Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZİYNƏT SALİ: “AZƏRBAYCANDA TANINIB SEVİLMƏK MƏNİM ÜÇÜN ŞƏRƏFDİR”-MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

“Pop musiqinizin inkişafda olduğunu eşitmişəm”

İstanbulda olduğumuz vaxtda bizə simsarlıq edən Türkiyənin, eləcə də Azərbaycanda tanınan söz yazarı Ayşə Birgül Yılmazın vasitəsilə bir neçə populyar türk müğənniləri ilə yanaşı, son illərin sevilən müğənnisi Ziynət Sali ilə də görüşmək nəsibimiz oldu. Ziynətlə görüşməkdə marağımızı önə çəkən daha çox onun “Sonsuz ol” adlı yeni albomunda yer alan həmkarımız Murad Arifin “İstanbul” mahnısı səbəb idi. İlk dəfə azəri mahnısı oxuyan müğənninin duyğularını sizinlə paylaşırıq.

- Neçə ildir ki, müğənni kimi fəaliyyət göstərirsiz?

- Konservatoriyada oxuduğum vaxtlardan. Artıq 15 ildir. 2000-ci ildə “BA BA” adlı ilk albomum çıxdı. O albomda “A Pa Pa” adlı yunanca mahnını həm də türkcə versiyası vardı. Ondan sonra 4 il albom çıxarışına ara verdim. Sonra 2004-cü ildə “Aman kuzum” adlı ikinci albomum çıxdı. Bildiyim qədəriylə o albomda yer alan “Çikolata” adlı yunanca mahnı Azərbaycan dinləyiciləri tərəfindən uğurla qarşılanmışdı.

- Yunanca mahnılar ifa etməyinizə səbəb nə idi?

- Bu, bir proyek idi. Çox uğurlu alınmışdı. Yunanıstanda da diqqət çəkmişdi.

- Həmin ərəfələrdə aldığım məlumata görə sizin əslən yunanlı olduğunuz söylənilirdi.

- Bir çox insanlar yunanca təmiz oxuduğumdan, həm də adımdan dolayı elə zənn edirdilər. Hətta bəziləri də azərbyacanlı olduğumu sanırdılar. Sonrada türk olduğumu öyrəndilər. Kıbrısda doğulmuşam. Uşaqlığımın 6 ili İngiltərədə keçib. Sonra ailə ilə yenidən Kıbrısa döndük və orta məktəbi orada bitirdim.

- İstanbula nə vaxt gəldiz?

- Orta məktəbi bitirdikdən sonra 1994-cü ildə konservatoriyaya qəbul olmaq üçün İstanbula gəldim və qəbul oldum. 1999-cu ildə oranı bitirdim. Uşaqlığımdan İstanbul xəyallarımın şəhəri idi.

- Sizi bir müğənni kimi kim kəşf etdi?

- Hələ də birlikdə çalışdığım prodüsserim Gökay Özkan. O, sənət yolumda mənə ən çox inanan və dəstək olan insanlardandır.

- İlk singl albomdan sonra 4 il albom çalışmasına ara verməyinizin səbəbi nə idi?

- “A-Pa Pa” mahnısı yunanca düzgün aksentimdən dolayı gözəl bir hay-küyə səbəb olmuşdu. Ondan sonra 2-ci albom çıxartmaq üçün heç tələsmədim. Həmin ərəfələrdə musiqidən ayrılmamışdım. İstanbulun müxtəlif istirahət məkanlarında səhnəyə çıxırdım. Üstəlik də albom üzərində hazırlıq işləri gedirdi. Yunanca və türkcə mahnılardan ibarət repertuar toplayırdıq. Mən bir şeyin ən doğru zamanda edilməsinə üstünlük verənlərdənəm. O səbəbdən də 2-ci albomu çıxartmaq bir az uzun çəkdi. 2004-cü ildə çıxan “Aman kuzum” albomundan sonra yenə də 2 il növbəti alboma ara verdik. 2006-ci ildə isə “Mor yıllar” adlı albomumla geri dönüşüm oldu. O albomda ter alan “Zordur oğlum” adlı mahnı ilə ölkəmizi beynəlxalq bir müsabiqədə təmsil etdim.

- Həmin ərəfədə də səbəb tələsməmək oldu?

- Həqiqətən də elədir. Açığı, mən sənətə albom müğənnisi olaraq gəlmədim. Sənətə səhnə müğənnisi olaraq gəlmişəm. Məqsədim də həmişə bu olub. Səhnədə olmaq, mahnıları ordan paylaşmaq mənim üçün inanılmaz gözəl bir duyğudur. İşlərim səhnədə çox olduğundan da albom çıxartmağa tələsmirdim. Onsuz da səhnədə hər şey gözəl davam edirdi. “Mor yıllar”dan sonra 2008-ci ildə “Hər kəs evinə” adlı cüt CD-li albomum çıxdı. İkinci albomdakı mahnılar sırf yunan dilində idi. Sonra sözlərini “Bizdə böylə” adlı yunan mahnısı yer alan singl albom çıxdı və bu mahnı da mənə uğur gətirdi. “Hər kəs evinə” adlı albomdan “5 çayı” adlı mahnıma klip çəkdirib bir daha özümü tamaşaçılara xatırlatdım. Onun ardından da bir neçə klipim çəkildi.

- Amma sizi ən çox 2010-cu ildə çıxan “Rüya” adlı singldan sevdilər.

- Bəli, hətta o mahnı mənə “İlin ən çox səslənən mahnısı” mükafatını qazandırmışdı.

- Mahnı seçimlərini necə aparırsız?

- Ancaq ürəyimə yatan mahnıları oxumağa üstünlük verirəm. Mahnı alacağım hər kəsə əvvəl duyğularımı paylaşıram ki, mənim duyğularımı ifadə edəcək mahnılar yazsınlar. Ondan sonra mən də oxuyuram.

- Bu gün sizin “Sonsuz ol” adlı albomunuz musiqi bazarına çıxarılacaq. Amma orada yer alan azəri bəstəcisinə aid “İstanbul” adlı mahnıdan dolayı artıq albom barədə Azərbaycanda məlumat var və çoxu onu səbirsizliklə gözləyir.

- Nə gözəl. Çox məmnun oldum. Azərbaycanda tanınıb sevilmək mənim üçün bir şərəfdir. “Hər kəs evinə” albomundan sonra 3 il keçdi. Bu aralarda təbii ki, 2-3 sinqlım çıxmışdı. Amma bütöv bir albom olaraq bu günlərdə “Sonsuz ol” adlı albomum çıxdı. Tam 3 il bu albomun repertuarını hazırladıq. Komandamızla bərabər ən gözəl albomun olmasını istədik. Bu albomda bir çox məşhur isimlərin mahnılarını oxudum. Hətta bir yunan mahnısına Yıdız Tilbenin söz yazıb. Ondan başqa, Sinan Akçıl, Kənan Doğulu, Sıla, eyni zamanda, azəri Murad Arifin və sair məşhurların mahnıları var. Repertuara xüsusi diqqət göstərdik. Böyük bir komanda ilə çalışdıq. İlk məqsədimiz o oldu ki, bu albomda dinləyicilər fərqli Ziynət Salini görsünlər. Həm də mahnılarımda hər kəs özünü tapsın.

- Bildiyimə görə albomunuzda “Alışkın deyilim” adlı mahnı hazırda Türkiyədə çox populyardır və radiolarda tez-tez səslənir.

- Doğrudur. Bu mahnı albom tanıtımı üçün səslənməkdədir. Əvvəl başqa cür idi. Albom çıxan kimi hər hansı çox seviləcək mahnı səslənərdi. İndi isə albomun çıxmasına az qalmış onun tanıtımı üçün hər hansı bir mahnı səslənir ki, dinləyicilərdə maraq yaransın. Bu mahnının klipi də yayımlanır.

- “İstanbul” mahnısı haqda duyğularınızı eşitmək maraqlıdır.

- Bu mahnı repertuarımda çox fərqlidir. Çox sevdiyim bossonovadır. Düşünürəm ki, albomda çox gözəl yeri var. Mahnını Samsun Dəmir tapdı. Eşitdiyim andan çox sevdim. Onu tərzimə çox yaxın hiss etdim. Sözlərini bir az dəyişdim və məmnuniyyətlə oxuyub repertuarıma əlavə etdim.

- Bundan əvvəl sözü və musiqisi sizə aid olan hər hansı bir mahnınız albomlarınızda yer aldımı?

- “Amman kuzum” albomundakı eyni adlı mahnının sözlərini yazdım.

- Heç özünüz mahnı bəstələmək haqda düşündünüz?

- Açığı, düşünmədim, nə də diqqət vermədim. Amma hər kəsin bir iç səsinin melodiyası var. Yəqin nə vaxtsa mən də bu melodiyanı üzə çıxararam.

- “İstanbul” mahnısına klip çəkdirmək istədiyiniz doğrudurmu?

- Tamamilə doğrudur. Bunu qəti, həm də çox istəyirəm.

- Murad Ariflə şəxsən tanış oldunuzmu?

- Xeyir. Bir tək qonaq olduğum verilişlərin birində telefonla danışdıq. Çox xoş bir insan olduğunu duydum. Bu, onun mahnısından da bəllidir. O mahnıda öz duyğularını anlatdığını söyləmişdi. O qədər gözəl yazıb ki, ilk dəfə dinlədikdə sanki öz duyğularımı aşkarladım. O mahnıda bütövlüklə özümü tapdım. Çünki, əvvəldə qeyd etdiyim kimi, İstanbul mənim xəyallarımın şəhəri idi. Murad Arifə təşəkkür edirəm bu mahnı üçün. İnşallah, nəsib olarsa, onun digər yeni bəstələrini də oxumaq istərəm.

- İnşallah. Bizi sizinlə tanış edən Türkiyənin məşhur söz yazarı Ayşə Birgül Yılmazla necə, iş çalışmalarınız oldumu?

- Ayşə xanımla 2000-ci ildə tanış olduq. İlk albomda bir-iki çalışmamız oldu. İnşallah, bundan sonra da Allahın nəsibi ilə bərabər iş birliyi edərik.

- Bura gəldiyimizdə duyduq ki, Türkiyədə pop musiqisi sanki qıtlığa doğru gedir. Bununla razısız?

- Açığı, mən də elə düşünürəm. Sanki, hər musiqi təkrarlanır. Amma Azərbaycanda bunun əksinin olduğunu bilirəm. Pop musiqinizin inkişaf etdiyini eşitmişəm. Bu, məni sevindirir. Demək ki, bundan sonra tez-tez azəri mahnılarını izləyəcəyəm.

- Azərbaycana gəlməyi düşünürsüz?

- Təbii, ordakı heyranlarımla bir arada olmaq nə qədər gözəl olardı. Dəvət alsam, mütləq gələcəm.

- Yeni albomunuzdan nə gözələyirsiz?

- Bu yola inanaraq addım atdım. İnanıram ki, əvvəlki albomlarım kimi “Sonsuz ol” da mənə uğur gətirəcək. Hələ Azərbaycanda artıq diqqət çəkib, gözlənildiyini eşidincə çox sevindim.

Azər Nəsibov






2 Aprel, 2012  16:00 Baxılıb: 3410 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner