Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

«AZƏRBAYCANIN POZİTİV ADDIMLARI RUSİYA VƏ İRANI QICIQLANDIRIR» - MÜSAHİBƏ

Sülhəddin Əkbər: «İndiki məqamda kütləvi aksiyaların ciddi effekt vercəyinə inanmıram» 

Martın 1-də Qubada baş verən və icra başçısının istefası ilə nəticələnən etiraz aksiyası ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Məlum olaydan az sonra ölkə telekanalları hadisələrin arxasında xarici qüvvələrin, o cümlədən Rusiyanın dayandığına işarə ediblər. Oxşar yanaşmanı bir müddət öncə Avro-Atlantik Şuranın sədri, politoloq Sülhəddin Əkbər də ortaya qoyub. 
Simsar.az-ın əməkdaşı Sülhəddin Əkbərlə əlaqə saxlayıb. Politoloq fikirlərinə daha geniş aydınlıq gətirib.


- Sülhəddin bəy, Qubada baş verənlərin arxasında Rusiyanın dayandığını demisiz. Rusiyanın məlum hadisələrdə iştirakını təsdiqləyən hansı faktlar mövcuddur?
- Azərbaycanda narazılıq kütləvi xarakter alıb. Ölkənin bir sıra rayonlarında vəziyyət hətta Qubadakından da ağırdı. Qubada və ölkədə yaranmış vəziyyətin təhlili, regiondakı proseslər deməyə əsas verir ki, baş verənlərin arxasında xarici qüvvələr durur. Qubadakı hadisə çox yüksək səviyyədə təşkil olunmuşdu, mütəşəkkil idi. Prosesin analizi göstərir ki, hadisə peşəkar səviyyədə hazırlanmışdı. Hakimiyyətin tələblər qarşısında geri çəkilməsi, aksiyanın həmin gün qarşısını almaması məhz hadisələrin arxasında Rusiyanın durduğunu göstərir. Həm Qubadakı olayla, həm də bir müddət öncə İran təyyarələri hava məkanını pozub Astara üzərində dövrə vurarkən, Azərbaycan hakimiyyəti ortaya sərt mövqe qoymadı. Rəsmi Bakı Rusiya və İranla münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Onsuz da, münasibətlər rəvan getmir. Azərbaycan bir tərəfdən BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Suriya ilə bağlı öz mövqeyini ortaya qoyub, İsraillə silah alqı-satqısı sahəsində 1,6 milyard dollarlıq müqavilə bağlayıb. NATO ilə əməkdaşlıqda irəliləyişlər var, Trans-Xəzər qaz kəmərinin çəkilişi ilə bağlı danışıqlar gedir, Türkiyə ilə təbii qazın ixracatı sahəsində razılaşma əldə olundu, Avropa Birliyi ilə münasibətlər dərinləşdirilir və s. Azərbaycanın Avropaya inteqrasiya sahəsində atdığı addımlar, onun İran məsələsində hansı mövqedə duracağını deməyə imkan verir. Azərbaycanın pozitiv addımları Rusiya və İran tərəfindən heç də yaxşı qarşılanmır. Ona görə də, müxtəlif hadisələr yaratmaqla hakimiyyətə mesaj verirlər. Hakimiyyətin yaranmış vəziyyətdən necə çıxacağı açığı mənə çox çətin görünür. Türkiyənin Suriyaya basqıları artıqca Rusiya və İranın bu ölkəyə təzyiqləri çoxalacaq. Bütün bunları nəzərə alaraq demək istəyirəm ki, Qubada baş verənləri sadəcə rayon miqyasındakı olay kimi dəyərləndirmək düzgün deyil. Təbii ki, burada həm də qubalıların yuxarılara mesajı var ki, sosial problemləri həll etmək lazımdır.

- Rusiyanın Azərbaycana müxtəlif təsir imkanları olsa belə, ictimaiyyət arasında bu ölkənin nüfuzu elə də yüksək deyil. Ola bilərmi ki, Rusiya ölkəmizə müəyyən daxili qüvvələrin vasitəsilə təsir etsin?
- Əvvəla, Azərbaycanda peşəkar və obyektiv rəy sorğuları keçirilməyib. Amma səthi də olsa, keçirilən sorğuların nəticələri göstərir ki, Rusiyanın ölkəmizdəki nüfuzu və təsir rıçaqları ABŞ və Avropanınkından heç də az deyil. Ola bilsin ki, bir neçə qüvvə maraqlarını birləşdirərək ölkədə çaşqınlıq yaratmaq istəyir. Burada xarici faktor da var, daxili faktor da. Daxili faktor olaraq işsizlik, maddi durumun aşağı olması, korrupsiya amili və s. problemləri göstərmək olar. Bu problemlər bütün rayonlar kimi, Quba camaatını da bezdirib. Eyni hadisə sabah Salayanda, Zaqatalarda, Kürdəmirdə də baş verə bilər. İstənilən halda bu məsələyə birxətli yanaşma düzgün deyil.

- Pənah Hüseyn mətbuata açıqlamasında bildirib ki, Qubada müxalifətin güclü dayağı yoxdur, hətta burada İctimai Palata formalaşmayıb. Sizcə bu reallıq nədən xəbər verir?
- Pənah bəyin qeyd etdiyi kimi, əgər müxalifətin zəif olduğu bir rayonda belə bir kütləvi aksiya keçirilirsə, o zaman mənim dediklərimə ciddi yanaşılmalıdır. Məndə olan məlumatlara görə, Qubada baş verən etiraz aksiyalarında iştirak etmək üçün Bakı bazarlarında çalışan qubalılar rayona aparılıb. Bilirsiz ki, bizim kütləvi tədbirlərin keçirilməsilə bağlı 20 ildən də çox təcrübəmiz var. İnsanların aksiyada sakit hərəkəti, polisin davranışı, hakimiyyətin geri çəkilməsi göstərir ki, bu iş təmiz təşkil olunub və burada müəyyən qüvvələrin izi görünür. Siyasi təşkilatların belə aksiya keçirməsi nəzəri baxımdan mümkün olsa da, praktiki cəhətdən real deyil.

- Müsavat Partiyasından istefa verərkən əsas səbəb kimi, partiyaların inteqrasiya etməməsini göstərmişdiz. Bu arada AXCP Gənclər təşkilatı yenidən AXCP-Müsavat birliyini gündəmə gətirib. Bu partiyaların birləşməsi nə dərəcədə realdır?
- Açığı bu barədə partiya rəhbərliyində təmsil olunan şəxslər danışıqlar aparmalıdır. Suala onlar daha dəqiq cavab verə bilər. Mən 2010-cu ilin noyabr ayında partiyadan istefa vermişəm. Hələ biz 2005-ci ildə bildirmişdik ki, demokratik hərəkat, mobilizasiya olunmalıdır. Demokratik potensial isə Müsavat-AXCP birliyi arasında olmalıdır. Bu iki partiya birləşərsə, birlik bütün müxalifət üçün kristallaşma rolunu oynaya bilər. Mənim irəli sürdüyüm təklif və ideyaların nüvəsində Müsavat-AXCP birləşməsi durub. Bu olarsa, bütün milli-demokratik qüvvələr yeni birliyin ətrafında birləşəcək. Gənclər təşkilatı, demokratik media bu ideyanın ətrafında birləşməlidi. Təəssüf ki, bizim dövrdə bu təklif həyata keçmədi. Gənclər təşkilatının bu ideyasını mən müsbət qarşılayıram. Görünür, artıq bizim gənclərimiz indi daha dərindən hiss edirlər ki, demokratik qüvvələrin mobilizasiyasına AXCP-Müsavat birliyi çox güclü stimul verə bilər. 2010-cu illə müqayisədə indiki siyasi şərait mənim üçün daha çətin görünür. Mənim anladığım odur ki, bir vaxtlar tərəfimdən irəli sürülən ideya indi hər iki tərəfi qane etsə də, real addım atmaq istəyən yoxdur.

- İctimai Palatanın fəaliyyətində iştirakınız varmı?
- Xeyr. Mən İctimai Palatanın fəaliyyətində iştirak etmirəm.

- Rəhbəri olduğunuz Avro-Atlantik Şuranın müxalifətin siyasi birliklərində iştirak etmək niyyəti varmı?
- Avro-Atlantik Şurası cəmiyyətin Avro-Atlantik məkana inteqrasiyası istiqamətində səylərini gücləndirib, təşkilatlanma işləri aparılır, rayonlarda görüşlərimiz olur. Hələ ki, təşkilat olaraq siyasi proseslərə qatılmaq niyyətində deyilik. Bu ilin sonuna qədər təşkilatlanma məsələlərini başa çatdıracağıq. İlin sonunda ölkədəki ictimai-siyasi vəziyyət bir daha müzakirə olunacaq və 2013-cü il üçün addımlarımız, hədəflərimiz müəyyən olunacaq, uyğun qərarlar qəbul ediləcək.

- Hazırda müxalifətin mitinq keçirmək potensialı varmı?
- Müəyyən səbəblər üzündən müxalifətin mitinq keçirmək potensialı tükənib. Mənə elə gəlir ki, indiki şəraitdə gündəlik təşkilatlanmaya üstünlük verilməlidir. O zaman aksiyalara başlamaq olar ki, kütləvi tədbirlərin genişlənəcəyinə güclü inam olsun. Kütləvi tədbirlərə başlamaq üçün bir neçə mərhələni adlamaq lazımdır. İlk növbədə həm İctimai Palatanın, həm də Demokratiya Uğurunda Müqavimət Hərəkatının təşkilatlanması, daha sonra ictimai-siyasi təşkilatların inteqrasiyası və üçüncü mərhələdə fəaliyyətin idarə edilməs üçün koordinasiya şurası olmalıdır. Amma indiki məqamda kütləvi aksiyaların ciddi effekt vercəyinə, ölkədə demokratik dəyişikliklər yaradacağına məndə böyük inam yoxdur.

Ruslan XƏLİL







14 Mart, 2012  18:47 Baxılıb: 1310 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner