Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

XURAMAN HÜSEYNZADƏ: “XOŞBƏXT OLSAM YAZA BİLMƏRƏM”

“Ədəbiyyatçılarımız cəmiyyətin istədiyini verə bilmir”.

Onun ədəbiyyata gəlişində Zeynal Cabbarzadənin “Bahar” şeiri böyük rol oynadı. Bu şeirin təsiri nəinki ona ədəbiyyatı sevdirdi, hətta şeirlər də yazmağa başladı. Orta məktəb illərində müəllimlərinə həcv yazdı. Üsyankar ruhlu şeirləri tezliklə mətbuatda dərc olundu. Sevgi, ictimai-siyasi məzmunlu şeirləri ilə sevilən Xuraman Hüseynzadə “Gənc yazarlar” rubrikasının qonağıdır.

- Əvvəl ədəbiyyata gəlişiniz barədə danışardız...
- Bizim evdə ədəbiyyata böyük maraq olub. Məcilislərdə atam ədəbiyyatdan danışardı. Mən gözümü açandan dünya ədəbiyyatı nümunələri, eləcə də Üzeyir Hacibəyovun kitabları içində böyümüşəm. Atam hara getsəydi, ordan kitab alardı. Daima kitabların əhatəsində olmuşam. 3-cü sinifdə oxuyanda Zeynal Cabbarzadənin “Bahar” şeiri var idi. O şeiri o qədər sevmişdim ki... mənə ədəbiyyatı sevdirdi. 4-5-ci siniflərdə oxuyanda uşaq təfəkkürü ilə antrapomorfizm ruhunda şeirlər yazırdım. İlk şeirlərmi həcv şəklində müəllimlərimə yazmışam.
- Şeirlərinizin birində deyirsiz ki, istədiyin oyuncağı leylək gətirib. Uşaqkən leylək sizə çoxmu oyuncaq gətirib?
- Hə, çox olub. Amma oyuncaqlar məni heç vaxt maraqlandırmayıb, kitablar daha çox diqqətimi cəlb edib. Eyni zamanda, o şeirin yaranma tarixi də var. Mən onu Bulvarda yazmışam. Deməli, bir uşaq nə isə istəyirdi anasından, qadın da uşağı qolundan dartıb aparırdı. Gördüm ki, qadının pulu yoxdu. O mənzərə elə kədərli mənzərə idi ki... elə o hiss altında da həmin şeiri yazdım.
- Bütün şeirlərinizi hansısa bir hadisə ilə bağlı yazırsız?
- Bir mövzu haqqında şeir yazmağa başlayanda, qəfildən tamam başqa bir mövzuda yazmağa başlayıram. Məndə belə hallar çox olur. Belə halların olduğunu bir çox ədəbiyyat adamı da təsdiqləyir. Bizim cəmiyyətdə hər mövzu haqqında yazmaq üçün hadisə var. Ayrılıq, xəyanət, cəmiyyətdəki eybəcərlik hər biri mövzudur. Allaha şükür, mövzu boldur. Bircə qalır onları sistemləşdirib, şeir şəklinə salmaq. O da ki, ilahi vergidir. Dotoyevski deyirdi ki, istedad hamı üçün işıq saçmayan ildırımdır.
- Sizi yazmağa içinizdəki ağrı vadar edir?
- Yaşantılarımı da əks etdirən şeirlərim var. Məsələn, salonda işləyən bir xanım başına gələnləri danışmışdı. “Gülbuta” şeirini bu təsir altında yazmışdım. Sonluğu da belə idi ki, pərdələr endimi mental dəyərlərimizin üstünə? Əslində, bu şeir qadınlarımızın gedib müxtəlif ölkələrdə başqa işlərlə məşğul olması, bəzi kişilərin isə burada manatla yox, kilo ilə rüşvət almaqla məşğul olduğunu çatdırmaqdır. Yəni, cəmiyyətin eybəcərliyi Gülbutanı o vəziyyətə salır.
- Səhv etmirəmsə, idmanla da məşğul olursuz.
- Bəli, kapuera ilə məşğul oluram. Üç-dörd il olar, amma bundan əvvəl başqa idman növləri, basketbol və voleybolla məşğul olmuşam.
- İdmançının səbirli olması daha yaxşı deyilmi? Sanki şeirlərinizdə bir səbirsizlik var.
- İdmanda elədir ki, həqiqətən də səbir tələb olunur və səbir vasitəsilə qalib gəlirsən. Şeirlərimdə səbirsizlik deyəndə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Ola bilsin ki, qısa yazıram.
- Həm aqressiya, həm də pessimizm var.
- Aqressiya cəmiyyətlə bağlıdır. Şeirlərimin içində yaşantılarım da var, gördüyüm haqsızlıqlar da, problemlər də. Ümumiyyətlə, şeir insanın daxili təlatümlərindən yaranır. Ola bilsin ki, ictimai-siyasi motivli şeirlərimdə pessimizm olsun. Bir də, bu mənim yaşantılarımla bağlıdır. Məncə, xoşbəxt şair yoxdur, şair xoşbəxt ola bilməz. Şükür ki, mən xoşbəxt deyiləm, xoşbəxt olsam yaza bilmərəm.
- Xoşbəxt olmamağınıza şükür edirsiz?
- Hardasa, hə. Mən tam xoşbəxt olsam, evim, maşınım, super həyatım olsa, heç vaxt bu şeiri yaza bilmərəm.
- “Nikah salonundan – məhkəmə salonuna, şadlıq sarayından – qəbirstanlığa”. Bu, olumla ölümə bənzəyir. İnsan nikah salonunda tapa bilmədiyi xoşbəxtliyi məhkəmə zalında tapır?
- Ola bilər. Bunun tam tərsi də olar. “Bu şəhərin nağılı” adlı şeirimdəndir. Şeirin sonu belə bitir ki, satılacağından qorxduğu üçün, göydən asılı qalıb üç alma. Bu da cəmiyyətin eybəcərliyidi. Ortaya niyə belə olmalıdır, sualı qoyulur? Təbii ki, bütün cəmiyyətlərdə belə eybəcərliklər var. Haqqında oxuduğum İngiltərədə, Avstriyada və digər ölkələrdə də.
- Nəşr olunan kitablarınızın dadınıza yetdiyi vaxt olub?
- İlk kitabım universitetdə oxuyanda çıxıb. Qazaxlıların sözü olmasın, indi kitablar urvatsız olub. O vaxt belə deyildi. Məsələn, 2002-ci ildə birinci kursda oxuyurdum. Kitabıma görə mənə zaçot, imtahan qiyməti yazan müəllimlər var idi. Cəmi dörd kitabım çıxıb. Çox şükür ki, hər şeyi vaxtında əldə etmişəm.
- Sonuncu kitabınızın adı “Ağ atlı Avropada”dır. Niyə məhz “Ağ atlı Avropa”?
- Əslində o kitabın adını “Neft rəngli qan” qoymaq istəyirdim. Bu kitabda siyasi motivli şeirlər çoxdur. Bir az tərəddüd etdik, sonra elə “Ağ atlı Avropa” adlı şeirimin adını götürdük.
- Siyasətin nəyi sizi cəlb edir?
- Heç bir siyasi partiyanın üzvü deyiləm, sadəcə, əqidə məsələsi var. Mən çoxluğun tərəfindəyəm. Bu xalq səni yerdən göya qaldırdıqca, sən göydən baxıb o yerdəki xalqa müraciət etməyi bacarmalısan. Xalq səni niyə qaldırır göyə? Sən niyə xalq şairi adı alırsan? Mən təqaüd də almışam, sözümü də demişəm. Təqaüd alıb, radikal mövqeli qəzetlərdə də işləmişəm. Düzdü, mənim üstümə hücumlar olub ki, sən prezident təqaüdü alırsan, amma belə yazılar yazırsan. O sözü deyənlərin heç yaradıcılığı da yoxdur. Nə olsun ki, sən məni təqaüdə salmısan, bu sənin səlahiyyətindir etmisən, o demək deyil ki, mən satılmışam. Bu dəqiqə Yazıçılar Birliyindəki gənclərin əksəriyyəti satılıb. Mən oranın üzvüyəm, amma gördüyümü deyirəm. Ora yalnız Qulu Ağsəs və başqa bir neçə nəfərlə beş-on dəqiqəlik həmsöhbət olmaq üçün gedirəm.
- Siz Yazıçılar Birliyinin üzvü olan gəncləri ittiham edirsiz. Özünüz də bu qurumun üzvüsüz. Belədirsə, niyə oradakı üzvlüyünüzü davam etdirirsiz? Yazıçılar Birliyinə nativ yaranan AYO da var, ora üzv ola bilərsiz...
- Yazıçılar Birliyinin üzvüyəm, amma inanın ki, heç ora getmirəm. Bu dəqiqə siz xatırlatmasaydız, unutmuşdum ki, AYB-nin üzvüyəm. İkinci kursda oxuyanda oranın üzvü oldum. Məni ora maraq aparmışdı. Rəhmətlik Akif Səmədin zəmanəti ilə ora qəbul olmuşam. Sabir Rüstəmxanlı, bir də deyəsən, Saday Budaxlı mənə zəmanət vermişdi. Mənim üçün AYB üzvü olub-olmamağın fərqi yoxdu, istəyirsizsə çıxım (gülür).
- Şeirləriniz çox adamın boğazını yandırır?
- Ola bilsin ki, kimlərisə yandırır. Düzdür, saytlarda heç vaxt şərh yazmıram, amma yazılan şərhləri oxuyuram. Çoxluğun dediyini deyirəm. Bu da, boğazları yandıra bilər, sevə də bilərlər məni. Sevgini hiss edirəmsə, deməli yandırır.
- Bu gün ədəbiyyatımız Avropa ədəbiyyatından çox geridədir. Yaranan ədəbiyyatın da əksəriyyəti çox zəifdir. Bir yazar kimi bunun səbəbini nədə görürsüz?
- Dostoyevski deyirdi ki, itedadsız yazıçı axsaq əsgərə bənzəyir. Bizim ədəbiyyatın da problemlərinin səbəbi bu axsaq əsgərlərdir. AYO-nu Rasim Qaraca yaratmışdı. Rasim Qaraca ora üsyankar gəncləri yığdı. Onda mən də ora gedə bilərdim, hətta getmək istəmişdim də. Məni o vaxt yönəltdilər Yazıçılar Birliyinə. Dedilər ki, AYO-nun perspektivi yoxdur, ora yığışanların geni bəlli deyil. Amma indi nəticəyə baxaq. Rasim Qaracanın palçığın içindən çıxarıb gətirdiyi bir yazar, adını çəkməyəcəm, ona asi çıxdı. Həm Rasim Qaraca, həm də Rafiq Tağı haqqında ağzına gələni yazmağa başladı. Mən xəstəxanada olanda Rafiq Tağı yanıma gəlmişdi, bu mövzuda onunla söhbət etdik. Dedi ki, bu gənclərin içində ipiqırıqlıq var. Yəni, bunların ipinin üstünə odun yığmaq mümkün deyil. İnsanda xarakter olmayanda, onun yazdığı da göz qabağında olur. Bəzilərinin yazdıqları ortadadı, onların ədəbiyyatda yeri olmayacaq.
- Bəs bu gün kimlərin ədəbiyyatda yeri olacaq?
- Həqiqi istedad sahiblərinin. Kitabı çox oxunanların. Mən Aqşin Yenisey, Əsəd Qaraqaplan, Pərviz Cəbrayıl və Murad Köhnəqalanın yaradıcılığını çox xoşlayıram. Bunlar əsl yazardırlar. Cəlil Cavanşir istedadlı oğlandır, Nərmin Kamal intellektlidir. Yəni, hərəsində bir xüsusiyyət çəkir adamı. 
- Kimlər xoşlamadıqlarınızdır?
- Səviyyəsi, intellekti olmayan adamları oxumuram. Bir-iki yazısını oxuyuram görürəm ki, bu adamın intellekti, dünya ədəbiyyatından xəbəri yoxdu, ondan sonra onu oxumuram. İndi gərək fikirləşəm ki, adları yadıma düşsün. Əyalətdə yaşayan çox istedadlı yazarlar var. Sadəcə, baza yoxdu, dünya ədəbiyyatını oxumayıb deyə, sistemləşdirib, yaza bilmirlər.
- Əyalət şairlərindən kimlərin adlarını çəkə bilərsiz?
- Bəxtiyar Hidayətlə yazışırıq arada-sırada. Dediyim problemlər onda da var, özünə iradlarımı demişəm. Amma onu qınamıram. Şəhər mühiti tamam başqa şeydir. Şəhər yaşantısı ilə əyalət yaşantısı bir deyil. Əyalətlərdə ədəbiyyat çayxanada inkişaf edir. Çayxanadan başqa getməyə yerləri yoxdur. Çayxanada ədəbiyyat necə inkişaf edə bilər?
- Yaradıcılığınıza kimin əsərlərinin daha çox təsiri var?
- Silviya Platın şeirlərini çox sevirəm, ən çox ondan təsirlənmişəm. O intihar etdi, bundan sonra Plat sindromu deyilən bir termin qəbul olundu. Yəni, intihara cəhd sindromuna Plat sindromu deyirlər. Bizimkilərin yaradıcılığıma təsiri olmayıb. Bir də mahnılardan təsirlənirəm. Tutalım ki, Əhməd Qayanın bir mahnısına qulaq asmışam. Onun “Gecelere gidelim” adlı mahnısı var, onun təsiri ilə şeir yazdım: “Gecə qara, cücə qara, gəl gecəyə qonaq gedək”.
- Yalana rəng vermisiz. Sizcə bu ağdır. Amma kitabınızın da adını “Ağ atlı Avropa” qoymusuz. Bəlkə, elə ağ atlı kimi gördüyümüz Avropa da yalançıdır və bizi aldadır?
- Niyə də aldatmasın? Bu xalq o xalqdır ki, 20 il əvvəl meydana çıxıb öz sözünü dedi. Onda Avropa hardaydı? Yəni, xalqın özü öz problemini həll etməlidi. Kimdənsə nə isə gözləmək olmaz. İndi siyasi proseslərə baxıram, adam çaş-baş qalır. İctimai Palatanın axırıncı mitinqini müxalifət də təriflədi, hakimiyyət də təriflədi. Əqidəcə müxalif mövqeli adam olsam da, oturub fikirləşirəm ki, necə ola bilər ki, müxalifət mitinq keçirir, bunu hakimiyyət tərifləyir. Maraqlı nüanslar var. Nə məsələdir bu? Hər şey göründüyü rəngdə deyil.
- Baş açmayanda dərdinizi uçurum və dənizə danışırsız?
- Hə, “Uçurum və dəniz”... Uçurumu uşaq olanda Şuşada görüb, dərdimi söyləmişəm, dənizə də Bakıda. Dəniz sahilində olanda sakitləşirəm. Dəniz kənarında olarkən, bu dünyadan uzaqlaşıram. Öz aləmimə qapılıram. Bir də dəniz əsəblərimi sakitləşdirir. Dənizlə danışıram.
- Dənizlə nə danışırsız? Göz yaşlarınızın sizi çox göynətdiyini söyləyirsiz?
- Dəniz bilir, göz yaşlarımın məni göynətdiyini. Sonra içimdən bir hiss gəlir və o göynərti göz yaşlarına çevrilir. Həyatımda belə məqamlar çox olub.
- Bu məqam sizin üçün gözəllikdir?
- Mənim üçün gözəllik deyil. Sadəcə, zamanə elədir ki, bəzən bu məqam gözəlliyə çevrilir.
- Bəs hansı gözəlliyə üstünlük verirsiz, daxili, yoxsa xarici?
- Çox adam deyir ki, mən daxili gözəlliyə önəm verirəm. Ancaq insanın daxili gözəl olmasa, xarici gözəl olmaz. Daxili gözəllik xaricə zühur edir, insanın simasında hiss olunur. O insan nurlu olur, çirkin olsa belə üzündə nur olur. O nur yoxdursa, deməli onun daxili də gözəl deyil.
- İnanclarınız haqqında nə deyə bilərsiz?
- Yuxularıma inanıram. Yuxuda kimləri gördüklərimə inanıram, çünki onların mənə düşər-düşməzi olur (gülür).
- Bəs bizi yaradan bir qüvvənin olduğuna necə?
- Bəli, bizi yaradan qüvvənin olduğuna inanıram. Sadəcə olaraq dini zehniyyət məsələsi var ki, mən cahilliyi qəbul edə bilmirəm. Sən ürəyini təmiz saxla, heç kəsə pislik etmə, xeyirxah ol əsas budur. Bu dünyadan köçəndə də sənə lənət yox, rəhmət oxusunlar.
- Tanındığınıza görə sizə evlənmə təklifi edən var?
- Düzü, mən özümü tanınmış saymıram. Amma var, o qədərdi ki.
- Mental dəyərlərə çox bağlısız?
- Heç bağlı deyiləm.
- Bəs niyə şeirlərinizdə mental dəyərləri daha çox təbliğ edirsiz?
- Mən mental dəyərləri təbliğ etmirəm. Demirəm də ki, mental dəyərlər mənim üçün heç nədir. Jurnalistlərdən biri bir dəfə mənə sual verir ki, gecə əyləncə mərkəzlərinə gedirsiz? Mən deyirəm ki, yox. Çünki ailəm elədir ki, qaranlıq düşməmiş evdə olmalıyam.
- Deməli, ailədə dəyərlər qorunur.
- Bəli, çox möhkəm qorunur. Mənim anam köhnəfikirli adamdır. O, mental dəyərlərə çox bağlıdır.
- Elə yazarlar var ki, açıq-saçıqlığa çox yer verir. Hətta bunu təbliğ edir. Onlar üçün mental dəyərlər, əxlaq prinsipləri heç nədir.
- Mənim üçün çox maraqlıdır ki, o yazıların müəllifləri qoyarmı ki, evdə 15-16 yaşlı qızları, uşaqları atalarının yazdığını oxusun? Avropa dəyərləri o demək deyil ki, sən özünü açıb küçədə qoymalısan. İnsan birinci təfəkkürdən dəyişməli, onun təfəkkürü azad olmalıdır. Məncə bu adamlar azad təfəkkürlü adamlar deyil. Sevgidən də, ictimai-siyasi lirikadan da şeir yazıram. Sonuncu şeirim “Yevrovijn” sevgidən yazdığım şeirlərdən daha çox oxunur.
- Görünür, indi Leyli Məcnun dövrü keçib. Kiməsə başqa birinin sevgisi maraqlı deyil.
- Hər dövr üçün bir situasiya maraqlıdı. Artıq cəmiyyət tamam başqa bir şey istəyir. Ədəbiyyatçılarımız cəmiyyətin istədiyini verə bilmir. İndi baxaq Yazıçılar Birliyindəki yaşlı yazarlara. Orada Anar, Fikrət Qoca və bir çoxları var. Son dövr baş verən proseslərə diqqət yetirsək görərik ki, artıq Anar Yazıçılar Birliyinin rəhbərliyindən getməlidir. Fikir verin, bu adam “Həcv” adlı şeir yazmaqla özünü tamam gözdən saldı. Başqa bir misal, Yazıçılar Birliyindəki yaşlı nəslin nümayəndələrindən biri niyə çıxıb deyə bilmir ki, ay çoxluq sənin bu problemin var. Çünki, onlar asılıdır, pul qazanmaqla məşğuldurlar.
- Hardan bilirsən ki, onlar vaxtında deməyiblər? Deyə bilməsəydilər, Sovet dövründəki eybəcərlikləri açıb göstərə bilməzdilər. Özünüz dediniz ki, hər şeyim olsa yaza bilmərəm, bəlkə, buna görə yaza bilmirlər?
- Nəyə görə mən indi İsa Muğannanı sevirəm, Anarı sevmirəm? Yaxud da mən niyə Fikrət Qocanı İsa Muğanna qədər sevmirəm? Yenə deyirəm insanda xarakter, şəxsiyyət olmalıdır. Dünya ədəbiyyatında da olur. Məsələn, mən zarafatyana deyirəm ki, Markes Cahandar Ağadan qeyrətli kişi olub. Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povestini oxusanız görərsiz ki, o necə də milli dəyərlər üstündə yazılmış bir əsərdir.
- Bir şeyi də unutmayaq ki, Sovet dövründə senzura var idi, istədiyin ədəbiyyatı yazıb yarada bilmirdin. Bu gün o senzura yoxdu.
- O senzura olmamalıdı. O senzuranın olması xeyrimizə deyil. Vaxtilə türkçülüklə bağlı elə gözəl əsərlər senzuranın qayçısı ilə kəsildi ki. Bəlkə də o senzura olmasaydı, bu gün biz daha gözəl əsərlər oxuya bilərdik, daha başqa yazarlar tanıya bilərdik.
- Bu gün yaşlı nəsil ittiham edilir. Bəs 20-30 ildən sonra indiki gənc yazarlar ittiham olunmayacaq?
- İttiham da edəcəklər, bəyənənlər də olacaq. Buna zəmanət verə bilmərik. Ola bilər ki gələcək nəsillərin təfəkkürü o qədər inkişaf edər ki, onlar bizi ümumiyyətlə oxumazlar.
- Kamal Abdullanın Nobel mükafatına namizədliyindən yəqin ki, xəbəriniz var. Sizcə, ala bilər?
- Yox! Məncə, Nobel mükafatına layiq görülmək üçün xalqın, çoxluğun əleyhinə nə isə deməlidir. Əgər desə, o zaman layiq görüləcək. Biz bunu Orxan Pamukda da gördük.

Elmar Hüseynov

 

 






17 Aprel, 2012  15:33 Baxılıb: 3973 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner