Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QARANLIQ PARÇASINA OXŞAYAN QADINLARIN ŞƏHƏRİ

Sehirli və qədim Qum

Yorğun, yuxulu, nimdaş otel xidmətçisi

Gəzəyən gəzə bilməz, gəzməsə dözə bilməz. Atalar sözünün bu vəziyyətə nə qədər uyğun olub-olmadğını deyə bilmərəm. Amma bunu bilirəm ki, həftə səkkiz, mən doqquz çantamı növbəti səfər üçün yığışdıranda, uzaqgörən syasətləri ilə tanınan nənələrimizin bu deyimi düşür yadıma.
Mən qəfil və qəribə məqsədli səfərlərə çıxmağı xoşlayıram. Düzdü, dünyanın səyahət tarixində kişi səyyahlar mənim kimi avaragor arvadlara nisbətən olduqca çoxdur, amma içimdə islahedilməz bir səyyahın, macərapərəstin yaşadığına əminəm.
İranın ilahiyyat alimləri və fanatik dərəcədə dini inanclıları ilə seçilən qədim Qum şəhərnə səfərimin də məqsədi qəribə idi - amma bu barədə başqa yazıda. Bu reportajda isə məqsədim bu sarı rəngli, kasıbyana və sirli şəhərdə gördüklərimi nağıl eləməkdir.
Tehranın İmam Xomeyni adına hava limanından (iranda azərilər də, farslar da hava limanına «furutgah» deyirlər) Quma bir saata çatdım. Yol rahat idi, amma əslən Biləsuvardan olan sürücünün dediyinə görə daha rahat və abad vaxtları varmış.
Mən Quma çatanda gecə yarısı, hətta demək olar ki, səhərə yaxın idi. Bir neçə saat da gec çatsaydım şəhərə, bəlkə də iman əhlini sübh namazına səsləyən azan səsini eşidərdim. Amma bəxtimə otel tapmaq, yerləşmək kimi ilkin prosedurları gecəyarısı eləmək düşmüşdü.
Sürücünün köməyi ilə güc-bəla tapdığım otelin qara-qura, yorğun, nimdaş və yuxulu inzibatçısı yəqin ki həyatı boyunca bu otelə tək yerləşən, otağında saçıaçıq, qolu-qanadıaçıq gəzən, küçəyə çaşıb çadrasız çıxan və həftə uzunu şəhərdə sərbəstcə fırlanıb, otelə ancaq yatmağa gələn qadın görməmişdi.
Amma mən həmin gecə Qum şəhərinin çox da təmiz, abad olmayan bu mehmanxanasında bunları düşünəcək halda deyildim: sadəcə yatmaq istəyirdim, vəssalam.

Bu şəhərdə azmaq mmükün deyil...

Səhəri gün artıq günorta olanda otel xidmətçisi məni yuxudan oyatdı - axşamdan tapşırmışdım. İranlıların «sübhanə» dedikləri səhər yeməynə çoxdan gecikdiyim üçün səhəri-günortanı birləşdirib, bir yemək üçün şəhərə çıxdım. Elə bəxtə-bəxt getdim, çünki Qumda heç vaxt olmadığım üçün heç yanı da tanımırdım. Darısqal, hündür divarlarla əhatələnmiş küçələrdə qarşıma çıxan uzun əbalı, başı çalmalı, qoltuğu qovluqlu kişilər, qara çadralara bərk-bərk büründüklərindən bir parça qaranlığı xatırladan qadınlar mənə əyri-əyri, pis-pis baxır, burunlarının altında nəsə donquldanırdılar. Bu adamların yarıya qədər açıq saçlarıma, çadrasızlığıma, ancaq dizlərimə çatan montuma qəzəbləndiklərini mən ancaq bir neçə gündən sonra başa düşdüm.
Qışın axırları olduğuna baxmayaraq, Qumda əsl yaz havası vardı: göy üzü açıq və günəşli, yüngülcə əsən külək isə ilıq idi.
Düşdüyüm otel Qumun əsas fəxri, onların «Hərəm» dedikləri mərkəzi məscidlərinə lap yaxın imiş. Müvəqqəti bələdçilik etməyini xahiş elədiyim taksi sürücüsü mənə ağılı bir söz dedi:
- Qumda azmaq mümkün deyil: şəhərin harasında olursan ol, başını qaldırıb baxanda «Hərəm» görünür...

Qumda ilk səhər yeməyim

Balaca, çoxu çirkli, keyfiyyətsiz və ucuz ərzaqların satıldığı dükanların, soluxşamış göy-göyərti, meyvəcat piştaxtalarının qarşısı ilə keçib, yığcam bir kafe tapdım. Kassir də, yemək paylayan da, aşpazlar da - hamısı kişi idi. sonrakı günlərdə əmin oldum ki, İranda bəzi böyük ofisləri, şirkətlərdəki bilgisayar işlərini çıxmaq şərti ilə xidmət müəssisələrindən işləyənlərin hamısı kişilərdir: aşpazlar, yeməkpaylayanlar, otel xidmətçiləri, inzibatçılar, satıcılar....
Türk olan, amma türkcə güc bəla ilə danışan cavan oğlana səhər yeməyi yeyəcəyimi dedim. Deştəklənmiş, yarıçiy fətirin yanında xırdaca qablarda pendir, yağ və mürəbbə gəldi. Nəlbəkisiz, bozumtul stəkanda da yarısoyuq çay. Hər şeyə dözmək olardı, amma oğlandan mənə rəngi daha tünd, özü də qaynar çay gətirməsini tələb elədim.
Narazılığıma baxmayaraq, mən belə yerlərdə yemək yeməyi xoşlayıram. Kasıbyana, insanların bir parça çörəyini qazanmaq üçün işlədikləri, müştəridən kafenin, yeməyin nüfuzunun deyil, natural qiymətini və ona çəkilən zəhmətin xərcini alan yerlərdə...Dünyada İranın qədm Qum şəhərindəki bu kafe kimi kasıbyana və ucuz yer tapmaq bəlkə də çətin olardı - amma mən buranı da sevdim...
Yeyib-doyandan, gözlərimə işıq gələndən sonra şəhərə çıxdım. Qarşılaşdığım qəribə insanların, binaların, hadsələrin şəklini çəkməyə çalışanda bəzən etirazla qarşılaşsam da, çox vaxt insanlar bir təbəssümlə kifayətlənirdilər.

Yerə lap yaxın, açıq, isti və doğma Qum səması

Qum dairə şəkilli bir şəhərdi. Tam mərkəzində o taksi sürücüsünün dediyi kimi «Hərəm» dayanır. Şəhərdə yüzdən çox imamzada, əllidən çox məscid, onlarla ilahiyyat məktəbləri var. Şəhərdəki evlər, binalar çoxmərtəbəli deyil. Mərtəbələri beşə çatan binalar şəhər kənarında yeni salınanlardır. Qum rəngli, köhnə evlər çox da hündür olmadığından, Qum səması lap yerə yaxın görünür. Və nə gözəl ki, mən o şəhərdə olduğum bir həftə ərzində bu səma apaydın, buludsuz və doğma idi...
Şəhərdə əyin başıma, yarıyacan açıq saçlarıma, qıpqırmızı dodaq boyama bəzən əsəbi, bəzən ikrahla baxan qadınlara, kişilərə məhəl qoymayaraq, Qumu dörd dolanmaqda, rastıma çıxan hər maraqlı şeyin şəklini çəkməkdə davam eləyrdim. Şəhərin ruhuma ən doğma yanı, küçələdə böyük samovarların pıqhapıq qaynamağı, insanların kişil-qadınlı bu nəhəng samovarların yanında dayanıb, qəpik-quruş müqabilində qaynar çay içmələri idi. Yorulanda özümü samovarlardan birinin yanına verir, əllərimi həm yandıran, həm isidən plastik (heyif ki, şüşə stəkanlar deyildi) stəkanları ovcumda sıxa-sıxa çay içib yooğunluğu çıxarır, pulqabımdakı xırda pulları üzümə gülümsəyən küçə çayçısına uzadıb, uzaqlaşırdım. Bəzən elə olurdu ki, yaxınlaşan başqa müştərilər gülümsəyərək salam verirdilər - qaynar çayın müsbət enirjisi onlara əynimdəki «qəbahətli» paltarı göyrməyə imkan vermirdi.

Qadın şəkildə başıaçıqdısa

Maraqlıdır, Belə mövhumatçı, mühafizəkar şəhərdə sevgililər, cütlüklər olduqca azad idi. Şəhərdə qol-qola gəzən, motosikldə bir-birinin tərkinə minən, göz-gözə, əl-ələ nahar eləyən cütlüklərin sayı təəccüblü dərəcədə çox idi.
Vaxtım olanda bir neçə dəfə Qumun ticarət məkəzlərinə, bazarlarına baş çəkdim. Ədviyyat, şirniyat və dini xırdavatdan (təsbeh, canamaz, kitab altlığı, möhür, gülab) başqa almağa dəyər heç nə tapmadım. Yerli pal-paltar, ərzaq və xırdavat olduqca keyfiyyətsiz idi.
Qumun ailə ocaqlarında, yəni evlərdə qonaq da oldum. Buranın əhalisi paytaxt Tehran və böyük şəhərlərin camaatından fərqli olaraq, istiqanlı və qonaqpərvərdilər. Amma qadınları evin içində belə çadralarda gəzir, naməhrəm olanda yaşmanırlar. Əgər qadın hansısa şəklində başıaçıqdısa, naməhrəm kişinin o şəklə baxmağı belə günah sayılır.

Tənbəl Qum qadınları

Bu şəhərin qadınlarının daha bir qəribə cəhəti vardı: onlar mətbəxin nə olduğunu bilmirlər. Daha doğrusu bilirlər, mətbəxləri də var, amma bu mətbəx yemək bişirmək, qazan qaynatmaq, salat hazırlamaq üçün deyil. Bütün sadaladıqlarımı ailə başçıları kafelərdən alıb gətirir. Qum qadınları yemək bişirmirlər. Onların həyatı gündə üç dəfə namaz qılmaq, gün ərzində bir dəfə məscidə getmək, qonaq qarşılamaqla keçir.

Onların bilmədikləri

Qum əhalisinin böyük əksəriyyəti orta təhsillidir. Bu ortam təhsil dedikləri şey də ortabab dini təhsildən, oxuma-yazmadan ibarətdir. İranlıların «Danişgah» dedikləri universitetdə oxumaq isə əlçatmaz bir xəyaldır. Xüsusilə qadınlar üçün. Qumda ən uğurlu taleyi olan qadın ortabab dini təhsil alıb, mədrəsələrdə Quran öyrədən müəllimələrdir.
Elə kişilərin də bilik, dünyagörüşü sarıdan çox qadınlardan çox üstün olduğunu demək mümükün deyil: həftə ərzində Fətəli Şahın zövcəsi, Şuşa xanı İbrahimxəlil xanın qızı Ağabəyim Ağanın bu şəhərdəki məzarını axtarsam da, onlar nəinki yerini bilmədlər, hətta bu adda xanım tanımadıqlarını dedilər. Ən faciəvisi isə bu oldu ki, Qum əhlinin çoxu heç Fətəli Şahın kim olduğunu bilmədi.

Qumdan bir gecəyarısı ayrıldım. Təkrar eləyirəm ki, dünyada ikinci belə əyləncəsi az, əhalisi mühafizəkar şəhər tapmaq bəlkə də çətin olardı. Amma mən yenə də Qumdan ayrıldığıma heyifsiləndim. Yəqin ki, dünyanın daha heç bir şəhərində göy üzü yerə belə yaxın olmayacaqdı...

Günel Mövlud






30 Mart, 2012  15:23 Baxılıb: 2461 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner