Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RAFİQ HÜSEYNOV: “HEÇ VAXT SORUŞMAYIBLAR NƏ QƏDƏR SEVGİLİM OLUB”- MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

Mənə “televiziyanın oğlu” deyirdilər

O, uzun müddət hər kəs tərəfindən sevilərək izlənib. Uzaqdan qaraqabaq və ciddi görünsə də əslində çox səmimi və gülərüz insandır. “Tele-sima”nın bu dəfəki qonağı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, vaxtilə teleməkanının tanınmış diktoru Rafiq Hüseynovdur.

-Necə oldu ki, televizyanı seçdiniz?
-Böyük bir təsadüf nəticəsində. Məktəbi bitirdikdən sonra şərqşünaslığa getmək istəyirdim. Dillərə marağım çox idi. Sənədlərimi hazırlayıb verəndə dedilər ki, sən rus məktəbini qurtarmısan. Bu il rus dilində qəbul olmayacaq. Gələn ili gözləməlisən. Ailə vəziyyətimiz də yaxşı deyildi. Atamı erkən itirmişdik. Anam, bacım, bir də mən idim. Anama dedim ki gedəcəm işləməyə, barı bir il işləyim. Söylədi ki, bəs harda işləyəcəksən? Dedim: “Televiziyanın qabağında”. Özüm-öz ayağımla gəldim televiziyaya. İş xahiş etdim. Sözsüz ki, sorğu-sual etdilər: Kimsən, kimlərdənsən… Onun heç bir dəxli yoxdur dedim, mən burda vəzifə tutmağa gəlməmişəm. Nə iş versəniz işləyəcəm. Məni işıqçı kimi işə götürdülər. İki il bu işdə çalışdım. Televiziya məni elə ağuşuna aldı ki, dedim daha burdan heç yerə gedən deyiləm. Sonradan məni diktorlar müsabiqəsinə dəvət etdilər. Birinci müsabiqədən keçmədim çünki, məktəbi təzə bitirmişdim, özü də rus dilində. İkinci müsabiqədənsə keçdim. Beləcə, əvvəl təcrübəsiz, sonra Moskvanın verdiyi 1-ci kateqoriyalı diktor oldum. Sonradan sədr müavini də işlədim.

-İlk dəfə efirə çıxmanızı xatırlayırsız?
-1966-cı ilin dekabr ayı idi. Həddindən artıq həyəcanlıydım. Çox biabırçı çıxış etmişdim. Mətni o dərəcədə pis oxumuşdum ki, Mərkəzi Komitədən zəng edib dedilər ki, “Onu ordan rədd edin, bu kimdir götürmüsünüz?” Onda rəhmətlik Nəbi Xəzri bizdə sədr müavini idi. O çox təkidlə demişdi ki, bunun gələcəyi var. O olmasaydı, bəlkə də, mən diktor seçilməyəcəkdim. Amma hər şey insanın özündən asılıdı. Gərək seçdiyin peşəyə varlığını həsr edəsən. Mən bu peşəyə bağlandım. Hətta mənə “televiziyanın oğlu” da deyirdilər. O dövrdə televiziyaya çox ciddi yanaşırdılar. Televiziyada işlədiyim dövr mənim üçün maraqlı bir kitab, romandı. Ordan nəyi isə çıxarmaq, qoparıb yad eləmək olmaz. Televiziya məni respublikanın ən görkəmli insanları ilə yaxın etdi. Onlarla ünsiyyətdə olur, müsahibələr alır, çəkilən maraqlı verilişlərdə iştirak edirdim. Dünya şöhrətli adamlar Bakıya gələndə onlarla söhbətləşirdim. Sovetlər dövründə vilayət və əyalət studiyalarında Azərbaycan proqramları ilə çıxışlarım olurdu. Azərbaycanı təmsil edir, verilişlərimizi orda təbliğ edirdim. Maraqlı həyatım olub. Sözsüz ki çətinliklərim olub, zərbələr də vurulub mənə. Amma zərbə vuranlara minnətdaram ki, onlar sayəsində mübarizə aparmışam.

-Televizya həyatınızı kitaba bənzətdiniz, bu kitabı yazmaq haqqında düşünməmisiz?
-Neçə dəfə cəhd eləsəm də, özünütərif kimi çıxdığına görə fikrimdən döndüm. Amma başqa müəlliflər mənim haqqımda kitablar yazıblar.

-Nə üçün bu qədər sevdiyiniz peşədən ayrılmaq qərarına gəldiniz?
-1990-cı ildən öz xahişimlə ayrıldım. Səbəb sadə idi. İstəmirdim ki, respublikada gedən siyasi proseslərə qoşulam, məndən istifadə etsinlər və çirkaba bulanam. Buna görə də, uzun müddət sevdiyim peşədən ayrı qaldım. Məqsədim tamaşaçının xatirəsində pis iz buraxmamaq idi. Şükür Allaha ki, məhz o vaxt televiziyadan ayrıldım və özümü qoruya bildim. Sonralar doğru qərar verdiyimi anladım. 15 ildən artıq televiziyadan ayrı qalsam da, universitetlərdə dərs dedim, professor adını aldım. Kinostudiya ilə əlaqəmi kəsmədim. İki filmdə redaktor oldum. İndi də kadrarxası mətnlər oxuyuram və bundan həzz alıram. Demək olar ki televiziyaya gəldiyim ilk gündən kinostudiyayla əlaqədə olub, filmlər səsləndirmişəm.


“Nə qədər əyləncəli verilişə baxmaq olar?”

-Telekanalları izləyirsiz?
-AzTv-ni izləyirəm. Çünki aparıcıların bədii rəhbəriyəm. Hər halda gənclərin çıxışına nəzarət eləməliyəm. Başqa kanalları izləməyə vaxtım olmur. Daha çox xəbərlərə diqqət yetirirəm. Çünki aparıcının əsas mənfi və müsbət keyfiyətləri orda bilinir. Peşəkar mütəxəssis kimi AzTv-yə fikirlərimi çatdırıram. Televiziyalarda şou-proqramlar o qədər çoxdur ki, başqa verilişlər o proqramların arsında itib-batır. Şou-proqramları izləmirəm və özüm də o verilişlərdə iştirak etmirəm.

-Sizcə, belə proqramların çox olması nədən qaynaqlanır?
-Bunun obyektiv və subyektiv tərəfləri var. Sözsüz ki, müstəqil kanallar işçilərin əməkhaqlarını verə bilmək üçün pul qazanmalıdırlar. Tamaşaçı daha çox şou-proqramlara baxır və belə verilişlərə daha çox reklam gəlir. Bu da, pul deməkdir. İkinci tərəfdən tamaşaçını bu istiqamətdə tərbiyələndirmək, zövqünü formalaşdırmaq ona gətirib çıxarır ki, tamaşaçı belə proqramlara daha çox meyl edir. Fikrimcə, bu kanalların təqsiridir. Kanallarda elə siyasət qurulmalıdır ki, tamaşaçı nəinki şou-proqramlara, başqa verilişlərə də baxsın. Nə qədər əyləncəli verilişə baxmaq olar? Kanallarda əsas problem isə təəssüf ki, Azərbaycan dilinin çox pis vəziyyətdə təbliğidir.

-Buna niyə biganə yanaşılır?
-Azərbaycan televiziyasında dilin saflığının qorunması ənənəsi indiyədək davam edir. O dövrdə televiziyaya Azərbaycan dilini mükəmməl bilən, nitqində əcnəbi sözlərdən istifadə etməyən aparıcılar seçirdilər. İndi buna fikir verən yoxdur. O dövrdə bu daha çətin idi. Çünki əsas etibarı ilə əhali ali təhsili rus dilində alırdı. Bunlar arasından Azərbaycan dilini daha yaxşı bilənləri seçib ekrana çıxarırdılar.
İndi isə aparıcılar daha sərbəstdir. Tamaşaçı ilə efirdən münasibət qura bilirlər. Amma bəzən nəzarəti də itirirlər. Bir də görürsən tərəf müqabilləri rusca danışır. Mən onun tərəfdarıyam ki, efirdə ləhcə ilə danışsınlar. Bu, dilimizə şirinlik gətirir. Amma bu, aparıcılara, diktorlara aid deyil. Məncə, ləhcənin efirə gəlməsi dilimizin şirinliyini də ortaya qoyar. Hər bölgədən olanlar öz ləhcəsi ilə danışmalıdır. Bunu filmə və seriala da gətirməyin tərəfdarıyam.

-Rafiq müəllimin davamçıları var?
-Televiziyaya yenidən qayıtdıqdan sonra bu sahədə çalışmalarımız oldu. İndi AzTv-də gənc jurnalistlər yetişir. Nəinki efir aparıcıları, həm də gənc jurnalistlərin ortaya çıxması üçün çalışdıq.

-Kinomatoqrafçılar İttifaqının katibi olaraq sizdən öyrənmək olar ki, Azərbaycan kinosu bu gün nə üçün belə acınacaqlı vəziyyətdədir?
-Azərbaycanda çəkilən bir çox film televiziya ekranlarında göstərilmir. Bu bizim ittifaqın problemi deyil. Bizdə kino yayımı hələ o səviyyəyə çatmayıb ki, biz kinoteatrlarda filmləri göstərməklə tamaşaçı cəlb edək. Gərək bu yolda da tamaşaçı formalaşdıraq. Əsasən Amerika və Avropa filmlərinə meyl var. Azərbaycan filmini kinoteatrda nümayiş etdirəndə seyrçi çox az olur. Əksəriyyət bəlkə də düşünür ki, televiziyada verəcəklər baxacam. Yaxud da, yaşlı nəsil başqa problemlərlə məşğul olur, gələ bilmir, gənclər isə xarici filmə baxmağa üstünlük verir. Ona görə də bu böyük problemdir və diqqətə almaq lazımdır. Amma filmlər çəkilir. “Hökmdarın taleyi” əsəri böyük səs-küyə səbəb oldu. Məncə, tarixi mövzuya hər zaman diqqət olacaq və bu sahədə gözəl filmlər çəkiləcək. Danılmaz faktdır ki, bu gün filmlərimizin az çəkilməsinin başlıca səbəblərindən biri də maliyyə problemidir. Əgər filmin çəkilişi dövlət tərəfindən maliyyələşirsə yüksək keyfiyyətli olması üçün vəsaitin məbləği daha çox olmalıdır.

-Bu gün ölkə telekanallarında sanki teleserial yarışı başlayıb. Sizcə uğurlu alınır?
-Xarici teleseriallara baxmıram. O seriallardan özüm üçün heç nə götürə bilmirəm. Demək olar ki, süjetlər bir-birinə bənzəyir, dublyaj zamanı qəhrəmanların danışığı təbii danışıqdan çox uzaqdır. Dublyaj edəndə aktyor gərək filmə üç-dord dəfə baxsın ki, obrazı özününküləşdirsin. Düzdür, vaxt qıtlığı olur, amma bu əsas şərtdir. Serial çəkməyimiz də sevindiricidir. Lakin keyfiyyətli olarsa. Gec-tez düzələcək. Çünki artıq rəqabət yaranıb.

-Filmdə oynamaq təklifi almamısız?
-Altı filmdə baş rolda oynamaq təklifi aldım. İmtina elədim. Fikirləşirdim ki, əvvəla mən populyaram. İkincisi, düşünürdüm ki, bu tamam başqa sənətdir, bacaracam, yoxsa yox? Ya da, obrazı zəif ifa etsəm tamaşaçı deyər ki, bu nədir, niyə çıxıb filmə çəkildi? Digər tərəfdən peşman olmuşam, heyifslənirəm ki, indi o filmlər qalardı, məni unutmazdılar. Gənc nəsil də məni tanıyardı.



“Çox yorulmuşam”

-İnternetdən istifadə edirsiniz?
-Xeyr, kompyuterlə heç aram yoxdur (gülür). Qızımdan xahiş edirəm lazım olan informasiyanı açır, baxıram. Amma mətbuatı izləyirəm.

-Şöhrətin yaxşı və pis tərəfləri hansılardır?
-Təvəzökarlıqdan uzaq olsa da deməliyəm: şəhərə çıxa bilmirdim, ayaqla gəzə bilmirdim. Hamı barmaqla göstərirdi: Bu Rafiqdir. İstər-istəməz hər şeyə diqqət yetirirdin. Çalışırdın özünü elə aparasan ki, haqqında müsbət fikir yaransın. Bu zaman özünə nəzarət daha çox olur. İndi isə mən şəhərdə çox rahat gəzirəm. Ancaq o nəsil ki, məni tanıyır, onlar yaxnlaşır, hal-əhval tuturlar. O da, bizim mentalitetimizdən asılıdır. Əslində xoş söz demirlər. Deyirlər: “Aman Allah, Rafiq, siz necə də qocalmısız?!” Düzdür bu istəkdən gəlir, amma bir xoş söz desinlər də! Deyirlər ki, biz səni görəndə nostalji hissləri keçirdik. O dövrə qayıtdıq. Axı hər gün sizi görürdük. Televiziyadan gedəndən sonra bir yaşlı qadın mağazada görüb yaxınlaşdı, dedi ki, ay Rafiq, sən neylədin? Deyirəm nə olub ki? Deyir televizyadan getməklə sən məni xəstə vəziyyətinə saldın. Mən tək yaşayıram. Yeganə adam idin ki, mən televiziya vasitəsilə səninlə təmasda idim. Televizyadan çıxanda belə şeyləri düşünmürsən. Amma elə adamlar var ki, səni özünə dost, sirdaş, bəlkə də sevgili seçir. Gərək efirə çıxanda bunların hamısını düşünəsən ki, gündə o adamların evinə gəlirsən. Özü də, o vaxt bir kanal var idi.

-Rafiq müəllimə qayğı var?
-Prezident təqaüdü almıram, ev də verilməyib, həmkarlarım alıb. Görünür mənim üçün vaxtı çatmayıb. Bir şeyə sevinirəm: Televiziya rəhbəri məni işə qaytarmaqla mənə ikinci həyatı bəxş etdi. Çünki televiziya mənim həyatımdır.

-Uzaqdan qaraqabaq və çox ciddi adam təsiri bağışlayırsız. Sanki üzünüzə heç zaman gülüş qonmayıb. Həyatda da beləsiz?
-Düzdür, mənim sifətimin quruluşunda bir ciddilik var. Əslində mən həddən artıq səmimi, gülərüz və mehriban insanam (gülür).

-Yorulmamısız ki?
-Çox yorulmuşam. İstərdim ki, yaxşı pulum, dolanışığım, yaxşı bağ evim olsun. Təqaüdə çıxım, gedim o bağda doyunca dincəlim. Çünki həyatda hər şeyə əməyim və zəhmətimlə nail olmuşam. İstirahət etmək istəyirəm. Əsas fikrim, düşüncəm qızımla bağlıdır. İndi onun 10 yaşı var. Onun gələcəyi məni daha çox düşündürür. Allah ömür versin, onu yerbəyer edim – bilik, savad verim, ailə qursun...

-Hansı sualı eşitmək istərdiz?
-Jurnalistlərin əksəriyyəti standart suallar verirlər. Jurnalistlər məndən heç vaxt soruşmayıblar ki, İçərişəhərdə həyatın necə keçib? Valideynlərin kim olub? Onlar sənə nə veriblər? Heç vaxt soruşmayıblar ki, nə qədər sevgilim olub? Müəllif proqramım var idi. Müəllifi, rejissoru və aparıcısı da özüm idim. O vaxt elə suallar verirdim ki, o cür suallar mənə qədər verilməmişdi. İndiki gənc jurnalistləri qınamıram. Çünki çoxu məni tanımır. Buna görə müsahibələrdən qaçıram.

Elmar Hüseynov
“SİMSAR” jurnalı

 






6 Mart, 2012  15:30 Baxılıb: 5374 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner