Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

VƏFA QULUZADƏ: “FOREİGN POLİCY” RUSİYA VƏ YA İRANIN SİFARİŞİNİ YERİNƏ YETİRİB”

“Əgər belə bir şey baş versəydi, bu çoxdan məlum olardı”

Amerikanın «Foreign Policy» onlayın dərgisində dərc edilmiş «İrana hücum Qafqazdan başlayacaq» sərlövhəli məqalə Azərbaycan mətbuatında və siyasi dairələrində ciddi müzakirə mövzusuna çevrilib.
Məqalə müəllifli Mark Perry yazır ki, Amerikanın 4 diplomat və hərbi kəşfiyyatçıları İsrailin Azərbaycanda aviabazaya giriş imkanı əldə etdiyini deyiblər. Qeyd olunur ki, israillilər həmin hava limanını satın alıblar. Hava limanından İsrailin İrana qarşı gözlənilən hücumunda istifadə olunacaq.
«Foreign Policy» dərgisində ifadə olunan fikirlərə münasibət öyrənmək üçün politoloq Vəfa Quluzadəyə müraciət etdik.


- Vəfa bəy, İsrailin Azərbaycanda eniş üçün hərbi aviabaza alması xəbəri nə dərəcədə ağlabatandır?

- Mən «Foreign Policy» dərgisinin İsrailin Azərbaycanda hərbi aviabaza kirayələməsinə dair xəbərlərinə inanmıram. Əgər belə bir şey baş versəydi, bu çoxdan məlum olardı. Görünür, bu məlumat ya Rusiya, ya da İran tərəfindən sifariş olunub. Əgər, İsrail Azərbaycan ərazisində aviabaza alsaydı ABŞ diplomatları və ya kəşfiyyatçıları bu barədə mətbuata məlumat verməzdilər. Bu qəsdən təşkil olunmuş bir informasiyadır və Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirmək istəyirlər. Bilirlər ki, İran belə şeylərdən tez qıcıqlanır.

- “Vikilikes” saytında dərc olunan materiallarda qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyev İsrail-Azərbaycan münasibətlərini aysberqə bənzədib. Yəni, münasibətlərin 90 faizi suyun altındadır, görünmür…

- İsrail-Azərbaycan münasibətlərinin suyun altında olan hissəsi iqtisadi əlaqələrlə bağlıdır. Əskər münasibətlər yalnız mühafizə və müdafiə xarakterli hərbi texnikaların alınmasından ibarətdir. Bizim ordu başdan-ayağa Rusiya silahı ilə silahlandırılıb. İsraildən alınan hərbi texnikalar isə ümumi təlabatın cuzi hissəsini təşkil edir. Digər tərəfdən İsraildən silah almağımızın İrana heç bir aidiyyəti yoxdur. Həmin silahlar ən yaxşı halda Dağlıq Qarabağın erməni işğalından azad olunmasında istifadə edilə bilər.

- Bu kimi məlumatların yayılması İran-Azərbaycan münasibətlərinə necə təsir göstərir?

- Yuxarıda qeyd etdim. İstəyirlər ki, İran-Azərbaycan münasibətləri daha gərginləşsin. Rəsmi Bakı İrandan fərqli olaraq xarici siyasətində soyuqqanlıdır. Münasibətlərin gərginləşməsinə imkan verilməyəcək. İran bizdən özlərinin arzu etdiyi addımları tələb edir. Bu addımlar Qərblə əməkdaşlığı pozmaq və İranın dedikləri ilə oturub-durmaqdan ibarətdir. Azərbaycan isə müstəqil dövlət kimi milli maraqlarına uyğun siyasət aparır. Tehran bizdən tələb edir ki, Amerika, İsraillə münasibətlər qurmayaq. Belə şeylər ola bilməz. İranın özünün ən gərgin vaxtlarda belə, Amerika ilə münasibətləri olub. Siz dediyiniz, su altı münasibətlər, iqtisadi əlaqələr İranla ABŞ arasında həmişə olub. Üst-başımızı unlu görüb elə bilirlər dəyirmançıyıq. İranın Azərbaycan siyasəti naqisdir. Bu siyasətin dəyişməsinə ciddi ehtiyac var.

- İran tərəfdə belə təsəvvürlər var ki, Azərbaycan artıq seçimini edib. Siz necə hesab edirsiz, İran məsələsində kimin yanında olmaqla bağlı Azərbaycan seçimini edibmi?

- Azərbaycanın hansı seçim etməsinin İrana heç bir dəxli yoxdur. Azərbaycan özü bilər, kimlə əməkdaşlıq edir, kimi dəstəkləyir. Bizim nicat yolumuz Avroatlantik məkana inteqrasiyadır və bunun xeyrini görürük. Bütün sahələrdə problemlərlə yanaşı inkişaf var. Bütün ölkələr Rusiya, İran kimi şər ölkələrdən qaçıb Qərbə inteqrasiya etdiyi bir vaxtda, biz necə geriyə doğru hərəkət götürə bilərik? Bu hansı məntiqə, siyasətə sığır? Biz də İrandan tələb edə bilərik ki, dünyəvi rejimə keçsin, totalitar sistemdən əl çəksin, Azərbaycanla sərhəddə nüvə elektrik stansiyaları tikməsin, atom silahına da əl atmasın. Ermənilərə də yardım etməsin. Məhz İran Ermənistanı çökməkdən xilas etdi. Azərbaycan İranın bu «yaxşılığını» heç vaxt unutmamalıdır. İran 1990-cı illərdə Azərbaycanın düşmənini diriltdi, ona uçmaq üçün qanad, bizi tapdalamaq üçün ayaq verdi. Ona görə də, İranın Azərbaycanın qarşısında dili gödək, gözü qıpıqdır.

- Həmkarınız Zərdüş Əlizadə bildirib ki, əgər Azərbaycan İrana hücum edəcək Qərbin tərəfində dursa, bu ölkənin ordusu 12 saata Bakıda olacaq. Siz necə hesab edirsiz, müharibə başlasa və Azərbaycan Qərbi dəstəkləsə, Cənub qonşumuz bizə qarşı hərbi gücdən istifadə edə bilərmi?

- Mən Zərdüşt Əlizadənin fikirlərini şərh etmək istəməzdim. Amma İran məsələsində rəsmi Bakının mövqeyi aydındır. Dəfələrlə bəyan olunub ki, İrana qarşı müharibədə, hücumda Azərbaycan tərəfi öz ərazisindən hər hansı formada istifadə olunmasına icazə verməyəcək. Əgər ortada belə bir rəsmi mövqe varsa, bundan kənarda olan fikirlərin heç bir əhəmiyyəti yoxdur. Tutaq ki, Qərb ölkələri İrana hücum etdi. Əvvəla, hücum planı qabaqcadan min ölçülüb bir biçiləcək. Və İrana elə bir zərbələr endiriləcək ki, bu ölkənin gözünü açmağa imkanı olmayacaq. Siz necə düşünürsüz, İrana hücum olsa, bu ölkə əsas maneələri dəf etmək əvəzinə, Bakıya üz tutarmı? Bəs koalisiya qüvvələrinə qarşı kim müharibə aparacaq? (Gülür…)

Ruslan XƏLİL






2 Aprel, 2012  17:17 Baxılıb: 1586 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner