Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FƏZAİL AĞAMALI: “SAAKAŞVİLİ AZƏRBAYCANIN GÜRCÜSTANA VERDİYİ DƏSTƏK BARƏDƏ BİR KƏLMƏ BELƏ DANIŞMADI”

“O, bizim parlamentdə Rusiyanin əleyhinə söz deməməliydi”

Martın 7-də Mixail Saakaşvilinin Azərbaycana səfəri və parlamentdəki çıxışı ölkənin siyasi gündəmində bomba kimi partladı. Onun Azərbaycan deputatları qarşısında əsl demokrat kimi açıq-aydın çıxışlar etməsi, xüsusilə də, Rusiyaya yönəlik tənqidlər səsləndirməsi bir qədər gözlənilməz oldu. Çünki Azərbaycan deputatları prezident səviyyəsində belə çıxışlara qulaq asmağa vərdiş etməyiblər. Amma etiraf edək ki, Saakaşvilinin bir çıxışı daha diqqətçəkən oldu. Onun çıxışında Məmməd Əmin Rəsulzadəyə istinadən Azərbaycan dilində «bir kərə yüksələn bayraq bir kərə enməz» söyləməsi parlamentdə bəzi deputatlar tərəfindən narazılıqla qarşılanıb. Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mətbuat konfransı keçirərək Saakaşvilinin ünvanına bəzi ittihamlar səsləndirsə də, narazılığının konkret nədən ibarət olmasına aydınlıq gətirməyib.
Simsar.az saytı F.Ağamalı ilə əlaqə saxlayaraq ondan səsləndirdiyi ittihamlara daha geniş aydınlıq gətirməsini istəyib.


- Saakaşvilinin konkert olaraq hansı fikrini təhqir hesab edirsiz?

- Mənim Saakaşvilinin çıxışına etirazım və fikirlərim informasiya portallarında, qəzetlərdə öz əksini tapıb. Gürcüstanın prezidenti kimi o, Azərbaycan parlamentinə gələndə bütün deputatlar kimi mən də ayağa qalxıb onu alqışladım. Mənim heç vaxt Saakaşvili və onun fikirlərinə qarşı xüsusi kompleksim olmayıb. Əksinə onun Gürcüstan xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişəm və alqışlamışam. Amma bütün bunlar o demək deyil ki, Saakaşvili Azərbaycan parlaimentinin tribunasiından özünün siyasi ambisyalarını ifadə etmək üçün istifadə etməlidir. O, Azərbaycan-Gürcüstan münasibətlərinin indiki vəziyyəti və gələcək əməkdaşlıqlar barədə danışmalıydı. O, bir qədər tarixdən danışmağa başladı. «Əli və Nino» romanından danışaraq əsəri siyasi müstəviyə gətirməyə cəhd etdi. Düşünürəm ki, Azərbaycan parlamentinin tribunası beynəlxalq tribuna deyil. Saakaşvili siyasi etikaya söykənərək Rusiya ilə Gürcüstan arasındakı problemləri Azərbaycan parlamentinin tribunasından deməli deyildi. Hər bir dövlətin maraqları onun hakimiyyət nümayəndələri, deputatları, vətəndaşları tərəfindən qorunmalıdır. Necəki Saakaşvili bizim parlamentdə Gürcüstanın dövlət maraqlarını qorudu, biz də öz sözümüzü deməliydik. Şərt deyil ki, dövlət maraqları barədə yalnız ölkə prezidenti danışmalıdı. Deputatlar da öz sözünü deməliydi və bunu mən etdim.

- Sizcə, Saakaşvilinin məlum çıxışı Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir?

- Bəli, mən hesab edirəm ki, onun çıxışı Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirə bilər.Hər halda Saakaşvili bizim parlamentdə Rusiyanın əleyhinə söz deməməliydi. O, olduqca avantürist çıxış etdi. Bu gün Rusiya ilə Azərbaycan arasında normal münasibətlər var. Amma Rusiya-Gürcüstan münasibətləri yaxşı deyil. İstərdim ki, Gürcüstan-Rusiya münasibətləri də normal olsun. Regional dövlət olaraq bu, bizim də maraqlarımıza uyğundur. Saakaşvili Rusiya ilə gərgin münasibətlərinə, xoşagəlməz siyasi oyunlara bizi də qatmaq istəyir. Mən çox təəssüf edirəm ki, «Azadlıq» qəzeti fikirlərimin yalnız bir hissəsini dərc etməklə məni rusiyapərəst birisi kimi təqdim etməyə çalışıb. Fəzail Ağamalı nə qərbpərəstdi, nə rusiyapərəst. Mən Azərbaycan maraqlarını güdürəm. Mən həm də ona narazılıq etdim ki, Saakaşvili Cənubi Osetiya və Abxaziya problemlərindən danışdığı halda, Dağlıq Qarağ münaqişəsi barədə bir kəlmə də danışmadı. Nə üçün Ermənistanı işğalçı dövlət kimi xarakterizə etmədi? Cənubi Qafqazda sabitliyin pozulomasında ən təhlükəli ölkə Ermənistandı. Amma Saakaşvili bunu demədi.

- Saakaşvili Məhəmməd Əmin Rəsulzadədən sitat gətirdi, amma 20 dəqiqəlik çıxışında bir dəfədə olsun Heydər Əliyevdən sitat gətirmədi. Belə fikirlər yaranıb ki, bu, bəzi deputatları qəzəbləndirib.

- Ümumiyyətlə, Saakaşvili Azərbaycan dövlətinin və xalqının 1995-ci ildən sonra Gürcüstana etdiyi köməkliklər, dəstəklər barədə bir kəlmə də danışmadı. Nəyə görə o, mərhum prezident Heydər Əliyevdən bir sitat da gətirmədi? Onun Rəsulzadənin adını çəkməsi, ondan sitat gətirməsini və Azərbaycan dilində «Bir kərə yüksələn bayraq bir daha enməz» ifadə işlətməsini yüksək qiymətləndirirəm. Bu öz yerində. Mətbuat konfransında da demişdim ki, nə yaxşı ki, Saakaşvili Rəsulzadənin adını çəkdi və ondan sitatlar gətirdi. Bu gün Gürcüstanın varlığında, Gürcüstan dövlətinin qorunub saxlanılmasında həqiqətən də Heydər Əliyevin böyük xidmətləri olub. Həmin dəstək siyasəti bu gün də cənab İlham Əliyev tərəfindən davam etdirilir. Niyə o, bu barədə danışmadı? Saakaşvili deməliydi ki, Gürcüstanın bu gün müstəqil dövlət olaraq ayaqda qalmasına görə Heydər Əliyevə minnətdardı. O bunu niyə demədi? Bu eqoizm haradan qaynaqlanır? Mənim etirazım həm də bununla bağlı idi. Təəssüf ki, bəzi qəzetlər mənim çıxışımı Saakaşvilinin Rəsulzadənin adını çəkməsindən doğan qıcıq kimi qələmə verirlər. Rəsulzadəyə, onun irsinə və Azərbaycan xalqı, dövləti qarşısında gördüyü işlərə həmişə birmənalı olaraq müsbət yanaşmışam. Rəsulzadəyə, Xoyskiyə, Topçubaşova, Əhməd bəy Ağayevə və digərlərinə mənim münasibətim həmişə müsbət olub. Onlar Azərbaycanın böyük tarixi şəxsiyyətləridir. Amma bu o demək deyil ki, onların adları çəkiləndə Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətləri unudulmalıdır. Hesab edirəm ki, onların hamısının Azərbaycan dövləti qarşısında böyük xidmətləri var və bu xidmətlər qiymətləndirilməlidir.

- Videolardan və fotolardan belə görünür ki, Saakaşvilinin çıxışı vaxtı sizə zəng gəlir və telefonla danışırsız. Təsadüfən bu bu danışıq Saakaşvilinin çıxışı ilə bağlı olmayıb?

- Bu, tamamilə əsassız fikirdi. Başdan ayağa uydurmadı. Əgər kimsə mənə zəng edib desəydi ki, Saakaşvilinin əleyhinə danışmaq lazımdır, onda sual oluna bilər ki, bəs nə üçün Ziyafət Əsgərov mənim çıxışıma imkan vermirdi? Mən Saakaşvilinin adını çəkən kimi dərhal mikrafonum söndürüldü. Bu, o deməkdir ki, Milli Məclisin rəhbərliyi mənim Saakaşvili barədə çıxış edəcəyimi düşünmürdü. Mən yalnız öz vicdanımla və öz qərarımla belə bir çıxış etmişəm.

Ruslan XƏLİL






13 Mart, 2012  19:44 Baxılıb: 1408 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner