Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

LƏTAFƏT ƏLƏKBƏROVA: “...ONA GÖRƏ DƏ, ÇOXUMUZ TOYLARDA APARICILIQ EDİRİK” - FOTOSESSİYA

“Bəziləri kimi süni deyiləm”

 Müsahibi efirə çıxdığı ilk gündən – tələbəlikdən tanıyıram. O gündən-bu günə qətiyyən dəyişməyib. Necə sadə vardısa, eləcə də qalıb. Onu tamaşaçıya ən çox sevdirən də bu xüsusiyyətidir. Müsahibim bir neçə verilişin aparıcısı olmuş, hazırda Xəzər TV-də hər bazar yayımlanan “Dəyişmək istəyirəm” adlı verilişin aparıcısı Lətafət Ələkbərovadır.

- Televiziya karyeram 1995-ci ildə, o vaxt fəaliyyət göstərən “Sara TV”də başlayıb. 2002-ci ildə fəaliyyətimi Space kanalında davam etdirdim.
- Əslində, rus dili müəllimisiz...
- O vaxt testlə Bakı Slavyan Universitetinə düşdüm. Oranın magistraturasını da fərqlənmə diplomu ilə bitirmişəm. O vaxt mənə təklif etdilər ki, qalıb orda işləyim. Amma razı olmadım. Çünki aparıcı kimi fəaliyyət göstərmək istəyim daha güclü olub.
- Aparıcı kimi kimlərdənsə bəhrələnmisiz?
- Ofeliya Sənani, Həqiqət Rzayeva, Şərqiyyə Hüseynova ən çox bəyəndiyim diktor-aparıcılarımız olublar. Həmişə diksiyalarına diqqətlə qulaq asırdım ki, düzgün, aydın danışmağı öyrənə bilim.
- Deyəsən, onlardan əməlli başlı bəhrələnmisiz.
- Təbii, üstəlik, televiziya və kino rejissoru xalq artisti Vasif Babayev mənim müəllimim olub. Diktor Rafiq Həşimov da aparıcı kimi yetişməyimdə mənə yardımçı olub. Diksiyamı mükəmməlşdirmək üçün xüsusi mətnlər verirdi ki, oxuyum.
- Orta məktəbi necə oxumusuz?
- Yaxşı oxumuşam. Daha çox humanitar fənlərə həvəsim vardı. Ən çox da ədəbiyyatı oxuyurdum. Diksiyam orta məktəbdən müəllimlərimin də xoşuna gəlirdi. Onlar bilirdilər ki, mənim aparıcılığa həvəsim var. Ədəbiyyat dərsində müəllimə həmişə məni ucadan oxudurdu ki, uşaqlar dinləsinlər. Ümumiyyətlə, instituta girənə kimi evdə də dərsimi ucadan oxuyurdum ki, özümü aydın eşidim.
- Aparıcı olaraq fəaliyyətə başlamağınızdan söhbət açardınız.
- Ali məktəbə yeni girmişdim. Əyani oxuyurdum. İstəyirdim ki, özüm işləyib, ən azından yol xərcimi özüm çəkə bilim. Yəni ki, ailəmizdə durum ortabab idi. İstəmirdim ki, mənim əziyyətimi çəksinlər. Bu səbəbdən özümə iş də axtarırdım. O vaxt da “Sara” radiosu yeni açılmışdı. Bir gün radioda elan eşitdim ki, aparıcılıq müsabiqəsi elan olunub. Ora getdim və müsabiqədən keçdim.
- Sizi kimsə tapşırmışdı? Çünki sonradan televiziya və radioda çalışanların böyük əksəriyyəti tanışlıqla işə girirdilər.
- İnanın ki, məni kimsə tapşırmamışdı. Heç tapşıracaq adamım da yox idi. Amma bu gün məni dəstəkləyən çox dostum var. Saytınız vasitəsilə onlara təşəkkür edirəm.
- Özləri pul verib reklam xatirinə hansısa verilişdə aparıcılıq edənlərin olduğunu etiraf edirsiz?
- Bəli, elələri var. Amma mən heç vaxt bunu etməmişəm.
- Düzdür ki, aparıcılar az maaş alır?
- Bəli, ona görə də bir çoxumuz toylarda da aparıcılıq edirik.
- Bəziləri də elə toya getmək üçün efirdə aparıcılıq edir.
- Bununla da razıyam. Amma mən aparıcılığa başlayanda heç toy haqda düşünmürdüm. Sadəcə maddi sıxıntılar olduğundan 2004-cü ildən toya getməyə başladım. Sağ olsun, bu yöndə qarmon ifaçısı Gülbahar Şükürlü mənə dəstək oldu. Onun sayəsində ilk dəfə toyda aparıcılıq etdim.
- Bu gün toylarınız çoxdur?
- Allaha şükür. Zaman keçdikcə, çevrə böyüdükcə toyların da sayı artır.
- Toyda aparıcılıq edərkən sıxıldığınız məqamlar olub?
- Yeni başlayanda sıxılırdım. Sonra alışdım. Bir də ki, bu vaxta kimi getdiyim toylarda həmişə özümə qarşı hörmət görürəm. Əks halda, nə qədər maddi sıxıntım da olsa, getməzdim.
- Aparıcı kimi özəlliyiniz nədədir?
- Əvvəla mən həmişə Allaha şükr edirəm ki, həmişə dualarımı qəbul edir. Çox səmimi insanam və səmimiliyimi efirdən də tamaşaçıya hiss etdirməyə çalışıram. Bəziləri kimi süni deyiləm, ya da səmimiliyimdə ifrata varmıram. Bu, mənim özəlliyimdi.
- Bir müddət əvvəl saytların birində keçirilən sorğu əsasında Azərbaycanın 10 ən gözəl aparıcı xanımı sırasında sizin də adınız vardı. Doğrudan özünü o sırada olmağa layiq sayırsız?
- Gözəlliyim haqda heç nə deyə bilmərəm. Bu, digər insanların seçimidir və bundan dolayı çox xoşbəxtəm ki, məni da gözəl aparıcılar sırasında görüblər.
- Ötən yay Afrikada keçirilən bir realiti-şouda iştirak etdiniz və qabırğanızdan zədə aldınız...
- Bəli, “Ekstrim Azərbaycan” adlı yarış idi. Çox maraqlı oldu. Amma heyif ki, aldığım zədədən dolayı yarışdan ayrıldım. Buna təəssüflənmirəm. Əsas odur ki, indi yaxşıyam.
- Bəyənmədiyiniz, efirə yaraşdırmadığınız aparıcılar var?
- Olsa da adlarını çəkə bilmərəm. Bu, əslində mənim problemim deyil. Aparıcı kimi yararsız olanları efirə buraxanlar haqda kanal rəhbərləri düşünsünlər. Mən onsuz da işimin çoxluğundan onlara demək olar ki, baxmıram.
- Düşünürsüz ki, aparıcı olaraq hamının simpatiyasını qazanmısız?
- Bir aparıcı hamının xoşuna gələ bilməz. Yəqin məni də bəyənməyənlər var. Amma ruhdan salmamaq üçün hələ bunu üzümə deyən olmayıb və bundan sonra da olmaz, inşallah (gülür).
- Şəxsi həyatınızdan danışaq...
- Bildiyiniz kimi ailə qurub ayrılmışam. Bir qızım var.
- Ayrılmağınıza peşmansız?
- Yox, Allahın yazısı belədir.
- Eşitdiyimə görə eks həyat yoldaşınız bir neçə dəfə barışmağa cəhd edib...
- Bizim yenidən bərabər olmağımız mümkün deyil. Ona görə də cəhdləri boşa çıxıb. Artıq tənha ana olaraq yaşamağa alışmışam. Allaha şükr edirəm ki, qızımın qayğısına qalmağım üçün mənə imkan verir. Qızımı böyütməyim üçün anam, bacım da mənə yardım edirlər.
- Yenidən ailə qurmağınız mümkündür?
- Bu suala cavab vermək çətindir. Allah bilir...


Azər Nəsibov






7 May, 2012  16:37 Baxılıb: 3852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner