Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VAHİD ƏZİZ "İLHAM PƏRİSİ NƏ MƏLƏKDİR, NƏ BAYQUŞ..."

Sevgi ruhdu, insanı yaşadan ruh.

Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının Herhir kəndində doğulub. Oradakı adət-ənənə, insanların münasibətləri, təbiətin əsrarəngiz gözəlliyi ruhuna, canına hopub. 1948-1951-ci illərdə Suriyadan onların yaşadığı ərazilərə “Kaxtaqan” adlandırılan ermənilərin köçürülməsini yaxşı xatırlayır. İki hadisəni həyatının ən böyük sevinci sayır: Azərbaycanın məhşur şairi Rəsul Rzanın onun şeirləri haqqında məqalə yazması və nəvələrinin dünyaya gəlməsini. “Övlad çiçək, nəvə isə bardır”, - deyir. Qonağımız öz təkrarını nəvələrində görən şair Vahid Əzizdir.

- Vahid müəllim, bu gün şeirə çoxmu ehtiyac var?

- Ədəbiyyatda bu gün də, dünən də şeirə ehtiyac olub, sabah da olacaq. Əgər yer kürəsində bir nəfər şeir dinləmək və ya oxumaq istəyəcəksə, deməli, şeirə ehtiyac olacaq. Yaxşı şeir, yaxşı söz onu başa düşənlər üçün heç zaman ölməyəcək. Poeziya içdən, ürəkdən gələn bir şeydi. Məhəmməd peyğəmbərdən (s) soruşublar ki, səndən sonra peyğəmbər gələcək? Deyib ki, peyğəmbər yox, şairlər gələcək. Və həqiqətən də dünyanın ən böyük şairləri Peyğəmbərimizdən sonrakı dövrdə ortaya çıxıb. Əlbəttə ki, söhbət qondarma, söz xətrinə söz yazan şairlərdən getmir. Tanrı vergisi olan istedadlardan gedir.

- Oxucu Vahid Əzizin şeirini nə üçün oxumalıdır? Bu şeir ona nə verəcək?

- İnsan “Qurani-Kərim”i oxuyur, gedib hansısa müqəddəs bir ocaqda rahatlıq tapır və inanır ki, dərdlərinə əlac olacaq. Yaxşı bir şeir oxumaq da belədir. Bu zaman insan yüngülləşir. Çünki özünü o şeirdə, yazıda görən oxucu düşünür ki, deməli şair məni, mənim dərdimi görür və bununla təskinlik tapır. İnsan o vaxt əzab içində yaşayır ki, onun dərdini görən, bilən olmur. Dediyini eşidən olmur. Adamlar niyə teatra gedirlər? Çünki teatrda obrazlar vasitəsilə insanların problemləri açılır, tamaşaçılar obrazlarda özlərini tapırlar. Tamaşada göstərilən hadisələrin reallıq olmadığını bilsəm də, bu yaşda teatrda yenə məni ağlamaq tutur. Yaxşı bir filmə baxanda həyəcan keçirirsən, çünki düşünürsən ki, bu həyatı həqiqətən yaşayan var.

- Deyirlər ki, insan sevməsə yaza bilməz...

- Əgər indiyə kimi Vahid Əziz sevməyibsə, deməli, Vahid Əziz ya taxta olub, ya da divar. Sevgisiz insan olmaz ki. İnsan yaşadığı ömrün uzun və ya qısa olmasından asılı olmayaraq sevməlidi.

- Neçə qız sevmisiz?

- İstəyirsən məni əngələ, davaya salasan (gülür)?

- Sevgi yaxşı şeydi?

- Gözəldi.

- Bəs deyirlər sevgi əzab-əziyyət, işgəncədi...

- Özün necə baxırsan buna (Suala sualla cavab verir)?

- Hər halda sizin təcrübəniz, yaşınız...

- Sevgi hər nəyi olsa da çox gözəldi...

- Əzabı da...

-Əzabı da gözəldi, nisgili də gözəldi... Sevdiyin insanın sənə qarşı elədiyi qərəzlər də gözəldi... Amma xəyanət gözəl deyil... Həyatda nifrət elədiyim iki şey var: Yalan və xəyanət. Xəyanətlə bağlı filmlərə baxa bilmirəm.

-Görünür sizə xəyanət edən çox olub...

- O qədər... Söhbət təkcə qadınların xəyanətindən getmir. Qadın xəyanəti bir yana. Kişilərin xəyanəti daha pisdi. Bu böyük bir mənəvi zərbədi. Bəzi kişilər kişi əxlaqına xəyanət edir. Bığlı-saqqallı bir kişi yalan danışırsa və sənin səmimiliyinə, dostluğuna xəyanət edirsə, bu, çox pis şeydi.

- Kişi haqqında fikiləriniz çox gözəldi. Sizcə kişi necə olmalıdı?

-Kişi, elə kişi olmalıdı. Bu haqda bir şeirim var. Onun bir bəndi belədi:

O vaxt kişilikdən danışmazdılar,
Çünki kişilərin çoxu Kişiydi...

- Sevgidən çox uzaqlaşmayaq. Vahid müəllim, sevirsənsə mütləq evlənməlisən?

-Yox, o baxır onun və sənin ehtiyacına. Yaşadığın mühitdən və üzvü olduğun sosial cəmiyyətdən çox şey asılıdı. Məsələn, Qərb ölkələrində vətəndaş izdivacı deyirlər. Üç uşaqları olur, sonra bir-birlərinə deyirlər ki, gəl evlənək. Söhbət burda formal kağızdan gedir. Adamlar öncə bir-birlərinə uyğunlaşır, sonra ömür-gün yoldaşı olurlar. Ya da bunun əksi baş verir. İnsan elektron cihaz kimi bir şeydi. O biotoklarla yaşayır. Elə insan var mənfi, eləsi də var ki, müsbət auraya malikdir. Bu misalı niyə çəkdim? Çünki bizdə evlilik belədi. Bir insanla tanış oldun, onunla evlənməlisən. Bu, doğrudur? Bundan sonra hər iki şəxsdə fiziki və bioloji cəhətdən mənfi proseslər baş verir. Axı, bu, ailə deyil. Heç onlardan əmələ gələn uşaqlar da yaxşı olmurlar. Adətən deyirlər ki, ilahi sevgidən doğulan uşaqlar istedadlı olurlar. Sevgi, ruhdur, insanı yaşadan ruh. Odur ki, sevirsənsə evlənmək vacib deyil... Bir də görürsən deyirlər ki, filankəs gül kimi, gözəl-göyçək arvadını tərk etdi, gedib filankəslə yaşayır... Deməli, o kişi getməyib e... özünü o qadında tapıb. Bunlar çox mürəkkəbdir. Ayrılıqlar məncə sevgisizlikdən baş verir.

-Sevərək evlənmisiz?

-Əlbəttə. Sevməsəm ailə qura bilməzdim. Bir dəfə qəzetdə şeirim çap olunmuşdu. Orda belə bir yer var idi:

Şəhərli qızlara könül bağladıq,
Kəndin gözəlləri vaxtsız qocaldı.

Gəldim ki, yoldaşım qaş-qabağını töküb. Dedim, nə olub? Dedi, şəhər qızı almağına peşman olmusan? Dedim, sən nə danışırsan, elə Razin (indiki Bakıxanov) də kənd kimi bir yerdir (gülür). Hər nə olur-olsun mənə elə gəlir ki, insan ilk növbədə azad olmalıdır. Ruhən, həyat tərzini qurmaqda, zindanda belə azad olmalıdır.

- Bəs bu gün söz azadlığı varmı?

- Vallah, deyirlər ki, Azərbaycanda söz azadlığı yoxdur. Amma açırsan qəzetləri, görürsən ağzına gələnləri, hər cür təhqirləri yazıblar. Özü də ürəkləri kimə istədi ünvanlayırlar. Sonra da deyirlər söz azadlığı yoxdu. Adama deyərlər ki, söz azadlığı yoxdursa, sən bunu necə yaza bilirsən? Bəla ondadı ki, söyüşlə, təhqiri söz azadlığı hesab edirlər. Amma söz azadlığından azad istifadə etmək lazımdı. Təhqir kimi yox.

- Sizin dediklərinizin – hər hansı cümlənizin, fikrinizin dəyişib başqa formada verildiyi hallar olub?

- Başqa qəzetdə çap olunmuş müsahibəmi səkkiz ay sonra müxalifət qəzetlərinin birində, çox ciddi ixtisarla, neqativ şəkildə veriblər. Özü də müsahibənin altından bir xanımın imzasını qoyublar. Buna əsas səbəb də perspektivli bir işin başına keçəciyimlə bağlı gözləntim idi.

- Məqsədlərinə nail ola bildilər?

- Nəyə nail olacaqlar? Mən yenə də həmənki Vahid Əzizəm. Bir də ki, Vahid Əzizin ən böyük vəzifəsi şair olmaqdır. Onu da əlimdən ala bilməyəcəkdilər ki...

- Vahid müəllim, nədənsə bu gün daha çox tənqid edən Mirzə Ələkbər Sabirin özünü də tənqid edirlər. Deyirlər ki, Sabir düzgün danışmayıb, milləti çox çirkin şəkildə təqdim edib.

- İngilislərin bir yaxşı sözü var. Deyirlər, böyük xalq o xalqdır ki, öz nöqsanlarına gülməyi bacarır. Sabir təhqir etməyib e... yana-yana yazıb. O, milləti ifşa edib deyənlərə, çox söz deyərdim... Sabir nə deyirdi?

- Kim nə deyər bizdə olan qeyrətə...

- Düz deyib də, qeyrətimiz olsa torpağımızı alardıq. Millətin əlindən torpaq alarlar?

- Bu gün də Mirzə Ələkbər Sabir var?

- Niyə yoxdu, nə qədər ki, xalq var, xalqın problemi var, Mirzə Ələkbər Sabiri də olacaq. Elə düşünməyin ki, almanların, ingilislərin yoxdu? Hər yerdə var. İdeal cəmiyyət yoxdu.

- Bəs niyə danışanda Avropadan ideal kimi danışırlar?

- Avropa deyəndə biz elə bildik ki, yubkanı dizdən on barmaq yuxarı geyəndə, olursan avropalı. Nəyi idealdır Avropanın? Bu gün biz avropalaşmırıq, bayağılaşırıq. Dəhşətli vəziyyətə düşürük. Azərbaycan televiziyalarında qızlar alt paltarında efirə çıxır. Mənə elə gəlir ki, televiziyalarımız əxlaq qaydalarına riayət etmir. Yalnız AzTV fərqlənir.

- Bəs musiqimiz hansı vəziyyətdədi?


- İndi təzə bəstəkarlar meydana gəlib. Görürsən ki, qədim xalq mahnılarımızı təhrif edib, ya sözlərini dəyişib, ya ritmini azaldır, ya da bunun əksini edərək yeni mahnı yaradırlar. Adlarını da qoyurlar bəstəkar. Hələ bu yaxşıdır e... Təzə musiqilərin sözlərinə baxın: Atmısan, getmisən, aldatmısan, yerimdən tezdən durmuşam, yatağımda nəmli izləri qalıb və.s. Utanmırlar?

- İndi şairlərə niyə o qədər də yaxşı baxmırlar?

- Təbii ki hamısına yox. Amma sözünüzdə bir həqiqət var ki, o qədər saxta, gic-gic şairlər ortaya çıxıb ki, bunlara da insanlar normal baxmır. Adamlar var ki, deyir şairin paltarı da, yerişi də, duruşu da, danışığı da fərqli olmalıdır. Məsələ bundadır ki, yazma prosesi normal proses deyil. Mən yalnız şeir yazdığım zaman şair oluram. Amma bunun digər şeylərə aidiyyəti yoxdur. Yəni ilham pərisinin gəldiyi vəziyyət qeyri-adi vəziyyətdir. O keçdi, qurtardı, daha mən şair deyiləm. O vəziyyəti bütün günü yaşamaq başı xarablıqdır. Əslində şair müşahidəçi, rəssam olmalıdır. Çiçəkdən yazırsa oxucu onun ətrini duymalı, küləkdən yazırsa külək canlı olmalı, daşdan yazırsa daşın istiliyin duymalıdı.

- İlham pərisi necə olur? Bəziləri quş kimi, mələk kimi təsvir edirlər. Bəs siz necə təsvir edirsiz?

- Mən başqalarından fərqli olaraq nə mələk görmüşəm, nə bayquş. İlham pərisi nə mələkdir, nə bayquş (gülür). Mənim üçün musiqili bir səsdi.

- İnciməyin, bu canısululuq sizdə hardandı?

- İnsanı yaşadan ruhdur. Məncə sağlam bədəndə sağlam ruh yox, sağlam ruhu olanın sağlam bədəni olar. İndiyədək heç kəsin paxıllığını çəkməmişəm. Kiminsə uğurları mənim üçün problem olmayıb. Düşünmüşəm ki, hər kəsə Allah verir.

“SİMSAR” jurnalı
Elmar Hüseynov


 






11 Aprel, 2012  17:16 Baxılıb: 3765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner