Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AYTƏN SƏFƏROVA: «SİYASƏTÇİLƏR «KÖK ALTI»NA GƏLMƏK İSTƏMİRLƏR»-FOTOSESSİYA

Aytən Səfərova: «Televiziyada savadlı insanlara ehtiyac duyulur»

O, hamını «Kök altı»na salır. Öz yumor hissi, savadı, hazırcavablığı ilə. Verilişinin yumorostik verilişlərdən böyük fərqi var - burada hər mövzuda danışılır, siyasətdən, iqtisadiyyatdan, səhiyyədən, təhsildən və s. Elə verilişə baxarkən də Aytən Səfərovanın dünyagörüşü, intellektual səviyyəsi barədə anlayış yaranır. Amma onun özü ilə görüşüb, tanınmayan tərəflərini açmaq istədik. Müsahibəmiz ANS teleşirkətində baş tutdu. Bizi «Kök altı»nın çəkilişinə dəvət etmişdi. Çəklişdən sonra yorğun olsa da, suallarımızı məmnuniyyətlə cavablandırdı.

- Aytən xanım, işləriniz necə gedir?

- İşlərim normaldır, hava yaxşı olanda mənim də əhvalım yaxşı olur. Bahar mövsümündə hətta işlərim pis olsa belə, çalışıram özümü yaxşı əhvalda saxlayım.

- Baharı sevmirsiz?

- Əvvəl bir Baharı sevirdim. O da, uşaqlıqda mənə pulsuz don və sarafan tikən Ağsudakı dərzi qonşumuz Bahar xala idi. Yaşa dolduqca, payızdan daha çox həzz alıdım. Ağacların qırmızı don geyinməsi, bağımızdakı nar ağaclarının üstündə partlayıb qalan meyvələr... payızı mənə sevdirmişdi. Amma keçən il boz şəhərdən çıxıb, bir neçə dəfə Gəncəyə getməyim fikrimi dəyişdi. Sevdim baharı.

- «Kök altı» necə yarandı, bu sizin öz ideyanız idi, yoxsa, təklif?

- Bir dəfə, yadımdadır, kollektiv yığıncağı idi. Mən aparıcılıq etməli idim. Aytən Səfərovanın doğma insanlar arasında ilk dəfə etdiyi zarafatlar və satirik yanaşması bir çoxları üçün şok idi. Nəinki “bir çoxları”, hamı üçün! Mirşahin müəllim soruşdu ki, niyə yumor hissindən istifadə etmirəm? Düzü, bu sual məni cox düşündürürdü. Nəticədə «Kök altı»nı yaratmaq ideyası yarandı. Bu verilişdə Sabir satirası kimi mətnaltı mənalar var. Təəssüf ki, bizdə hələ çoxu bu yumorun səviyyəsinə çatmayıb.

- «Xəbərçi»-dən sonra «Kök altı»ndakı Aytən Azərbaycan tamaşaçısına qəribə göründü.

-Bilirsiniz, Amerika prezidenti Obamanı yerli teleşoulardan birində rəqs edərkən, deyib-gülərkən görəndə mən də şokda idim. Bu, mənə, bir azərbaycanlı xəbər aparıcısına çox qəribə gəldi və elə azərbaycanlı olaraq düşündüm: “Bu, niyə özünü ağır aparmır”?! Xarici ölkələrə gedib-gəldikcə, dünyagörüşümü daha da genişləndirdikcə anladım ki, ən böyük “ağırlıq” – insanın olduğu kimi görünməsidir, onun sadəliyidir. Kostyum geyinib özünü dartmaqla, qaş-qabaqla, sifətdən zəhrimar yağdırmaqla, ona-buna yuxarıdan aşağı baxmaqla, kimsə salam verəndə az qala it kimi qapmaqla deyil “ağırlıq”. Mən olduğum kimiyəm - sadə, ulduz xəstəliyinə tutulmayan, abrını saxlayan, çərçivələri bilən, adət-ənənələrimizə hörmət edən, həddi aşmayan. Ən əsası – savadıma, biliyimə arxalanan. Təvazökarlıqdan uzaq olsa da, hesab edirəm ki, bacarıqlı və istedadlı insan hərtərəfli bacarıqlı və
sadə olmalıdır. Sadə insan bizdə həmişə başqalarına qəribə görünüb. Bu da, əksər insanların “daxili çatışmazlıq kompleksi”ndəndir. Yavaş-yavaş bu da keçəcək.

- Hansı veriliş sizə daha yaxındir – “Xəbərçi”, yoxsa “Kök altı”?

- Doğrudur, bunlar fərqli formatlı verilişlərdir. Amma hər ikisində özümü rahat hiss edirəm. «Kök altı» çox çətindir, beynimin bütün hüceyrələri var gücü ilə işləyir, bildiklərimi anında, vaxtında yada salıb, fikrimlə dilimin sürətini uyğunlaşdırmalıyam. Həm də bu verilişin məsuliyyəti böyükdü. Çünki burada hər hansı bir məsələni yumorla deyirsən, səhərisi günü və ya elə verilişdən sonra reaksiya gəlir. Çünki tamaşaçıları da qavrayan, sözü yarıdan anlayan arif insanlardı.

- Verilişinizə qonaq dəvət etmək çətin olumur ki?

- ABŞ televiziyalarından birində də «Kök altı» formatlı veriliş var. Orada bu verilişdə siyasətçilər də iştirak edir. Bizdə hər şey başqa cürdür. Siyasətçilər nəinki «Kök altı»na heç xəbər verilişlərinə də,
gəlmək istəmirlər, ya ərinirlər, ya daim “iclas”da, “tədbir”də və ya “hüzür yerində” olurlar. Ümumiyyətlə, bizdə «özünü dartmaq» məsələsi var. Amma insan öz intelekti, savadı, yumor hissi ilə bilinməlidir, lazım olan yerdə potensialını göstərməlidir. Potensialı yoxdursa, elə gəlməsə yaxşıdır.

- Qonaqlarınız arasında xoşunuza gəlməyənlər olur?

- Mən savadsız insanları xoşlamıram. Daha doğrusu, savadsız olub savada yiyələnmək istəməyən, pul dalınca qaçıb cibini zənginləşdirən, daxilini cılız saxlayanlardan xoşum gəlmir. Özünü ağıllı göstərən,
amma kənardan çox gülməli olanlardan. Amma peşəkar jurnalist bunu biruzə verməməlidir. Belələrini kök altına salmaq lazımdır.

- Verilişdə sizi «kök altına» salan olub?

- Efirdən belə görünübsə də, mən həmin adama bu imkanı yaratmışam - yəni, hər dəfə mən kök altına salmamalı deyiləm ki. Onda maraqsız olar... (gülümsəyir)

- Bəs, elə bir qonağınız olub ki, cavablarından təəccüblənəsiz ki, belə də cavab olar?

- Bu yaxınlarda verilişdə meyxanaçı Elşən Xəzər qonaq olmuşdu. Doğrudan da, mən onun cavablarından stress keçirdim. Ancaq “hə”, “yox”, “bəli”, “xeyr” deyirdi. Söz ehtiyatı zəngin olan, başqalarını bağlayan” bir meyxana ustadından mən belə dialoq gözləmirdim düzü. Amma qınamıram. Bəlkə də bilirdi ki, heç olmasa, üç sözdən ibarət bir cümlə işlətsə, onu intellektual «nakaut»a göndərəcəm.

- Aparıcı olaraq, televiziyalarımızın vəziyyətini necə qiymətləndirirsiz?

- Düzü, mən televiziya başbiləni deyiləm. Bu sualı peşəkarlar cavablandırsa daha yaxşı olar. Amma bir tamaşaçı kimi deyim ki, televizora çox baxmıram. Bu yaxınlarda bəzi verilişləri izləmək istədim, lakin sonadək baxa bilmədim. Çünki, televiziya sahəsində işləyən bəzi şəxsləri tanıyıram, qablarında nəyin olmasına, quyularına neçə tonlarla suyun tökülməsi proseslərindən də azdan-çoxdan xəbərim var. Ərə getməyən bir xanım ekranda necə başqalarına ailə münasibətləri mövzusunda dair məsləhət verə bilər?! Yaxud, o gün telekanallardan birində baxırdım - zövqsüz paltar geyinən birisi başqalarına geyinmək haqda danışırdı, niyə? Bəs, Azərbaycan dilində qrammatikanı bilməyən insan başqalarına danışmağı necə öyrədə bilər? Heç milli musiqiyə qulaq asmayan kəs, necə korifeylər haqda ağız dolusu danışa bilər? Stanislavskinin sözü var idi: “İnanmıram. İnanmıram!” Aparıcıya tamaşaçı inanmalıdır. Özünə inandıran aparıcı bizim teleməkanda azdır. Amma var. ANS-də də, başqa həmkar telekanallarda da.

- Sizcə, bu sahədə hansı islahatlara ehtiyac var?

- Bir jurnalist kimi yox, bir tamaşaçı kimi hesab edirəm ki, savadlı insanlara ehtiyac duyulur – elementar olaraq heç olmasa ölkələrin, şəhərlərin, siyasət, din, elm xadimlərinin, tanınmış şəxslərin adlarını düzgün tələffüz edən əməkdaşlara.

- Bildiyimizə görə, hazırda ikinci təhsilinizi alırsız, beynəlxalq hüquq fakültəsində oxuyursuz. Fikirləşmirsiz ki, təhsil almaq sizin üçün bir qədər gecdir? Yoxsa hansısa məqsəd var bunda, məsələn, siyasətçi olmaq?!

- Vilyam Şekspir 40 yaşında olduğu zaman varlı bir insanın kitabxanasında işə düzəldi və oradakı kitabları oxumağa başladı. Ona sual vermişdilər ki, gec deyil ki, burda oxumağın. Şekspir sübut etdi ki, gec deyil. Oxumaq heç vaxt gec deyil. Siyasətə, deputat olmağa gələndə, Milli Məclisin
tərkibinə baxanda bir vətəndaş olaraq, təəccüblənirəm, bəzən stres də keçirirəm. Vaxtilə qarşımda belə bir seçim olmuşdu - ya siyasətə getmək, ya da ailə qurmaq. Mən ikincini seçdim. Siyasət daimi deyil,
amma qadın üçün birinci növbədə ailə, övlad lazımdır.

- Bəs, ikinci təhsil almaqla düşünmək olarmı ki, gələcəkdə ixtisasınızı dəyişmək, jurnalistikadan getmək fikrindəsiz?

- Jurnalistika mənim üçün hər sahədən üstündür. Xüsusilə, ANS jurnalistikası. Başqalarının xətrinə dəyməsin, amma hesab edirəm ki, əsl jurnalistika məhz ANS-dədir. Çünki burada Vahid və Seyfulla
Mustafayevlərin, Mirşahinin məktəbini keçmişəm. Jurnalistikada siyasət də var, iqtisadiyyat da, şou-biznes də, bütün sahələr də.

- Öz ixtisasınız müəllimədir. Bu sahədə işləmisizmi?

- Mənim anam müəllimə olub. O vaxt bu ixtisasın hörməti də böyük olub. İndi isə mən tanıdığım təhsil işçiləri 100-170, maksimum 200 manat maaş alır. Bu maaşla, bəzi şagirdlərin – “papalarının gül balaları”na dərs keçməklə, zənn edirəm ki, bu pulu ancaq səhhətimdə tədricən yaranan problemlərə xərcləyərəm. İstəmirəm. Digər tərəfdənsə, əgər başqa telekanalda tanınan xəbər aparıcısı etiraf edirsə ki, aparıcılığı Aytən Səfərovadan öyrənib, bu, o deməkdir ki, istədim - istəmədim mən artıq haradasa müəllimlik etmişəm. Bu, mənim üçün şərəfdir.

- İxtisasca pedaqoq olan bir şəxs kimi, təhsil sisteminin bugünkü durumu sizi qane edir?

- Bir çoxlarımız hər şeyi təhsil sisteminin üzərinə atırıq. Amma burada valideyindən, uşağın özündən də çox şey asılıdır. Atam-anam mənə deyirdi ki, otur oxu, özümdə də maraq var idi, hələ keçilməmiş
dərsləri oxuyurdum. Bu məsələ 50 faiz təhsil sistemindən, 50 faiz isə ailə və uşaqdan asılıdır. Orta məktəblərin 12 illik sistemə keçməsindən şokdayam. Deyilənə görə, tədris proqramına şahmat dərslərini də əlavə etmək fikrindədirlər. Hər şeyimiz çatırdı, bircə qalmışdı saqqal darağımız. Voleybol, xizək sürmə dərsləri də əlavə etsələr təəccüblənmərəm. Görünür, bizdə coğrafiyanın, tarixin, riyaziyyat, ana dili, ədəbiyyatın şagirdlərə aşılanma səviyyəsi o dərəcədə superdir ki, artıq şahmat “oynamaq” vaxtı çatıb. Bir valideyin olaraq, indidən narahatam – 12 il süpürgə, «şvabra», fond pulu və ya “təmirpulu” vermək lazım gələcək?!

- Qızınızın neçə yaşı var?

- Balacadır.

- Onunla məşğul ola bilirsiz?

- Getdiyi bağçada müəllimlərindən razıyam. Nəyə görə ayda pul verirəm, ancaq makaron supu içmək və tərbiyəçinin qışqır-bağırını eşitmək üçünmü?

- Ümumiyyətlə ailənizə ayırmaq üçün vaxtınız olurmu?

- Çalışıram. Paltar yuyuram, yemək bişirirəm. Bəziləri hesab edirlər ki, qadın evdə oturub bozbaş bişirməlidir. Qadın bozbaş da bişirməlidir, cəmiyyət arasında da olmalıdır. Digər tərəfdən mənim
işləməyim də bir növ ailəyə xidmətdir. Ən əsası – valideynlərim mənimlə fəxr edir. Ekranda da onların görmək istədiyi kimiyəm - bir azərbaycanlı, müsəlman qadını olaraq, yarıçılpaq camaat qarşısına
çıxmıram, ədəb-ərkanı da saxlamağa çalışıram.

- Sonuncu sualımızı vermək istərdik. Bildiyimizə görə, həm də dindar qadınsız…

- Dindar demək düzgün çıxmaz. Ümumiyyətlə, bu sözdən xoşum gəlmir. İnsan var ki, ona deyəndə “dindarsan” və ya “mominsən”, o, təşəkkür edir. Elə insan da var ki, bu sözləri eşidəndə deyir “İnşallah”. Çünki kimin əslində necə olduğunu yalnız Tanrı bilir. Yəni tək ibadətlə deyil. İbadətlə yanaşı nə qədər gözləməli olduğumuz qayda-qanunlar var. ALLAHa inanmaq və ibadət etmək isə borcumdur. İndiyədək həyatımda baş verən xoş hadisələrə görə də, ağrı-acılara görə də, Ona həmd olsun. Sınaqlar məni döyərək bərkidib, xoş günlər isə qəlbimi sevindirib və möcüzələrə inandırıb. İnam isə ən güclü silahdır!

Xatirə Nəsirli






12 Aprel, 2012  15:58 Baxılıb: 3345 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner