Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“NİYƏ?”DƏN ÇIXAN NİYƏLƏR – MÜSAHİBƏ - FOTOSESSİYA

Pərviz Məmmədrzayev: “Tamşaçıya düşünmək üçün məhsul vermək lazımdır”

Ötən həftə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Niyə?” tamaşasının premyerası oldu. 4 hissədən ibarət tamaşada hər zaman aktual hesab edilən probelemlərə toxunulub. Tamaşaçılar “Niyə?” tamaşasında onları düşündürən niyələrə cavab tapmağa çalışıb. Nümayiş olunan tamaşanın quruluşçu rejissoru “Simsar” Teatr Studiyasının rejissoru və bədii rəhbəri Pərviz Məmmədrzayevdir. Ondan tamaşada bizi maraqlandıran “Niyə?” suallarına aydınlıq gətirməsini istədik.

- Tamaşanın ideyası sizdə necə yarandı?
- İdeya bizdə həmişə var. “Niyə?”dəki ayrı-ayrı tamaşalardan danışırqsa, ideya uzun müddət idi ki, var idi. Məsələn, “Mənim” tamaşasının ideyası hardasa 3-4 il bundan əvvəl yaranmışdı. Sadəcə olaraq o ideya hələ bişməmişdi, müəyyən ərsəyə gəlib çatmamışdı. O ideyanın yetişməsi üçün uzun müddət gözləməli oldum. “Şaşa və Bul-bul”un da ideyası məni çoxdan narahat edirdi. Buna baxmayaraq təkcə ideyanın gəlməsi deyil, onun hansı formada, hansı səpkidə təqdim olunması mənim üçün daha vacibdir. Hər şeyi çılpaqlığı ilə açıb, ortada qoymaq olmaz. Çünki tamaşaçıya düşünmək üçün yem vermək lazımdır. Hər şeyi ortaya qoyanda tamaşaçı bir o qədər düşünmür. Hətta bir-iki nəfər deyir ki, siz niyə belə işarələrlə danışrısz? Cavab verirəm ki, işarələrlə danışmıram, bu, sadəcə olaraq mənim düşüncə tərzimdi. Hər şeyi çılpaqlığı ilə deməyi sevmirəm. Tamşaçıya düşünmək üçün məhsul vermək lazımdır. Mən ovcumu açmışam sən ovcumun içində nə görmək istəyirsən? Çörək, su, pul yoxsa başqa şey? Ovucun içində çox şey var.
- İki tamaşanın ideyasından danışdız. “Diz” və “Tutuquşular”ın ideyası barədə nə deyə bilərsiz?
- “Diz” mənim üçün ona görə problem idi ki, mən istəyirdim, aktyor bədəninin hissəsindən öz tərəf müqabili kimi istifadə edə bilsin. O ideya xırda-xırda, qədimi dildə desək, misqal-misqal üstünə gəldi və o formanı aldı. Allahın köməyi və aktyorun əməyi ilə insan əzasından ona tərəf müqabili yaratdıq. Hər bir hərəkətin üzərində xeyli işləmişik. Sag olsun, aktyor hərəkətləri məharətlə ifa etdi. Üzərində çox zəhmət çəkildiyi üçün mürəkkəb forma tamaşaçıya zövq verdi. “Tutuquşular”ın ideyasını bir neçə cür yozmaq olar. Bunu insanlara da aid etmək olar. Bu mənim üçün ağrılı problemlərdən biridir. Bizim ən böyük problemlərimizdən biridir ki, ətraf mühiti özümüzə uyğunlaşdırmağa çalışırıq. Guya ki, hər bir şey bizim üçündür. Halbuki, biz də nələrinsə zəncirində halqayıq. Amma nədənsə bu halqa özünü əsas sayır. Heyvanları tutub incidirik, ətraf mühiti məhv edirik, oranı dağıdırıq, buranı dağıdırıq, hər şeyi özümüzə uyğun olaraq qurmağa çalışırıq. Bunun da axırı uçuruma gedib çıxır. Bunun ziyanı bumeranq kimi özümüzə qayıdır. Orada bir ideya da var idi ki, cəmiyyətdə biz bəzən fikri tam deyə bilmirik, nala-mıxa vururuq.
- Mənim diqqətimi çəkən “Tutuquşular”dakı rolların insanların xüsusiyyətlərinə yaxınlığı oldu. Kimisi mübarizə aparır, amma ölür. Kimisi isə yaltaqlanıb qəfəsə düşməyi ölməkdən üstün tutur...
- Bəli, həmin tutuquşu hamını qurban verdi. Onların hamısı öldü bircə o sağ qaldı. Özünü şəxsiyyətini, mənliyini itirdi, amma sağ qaldı. Bizim aramızda elələri var. Öz ideyasını, mənliyini hər şeyini qurban verir ki, nəyin bahasına olursa-olsun sağ qalsın. Unutmaq olmaz ki, biz qurban verdiklərimizin nəticəsində özümüzü də qurban vermiş oluruq. Yaşayan ancaq ət və sümükdür, artıq onun içində insan yoxdur. “Cəhənnəm olsun filan şey”, “Cəhənnəm olsun bəhman şey” deyirik, amma unuduruq ki, onun sonunda biz artıq insan kimi maraqsız oluruq, yox oluruq.
- Bir mövzudan ibarət tamaşanı səhnəyə qoyanda onu adlandırmaq da rahat olur. Amma, “Niyə?” tamaşası dörd ayrı hissəcikdən ibarət idi. Necə qərar verdiniz ki, tamaşanın adı “Niyə?” olmalıdır?
- Ümumiyyətlə bu dörd tamaşanın dördündə də niyə sualı var. Gəlin, “Mənim” tamaşasında bu sualı axtaraq. Niyə axı biz öz xeyrimizdən ötrü kiminsə əldə etdiyini qazanıb, əlindən qoparıb özümüzünkü etməliyik? Yaxud da qarşı tərəfin nöqteyi-nəzərindən yanaşaq. O, niyə haqqını müdafiə etmir? Niyə xüsusiyyətindən istifadə edib onu o günə qoyurlar? Burada “niyə”lər çoxdur. Keçək “Şaşa və Bul-bul”a. Niyə bizə kömək edən adamın əlini yandırıb, odunu söndürürük, kor qoyuruq. Belə bir məsələ də var. Yetimdən soruşurlar kimə pislik edərsən? Deyir ki, birinci çörək verənimə. Belə şeylər çoxdur. “Diz” tamaşasında. Oradakı diz o insanın özünün daxili aləmi idi, onun eqosu idi ki, dizində peyda olmuşdu. O, insan da onunla çarpışırdı. Bizim öz içimizdə gizlətdiklərimiz var, içimizdə ziddiyyətlər var, biz göründüyümüz kimi deyilik. Tamaşada həmin ziddiyyətləri verməyə çalışdıq. Müəyyən hadisəyə ikisinin nöqteyi-nəzəri ayrıdır. Biri deyir olmaz, o biri deyir olar. Bu şeyləri orada bacardığımız qədər və dizin imkan verdiyi qədər oynamağa çalışdıq.
- Aktyorun eqonu öldürməsi təəccüblə qarşılandı...
- Öldürür deməzdim, sadəcə olaraq guya ona qalib gəlir, əslində isə gizlətdi. O ki qaldı “Tutuquşular” dediyim kimi o məni narahat edən problemdir. Niyə biz özümüz kimi olmayaq? Niyə hansısa məqsədi əldə etməkdən ötrü, yalançı nəfəs almaqdan ötrü, nələrisə, kimlərisə qurban verək? Cəmiyyətdə bu problem var. Maddi vəziyyətinin yaxşılaşması üçün, kiminsə yanında hansısa hörmət qazanmaq üçün kimlərisə, nələrisə ən əsası da öz içindəki nələrisə qurban verir. Sabir demiş, “mən salim olum, cümlə-cahan batsa da batsın”. Hamımızın içində güzəştə getmək xüsusiyyəti var. Bəs güzəştə gedə-gedə itirə-itirə hara qədər gedəcəyik. Niyə itiririk? Tamaşaların hər birində niyələr var, sadəcə yozumlardan asılı olaraq niyələrin qoyuluşu bir az fərqlidir, həm kəskin, həm yumşaq.
- “Mənim” tamaşası mövzusu qlobal xarakterlidir, yoxsa...
- Tamaşanın mövzusunu hər bir sahəyə - cəmiyyətin hər bir sinifinə aid etmək mümkündür. İnsan varsa, problem var. Kimsə kəşf edəcək, ixtira edəcək, başqa biri onu zəbt edəcək, istifadə edəcək. Hətta ola bilsin ki, həmin kəşf, həmin ixtira o adamın özünün əleyhinə çevriləcək. Məsələn, Eynşteyn atomun parçalanmasını kəşf edəndə onu dağıdıcılığına görə yox, enerjinin qənaətinə görə ixtira etmişdi. Amma nəticə insanların məhvinə gətirib çıxardı.
- Tamaşaçıların münasibəti necə oldu?
- Tamaşaçıların münasibəti fərqli oldu. Onların özlərinin zövqünə uyğun olaraq cürbəcür fikirlər oldu. Kiminin “Mənim” tamaşası xoşuna gəldi, kiminin “Şaşa və Bul-bul” xoşuna gəldi. Başqa birinin “Diz”, bir qisiminin də “Tutuquşular” xoşuna gəldi. Təbii ki, kimi hansı problem narahat edirsə, həmin mövzu da onlara daha maraqlı, daha cəlbedici olacaq.
- Qarşıya qoyduğunuz məqsədə nail ola bildiz?
- Məqsədimə çatdım ki, mənə müxtəlif aspektlərdən sözlər deyildi. Bir az təriflər də oldu, danlayanlar da oldu ki, niyə belə demisən, ümidi itirmək olmaz. Amma mən ümidimi itirməmişəm, bu, sadəcə məni narahat edən ağrı idi, mən də bunu dedim. Nə vaxta qədər yalandan demək olar ki, hər şey yaxşıdır? Mən özümü aldatmaq istəmirəm. Heç olmasa bunu içimdən çıxarım ki, mən bu problemi belə görürəm. Bu problemlə kim necə maraqlanırsa, özü bilər. Belə bir söz var ki, rejissor səhnədə özünü narahat edən problemi qoyur. Tamaşada qoyulan problem rejissoru narahat etmirsə, inanmıram ki, tamaşa uğurlu alınsın. Mən demirəm ki, bizim tamaşa güclü alınıb, amma kifayət qədər adamların rəyləri, fikirləri oldu.

Fatimə Kərimli

 






1 May, 2012  19:41 Baxılıb: 1870 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner