Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MURAD ARİF: «TOYLARINI MƏNİMLƏ BÖLÜŞƏN APARICILARI SEVİRƏM»

«Mahnılarımdan ən çox bəyəndiklərim baha satdıqlarımdır»

Onunla müsahibəmizi iqtisadiyyat bölümünə də yerləşdirmək olardı. Çünki, maliyyə məsələlərindən daha çox danışdıq. Tam səmimi formada - toy biznesindən, mahnılarını neçəyə satmasından danışdı. Özünün dediyi kimi, «səmimiyyət damarı» tutmuşdu. Hətta bundan bir qədər narahat olsa da, söylədii ki, «neyləyim, ən böyük biclik düzlükdür. Hər şeyi düşündüyüm kimi deyirəm ki, sonradan çaşıb başqa yerdə başqa söz deməyim». Biz də onun səmimiliyini yüksək dəyərləndirdik.
Rubrikamızın bu dəfəki qonağı Liderin aparıcısı Murad Arifdir.


- Murad bəy, işləriniz necə gedir?

- Son vaxtlar stabillik tərəfdarı olduğumdan işlərim yaxşı gedir. Əvvəllər tez-tez işlərimdə dəyişiklik etməyi xoşlayırdım, indi isə bir yerdə oturub işləməyə üstünlük verirəm.

- «Solo» necə ərsəyə gəldi?

- «Səhər» proqramında işləyəndə rəhbərlik tərəfindən günota efiri üçün verliş hazırlamaq təklifi aldım. Marağımın musiqi sahəsinə olduğu bildirərək, belə bir layihəni təklif etdim ki, bacarığı olan gəlib oxusun, olmayanlar isə gəlib özlərini biabır etsinlər.

- Öz ixtisasınız nədir?

- Bu mövzu mənim yaralı yerimdir. Beynəlxalq iqtisadçıyam. Amma bunun mənim həyatımda heç bir rolu olmayıb. Valideyinlərimin arzusu ilə test imtahanları verərək, özümü əziyyətə saldım. Dərslərə də demək olar ki, getmirdim.

- Bir ara «Solo» - da yox idiniz?

- Bu da mənim stabilliyi sevməyimdən irəli gəlirdi. Hətta bu iş yerimi dəyişmək arzusu yaratmışdı. Sonradan peşman olub, geri qayıtdım.

- Niyə peşman olduz?

- ATV ilə indi də əlaqələrim var. Amma bura mənim yaradıcı mühitim deyildi. Bir aparıcı kimi özümü orada rahat hiss etmirdim.

- Sizdən sonra «Solo» - nu Ayaz Qasımov və Kərim Abbasov aparırdı. Onların aparıcılığı sizi qane edirdimi?

- Hər bir aparıcı verlişi özünəməxsus aparır. Onun salamlaşmasından tamaşaçı hiss edir ki, intellektual yükü hansı dərəcədədir. Bu baxımdan hər birimiz fərqliyik. Ayazın, Kərimin, Muradun intelektual yükü bir-birindən fərqlənir. Digər tərəfdən isə deyim ki, onları tam müşahidə etmədim. Amma musiqiçi olduqlarından fikirləşirəm ki, yaxşı alınar. Onu da deyim ki, musiqiçilərin verliş aparması onların populyarlığını artırır, əksər müğənnilər verliş apararkən əsas məqsədləri bu olur. Aparıcının televiziya sevgisi isə tam başqadır.

- Amma siz də toylara gedirsiz, televiziya aparıcılığınızın burada bir rolu varmı?

- Təbii ki, var. Azərbaycan şou-biznesində hamı toylara bağlıdır, toylar da hamıya bağlıdır.

- Toy bazarında özünüzü neçənci yerdə görürsüz?

- Mənim apardığım toyları heç kim apara bilməz. Həmin toyların səviyyəsinə gəlincə, bircə məsələni qeyd etmək buna tam aydınlıq gətirər. Mən toylarda Alim Qasımov və İlqar Muradovla tez-tez rastlaşıram.

- «Solo»-ya qonaqları özünüz dəvət edirsiz?

- Qonaqların siyahısını redaktor heyəti tərtib edib, rəhbərliklə razılaşır. Amma mənim də rəylərimi, ricamı nəzərə alırlar. 

- Qonaqlarınız arasında sevmədiyiniz insanlar da olur?

- Əsl aparıcı sevmədiyi mövzularda danışa bilməli, sevmədiyi insanları danışdıra bilməlidir.

- Sevdiyiniz müğənnilər kimlərdir?

- Tünzalə Ağayevanı, Sevda Ələkbərzadəni sevirəm. Deyə bilmərəm ki, onların fanatıyam. Tünzalə Ağayevanın işgüzarlığını, Sevda Ələkbərzadənin özünəməxsus musiqi dünyasını sevirəm. Digər tərəfdən hesab edirəm ki, populyarlıq boş yerə deyil, bunun arxasında zəhmət və istedad dayanır. Bu baxımdan Aygün Kazımovanı, Faiq Ağayevi, Zülfiyyə Babayevanı, Natəvan Həbibini, Röyanı bəyənirəm. Amma avtomabildə heç birinə qulaq asmıram.

- Özlərini qeyri-təvazükar olaraq, göstərib, əsəblərinizə toxunanlar olub?

- Əsl ulduzlar özlərini necə aparmağı çox yaxşı bilirlər. Bu baxımdan Faiq Ağayevi xüsusi dəyərləndirirəm. Hər zaman yerini, davranışı bilir. O, özünü ulduz deyil, əsl ziyalı, savadlı, tərbiyəli bir insan kimi göstərir. Bəlkə, ilk addımlarımı atan zaman kimdənsə yekəxana münasibət görmüşəm, amma sonra özüm «böyüdüm» və mənə hörmət etməyə başladılar. Amma gənclərdən hörmətsizlik görmüşəm və ürəyimdə onlara «böyüməyəcəksiz» deyə kinayə etmişəm.

- Dediniz ki, «Solo»nu yaratmaqa məqsəd müğənnilərin özlərini göstərməsidir. Burda özünü təsdiq edən çox olur, yoxsa biabır edən?

- Bacarmayanlar çox olur. Onlar da fonoqramla gəlirlər.

- Bu «Solo»nun məqsədinə zidd deyilmi?

- Hər şey bizim isitədiyimiz kimi olmur. Həm də bəzi estrada müğənniləri var ki (məsələn Sevda Ələkbarzadə, Tünzalə Ağayeva), onların istədiyi səslənməni toy aparaturasını işlədən şəxslər verə bilməz. Bunun üçün müəyyən adamlar gəlməlidir. Burda texniki məsələlər də olur, canlı ifadan qorxmaq məsələsi də.

- Canlı ifanın öhdəsindən peşəkarlıqla gələnlər kimlərdir?

- Muğam ifaçıları. Mən onlara heyranam. Adam 15 dəqiqə “Mənsuriyyə” oxuyur və qorxmur. Nəzakət Tuymurova, Elnarə Abdullayevanın ifalarından böyük zövq almışam.

- Amma verilişinizə baxanda belə bir təəssürat yaranır ki, hamını bəyənirsiz.

- Mən çalışarm ki, verilişimə gələn adam pis oxuduqda belə, onun müsbət tərəflərini tapım. Heç vaxt Sevda Yəhyayevaya deməmişəm ki, sənin gözəl səsin, diapozonun var. Ona deyirəm ki, sən çox zövqlü xanımsan, mahnıların diapozununa uyğundur.

- Aparıcı olaraq, həmkarlarınızdan...

- Nanə, İlkin və Nəsib Nuru bəyənirəm. Amma toylarını mənimlə bölüşməyənləri bəyənmirəm (gülür). Məsələn, tutaq ki, aprelin 15-i mənim bir toyum var və ikinci təklif gəlir. Bu zaman mən deyirəm ki, gəlin, sizə İlkinin nömrəsini verim, ona zəng edin. Onlar da eyni şeyi mənə etdiklərinə görə, onları çox sevirəm. Amma elələri var ki, soruşanda ki, Murad necə toy aparır, xainliklərindən deyirlər ki, vallah görməmişəm. Onları sevmirəm.

- Başqa konteksdən yanaşsaq necə?

- Sevdiyim verliş Könül Arifqızının «Bir mahnının tarixçəsi» verlişidir. İradə İshaqın, Mirşahinin verlişlərini bəyənirəm. Mirşahinin söz oyunu futbol oyununa bənzəyir. Gözləyirsən ki, indi pası, qolu hara vuracaq. Bundan başqa işimlə əlaqədar gənc həmkarlarımın verlişlərinə baxıram ki, görüm harda Tolik nə deyəcək, Ayğün Kazımova nə edəcək. Sonra gedib, birinə deməyim ki, filankəs sənə salam söyləyir, bəlkə filankəslə filankəs dalaşıb?

- Bir qədər də sizin musiqi yaradıcılığınızdan danışaq.

- Yəni, hamam otağında yazılan mahnılardan. Belə deyək ki, bəstəkarlığa 8-9 yaşımdan başlamışam. Amma bunu ailə üzvlərim və qonşularımdan başqa heç kim bilmirdi. Çünki, onların «başı-beyni gedirdi». Hər gün mahnı yazırdım. Səhəri gün bunu unudurdum. Gördüyünüz kimi hələ də ənənəm dəyişməyib. İlk mahnım «Almalarınla» oldu. Bu da prodüsserliyimdən irəli gəldi. O zaman Ayaz Qasımovun prodüsseri idim. Onun səsindəki Tarkanvari məqamları üzə çıxarmaq məqsədilə mahnı yazmaq qərarına gəldim. 2 dəqiqə 50 saniyəlik mahnıda zurna, tar, yallı var idi.

- Amma bu mahnıyla bağlı iradlar da çox oldu.

- Məqsəd də elə o idi. Şou-biznesdir də… Mən Şəfiqə Axundova, Aygün Səmədzadə deyləm ki, Azərbaycan musiqi irsinə xidmət edim. Mən pop sənətini yeni sərhədlərə çıxarmaq istəyirəm. Sənət dünyasına iddia etmirəm, istəmirəm ki, məni bəstəkar kimi təqdim etsinlər, bəlli adlar mənə lazım deyil. Məqsədlərimdən biri də gördüyüm işlərin danışılmasıdır. Çünki, bu, reytinq, maraq gətirir.

- «İstanbul» mahnısı sizə uğur gətirdi…

- Hamısı mənə uğur gətirib, çünki, hamısını satmışam.

- Yeri gəlmişkən, mahnılarınızı neçəyə satırsız?

- 2007-ci ildə ilk mahnımın aranjımanına görə 1500, musiqi və sözlərinə görə isə 1000 manat aldım. O vaxtdan bu vaxta, dediym kimi «böyümüşəm».

- Mahnınız Ziynət Salinin albomuna necə düşdü?

- Xəyyam Nisanovun mahnısını «youtube»-da eşitmişdilər və müəlifini axtarırdılar. Bəxtimdən Xəyyam Nisanovun prodüsseri də olduğum üçün «bütün yollar mənə doğru gətirirdi». Bəlkə də başqası olsaydı, deyərdi ki, müəllif ölüb (gülür). Bu mahnının Atəş Dağlının etdiyi remikslər albomuna salmaq istədiklərini söylədilər. Üstündən bir il keçəndən sonra zəng gəldi və Ziynət Salinin mənim mahnımı oxumaq istədiyini dedilər. Mahnılarımın hamısını ona göndərdim. Bu zaman konkret «İstanbul» mahnısını istədiklərini dedilər.

- Türk müğənisi və bizim müğənnilərimizə satdıqlarınız mahnılar arasında qiymət fərqi oldumu?

- Əlbəttə. Bizim müğənnilərə qonarar sistemi ilə işləyirik. Çünki, bu sisitemlə işləməsək, acından ölərik. Bu mahnıların pirat disklərdə yayılması, zəngimsellərdə yüklənməsi, reklam şitlərində səslənməsi zamanı mənim hüquqlarımı heç kim qorumur. Ona görə də məcburuq ki, konkret qonorar haqqında danışaq. Türkiyədə isə hər şey başqa cürdür. Müğğəni albomunda yer alan müəliflərin hüquqlarını qorumağa məcburdur. Bütün satılmalarda, yayılmalarda mənim payım var. Yeri gəlmişkən, Ziynət Salinin mahnımı oxumasından xeyli razı qaldım. Türk müğənniləri ilə başqa proyektlərim də olmalıdır. Dekabr ayında azərbaycanlı müğənnilərdən ikisinə satmaq istədiyim, lakin bəyəndirə bilmədiym mahnını elə bir türk müğənnisinə satmışam ki…

- Sizə yaxın olan, ürəklə dinlədiyiniz mahnılarınız hansılardı?

- Baha satdıqlarım. Məndə sığar iki cahan - biri iqtisadçı, digəri isə ruh adamı Murad. İndi sizin otağınızda iqtisadçı Murad oturub. Həyatda hər şey enerji bahasına başa gəlir. Həmin mahnılara qulaq asanda onlardan hallalıq iyi gəlir. Bu baxımdan ürəyimə yağ kimi yayılır.

- Hədiyyə verdiyiniz mahnılar olub?

- Evdə bir yerdə yaşadığın ailə üzvləri üçün də nəsə edəndə fikirləşirsən ki, məsələn kostyumumu ütüləyəcək.

- Bu cür xırdalığa ancaq siz gedə bilərdiz…

- Tərəzi bürcündənəm, ona görə. Hədiyyə deyirsiz, amma bu əslində hədiyyə deyil. Məsələn, əgər kiminsə mənim mahnımı oxumağı mənim populyarlığımı artırırsa və hədiyyə edirəmsə, bu əslində hədiyyə sayılmır. Və ya mahnının əvəzinə pul istənilmir, amma deyirsən ki, gəlib, mənim apardığım toyda yarım saat oxuayacaqsan. Burada da müəyyən iqtisadi münasibətlər var. Tam təmannasız mahnı verim, gözüm də qalmasın, belə bir hal olmayıb.

- «Maşın-şou»da udduğunuz avtomabili nə etdiz?

- Onu çoxdan satmışam. Yaxşı qiymətə satdım və məişət problemlərimin həllinə sərf etdim.

- Sizin şəxsi həyatınız da oxucular üçün maraqlıdır…

- Detallara varmadan deyə bilərəm ki, hər şey çox gözəldir. Ailəni mediyaya gətirməyi xoşlamıram. Şou-biznes əhlinin toylarına da həyat yoldaşımı aparmıram. Buna görə də bütün toyları saat 9-da tərk edirəm və evə tələsirəm.

Xatirə Nəsirli

 






5 Aprel, 2012  19:06 Baxılıb: 2192 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner