Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QİSMƏT: “AYGÜNLƏ RÖYANIN "ATIŞMASI" DAHA MARAQLIDIR”

“Seymur Baycan şou metodlarından istifadə etməyi yaxşı bacarır”

 

Bu dəfə qonağımızla çox şeydən söhbət açdıq. Skandaldan - şou-biznesə, Yazıçılar Birliyindən Berti - Foqtsa kimi. 10 yaşından qələmini ədəbiyyat yolunda sınamağa başlayan şair Qismət “Gənc yazarlar”ın qonağıdır. 

- Yaradıcılığa nə vaxtdan başlamsız?
- İlk yazdığım yazıları desək 1996-cı illərdə, təxminən 10 yaşımda. Ümumi götürsək, 13-14 yaşlarımdan. Uşaqlıq illərindən qərar vermişdim ki, mən bu işin arxasınca gedəcəm. Bu da təxminən 1998-ci illərə təsadüf edir.
- Bu sahəyə yönlənməyinizdə ailənizin təsiri vardı?
- Xeyr. Ailəmizdə və nəslimizdəkilərin əksəriyyəti hüquqşünas və tibb sahəsində olanlardı. Bu, Sovet dövrünün məşhur klişesi idi: qadınlar həkim, kişilərsə hüquqşünas olmalı idi. Dövrün tələbi bizim ailədən də yan keçməyib. Atamgilin şair dost-tanışları vardı, bizə qonaq gəlirdilər. Amma mənim onların kimliyindən xəbərim yox idi. Sonradan öyrəndim ki, bizə qonaq gələnlər arasında Bəxtiyar Vahabzadə, Nəbi Xəzri də olub.
- Sizi bu sahəyə kim və yaxud nə həvəsləndirdi?
- İlk olaraq babamgildəki böyük kitabxana məni həvəsləndirdi. Mən orada kitabların içində eşələnməyi xoşlayırdım. Babamdan əlavə atamın da yaxşı kitabxanası vardı. Atam məndə ədəbiyyata olan meyli görüb, ilk dəfə dəstəkləyənlərdən oldu. Nəsildə elə düşünürdülər ki, uşaqlıq həvəsidir, hobbidir ötüb keçər. Atamsa deyirdi, problem deyil, yaz.
- Şeirlərinizə ilk reaksiyalar necə idi?
- Onlar çox primitiv şeirlər idi. Sırf nəyisə qafiyələndirmək üçün yazılmışdı. Bəzisi, kiminsə mənfi cəhətlərinin yumoristik şəkildə əks etdirirdi. Artıq mən 11-ci sinifdə oxuyanda Nizami rayonunda şeir müsabiqəsi keçirilirdi və şeirlərimi təqdim etdim. Elə oldu ki, Nizami rayonu üzrə həmin müsabiqənin qalibi oldum. Yalnız bundan sonra ailədə inandılar ki, ədəbiyyatla məşğul olsam nə isə qazana bilərəm.
- İlk şeiriniz harada nəşr olunub?
- Mətbuatda ilk yazılarım “525-ci qəzet”də çap olunub.
- Belə çıxır ki, Rəşad Məcidlə yaxşı münasibətləriniz olub.
- Mən onda Rəşad Məcidi mətbuatdan izləyib-tanıyırdım. Amma elə oldu ki, gedib onunla görüşdüyüm ərəfələrdə gənclərlə bağlı “Gənc ədiblər” və başqa yeni layihələr başlamışdı. Əslində ilk dəfə şeirlərim yox, məqalələrim çap olunub. Bir şeyi də qeyd edim, Yazıçılar Birliyinin tərkibində “Gənc ədiblər” məktəbi yaranmamışdan əvvəl Bakı Slavyan Universitetində Kamal Abdulla indi də davam edən “Yaradıcılıq” fakültəsi yaratmışdı. O fakültə “Gənc ədiblər” məktəbindən bir-iki il əvvəl yaranmışdı. Mən bir neçə tələbə yoldaşımla ora getdim. Orada Salam Sarvan, Rüstəm Kamal və başqaları dərs keçirdi. Bundan başqa qonaq kimi dəvət olunan başqa şairlər də var idi. İki il boyunca başqa şairlərlə görüşlərimiz oldu, şeirlərimizi oxuduq, müzakirələr oldu, kim kimdən təsirlənirdisə bu təsirdən yararlandı. İlk vaxtlar Yaradıcılıq fakültəsinin, ondan sonra isə “Gənc ədiblər” məktəbinin yaradıcılığıma çox köməyi olub.
- Bəs neçənci ildə, kimin zəmanəti ilə Yazıçılar Birliyinin üzvü olduz?
- 2009-cu ildə, Rəşad müəllimin zəmanəti ilə. Əvvəllər, Sovet dövründə elə idi ki, mətbuatda konkret sayda yaradıcılıq nümunən çap olunmalı idi. Bu qədər adamların zəmanəti olmalı idi. Amma sonradan bu ləğv oldu. Yaşlı nəslin nümayəndələri də danışanda deyirlər ki, onların zamanında prosedur çox çətin idi.
- Bu gün Yazıçılar Birliyi haqqında müxtəlif fikirlər səslənir.
- Yazıçılar Birliyi ilə bağlı mətbuatda çox danışılıb. Hazırda ona münasibət birmənalı deyil. Bəziləri düşünür ki, ləğv olunmaldır. Eləsi var düşünür ki, ora adamın istedadını öldürür. Müxtəlif fikirlər səslənir, amma mən düşünürəm ki, bütün qurumlarda olduğu kimi, Yazıçılar Birliyində də işçilər və rəhbər var. Kənardan süst, ləng təsiri bağışlayır, ora dinamizm lazımdır. Dinamizmə də yəqin ki, kadr siyasətini cavanlaşdırmaqla nail olmaq olar. Yazıçılar Birliyi bütün əksiklikləri ilə bərabər, daha konseptual bir qurumdur. AYO deyilən bir təşkilat var, mən onu heç vaxt başa düşməmişəm. O yalnız penklub təsiri bağışlayır. Onlar da müəyyən nailiyyətlər əldə ediblər. Ən azından nativ düşünürlər və göstərdilər ki, nativ düşünmək də olar. Ədəbi mühitdə müəyyən rezonans doğurdular. Amma mənə görə, hansısa quruma üzv olacağamsa bu qurumun rəsmi olması vacibdir. Məsələn, siz deyirsiz ki, 5-6 nəfər yığışmışıq bir yerə qəzet çıxarırıq, amma heç yerdə təsdilənməyib, bu, qeyri-peşəkar bir işdir.
- AYO və AYB sanki düşməndirlər...
- Hesab edirəm ki, AYO, AYB məsələləri indi neytrallaşıb. Əvvəllər düşmən cəbhə kimi yanaşırdılar, amma indi elə deyil. İndi biz onlarla söhbətləşirik, diskussiyalar aparırıq. Onlar bir müddət üçün bəlkə də süni şəkildə yaradılmış şeylər idi.
- Anar və Seymur Baycan arasında mətbuatda gedən savaş “Foqtsun gündəliyi”nə düşə bilər?
- İnanmıram ki, düşsün.
- Bəs Foqtsu gündəmə gətirməkdə məqsədiniz nə idi?
- Bu, bir ədəbiyyatçının yazdığı idman yazısı idi. Buna sırf ədəbiyyat yazısı demək olmaz. Mənim dostum Elçin Cəlilov uzun müddət idi mənə deyirdi ki, nəsə yaz. Mən də düşündüm “Foqtsun gündəliyindən” adlı yazı yazdım. Xaricinin gözü ilə Azərbaycan cəmiyyətinə, futboluna nəzər tipli, təxəyyül məhsulu olan yazı yazdım. Gözləmirdim ki, bu qədər rezonans doğurar. Bu yazıdan sonra AFFA bəyanat yaymışdı ki, Foqts haqqındakı dezinformasiyalar məhkəmə yolu ilə həll olunacaq. Mən televiziyaya da çağrılmışdım. Demişdim ki, orada onun şəxsi həyatı ilə bağlı məluamtlar yazılmayıb, onun gözü ilə Azərbaycan cəmiyyəti haqda yazılıb. Foqtsun öz gündəliyi olsaydı, yazıda mən öz imzamı yazmazdım. Bu hadisə məni təəssüfləndirmişdi ki, ciddi yazılar yazanda oxunmur, skandala qaçanda belə, əks-səda doğurur.
- Skandal insanları belə çox cəzb edir?
- Mətbuatdan sırf ağır təbitəli, ciddi yazılar da gözləmək olmaz. Mətbuatda bir az atışmalar dinamiz olmalıdır. Amma maqazin mətbuatında bilirik ki, onların metodları həmişə aktualdır. Daha çox izlənir. Biz nə qədər tarixdən danışsaq da, insanlar üçün Aygünlə Röyanın atışması daha maraqlıdır.
- Anarla Seymur Baycanın atışmaları şou-biznes qalmaqallarına bənzəmir ki?
- Hardasa bənzəyir. Anar tərəfdən yox. O düşünür ki, gələcək nəsillər oxuyanda düşünməsinlər ki, mən Seymur Baycanı cavabsız qoydum. Amma Seymur Baycan şou metodlarından istifadə etməyi yaxşı bacarır. Tərkibində gündəmə hesablanmış şeylər var.
“Meqapolisin hüznləri”ndə nələri diqqətə çatdırmağa çalışlşırsız?
- Bakı sürətlə meqapolisə çevrilir. Amma bu sürətlə modernləşən Bakıda adamların təkliyi, tənhalığı eyni dərəcədə çoxalır. Sosial şəbəkələrə nəzərə salıram. Nə qədər dostu olan, amma bir o qədər çox darıxan adamlar var. Orada yazmaq istədiyim, meqapolisə çevrilən Bakının ən müxtəlif insanları – süpürgəçidən sevgilsi ilə görüşə gedən oğlana qədər hər kəsin həyatından müəyyən fraqmentləri ifadə etmək idi.
- Nail ola bilmisiz?
- Mənim deməyim düzgün olmaz. Məncə 60-70 % qarşıya qoyduğum məqsədə nail olmuşam.
- Bu gün kimləri oxuyursuz?
- İmzasını təsdiqləmiş hər kəsi oxuyuram. Qan Turalı, Mirmehdi Ağaoğlu, Aqşin...
- Sevmədiyiniz yazarlar kimlərdir?
- Sevmədiyim yoxdur. Adlarını çəkdiklərimin də elə yazıları olub ki, razılaşmamışam.
- Mental dəyərlərə münasibətiniz necədir?
- Bu, ədəbiyyatdan çox sosialogiyanın mövzusudur. Mən də razıyam ki, bizi geri salan mental dəyərlər var. Amma birmənalı şəkildə rədd etməyin də tərəfdarı deyiləm. Saf-çürük etmək, indiki zamanla nəyin uyğunlaşıb-uyğunlaşmadığını müəyyən etmək daha təqdirə layiqdir.
- Dini inancınız necədir?
- Mən Allaha inanan adamam, amma mömin həyat tərzi keçirmirəm.
- Bir şeiriniz ölümdən qorxuram ifadəsi ilə bitir.
- O şeir, şair dostum Alikə yazdığım şeir idi. Burada söhbət ölüm qorxusundan getmir. Şairlərin daha çox meyl etdikləri düşkün həyat tərzindən gedir. Söhbət ölümün özündən qorxmaqdan yox, pərakəndə düşkün həyat tərzi yaşayıb-ölməkdən gedir. Düzdür, dildə ölümdən qorxmuram deyilsə də, həmişə ürəkdə bu qorxu olur. Amma dünyanın faniliyini dərk edəndəm sonra bunu qəbul etmək də asanlaşır.
- Həmişə ovqatla yazrsız?
- Həmişə yox mən bunun əleyhinəyəm ki, mütləq hansısa ovqatda olmalıyam, ilham pərisi gəlməlidi, sonra yazmalıyam. Şeir eyni zamanda dəqiq qaydaları olan, rasional tərəfi olan bir şeydi. Mövzunu düşünə-düşünə də oturub yamzaq olar. Elə mövzuda şeir ola bilər ki, onu oturub sətir-sətir də yazmaq olar. Amma ümumi götürəndə poeziyanın mahiyyətində hal, ovqat amili var.

Elmar Hüseynov

 






1 May, 2012  17:24 Baxılıb: 1910 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner