Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TÜRKİYƏ-AZƏRBAYCAN – ƏKİZ QARDAŞ, BİR ÜRƏKDİ -FOTOSESSİYA

Hulusi Kılıçın “Simsar” jurnalına müsahibəsi

Onunla görüşə həyəcanla hazırlaşırdım. Adətən səfirlər jurnalistlərlə rəsmi söhbət edirlər. Ancaq ilk qarşılaşmadan ilıqlıq hiss etdim. Salamlaşmamızdan başlayan şirin səmimiyyət söhbətimizin sonuna qədər davam etdi. Çünki yad ölkənin səfiri ilə deyil, qardaş Türkiyənin Böyük Elçisi ilə görüşürdüm. “Simsar”ın bu sayının qonağı Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səlahiyyətli səfiri Hulusi Kılıçdır.

-Cənab səfir, neçə ildir Azərbaycandasız?

-Azərbaycana gələrək vəzifəmin icrasına başladığım vaxtdan 4 il keçir. 2008-ci ildən başlayaraq Türkiyənin Azərbaycandakı Səfiri vəzifəsini yerinə yetirirəm.

-Azərbaycana səfir təyin edilməyinizi necə qarşıladınız?
- Azərbaycanda səfir olmaq mənim arzum idi. Bu xəyalımın gerçəkləşməsi, duyğusunu ifadə etmək mümkün olmayan çox böyük bir xoşbəxtlikdir. Doğrusu, Türkiyə-Azərbaycan münasibətləri özəl olduğu üçün Azərbaycana səfir təyin olunmağımı özüm istədim. Eyni millətin səfiri olaraq xidmət etməkdən böyük qürur duyuram.
- Səfir təyin olunmazdan öncə Azərbaycanda olmuşduz?
-1996-1998-ci illərdə Tiflis şəhərindəki səfirliyimizdə işləmişəm. O dövrdə Gəncəyə səfər etmişdim. 1999-cu ildə Xarici İşlər Nazirliyinin Aviasiya İdarəsinin rəisi olaraq Bakıya gəlmişdim. Bundan başqa 2006-2008-ci illər arasında Azərbaycana müxtəlif vaxtlarda gəlib-getmək imkanım olub.
-Azərbaycanı görməzdən əvvəl necə təsəvvür edirdiz?
- Müstəqillik illərindən başlayaraq Azərbaycanımızda baş verən dəyişiklikləri müşahidə edə bildim. Bura səfir təyin olunduqda qardaş türk cümhuriyyətində işləmək üçün gəldiyimi düşünürdüm. Keçən vaxt ərzində həm dövlət rəsmiləri ilə, həm də xalq ilə münasibətlərimdə gördüklərim və yaşadıqlarım hissimdə yanılmadığımı bir daha təsdiq etdi.

“Anadolunun kiçik qəsəbəsində doğulub böyümüşəm”

-Ölkəmiz haqqında ilk təəssüratınız necə idi?
-Azərbaycan haqqında ilk təəssüratım gənclik illərimə təsadüf edir. Azərbaycan radiosunu o dövrdə böyük bir sevinclə dinləyir, buradakı qardaşlarımı xəyal edərdim. Xüsusilə, 1999-cu ildə ilk dəfə Bakıya gələndə çox həyəcanlandım. Öz dilimdə danışmaq çox fərqli hiss idi. Hissləri təsvir etmək mümkün deyil. Hisslər yaşanarkən anlaşılır. Mən, Anadolunun kiçik bir qəsəbəsində doğulub böyümüşəm. Burada eşitdiyim, anamın mənə öyrətdiyi dildir. Uşaqlıq və gənclik günlərimi yada salıram.
- Azərbaycanda ilk olaraq nəyə təəccüb etdiz?
-Bizə bu qədər bənzəyən insanlarla qarşılaşmaq məni təəccübləndirdi və çox sevindirdi. Özümü sanki Türkiyənin bir başqa bölgəsinə gəlmiş kimi hiss etdim.
-Bəs gəldikdən sonra, təsəvvürünüzdə nələr dəyişdi?
-Azərbaycan mənim üçün sürprizlərlə dolu bir ölkə olmadı. Azərbaycanda və Türkiyədə yaşayan xalqlar arasında soy və qan bağı mövcuddur. Soydaşıq, eyni dildə danışırıq, mədəniyyətimiz, tariximiz, dinimiz eynidir. Eyni şeylərə gülürük. Azərbaycana gəldikdən sonra, mənim Türkiyə-Azərbaycan qardaşlığının çox dərin kökləri olması barədə düşüncələrimin doğru olduğunu bir-bir müşahidə etmək imkanım oldu. Türkiyə-Azərbaycan – əkiz qardaş, bir ürəkdi. Azərbaycanın keçən illər ərzində inkişafı məndə çox böyük təəssürat yaratdı. 20 il kimi qısa bir müddət ərzində iqtisadiyyatını bu qədər böyüdən, BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olmağı bacaran ikinci bir ölkə xatırlamıram. Bu üzvlük Azərbaycanımızın yenidən müstəqillik əldə etməsinin 20-ci ildönümündə Azərbaycan xalqına ən gözəl hədiyyə olub. Bundan başqa, son dörd ildə Bakının dəyişməsinə şahid oldum. Bakı, tam olaraq bir Avropa şəhəri halına gəldi.
-Azərbaycanı bir cümlə ilə necə ifadə edərdiz?
-Türkiyənin əkiz qardaşı.
-Azərbaycan və Türkiyə arasında hansı sahədə əlaqələrin yaradılmasına ehtiyac var?
-Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik səviyyəsi, yeni sahələrdə əməkdaşlıqların qurulması, bütün sahələri əhatə edən əlaqələri, əməkdaşlığı və birliyi daha da möhkəmləndirməlidir. Azərbaycanda turizmin və kənd təsərrüfatının inkişaf etməsi üçün qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
-2012-ci ildə Azərbaycan-Türkiyə münasibətlərində hansı yeniliklər gözlənilir?
- Dağlıq Qarabağ problemində dəstəyimiz davam edəcək, beynəlxalq forumlarda bir-birimizi müdafiə edəcəyik. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq qardaş Azərbaycanın böyük uğurlar əldə etməsi üçün güclərimizi birləşdirəcəyik. İkitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək, siyasi, hərbi, iqtisadi, mədəni, sosial və bütün digər sahələrdə birlikdə layihələr işləyib-hazırlamaq üçün səy göstərəcəyik. Bir az konkretləşdirsək, ilk olaraq 25 oktyabr 2011-ci il tarixdə İzmir şəhərində müvəffəqiyyətlə təşkil etdiyimiz Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısını Bakıda keçirəcəyik, Bakı-Tiflis-Qars Dəmiryolu başda olmaqla, layihələrimizi davam etdirəcəyik. Mədəniyyət sahəsində Yunus Əmrə Mədəniyyət Mərkəzinin açılması da daxil olmaqla başqa layihələrə də imza atacağıq.

“Musiqinin hər növünü dinləyirəm”

- Ölkəmizdə bəyəndikləriniz və bəyənmədikləriniz çox maraqlıdır...
- Heç bir zaman azərbaycanlı qardaşlarıma xoş gəlməyən xüsusiyyətlər tapmaq gözü ilə baxmadım. İnsanın öz millətinə bəyənməyərək baxmasını anlamıram. Azərbaycanlı qardaşlarımın incəsənətdə bu qədər zövqlü olmaları, ən yeni, ən müasir texnologiyalara açıq olmaları və qısa müddət ərzində bu texnologilyalara yiyələnmələri, qardaş Türkiyəyə qarşı həmişə sevgi, məhəbbət hissləri bəsləmələri çox xoşuma gəlir.
- Qardaşlarımızla bənzər xüsusiyyətlər çoxdur, bəs fərqli xüsusiyyətlər olaraq nələri qeyd edə bilərsiz?
-Azərbaycan və Türkiyə xalqları eyni millətin nümayəndələridir, bu səbəblə bənzər xüsusiyyətlərə malik olmaları çox təbiidir. Yuxarıda qeyd etdiyim kimi, Türkiyə-Azərbaycan – əkiz qardaş, bir ürəkdi. Fərqlərimizə gəldikdə isə, doğrusu bu cür bənzədiyimiz üçün, fərqlər tapmaq və sadalamaq çox çətindi. Biz eyni ailənin üzvləriyik. Oxşar və fərqli xüsusiyyətimiz ailə içindəki oxşarlıqlar və fərqlər kimidir. Lakin unutmamalıyıq ki, dünyada bizdən başqa da bir-birinə çox oxşayan, yaxın millətlər də var. Ancaq onların heç biri bizim bir-birimizə qarşı hiss etdiyimiz qardaşlıq, birlik və bərabərlik hisslərini eyni dərəcədə hiss etmir. Bir-birimizə olan bağlılıq bəzən ibrət, bəzən isə qısqanclıqla qarşılanır.
-Adət-ənənələrimizdən, bayramlarımızdan hansını daha çox bəyənirsiz?
-Azərbaycanda da, Türkiyədə olduğu kimi ailə məfhumuna əhəmiyyət verilməsini, böyüklərin və kiçiklərin bir-birinə olan bağlılığını və qarşılıqlı hörməti çox bəyənirəm. İstər dini, istərsə milli bayramlar arasında seçim edə bilmirəm. Novruz bayramının xüsusi yeri olduğunu hesab edirəm.
-Azərbaycan mətbəxi ağız dadınıza uyğundurmu?
-Azərbaycan və Türk mətbəxində eyni və bir-birinə bənzəyən çox sayda yemək var. Bunlar bizim öz mədəniyyətimiz, zənginliyimizdi. Bu üzdən yeməkləri ayırmadan, gözəl hazırlanan və süfrəyə verilən hər yeməyi bəyəndiyimi demək istəyirəm.
-İstirahətinizi necə keçirirsiz?
-Televiziyaya baxıram, yürüş edirəm. Film izləməyi çox sevirəm. “Titanik” filmini çox bəyənirəm.
-Müsiqi dinləməyi sevirsiz?
-Musiqinin hər növünü dinləyirəm. Daha çox hərəkətli musiqiləri xoşlayıram.
-Türk və Azərbaycan sənətçiləri arasında kimləri bəyənirsiz?
-Bu məsələdə fərq qoymaq istəmirəm. Türk və Azərbaycanlı sənətçilər bizim ortaq sənətçilərimizdir.
-Böyük kitabxananız var, deyəsən mütaliəni sevirsiz?
-Bəli, vaxtım olduqca oxuyuram. Mütaliəni çox sevirəm. Əsasən tarixi və siyasi kitabları oxuyuram. Müasir Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yaradıcılığını çox bəyənirəm, onu da qeyd edim ki, bu böyük ziyalının şerləri bütün türk dünyasında sevilir.
-Bir az da ailəniz haqqında danışardız...
-Atam və anam vəfat ediblər. 3 qardaşım Tokatda Rəşadiyyədə kənd təsərrüfatı ilə məşğul olur, 1 qardaşım isə Ankarada ticarətlə məşğul olur.
-Bəs həyat yoldaşınız Günay xanımla necə tanış olmusuz?
-Universitetdə eyni kursda oxuyurduq, orada tanış olmuşuq.
-Sizcə ideal ailə necə olmalıdır?
-İdeal ailə qarşılıqlı hörmət, məhəbbət, həmrəylik və paylaşma əsasında qurulmalıdır.
-Sevərək yoxsa valideynlərin məsləhəti ilə ailə qurmaq lazımdı?
-İnsanlar sevərək ailə qurmalıdır. Ancaq valideynlərin fikrini də öyrənmək lazımdır. Valideynlərin təcrübəsi və dünyagörüşünü nəzərə almaq önəmlidi.
-Övladlarınız daha çox Sizinlə yoxsa Günay xanımla bölüşür?
-Oğlum mənimlə, qızım anası ilə bölüşür. Onların həyatına müdaxilə etmirəm.
-Hulusi bəy, çox səmimi insansınız, bu səmimiliyə və bizi şəxsən qəbul etdiyinizə görə sizə “Simsar” jurnalı və şəxsən öz adımdan təşəkkürümü bildirərək müsahibəmizin sonuncu sualını vermək istəyirəm. Türkiyəyə qayıtdıqdan sonra, Azərbaycanla bağlı Sizi ən çox darıxdıran nə olacaq?
- Səmimiyyət qarşılıqlı olduğundan söhbətimiz də maraqlı alındı. Mən də bu müsahibəyə görə Sizə dərin təşəkkürümü bildirir və “Simsar”a işlərində uğurlar arzulayıram. Sualınıza gəlincə Azərbaycandan Türkiyəyə qayıtdıqdan sonra buradakı dostlarım, əziz Azərbaycan xalqı, bu gözəl ölkənin havası, suyu, qısaca hər şeyindən ötrü darıxacağam. Həm həyat yoldaşım, həm də mənim üçün Azərbaycanda keçirdiyimiz hər an elə dolu, elə mənalı keçdi ki, sadəcə özləyəcəklərimi alt-alta sıralamaq belə çox çəkər. Bütün Azərbaycanlı bacı-qardaşlarıma bu gün olduğu kimi, sabah da, gələcəkdə də Türkiyənin, Türk Millətinin onların yanında olduğunu, bu dəstəyin hər zaman davam edəcəyini qeyd etmək istəyirəm. İşlərimizdə bizi ürəkləndirən ən böyük qüvvə, qardaşlarımızın bizə göstərdikləri etimaddır.

İradə Nurəddinqızı

“SİMSAR” jurnalı

 

 

 






8 May, 2012  16:55 Baxılıb: 2341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner