Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

ORDA BİR KƏND VAR UZAQDA...

Aladaşın üzərində mamırların yaratdığı Allah yazısını gördükdə xeyli heyrətləndik

Quba paxlavası

Yazının əvvəlinə burdan baxa bilərsiz:

http://simsar.az/news/a-15653.html

... Xınalıqdan ayrılar-ayrılmaz, Qubaya qayıtdıq. Artıq qaş qaralmışdı. Şam eləmək üçün bələdçimiz bizi Qubanın sayılıb-seçilən yeməkxanalarından birinə gətirdi. Yeməkdən sonra xeyli yorğun olduğumuzu hiss edib, reportajımıza sabah davam etdirəcəyimizi düşündük...
Qubada səhər açılır, amma yenə də günəş buludların arxasında gizlənib. Səhər naharından sonra işimizə davam etmək üçün yola çıxdıq. Bu dəfə məqsədimiz Qusara getmək idi. Amma Qubada olasan məşhur Quba paxlavasından dadmayasan, - deyib rayonda ikən paxlavaçılardan biri ilə görüşmək istədik. Vüaqrın məsləhəti ilə bu işlə məşğul olan Rüstəm Həsənovla görüşdük. Öyrəndik ki, Rüstəm dayıgil ata-babadan paxlavaçı olublar. O deyir ki, Quba paxlavası da özünəməxsusluğu ilə ölkənin digər regionlarındakı paxlavalardan seçilir: “Quba paxlavası iki yolla hazırlanır. Düyü unundan və buğda unundan. Xəmir hazırlandıqdan sonra riştə halına salınır. Yuxalar hazırlanır, lavaş şəklinə salınır və teştin tutumuna yayılır. Üstünə tən ortadan qoz ləpəsi qoyulur, şərbət tökülür və bişirildikdən sonra romb şəklində doğranılır. Paxlavanın içinə zəfəran, üzərinə isə qırmızı rəngdə yeyinti boyağı vurulur”. Rüstəm dayının hazırladığı digər şirniyyatın adı isə bükmədir. Deyir ki, bükməni fərqli şəkildə hazılayırlar. Bu dəfə hazırlanmış lavaşın içərisinə qoz ləpəsi qoyulur və bükülür: “Bir sinidə 14-15 kiloqram paxlava hazılrayırıq. Paxlavanı isə dənəsi 50 qəpiyə bir kiloqramını isə 6 manata satırıq”. Rüstəm dayı ilə şirin söhbətimizdən sonra bizi Quba paxlavasına qonaq edirlər.

Cümə məscidi

Növbə Cümə məscidini ziyarət etməyə gəlib çatdı. XIX əsrə aid memarlıq abidəsi həm də camaat arasında ziyarətgah kimi tanınır. Birgümbəzli böyük tikili haqqında el arasında rəvayət də söylənilir. Bələdçimiz deyir ki, yerli camaat böyük bir məscid tikdirmək istəyir. Usta gəlir yığılmış pulu alır və işə başlayır. Məscidin bünövrəsi başa çatdıqdan sonra usta yoxa çıxır. 3-4 il ustadan bir xəbər çıxmır. Nəhayət usta geri döndükdə hamı ona hücum çəkir ki, harda idin? Usta deyir ki, elə sizin əlinizdən qaçmışdım. Bildim ki, burda qalsam hər gün məni tələsdirəcəksiniz ki, nə oldu, niyə qurtarmırsan? Mən də məscidin gələcəkdə çat verməməsi üçün gözlədim ki, bünövrə tam otursun”.

Qubanın ağ alması

“Meyvələrin şahı” adlandırılan alma Qubanın simvoluna çevrilib. Rayonda ən çox yetişdirilən meyvələrdən olan Quba alması öz dadına, tamına və ətrinə görə nəinki Azərbaycanda, hətta qonşu ölkələrdə də dillər əzbərinə çevrilib. Hər dərdə dərman olan bu meyvənin orqanizm üçün faydaları saysız-hesabsızdır. Tərkibindəki zəngin minerallar və dəmirinə görə Quba alması həm də şəfavericidir. El arasında belə bir deyim də var: "Gündə ye bir alma, həkimə möhtac qalma". Qubada olub alma plantasiyalarını gəzməmək günah olar. Buradakı ucu-bucağı görünməyən bağlarda bir neçə bağbanla söhbətləşdik. Bağbanlar deyir ki, rayonda 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir. Qubada bir çox alma növü yetişdirirlər. Hər hektardan 25-30 ton meyvə əldə edən bağbanlar, xeyli zəhmət çəkdiklərini, amma əziyyətlərinin bəhrəsini gördüklərini də dedilər...

Beləcə, Quba rayonundan reportajımızı bitirib, üz tuturuq Qusar rayonununa...

Qusar

...Uzun qara yolları şütüyən maşınımız 15 dəqiqə sonra bizi coğrafi mövqeyinə görə Respublikamızın “Şimal qapısı”adlandırılan Qusar rayonuna çatdırır. Şəhərin giriş qapısında buranın qədim tarixə malik olduğunu xatırladan tikili diqqətimizi çəkir. Onu da deyək ki, 1 şəhər, 1 qəsəbə və 88 kənddən ibarət bu şimal rayonumuzun 90 minə yaxın əhalisi var. Rayon şimal-qərbdən Rusiya Federasiyası, şimal-şərqdən Xaçmaz rayonu, cənub-şərqdən isə Quba rayonu ilə həmsərhəddir. Bir tərəfi dağlarla, digər tərəfi meşə və düzlərlə əhatə olunmuş Qusar rayonunun cənub-qərb sərhəddi Baş Qafqaz silsiləsinin suayrıcından keçir. Böyük Qafqazda ən hündür zirvə olan Bazardüzü (4466 m ) də bu rayondadır. Rayon ərazisində ölkəmizdə mövcud olan 9 iqlim tipinin 4-nə rast gəlinir. Respublikamızdakı müasir buzlaqların çox hissəsi də Qusar rayonu ərazisindədir. Burda, demək olar ki, ilin əksər hissəsi havalar soyuq, yayı isə aran rayonlarından fərqli olaraq sərin keçir. Yüksək dağlarda isə qara qurd düşür. Biz Qubadan yola çıxdığımız zaman hava yağışlı olsa da, Qusarda əksinə, gün öz şəfəqlərini hər yerə yaymışdı, havada bulud da yox idi. Buranın təbiəti və aurası insana xoş təsir bağışlayır. Qusar şəhərində bir nizam-intizam, sakitlik və təmizlik hökm sürür. Burda küçələr çox təmizdir. Yolboyu qarşılaşdığımız maraqlı mənzərələr bizi valeh edir. Yerli sakinlərlə söhbətimiz zamanı öyrəndik ki, Qusar adı - “suvari qoşun növü” mənasını verir. Rayon 1930-cu ildə təşkil edilib. Alimlərin ərazidə apardıqları tədqiqatlar, müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar rayonunun qədim tarixə malik olduğunu göstərir. Qusar rayonu əsrarəngiz təbiətə malikdir. Rayonun zəngin florası var. Burda böyük meşələr, uca dağlardan süzülüb gələn dumduru və bol sulu çaylar, gəzməli, görməli yerlər çoxdur. Çayların sahili boyunca uzanan, meşəboyu çəkilmiş yolla Şahdağa üz tuturuq. Bələdçimiz deyir ki, bu meşələr əsasən enliyarpaqlı ağaclar, o cümlədən vələs, palıd, fıstıq ağaclarından ibarətdir. Burda sumax, əzgil, yemişan, zoğal, itburnu, qaragilə, quşüzümü kimi dərman bitkiləri və cır meyvələr də var. Ara sıra sakinlər meşədə ayı, canavar, qaban, dağ keçisi kimi heyvanlara da rast gəlirlər.

“Şahdağ” Qış-Yay Turizm Kompleksi

Rayondakı “Şahdağ” Qış-Yay Turizm Kompleksinə yol alırıq. Əraziyə çatana yaxın asfalt yol bitir və yolboyu müxtəlif texnikaların gurhagurla işlədiyinin şahidi oluruq. Burda köhnə körpülər yeniləri ilə əvəz olunub. Yollar genişləndirilir, bir tərəfdən də asfaltlanır. Artıq Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksinə çatırıq. 2009-cu ilin sentyabrında inşasına başlanılan Kompleksdə hazırda işlər davam etdirilir. Bir tərəfdə buludlara ucalan başı qarlı dağlar, dibi görsənməyən dərələr, digər tərəfdə isə inşa edilən böyük otellər. Şahdağ Milli Parkının ərazisində salınan bu kompleksin Qafqazda, həmçinin MDB ölkələrində analoqu yoxdur. Bu kompleks gələcəkdə ölkəmizdə dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Ərazidə Kanat yolların çəkilməsi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır. Buradakı iş içraçıları deyir ki, kompleksin istismara verilməsi nəticəsində yeni iş yerləri açılacaq. Bunun nəticəsində də rayon iqtisadiyyatına böyük investisiyalar qoyulacaq və Qusar rayonunun uzunmüddətli, uğurlu inkişafı təmin ediləcək.

“Peyğəmbər daşı”

Kompleksdən 200 metr yuxarıda, Lərzə kəndinə gedən yolun kənarında Peyğəmbər daşı adlanan əraziyə qalxdıqda yeni bir möcüzə ilə rastlaşdıq. Bir təsadüf nəticəsində Aladaşın üzərində mamırların yaratdığı Allah yazısını gördükdə xeyli heyrətləndik. Ağ və qırmızı mamırların əmələ gətirdiyi Allah yazısı olduqca aydın şəkildədir və hər kəs tərəfindən oxunur. Bələdçimiz Vüqar Ağasıyev ərazidə xeyli müqəddəs dini ocaq və ziyarətgahların olduğunu dedi. Bildirdi ki, rəvayətə görə, burda hansısa peyğəmbərimiz öz dəvəsini qurban kəsib və dəvənin qanının izləri də daşda qaldığından yerli camaat tərəfindən bura müqəddəs yer hesab olunur. Doğurdan da daşdakı qan rəngi, sanki bura qan töküldüyünü göstərir. Qusarda ikən buranın da mətbəxini dadmaq yaxşı olar deyib, gözəl məkanlardan birində nahar etməyi düşündük. Bir az istirahət etdikdən sonra el arasında Həzrə adlanan kənddəki Şeyx Cüneyd türbəsinə üz tutduq. Köhnə Xudat və Hil kəndlərində yol kənarında sıra ilə oturmuş ağsaqqal qocalar, çiyinlərində səhəng bulaq başından gələn qızlar diqqətimizi cəlb edir. Bələdçimiz deyir ki, bu qızlar qarşıdakı “Bəxt bulağı” deyilən bulaqdan evlərinə su aparırlar. Bulaq başına enib oradakı qızlarla söhbət etdik. Öyrəndik ki, keçmişdə evlənmək istəyən gənc oğlanlar “Bəxt bulağı”nın başına gələrmişlər. Bunu bilən qızlar da bəxtlərinin açılması üçün səhənglərini çiyinlərinə qoyub “Bəxt bulağı”na su götürməyə gedərmişlər. Buna görə də, elə o vaxtdan bulağın adı “Bəxt bulağı” qalıb.

Şeyx Cüneyd Turbəsi

Artıq Dağıstanın bir addımlığında, el arasında Həzrə adlanan Yarğun kəndindəyik. Çox güman ki, kənd öz adını Şeyx Cüneydin "Həzrət" adından almışdır. Bura gəlməkdə məqsədimizsə Səfəvi hökmdarı Şah İsmayıl Xətayinin babası Şeyx Cüneyd türbəsini ziyarət etməkdir. Onu da deyək ki, 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi rayonun ən qiymətli abidələrindəndir. Türbə gümbəzli abidələrdən olmaqla, orta əsr Şərq memarlığının ən xarekterik xüsusiyyətlərini özündə əks etdirir. Bişmiş kərpicdən inşa edilən türbə binası, daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük bir gümbəzlə örtülmüşdür. Bir zamanlar məscid kimi istifadə edilmiş türbənin mərkəzində Şeyx Cüneydin məzarı da olub. Yerli sakinlər deyir: “Təəssüflər olsun ki, ölkəmizdə hərc-mərcliyin, özbaşınlığın baş aldığı vaxtlarda, yəni 90-92-ci illərdə məzar söküldü və hansısa qüvvələr tərəfindən Şeyx Cüneydin nəşi qəbirdən çıxarılaraq İrana aparıldı”.
Şeyx Cüneydin məzarı olduğu yerdə ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə üzərinə minbər qoyulmuş sənduqə var. Türbənin daxili divarları 2 metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür. Türbənin dörd bir tərəfində hücrələr, Qərb qapısı üzərində isə yeddi sətirdən ibarət ərəb dilində nəsx xətti ilə həkk olunmuş kitabə var. Şeyx Cüneyd türbəsi son illər yenidən bərpa olunub və Mədəniyyət Nazirliyində qeydiyyata alınıb. Kənd sakinləri deyir ki, türbənin yanındakı təpəni Şah İsmayıl Xətayi yerli sakinlərə torba ilə torpaq tökdürərək ucaldıb. O vaxtlar türbədən təpənin altındakı xəzinəyə tunel yol da olub. Sonralar uçqunlar nəticəsində bu yol bağlanıb. Şeyx Cüneyd Türbəsinin həyətyanı sahəsindəki qəbiristanlıq da qədim tarixə malikdir. Burdakı qəbir daşları üzərinə oyma üsulu ilə çəkilmiş müxtəlif ornamentlər və şəkillər milli-mədəni irsimizin bir hissəsi olmaqla tarximizi, dilimizi və dini-dünyagörüşümüzü əks etdirir. Qəbir daşlarından birinin üzərində qəfədan, ayaqqabı və qalxan şəklinə rast gəldik.
Qəbiristanlıqdakı qeyri-adi ağac da diqqətimizi çəkir. İnanc ağacının budaqlarına istək yaylıqları asılıb. Əslində xurafatı əks etdirən bu mənzərə sakinlər arasında sınanıb və artıq inanc yerinə çevrilib.

...Artıq hava qaralmağa başlayır. Buna görə də Qusar səfərimizi yekunlaşdırıb geriyə, Bakıya qayıtmalı olduq. Bələdçimiz Vüqarla ayrılanda isə yayda bu bölgəyə yenə səfər edəcəyimizi söylədik. Çünki hələ gedəcəyimiz maraqlı yerlər çoxdur...

İradə Nurəddinqızı
Elmar Hüseynov
“SİMSAR” jurnalı






6 Mart, 2012  17:16 Baxılıb: 3332 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner