Düşünürəm ki, o ana kanal, digər kanallar, onun balaları, törəmələridir. Odur ki, məndə kanallara qarşı qısqanclıq hissi yoxdur. “Mən bu kanalın simasıyam” kimi sözlərə gülməyim gəlir. Ona qalsa, biz, yəni biz yaşda nəsil bütün kanalların simasıyıq. Niyə hansı kanalda işləməyimə gəldikdə, deyim ki, mənim tanınmağa, şöhrətlənməyə ehtiyacım yoxdur. Mənimçün maddi maraq önəmlidir. Harda zəhmətim daha çox qiymətləndirilirsə mən ordayam.
- Belə çıxır ki, ATV ANS-dən daha çox pul verir.
- Orası düzdür. Amma ATV kanalını daha çox istəməyimin digər səbəbi bu kanalda sərbəstliyin olmasıdır.
- Ancaq ATV kanalındakı bəzi aparıcılar haqqında giley-güzarlar heç səngimir...
- Bütün kanallların üzdə olan aparıcıları var. Əslində bu aparıcılar birdən-birə ortaya çıxmır. Yavaş-yavaş ələkdən keçirilir, ən istedadlısı seçilib üzə çıxır. Bu da təbiidir ki, insanda, o cümlədən aparıcılarda çatışmayan cəhətlər olur.
- Sizin dövrünüzdəki aparıcılıqla indiki aparıcılıq eynidir?
-Əlbətdə eyni ola bilməz. Bizim dövrümüzdə aparıcılar daha çox oxuyurdu. Bu yaşda mən hələ də nəsə oxumağa çalışıram. O illərdə o qədər kitab oxuyurduq ki... Yəhudi müəllimlərdən ölüvay 4 almaq üçün dəridən-qabıqdan çıxırdıq. İndiki aparıcıların isə nəsə oxumağa ya həvəsləri olmur, ya da vaxtları...

“Onu sevməmək mümkün deyildi”



- Bir qədər ailəniz haqqında məlumat verərdiniz.
- Atam keçmiş hərbiçi idi. Müharibəni Almaniyada Berlində bitirib. Müharibə bitəndən sonra KQB xətti ilə orda saxlayıblar. 1947-ci ilin yayına qədər Berlində qalıb. Anamsa hospitalda işləyirdi. O rus dilini bildiyinə görə 22 yaşında KQB xətti ilə gecə ilə Berlinə göndəriblər. Çünki, rus dilini təmiz bilirdi. Orda yaralanıb Hospitalda yatan əsgərlərin məktublarını tərcümə etmək məqsədi ilə.
- Görünür atanızla ananız Almaniyda tanış olublar...
- Müharibdən sonra, 1946-cı ildə atamla anam Almaniyada görüşürlər. Bir-birlərini sevirlər və evlənirlər. Mən Almaniyada da anadan ola bilərdim. Lakin 1947-ci ildə anam hamiləliyinin doqquzuncu ayında Bakıya qayıdır. Və mən Bakıda doğuluram. Tez-tez anama sual verirdim ki, ay ana, elə eləyə bilməzdin ki, mən Almaniyada doğulardım, indi pasportuma Almaniya yazılardı? Deyirdi, sən nə danışırsan, təsəvvür edə bilməzsən ki, biz Vətən üçün necə darıxırdıq. O zaman Brestə gələndə (Vətənimiz SSRİ sayıldığından) torpağı öpürdük ki, biz artıq vətənimizdəyik. Bizdə o cür vətənə, torpağa sevgi vardı. Atam hərbi xidmətdə yüksək çinli zabit dərəcəsinədək ucaldı. Sonra hərbidən təxris oldu. Uzun müddət əvvəlki oktyabr rayonunda ispalkom, Tirest rəisi işlədi. Atam hərbidə olarkən biz Sovet respublikalarında və bir çox xarici ölkələrdə yaşadıq. Buna görə də biz rusdilli məktəblərdə oxumuşuq.
- Ailədə neçə uşaq olmusuz?
- Ailədə 5 uşaq olmuşuq. Bacım Omskda yaşayır diş həkimidir, kiçik bacım Samirə də onun kimi həkimdir. Qardaşlarımdan biri rəhmətə gedib Elman, bir qardaşım da Eldardır. Uzun müddət Balıqçılıq texnikumunda direktor işləyib.
- Sözünüzdən belə çıxır ki, evdən yalnız siz bu sahəyə maraq göstərmisiz.
- Mən, bir də xalam oğlu rəhmətlik Ələkbər. Onu çox sevirdim. Ələkbərlə bağlı xatirələrim çoxdur. O, məndən 14 yaş kiçik idi. Xalam dəmiryolu xəstəxanasında işləyirdi.Gecə-gündüz işdə olurdu. Ona görə də Ələkbər bizim ailənin bir üzvü idi. Onu uşaq olarkən qucağımda saxlamışam. Çox istedadlı bir gənc idi. Təəssüf ki, onu tez itirdik. Amma şükür Allaha uşaqları var. Oğlu artıq 22 yaşındadı. Qızı Nərgizin 13 yaşı olsa da çox gözəl skripka çalır. Hətta bu yaxınlarda xarici ölkədə keçirilən bir müsabiqəyə qatılacaq. Ən əsası odur ki, Prezident mükafatçısıdır.
- Televiziyaya gəlişiniz necə oldu?
- Mən incəsənət universitetində oxuyurdum. Doğrusu, teatrşünas olmaq istəyirdim. Çünki evimizdə teatra, musiqiyə xüsusi maraq var idi. Atam aşıq musiqisini çox sevərdi, hətta heç yadımdan çıxmaz. Bir dəfə bizi yığıb filormaniyaya apardı. Aşıq musiqisindən ibarət konsert idi. Onda da aşıq musiqisinə yaxşı geyimdə gəlirdilər. Hələ də yadımdadır: Aşıq Əkbərlə Aşıq İmranın deyişməsi oldu. Biz rus dilində oxuyan və Azərbaycan dilində çox yaxşı danışa bilməyən uşaqlara atam aşıq musiqisini, muğamatı belə sevdirdi. Atamla anamın incəsənətə meylliliyi sayəsində mən incəsənət universitetinə daxil oldum. 1967-ci ildə birinci kursda oxuyanda televiziyada diktor qəbulu ilə bağlı müsabiqə elan olundu. Müəllimim Müxlis Cənizadə belə məsləhət gördü ki, mən də orda öz gücümü sınayım. O mənimlə məşğul oldu və 300-ə qədər adamın iştirak etdiyi müsabiqəyə mən də qatıldım.
- Bəs müsabiqənin şərtləri yox idi?
- Əlbəttə var idi. Müsabiqə 3 turdan ibarət idi. Müsabiqəyə tələb olunan bunlar idi: rusca Azərbaycanca mükəmməl bilmək, ali təhsil diplomu və yaxud institutda oxumaq, səs, bir də ki, xarici görünüş. Əfsuslar olsun ki, rus dilimi və səsimi bəyənsələr də, Azərbaycan dilində danışığım bərbad idi. Onda sədr Ənvər Əlibəyli, müavin isə Nəbi Xəzri idi. Hər ikisinə Allah rəhmət eləsin. Onlar mənə dedilər ki, get bir az da hazırlaş gəl ikinci tura. Hazırlaşdım, ikinci tur, birinci tur və nəhayət müsabiqədən keçdim.
- Bəs institutda oxumağınız nə yerdə qaldı?
- İnstitutda oxuya-oxuya axşamlar da televiziyada işləməyə başladım. Atamla-anam narazı deyildilər. Çünki televiziya mədəni və gözəl bir məkan idi. İlk dəfə efirə çıxanda canlı efirdə bir kəlmə “Konsertimizə başlayırıq, oxuyur filankəs” deməliydim. Bunu deyənə qədər çox hazırlaşdım. Sonra da həyəcandan çox pis hala düşdüm. Axı canlı efir idi, məsuliyyət vardı. Yavaş-yavaş hər şey qaydasına düşdü. Proqramlar hazırladım.
- Sonralar televiziyada əsasən hansı proqramları aparırdınız?
- Əsasən informasiya verilişlərini və rus dilində verilişləri mənə həvalə edirdilər. İlk olaraq təcrübəçi diktor, sonra 3, 2 və 1-ci kateqoriyaları aldım. O zaman ali kateqoriyanı Moskva verirdi. Bu kateqoriyanı almaq üçün orda müxtəlif seminarlarda iştirak etməliydin. Ali kateqoriyanı aldıqdan sonra 1990-cı ildə əməkdar artist, 2006-cı ildə isə Xalq artisti adına layiq görüldüm.
- Görünür, televiziyanın fanatı olmusuz.
- Sənətimi, işimi çox sevsəm də fanatı olmamışam. Ailəmi sənətimə qurban verməmişəm. Hər ikisini yoluna qoymağa çalışmışam.
- Ailədən danışmışkən, ata və ananız kimi sizin də sevgi hekayəniz olub?
- Mənim həyat yoldaşım, doğmaca xalam oğlu olub. Biz bir yerdə böyüyüb boya-başa çatmışıq. Valideynlərimizin məsləhəti ilə evləndik. Əfsuslar olsun ki, yoldaşım 1998-ci ildə 49 yaşında xəstələndi və rəhmətə getdi.
- Belə çıxır ki, aranızda sevgi olmayıb...
- Sevgisiz yaşamaq mümkün deyil. Özü də yoldaşımın xasiyyəti və xarici görünüşü də çox gözəl idi. O cür insanı sevməmək mümkün deyildi. Ali təhsilli, çox mədəni bir insan idi. Çox xoşbəxt ailəmiz olub. 1969-cu ildə evləndik, 1971-ci ildə övladımız Mehriban dünyaya gəldi.
- Elə bir uşağınız olub?
- Əfsus ki, bir uşağımız oldu. Sonralar daha çox uşağımın olmamağına təəssüfləndim.
- O dövrdə sənət yoldaşlarınız kimi siz də dublyajlara gedirdiz?
- Yox, mən heç vaxt dublyajlarda iştirak etməmişəm. Baxmayaraq ki, dəfələrlə təklif olunub. Amma buna mənim marağım olmayıb. Dublyaj yaxşı qazanc mənbəyi idi. Amma mənim o qazanca ehtiyacım yoxdu.
- Filmə çəkilmək haqqında düşünmürdüz?
- O zaman Rza Təhmasib çox təkid edirdi ki, diktorluq fəaliyyətimi bir kənara qoyub, aktyorluğa keçəm. O nədənsə məndə aktyorluq istedadını görürdü. Məni aktyor görmək istəyirdi. Amma məndə səhnəyə böyük bir meyl olmayıb. Düzdür film qalır, amma verilişi uzaqbaşı bir dəfə təkrar verirlər.
- Şərqiyyə xanım unudulmayıb ki?
- Yox, çünki mən hələ də efirdəyəm. Efirdə olmasaydım bəlkə də unudulardım. 2004-cü ildə dövlət televiziyasından ANS-ə getdim. 2004-cü ildən 2006-cı ilə qədər ANS-də bir proyektim var idi. “Qaynar qazan”, sonra “Qoy oturmuşuq”, nəvəmlə bir uşaq verilişi və sonda “Zərif çərşənbə” proqramını apardıq. Bu son proyekt oldu.
- Bəs “Zərif çərşənbə” niyə dayandırıldı?
- Bu verilişə respublikamızın çox səviyyəli və tanınmış adamları dəvət olunurdu. Bunun da bir sonu var. Biz xırdalanmaq istəmirdik. İstəmirdik ki, kim gəldi o proqramda iştirak eləsin. Bu verilişdən sonra ANS-lə vidalaşdım.

“Birdən uğultu eşidildi”


- Bu gün verilişlərə baxırsız?
- Bu mənim işimdir. Elə insanlar var ki, deyir mən bizim kanallara baxmıram. Amma başlayır hər verilişdən danımağa. Pis verilişə əsəbləşib baxır, yaxşı verilişlərə də maraqla baxır. İndi kanalı dəyişmək çətin deyil ki, əvvəllər kanalı dəyişmək üçün dururdun ayağa. İndi pult əlində istədiyin kanala baxa bilirsən. Etiraf edək ki, əksər verilişlərimiz xarici kanallardan götürülüb. Onu da deyim ki, səviyyəli verilişlərimiz çoxdur.
- Verilişlərdə nəyə diqqət yetirirsiz?
- Müğənni müğənniyə fikir verir ki, görsün hansı notu düzgün oxudu, mən də aparıcılara diqqət yetirirəm. Çünki bir çox aparıcıları bizim elə özümüz efirə hazırlamışıq. Bütün kanallarda maraqlı aparıcılar var.
- Daha çox xoşunuza gələnlər kimlərdir?
- Dövlət televiziyasında yeni nəsil yetişir, Liderin xəbərlərində gözəl aparıcılar var. Xəzərdə Anarı, Spacedə İdrisi çox bəyənirəm. Mən həm də institutda müəllim işləmişəm. Yaşar Nuriyə, Zərnigara, Xəzərdəki Ay Zaura və Anar Nağılbaza da dərs demişəm. ATV-dəki Zauru çox bəyənirəm. Çünki o, çox talantlıdır.
- Bəs bəyənmədikləriniz?
- Adlarını çəkə bilməyəcəyəm.
- Aparıcılarda nəyi bəyənmirsiz?
- Bu başqa söhbətdir. Hələ üzərlərində çox işləməlidirlər. Aparıcı efirə elə geyimdə çıxmalıdır ki, tamaşaçının fikri onun geyimində yox, danışığında, dediklərində qalmalıdır. Məsələn, cidii verilişə açıq paltarda çıxırlar. Bu düzgün deyil. Biz o vaxt efirə çıxanda balaca bir sırğa da taxa bilmirdik. İndi aparıcıların işi çox çətindir. Qabaq biz hazır materialı efirə təqdim etməli idik. İndi bir çox aparıcılar özləri çəkilişə gedir, materialı özləri hazırlayırlar. Bunu eləməksə çox çətindir. Gənclərimiz öz üzərlərində işləməlidir, ləhcə, templə danışmaq ləğv olunmalıdır. Zamanın tempinə uyğun danışıq tərzi tapmalıdırlar. Məsələn çox aramla danışanda adamı əsəbiləşdirə, sürətlə danışanda isə başadüşülməz ola bilərlər, orta sürəti tapmalıdırlar. Eyni zamanda həyatın nəbzini də tutmalıdırlar.
- Aparıcılarda sizin eləyə bilmədiyiniz nələr var?
- Biz cəmiyyətdən çəkinirdik. Adi ad gününü belə evdə edirdik ki, pis bir şey yaranmasın. Amma indiki gənclər məclis belə idarə edirlər. Ona görə, onların maddi vəziyyəti bizimkindən çox fərqlənir. O zaman biz valideynimizə, həyat yoldaşımıza aldığımız maaşa güvənərdik. Amma indi başqa məsələlər var.
- İstərdik ki, efirdə üzləşdiyiniz maraqlı hadisələrdən danışasız...
- Televiziya çox maraqlı sahədir. Demək olar ki, burda hər günümüz maraqlı keçirdi. Bir gün Rafiqlə mən xəbərləri oxuyurduq. Bu zaman operatorların şitliyi tutdu. Kameraların arxasında bir-birləri ilə zarafatlaşır, elə gülməli hərəkət edirlər ki, bizim fikrimiz də qalır bunlarda. Rejissor da pultdan qulağımıza nəsə deyir, amma başa düşmürük, çaşıb qalmışıq. Artıq mən hava haqqında məlumat verirəm. Bu zaman külək əsəscək yerinə, külək açılacaq deyirəm. Rafiq özünü saxlaya bilməyib, gülə-gülə başını soxur, stolun altına. Bir də projektorların tez-tez partlaması ilə bağlı bir hadisə baş verdi. Bir dəfə veriliş vaxtı projektor partlayır şüşələrin qırıntıları sıçrayır üstümə. Cızhacızla yana-yana verilişi davam etdirirəm. Bu vaxt kimsə səhlənkarlıq edib dekorasiyanı arxadan bərkitməyib. Veriliş zamanı birdən uğultu eşidildi. Gördük ki, dekorasiya gəlir üstümüzə. Efirdəyik durub qaça da bilmirik. O hayda verilişi axıra qədər davam etdirdik.
- O heyətlə yenə də əlaqələriniz var?
- Çox mehriban və şən kollektivimiz vardı. Bir-birimizi həmişə sevmişik və dəstəkləmişik. Roza Tağıyeva, Ofeliya Sənani, Solmaz Həmzəyeva, Rafiq Hüseynov. Biz elə bilirik ki, yenə də bir ailənin üzvləriyik. Tez-tez zəngləşirik, dərdimizi bölüşürük.
- Sizi ən çox əsəbiləşdirən bəs nədir?
- Tənbəllik, pintilik, düşüncəsizlik və bəzi insanların bisavadlığı məni çox əsəbləşdirir. Tənbəl insan həyatda heç nə əldə edə bilməz. Atam hərbiçi olduğuna bizi tələbkar və nizam-intizamlı böyüdüb. Bisavadlıq deyəndə mən diplomu nəzərdə tutmuram. Adam var deyir bir neçə diplomum var. Yazdıqlarına baxanda necə bisavad olduğunu görürəm. Öz fikrini başqalarına çatdıra bilməyən insanları xoşlamıram. Bunlar hardan əmələ gəlir? Əlbəttə oxumamaqdan, düşünməməkdən...

Elmar Hüseynov (“Simsar” jurnalı)






11 May, 2012  15:47 Baxılıb: 5129 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner