Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“ORDA BİR KƏND VAR UZAQDA”

Yenə bölgəyə getməliydik. Bu dəfəki hazırlığımız Quba istiqamətinə idi daha doğrusu Xınalığa. Bu barədə redaksiyada söhbət düşəndə hamı Xınalığı görmək arzularını dilə gətirdi. Hamının getməyi isə absurddur təbii...

Şənbə, yarım iş günü, hava tutqun olsa da yola çıxmalı idik. Çünki oradakı bələdçimiz bizi gözləyirdi. Diktafonu götürmək üçün redaksiyaya dönməli olduq. Xınalığa getməyimizi eşidən jurnalın redaktoru Elmar və dizayner Səxavət də bizə qoşuldu... Qarşıda bizi maraqlı səfər gözləyirdi…Yol boyu hava açıq, kefimiz yaxşı olsa da, Gəndoba çatdıqda güclü yağış hamımızın kefinə soğan doğradı. Fotoqraf Əjdər yağışlı havada şəkillər çox pis düşür deyə, lap narahat oldu. Bəndəniz İradə isə gülə-gülə qarşıda hər şey daha yaxşı olacaq, səbirli olun deyir. Budur xarici qonaqların da ölkəmizdə ən çox üz tutduğu bölgələrdən birində - Qubadayıq. Fətəli xan kimi böyük sərkərdə yetişdiən bu diyar öz rəngarəng və cazibədar təbiəti, mehriban və qonaqpərvər insanları ilə tanınıb. Əvvəlcədən danışdığımız kimi bələdçimiz Vüqar Ağasıyev elə şəhərin girəcəyində bizi gözləyirdi. Onunla görüşüb səfərimizin məqsədini bildirdik. Plan üzrə ilk gedəcəyimiz yer isə Qubadakı kütləvi məzarlıq idi.  

Quba məzarlığı


Quba məzarlığına girdikdə heyrətdən donub qaldıq. İlahi bu qədər də vəhşilik olar? Məzarlığın nəzarətçisi Seyidbala Səfərəliyev məzarlıq haqqında ətraflı məlumat verdi. Bildirdi ki, kütləvi məzarlıqda 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlılar və qeyri-millətlərin nümayəndələri basdırılıb. İndiyədək iki quyudan kütləvi qətl olunmuş 540-a qədər insanın qalığı tapılıb ki, kəllə sümüklərindən cavanlarla yanaşı, qoca və uşaqların da öldürüldüyü bəlli olur. Öldürülənlərin baş sümüklərində rast gəlinən küt alət izləri və mismarlar erməni vəhşiliyini bir daha ortaya qoyur. Qubada ermənilərin törətdiyi soyqırım nəticəsində həlak olanların kütləvi məzarlığı 2007-ci ilin aprel ayında, ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2007-2008-ci illərdə aparılan ilkin elmi-təqiqat və araşdırmalar zamanı məlum olub ki, məzarlıqda ermənilərin 1918-ci ildə yerli əhaliyə qarşı törətdiyi soyqırım nəticəsində həlak olanlar kütləvi şəkildə basdırılıb.
Məzarlığın ümumi sahəsi 514 kv/m-dir ki, onun 494 kv/m ərazisində arxeoloji işlər aparılıb. Qalan 20 kv/m ərazi isə beynəlxalq tədqiqat işi və araşdırmalar üçün saxlanılıb. Arxeloji araşdırma zamanı insan cəsədi ilə doldurulmuş iki quyu və iki kanal aşkarlanıb. Aşkar edilən cəsədlərin hamısının soyuq silah, küt alətlə insanlığa xas olmayan xüsusi qəddarlıq və üsullarla vəhşicəsinə öldürüldüyü müəyyənləşib. Ərazidə aşkar edilən insan sayı kəllə sümükləri ilə müəyyən olunub. Qeyd edək ki, 1918-ci il 31 mart soyqırımı zamanı erməni cəlladları tərəfindən Quba şəhərində 259 ev yandırılıb, 1800-dən artıq körpə, 2000-dən artıq qoca və yaşlı qadın qətl edilib. Onlardan bir qismi təsadüfən aşkar edilən bu məzarlıqda uyuyur. Tarixi araşdırma və arxiv materialları əsasında müəyyən edilib ki, 1918-ci il aprel ayının sonlarında Xalq Komissarları Sovetinin Komissarı Stepan Şaumyan və Hərbi komissar Kurqanovun xüsusi tapşırığı ilə, əsasən ermənilərdən təşkil edilən 2000 nəfərlik hərbi dəstə Qubaya göndərilir. “Cəza dəstəsi” adlandırılan hərbi bölməyə erməni generalı Hamazas rəhbərlik edib. Arxiv sənədlərindən məlum olub ki, aprel-may ayı ərzində təkcə Quba qəzasında 16782 nəfər insan qətlə yetirilib. 122 kənd tamamilə dağıdılıb, 380 ailənin gecə yatdığı yerdə evlərinə od vurularaq kül edilib...

Qubada yaşamasına baxmayaraq bələdçimiz Vüqarin da məzarlığı ilk ziyarəti idi. Hüznlə dolu məkandan ayrılıb yolumuza davam etdik. Xinalıq istiqamətinə gedirdik. Qubada hava tutqun idi, ancaq Vüqar Xınalıqda gün çıxdığını deyəndə hamımız sevindik. Yolboyu bələdçimiz Xınalığın yollarından danışır: “Yollar çox gözəl, mənzərəlidir. Xınalığa gedəndə bir, qayıdanda başqa mənzərənin şahidi olursan. Əvvəllər Xınalığa getmək böyük problem idi. Kənd camaatı yol olmadığından xeyli əziyyət çəkirdi. Lakin prezidentimizin tapşırığı ilə Xınalığa yaxşı asfalt yol çəkildi. İndi Xınalıq yolu çox gözəldir”. Yol kənarında qalanmış duz və qum qarışıq topalar isə qışa hazırlığın göstəricisidir. Əvvəl Qəçreşin füsünkar payız mənzərəsi bizi valeh etdi. Daha sonra Minarə adlanan yerə çatdıq. Burda çay qayanın ortasını yuyaraq qayanın arasından keçir, ətrafdakı mənzərələrə isə baxmaqdan doymaq olmur. 100 metr yuxarıda dağlardan süzülüb gələn şəlalə insan ruhuna sanki bir dinclik gətirir. Qubada olasan özü də Quba alması yeməyəsən. Bələdçimizin öz bağından dərib maşının arxasına doldurduğu ağ və qırmızı almalardan yuyub elə oradaca yeməyə başladıq. Dağların yamacları, çayların kənarı ilə xeyli yol getdikdən sonra bələdçimizin təklifi ilə Çayqovuşan adlanan yerdə dayandıq. Bura Əlikçay və Qudaylçayın qovuşduğu yer olduğuna görə ərazi Çayqovuşan adlanır. Vüqar ibadətlə məşğul olduğu vaxt, biz də fürsəti əldən verməyərək yolçulardan birinin atını minib, gözəl mənzərəli təbiətin qoynunda xeyli şəkil çəkdiririk... Ətrafa baxdıqca doymaq olmur. İnsanın ruhunu dincəldən bir sakitlik hökm sürürdü.

Qiblədağ


Yolumuza davam edirikç sıldırımlı vahiməli yollarla keçirik. Nəhayət Xınalıq görünməyə başlayır. Orda bir kənd var uzaqda, o kənd bizim XXınalığa çatmazdan öncə düzənlikdəki qapıları ağacdan düzəldilmiş stadionu göstərən bələdçimiz, bu da Xınalıq stadionu, - deyir. Xınalıqdır... Dağın üstündəki evlər bizi heyrətləndirir. Xınalıq bizim mavi ekranlardan və şəkillərdən gördüklərimizdən daha fərqli, daha gözəl imiş. Yolboyu qarşımıza çıxan uşaqlar bizim gəlişimizə xeyli sevinirlər. Çünki bələdçimiz uşaqlar üçün bir yeşik alma gətirmişdi. Kəndin girəcəyində qəbiristanlıqlar diqqətimizi çəkir. Öyrənirik ki, kənddə səkkizdən çox qəbiristanlıq var ki, hərəsi də müxtəlif dövrün tarixi abidəsidir. Maşından düşürük. Bir az uşaqlarla söhbətləşirik. Pərvanə, Əsmər, Murad bizə elə isinişdilər ki, hətta dostlaşırıq. Sən demə burda uşaqlar ən çox hind filmlərini xoşlayırlar. Sonra Xınalıq məscidinin yanında bardaş qurub oturan qadınlarla söhbətləşirik. Gülsabah nənədən öyrənirik ki, indi əvvəlki illərdən çox yaxşı yaşayırlar. 50 il bundan öncə ailə həyatı quran Gülsabah nənə, gözlərini açıb bu doğma yurd-yuvalarını, isti ocaqlarını gördüyünü deyir. “Hara getsəm çox qala bilmirəm. Bu dağları dünyanın heç bir yerinə dəyişmərəm”. Xınalıq məscidinə girdikdə heyrətimizi gizlətməyə bilmirik. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə daş və palçıqla tikilən məscidin sütunları elə qurulub ki, ağırlıq mərkəzi rolunu oynayır. Amma təəssüflər olsun ki, məscid qəza vəziyyətindədir və bərpa olunmasını gözləyir. Xınalıqda qibləni müəyyən etmək o qədər də çətin deyil. Gülsabah nənə deyir ki, namaz qıldıqda üzünü qarşıda görünən Qiblədağa tutmaq lazımdır. Onu da deyək ki, Xınalıqdakı qədim tikilişə malik evlərdəki yeni sistemli dam örtükləri sökülərək dədə-baba qaydasına salınır. Bütün bunlar kənddəki evlərin görünüşündəki qədimliyi qorumaq üçün edilir. Xınalıqda yeni internat məktəbi, təcili yardım məntəqəsi də fəaliyyət göstərir. Kəndin içməli suyu iki yerdən çəkilib. Biri qarşı tərəfdəki Ağlağan daşlar adlanan yerdən gəlir. Kənd sakinləri deyir ki, ordakı daşlardan sular göz yaşı kimi axdığından bulağın adı “Ağlağan daşlar” adlanır. Digəri isə yüksəkdən axdığından köpükləndiyi üçün “Südlü bulaq” adlanır. Sakinlərdən onu da öyrəndik ki, Südlü bulağın suyu böyrəkdəki daşı əridir.

Burda alışqan yanmır


Xınalıqda mobil operatorların şəbəkələri çox yaxşı qurulub. Kəndin istənilən yerindən mobil telefon çəkir. Amma burda başqa bir problem ondan ibarətdir ki, alışqan yanmır. Səbəbini yerli sakinlər belə izah etdilər ki, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə olan Xınalıqda digər yerlərə nisbətən 30 faiz oksigen çatışmazlığı var. Buna görə də burda alışqanı yandırmaq probelmdir. Oksigen çatışmazlığına baxmayaraq Xınalıqda insanlar uzunömürlüdür. Xınalıqda yaşayanların hamısı müsəlmandır. Amma dilləri fərqlidir. Bələdçimiz tez-tez gəldiyi Xınalıqda xoş rəftarı, insanla ünsiyyət qurma bacarığı və əzbərlədiyi bir iki xınalıq sözü ilə camatın rəğbətini qazanıb. Elə onun təklifi ilə biz, Xınalıq kənd sakini Hacıbala Bədəlovun qonağı olduq. Onun evində gördüklərimiz isə doğrusu bizi çox heyrətləndirdi.

Evdə muzey


Hacıbala Bədəlov ata babalarından qalmış qədim incəsənət nümunələrinin toplayıcısıdır. O deyir ki, Sovetlər dövründə qədim nümunələrin çox hissəsi məhv oldu. Gücüm çatanları isə topladım. Onun şəxsi muzeyində yüzdən çox eksponat var. Burda qədim tarixə malik pullar, qılınclar, mis və saxsı qablarla yanaşı, cildi mal dərisindən əllə tikilmiş iki “Qurani-Kərim” də var. Müsahibimiz deyir ki, əlyazma şəklində olan kitabın ən azı 400 yaşı var. Bundan başqa 1800-cü ilə dair əlyazma kitablar da var. Diqqətimizi çəkən digər eksponatlar qılınclardır. Müsahibimizin sözlərinə görə qladiator qılıncından tutmuş, monqol qılıncınadək muzeydəki nümunələr Xınlıq kəndi ərazisindən tapılıb. Təsdiq olunmuş tarixi faktlara görə kəndin təxminən 4 min il yaşı var. Tufandağ, Bazardüzü, Nuhun gölü, Nuhun taxtı kimi yerlər ərazinin Nuh peyğəmbər dövründən Nuhla bağlı yarandığını göstərir. Burdakı meduzalaşmış daşlar, ləpədöyən, balıqqulağı, dəniz tısbağası kimi tapıntılar ilkin həyatdan, ərazinin daha qədim tarixə malik olmasından xəbər verməkdədir. “Vaxtilə düzənliklərdə bizim kəndin qoyun yataqları olub. Və min illərdir bizim kəndin camaatı heyvandarlıqla məşğul olur. Qış boyu aşağıda düzənliklərdə, yay boyu dağlarda heyvan saxlayıblar. Əvvəllər bizdə vəziyyət çox pis idi. Evdən rayona və Bakıya gedənlər vəsiyyət edirdilər. Çünki bilmirdilər ki, gedib qayıda biləcəklər, ya yox. İndi isə bir saata rayon mərkəzinə çatırıq. Sovet dövründə kəndə yalnız işıq çəkdilər. Amma indi hökümətimiz sağ olsun hər şey edir. Kəndimizin adı əvvəllər Kətiş adlanıb. Ərəblərin yürüşündən sonra ətraf təpələrin xına rənginə boyandığını görüb kəndin adını da Xınalıq qoyublar. Doğrudan da günəş şüaları düşdükdə təpələr xına rənginə boyanır”.

“Biz Röyaya, Aygünə qulaq asmarıq”


Hacıbala Bədəlov kəndin tarixi, burdakı insanların dini dünyagörüşü və adət-ənənəsi haqqında da ətraflı məlumat verdi: “Qədim dövrlərdə kənddəki insanlar atəşpərəst olub. Bunu ərazidəki atəşpərəstliklə bağlı qaranlıq hücrələr və yaxud da “zülmətxana”lar sübut edir. “Sənə günəş qənim olsun”, “Gün haqqı”, “İşıq haqqı” kimi ifadələr tarixi keçmişimizdən xəbər verir”. Kənddə özünəməxsus adətlər var. Kənd əhalisinin əksəriyyəti “Qurani-Kərim” oxuyur. Burda qadınlar açıq-saçıq geyinmir. Qadınlar həm də başlarına ləçək bağlayır. Müsahibimiz deyir ki əsrin 60-cı illərində kənddə əkinçilik ləğv olunub. Yolboyu gördüyünüz pilləkənvari yerlər əslində bizim əkin yerlərimiz olub. Bəs hansı musiqiyə qulaq asırsınız, sualına, mən muğamı daha çox sevirəm, deyir. “Kənd camaatı əsasən mugama, xalq mahnılarına qulaq asır. Biz Röyaya, Aygünə qulaq asmarıq. Onlar kimi geyinənlərə nifrət edirik”. Kənddə əvvəllər toy yeddi gün olarmış. Sonra üç günə çevirdilər. İndi isə iki gündür. Birinci gün camaat yığışır yeyib-içir. İkinci gün isə toyxana qurulur. Çalan, oynayan. Toya adam çağırmaq isə bu kəndin adətində yoxdur. Çünki hamı özü gəlir. Hacıbala dayının şirin söhbətlərini dinləyə-dinləyə bulaq suyunda dəmlənmiş samavar çayını mürəbbə ilə içməyin ayrı ləzzəti var...
(Ardı gələn sayımızda)
İradə Nurəddinqızı
Elmar Hüseynov (“Simsar” jurnalı)

 

 

 






3 Yanvar, 2012  19:46 Baxılıb: 2701 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner