Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BƏXTİYAR SADIQOV: «TELEVİZİYA RƏHBƏRLƏRİ PULA SUSAYIBLAR» - MÜSAHİBƏ

«Məqsəd Azərbaycan ailəsini Avropa ailəsinin gününə salmaqdır»

Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov telekanallarda efirə gedən əyləncəli verilişlərin vəziyyətilə bağlı Simsar.az-ın suallarını cavablandırıb.

- Televiziyalardakı əyləncəli verilişlərlə bağlı tənqidi məqaləniz dərc ediləndən sonra bu mövzuda müzakirələr artıb. Telekanalların rəhbərləri iradlarınızı qəbul etməyib. Bu sahədə vəziyyətin düzələcəyinə inanırsızmı?

- Yazımda xüsusilə vurğulamışam ki, 31 mart azərbaycanlıların soyqrımı, faciə günüdür. Həmin gün qətlə yetirilmiş 280 min 500 azərbaycanlının ruhuna hörmət olunmalıdır. 31 martda konsert proqramları, toy, evlilik verilişləri təxirə salınmalıdır. Faciəli günlərdə deyib-gülmək, şənlənmək bizə yaraşmaz. Kimlərsə indi bunu mübahisə mövzusunu istəyir. Deyirlər ki, bununla bağlı dövlətin qərarı olmalıdır. Başa düşə bilmirəm, adama deyirlər ki, ümummilli faciə günündə şənlik etmə. Hər kəs özü bunu dərk etməlidir. Telekanalların rəhbərlərində vətənpərvərlik hissləri olmalıdır. İkinci məsələ Azərbaycanın milli mənəvi dəyərlərinə zidd olan «Toy olsun», «Onun yarısı», «Ay Zaur» kimi verilişlərin teleefirlərdən çıxarılmasıdır. Yəqin ki, baş verənlərlə bağlı dövlət səviyyəsində tədbirlər olacaq. Televiziyaların proqram siyasəti milli-mənəvi dəyərlərlə üst-üstə düşməli, səsləşməlidir. Redaktorlar gənclərin evlənməsi naminə düşük, bayağı verilişləri efirə buraxmamalıdılar, ucuzluğa gedib özlərini nüfuzdan salmamalıdılar. Sevmək, evlənmək belə olmur. Azərcaycan insanı ailəni bu cür qurmur. Onlar deyirlər ki, bu tip verilişlərin reytinqi çoxdur. Məndə bu verilişlərin reytinqlərilə bağlı şübhələr var. Azərbaycan xalqına yaraşmayan verilişlər efirdən yığışdırılmalıdır.
Bəzi telekanalların rəhbərləri hesab edirlərsə ki, bu səviyyəli verilişlərlə seviləcəklər, qoy elə o səviyyədə də qalsınlar.

- Ekspertlər bildirirlər ki, bu kimi verilşləri efirdən yığışdırmaq üçün telekanallara daha geniş azadlıq verilməlidir. Necə hesab edirsiz, telekanalların rəngarəng verilişlər hazırlamaları üçün lazımi azadlıqları varmı?

- Tarixdə müxtəlif azadlıqlar olub. Avropada seksual azadlıqlar var. Cinsi azlıqlarının azadlığı təmin olunub. Avropada istənilən vaxt qey-parad keçirmək mümkündü. Əslində bunların heç birinin azadlığa dəxli yoxdur. Hər xalqın öz mədəniyyəti var və o yaşadılmalıdır. Mədəniyyətə daxil olan elementlərdən biri də adət-ənənədir. Qoy bizim telekanallar, xalqımız Avropadan ilk olaraq elm, təhsil, texnologiya sahəsindəki yenilikləri götürsünlər. Niyə telekanallarımız Avropanın ən aşağı işlərini götürüb təbliğ edirlər? Bunlar hamısı bəhanədir. Belə verilişləri hazırlamaq əziyyət tələb etmir. Baxırsan verilişə, başdan-ayağa laqqırtıdır. Bir dənə ciddi söhbətə, fikrə rast gəlmirsən. İnsanların xarakteri belədir ki, harada dava-dalaş, söyüş varsa, ona tamaşa edirlər. Amma bu görüntülərdən nəsə götürə bilirikmi? Azərbaycanda özünə hörmət edən insan evlilik məsələsini bu qədər ictimailəşdirərmi? Sənin evlənməyin, qız və ya oğlan tapmağın özündən, yaxınlarından başqa heç kim üçün maraqlı deyil.

- Axı eyni verilişlər xarici ölkələrdə də gedir…

- Məsələn, qonşu Türkiyədə evlilik verilişləri çox səviyyəli təşkil olunur. 50 yaşından yuxarı insanlara xidmət göstərirlər. O insanlar qulaq yoldaşı axtarırlar. Onlar verilişlərin üstündə ciddi şəkildə işləyirlər, hazırlaşırlar. Süni qalmaqaldan uzaq olurlar. Sanki maraqlı tamaşa hazırlayırlar. Bu, başadüşüləndir. Bizdəkilər isə xarici telekanallardakı verilişləri çox pis formada «kopya»layırlar. Verilişi buraxırlar başlı-başına. Kim necə istəyir, elə də hərəkət edir, danışır. Aparıcılar özlərini o qədər səviyyəsiz aparır ki, tamaşaçılar onlara əl qaldırır, ağır sözlər deyirlər. Telekanalların səhvi artıq ekranda da görünür. Daha nə baş verməlidir ki, bunlar səhvlərini görsünlər? Gənclər üçün tanışlıq məkanları kifayət qədərdi. Orta və ali məktəblər var. Parklar, kino və internet klublar fəaliyyət göstərir və s.

- Tənqid etdiyiniz verilişlərdə iştirakçıların fəallığı heç də aşağı deyil. Gənclərin verilişlərə çıxıb öz yarlarını axtarmasının kökündə nə dayanır?

- Mən sizinlə razı deyiləm. İstənilən mövzuda veriliş hazırlasan, onun iştirakçısını tapa bilərsən. Cavan, sağlam oğlan, qız çıxıb telekanalda öz yarını axtarırsa, deməli, onların psixologiyasında, tərbiyəsində müəyyən problemlər var. Qıza elçi gələndə qız utanar, valideyninindən, elçi gələnlərdən gizlənər. Ta açıq-açığına milyonların qarşısında deməz ki, mən ər axtarıram. Nişanlı seçməyi şalvar seçmək səviyyəsinə endirmək lazım deyil. Adətə görə, oğlanla qız tanış olandan sonra ana qız evinə gedib həyət-bacanın təmizliyinə göz gəzdirir, ev-eşiyə baxır. Daha sonra kəndin, məhəllənin sayılıb-seçilən ağsaqqalları elçi gedirlər və evliliyə zamin durduqlarını bəyan edirlər. Ardınca sınaq müddətli - nişanlılıq həyatı başlayır. Nişanlı olduqları zaman sözləri bir-birilərinin boğazlarından keçirsə, toy olur. Əks-təqdirdə nişanlılıq pozulur. Bu ziyanın yarısından qayıtmaqdı. İndi bunu o qədər bayağılaşdırıblar ki, adam bilmir buna gülsün, yoxsa ağlasın. Efirdən özünə qız, oğlan seçirlər. Maaş filan qədər, ev var, maşın var vəssalam! Qadının biri deyir ki, uşağını verəcək anasına, özü yeni ərilə yaşayacaq. Öz övladını saxlamayan qadından adama xanım olar? Dəhşətli vəziyyətlə rastlaşırsan. Azərbaycanın çox gözəl ailə modeli var. Bizim cəmiyyəti dağıtmaq istəyənlər ilk növbədə ailə modelini dağıtmaq istəyirlər. Burada maraqlı kənar qüvvələr var. Belə verilişlərə babat qrant verirlər. Televiziya rəhbərləri də qrantlara susayıblar və istənilən pullu təklifi bəyənirlər. Verilişlərin reytinqlərini müəyyənləşdirənlər xarici qurumlardı. Yalandan deyirlər ki, filan verilişin reytinqi daha yüksəkdir. Məqsəd Azərbaycan ailəsini Avropa ailəsinin gününə salmaqdır. Kişi, qadın, uşaq hərə özü üçün yaşayır.

- Təxminən iki il öncə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev sizin qəzetdə telekanalları səviyyəsiz verilişlərə görə tənqid etmişdi. Amma vəziyyət düzəlmədi. Əksinə, daha ucuz verilişlər yarandı. Sizcə telekanalların rəhbərləri Ramiz Mehdiyevin iradlarını niyə qulaqardına vururlar?

- Yuxarıda bunun səbəblərinə müəyyən qədər toxundum. Televiziya rəhbərləri hər şeyi pula satıblar. Bunlar üçün pul daha önəmlidir. Həm də burada maraqlı xarici qüvvələr var.

Ruslan XƏLİL







9 Aprel, 2012  22:19 Baxılıb: 2303 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner