Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

FİRUZƏ İBADOVA: “LAYİQ OLDUĞUMU İSTƏYİRƏM, MƏNƏ DƏSTƏK OLSUNLAR”- MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

“Gücsüzlüyüm, təmiz vicdanım, saflığım ucbatımdan öz sənətimin günəşini söndürdüm”

Sənətkardır, amma bilməyərəkdən sənətini uçurma aparan sənətkar. Kimlər onun sənəti haqda layiqli gözəl sözlər deməyib? Rəşid Behbudov, Hacı Xanməmmədov, İlhamə Quliyeva, Əlibaba Məmmədov, Alim Qasımov və bir çox dəyərli sənətkarlar. Lakin zamanın çətinliyi onu çox pis sınağa çəkdi. Gücsüzlüyündən, qorxaqlığından dolayı özü də bilmədən sənət günəşini söndürüb, uçurma yuvarlandı. Və bu gün bunun çox pis fəsadlarını yaşayır... Hazırda kirayədə qaldığı evində görüşdük. O ev ki, əvvəl özünü idi. Amma maddi çətinlik ucbatından satmaq məcburiyyətində qalıb. Xarici görünüşü ürək açan deyildi. Həmişə öz gözəlliyi ilə digər həmkarlarından fərqlənən Firuzə xanım İbadova sanki sıxıntılardan qəfil qocalmışdı. Ona zillədiyimiz təəccüb dolu baxışların özü də fərqində idi... 

- Bir vaxtlar özünüz üçün “Sadəlövh deyiləm, sadəyəm”-deməyinzilə razılaşmıram. Məncə siz elə sadəlövhsüz...
- Artıq boynuma alıram, doğrudan da sadəlövhəm.
- Əminəm ki, sadəlövhlüyünüzdən yana zərbələr almısız.
- Nə qədər ağlasığmaz zərbələr varsa, hamısını da aldım...
- Sizi sarsıdan ən böyük zərbə hansıdır?
- Sənətimdə qazandığım uğurları itirməyim ən böyük zərbədir.
- Bunu nə vaxt dərk etdiz?
- Çox gec, amma şükr olsun ki, dərk etdim.
- Dərk etdiyiniz halda, bunun çıxış yolunu axtarırsız?
- Bəli. Artıq çıxış yolu var.
- Nə kimi?
- Qarşıma qərar qoymuşam-özümü yenidən təstiq edəcəm, çox güclü olacam.
- Zamanında özünü təstiq etmiş Firuzə İbadovanın “yenidən özümü təstiq edəcəm” deməsi sizcə, kənardan absurd görünmür?
- Nə qədər görünsə də buna yenidən ehtiyac duyuram.
- Özünüzü nə üçün yenidən təstiq edəcəksiz?
- Son illər nə özümü, nə də övladımı düşünmüşəm. Bilərəkdən sənət günəşimi söndürmüşəm. İndi məni əvvəlki Firuzə kimi qəbul etmirəm. Bu, məni sıxır, üzür.
- Bir dəfə söhbətimizdə demişdiz ki, müğənni olmaq mənə xoşbəxtlik gətirmədi.
- Bəli, bunu indi də etiraf edirəm. Bu sənətə gələn “yırtıcı, əzazil” olmalıdır. Ancaq “Mən! Hər şey mənim üçün!” deyən olmalıdır.
- Məncə sizin dediyinizi bugünkü günə şamil etmək olar. Çünki siz efirə çıxan zaman müğənnilərin “Ancaq mən!” deməsinə ehtiyac yox idi. Bugünkü “ulduz” terminini götürdükdə, siz də sovetlər dövrünün “ulduzu” olmusuz.
- Sizinlə razıyam. O vaxt mən də sevilən, seçilən müğənnilərdən biri idim. Amma bu gün özümü uçuruma yuvarlatdığımı bilirəm. Ona görə də “ulduz”luğumu qoruyub, saxlaya bilmədim.
- Sizcə “ulduz” olmaq yaxşıdır?
- Yaxşıdır. Amma təəssüf ki, bu gün sənətdə olan bəzi müğənnilər “ulduz” adına ləkədirlər. Əsl səhnə ulduzu başqadır.
- İndiki bəzi “ulduzların” yaşam tərzi də dırnaq arasındadır.
- Düşünəndə ki, mən də bu günün “ulduzlarından” olsaydım, həyat tərzim bu gün onlarınkı kimi olardı, inanın, vicdanım sızlayır. Yaxşı ki, bu günün ulduzlarından deyiləm. Adıma ləkə yaxılmasını qəbul edə bilmərəm. Mənim alnım açıqdır. Mən də bu günün “ulduzlarından” olsaydım, heç bir çətinliyim olmazdı. Hamı bilir ki, mən ailəmi necə dolandırıram. Çox çətindir mənim üçün. Gəlir yerim ancaq toydan aldığım qonarardır.
- Məncə bu gün çətinlikdə yaşamağınızın da günahkarı özünüzsüz. Siz zamanında sənətinizə olan hörməti, verilən dəyəri sonradan düzgün dəyərləndirmədiz, ucuzluğa getdiz. Şərt o deyildi ki, siz də o dırnaqarası ulduzlar kimi nəfsinizə qurban olmalı idiniz.
- Tamamilə razıyam. Mənim durumum başqa oldu. Əgər vaxtında Firuzə İbadova sənətini ucuzlaşdırmasaydım, kimlərəsə sənətimdən istifadə etməyə imkan verməsəydim, bu gün kölgədə qalmazdım.
- Maddi sıxıntılar da hardasa sizi yalnış istiqamətə yönəltdi.
- Sizin dediyiniz və bundan sonra da deyəcəyiniz hər fikirlə tamamilə razıyam. Mənim sənətimdə bu gün baş verənləri çox düzgün təhlil edirsiz. Amma inanın, bunu düşünülmüş şəkildə etməmişəm. Hər şey mənim paklığımdan, arımdan-ismətimdən bu həddə gəlib çatıb. O vaxt mənə sənətimlə bağlı təkliflər gələndə düşünürdüm ki, özüm danışıqlara gedə bilmərəm. Birdən kənardan kimsə düzgün anlamaz, namusuma ləkə gələr. Amma bununla özümə haqq qazandırmıram. Hər halda, güclü qadın olsaydım, belə olmazdı... İçimdə ümid var. Mənə elə gəlir ki, özümü saldığım bu durumdan çıxartmağa artıq mənəvi gücüm var. Təki Allah mənə kömək olsun! Mən bu sənətə gələndə düşünməmişdim ki, var-dövlətim olsun. Bunu təkcə mən yox, məndən əvvəl və mənimlə eyni vaxtda sənətə gələn bütün sənətkarlar belə şeyləri düşünmürdük.
- Əslində, buna lüzum da yox idi. Amma baxın, bu gün hər şey pis yöndə olaraq, tamam başqadır.
- İndi hörmətsizlik baş alıb gedir. Məndən sonra sənətə gələn elələri var ki, məni tapdalayıb qabağa getməyə can atırlar. Belə çıxır ki, mən də abrımı unudub bəziləri kimi “həşərat” olmalıydım...
- Məncə “həşərat” olmağa ehtiyac yox idi. Siz sadəcə Firuzə İbadova sənətindən düzgün istifadə etmədiz, onu gözdən saldız.
- Düzdür. Sadəcə mən bunun dəqiq cavabını tapa bilmirəm-axı niyə mən buna imkan yaratdım?
- Siz hətta kimlərinsə sənətinizin kölgəsində özlərinə ad qazanmalarına, şərait qurmalarına imkan yaratdız.
- Bəyəm mən xeyirxahlıq etmədimmi? Bəyəm mənim yaxşılığımın cavabı beləmi olmalı idi? Bu suallar məni yorur, acı verir. Lakin heç kimdə günah görmürəm. Çünki məni kimsə məcbur etməmişdi ki, belə xeyirxahlıq edim. Günahkar özüməm. Özüm şərait yaratdım ki, kimlərsə sənətimin gölgəsinə sığınıb, istifadə etsinlər. Amma bilməzdim ki, gün gələcək, bir gün özüm və sənətim kölgədə qalacağıq. Ümumiyyətlə, sənəti böyük olan insanlar öz mənəvi saflıqları ucbatından əzilirlər, əzab çəkirlər... Bəlkə də indiki ağlım olsaydı, o vaxt mənə olunan təkliflərdən düzgün istifadə edərdim. Bilsəydiz, sənətimlə bağlı nə qədər sərfəli təkliflər alırdım. Sadəcə bayaq dediyim kimi, adımın ləkələnəcəyindən qorxurdum. Tək idim. Üstəlik, tənbəlliyim məni səhv addım atmağa məcbur etdi. Düşündüm ki, tək bacarmaram.
- Sizin səhvlərinizdən biri də o oldu ki, fikrinizi bütünlüklə toylardan qazandığınız maddi gəlirə yönəldib, sənətinizi qurban verdiz. Son illərdə repertuarınız da ürəkaçan deyildi.
- Düz buyurursuz. Amma maddiyyata görə sənəti qurban verməyə dəymirmiş! Məni görənlər deyirdilər ki, Firuzə xanım, niyə tək çalışmırsız? Heç bilirsiz səsinizdə milyonlar yatıb? Yenə də tək bacarmayacağımdan qorxub, risk etmirdim. Keçən il mən dəhşət xəstələndim. İflic hala düşdüm. Gözüm onda açıldı. Həm fiziki, həm də daha da betər maddi sıxıntı keçirdim. Məcbuir olub evimi satdım. Çünki onun pulunu ödəməyə gücüm çatmadı. Bax, onda dostalrım da sınandılar. Təssüf ki, çox az qismi sınaqdan üzüağ çıxdılar. Sənətimin kölgəsində özlərinə ad qazananlar isə iç üzlərini göstərdilər. Onlardan yardım istədim. Amma elə “ağlaşma” qurdular ki, müraciət etməyimə peşman oldum.
- Sənətçi dostlarınızdan kimlər sizə dəstək oldular?
- Aybəniz xanım Haşımova. Ona canım qurban!
- Bildiyimizə görə, bu gün maddi sıxıntılarınız var. Hətta ev sarıdan da problemlər yaşayırsız. Hazırda yaşadığınız ev də sizə məxsus deyil. Onu da maddiyyat ucbatından satmısız.
- Məcbur oldum. Maddi sıxıntılar həqiqətən də məni çox üzür. Yeni ev almağa da gücüm yoxdur. Kənardan heç bir köməyim yoxdur. Yaşlı anama, qızıma və nəvəmə baxmaq məcburiyyətindəyəm. Amma inanıram ki, bu sıxıntıları arxada qoya biləcəm. Allah böyükdür!
- Çox qəribədir, kimlərinsə evi olduğu halda, ev verilir. Bəzisi gülünc danışaraq, “təzə evimi qarderob edəcəm”-deyir. Sizə isə...
- Bu yaxınlarda Heydər Əliyev Fonduna problemlərimlə bağlı yazılı və şifahi müraciət etdim. Dedim ki, heç nə istəmirəm, heç olmasa kömək edin, mənə prezident təqaüdü ayırılsın ki, o pulla bir təhər edib ev götürüm. Amma nəticəsiz qaldı. Ordan mənim məsələmə baxılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə yönəldilmişdi. Ordan da xəbər gəldi ki, sərəncamımızda hələ ki, belə bir şey yoxdur. Bəyəm bunu etmək elə çətin məsələ idi? Mən əminəm ki, məktubum və Heydər Əliyev Fonduna gəlməyim haqda oranın prezidenti çox hörmətli Mehriban xanım Əliyevaya bir söz deyilməyib. Əgər deyilsəydi, o, mütləq bu məsələyə baxılmasını tələb edər və mənə yardım edərdi. Çünki Mehriban xanım sənətə dəyər verən insandır. Mən də bu xalqın layiqli incəsənət xadimiyəm. Firuzə çoxdur. Amma Azərbaycanın layiqli sənətkarı olan Firuzə İbadovası mənəm. Saytınız vasitəsilə üzümü lazımi qurumlara tutub, müraciət edirəm. Heç nə istəmirəm, sadəcə mənim sənətimə layiq olan düzgün qiyməti verin, mənə dəstək olun! Mən sizin Firuzə İbadovayam! O Firuzə ki, bu sənətdə çox zəhmətim, çox gördüyüm işlər olub. Qoy arxivi araşdırsınlar. Mənim Azərbaycn musiqisi sənətində nə kimi xidmətlərimin olduğunu görsünlər. Bəli, etiraf edirəm, gücsüzlüyüm, təmiz vicdanım, saflığım ucbatımdan öz sənətimin günəşini söndürdüm. Amma yıxıldığım halda mənə sadəcə əl uzadılması lazımdır! İlk dəfədir bunu öz haqqımda deyirəm-mən layiqli sənətkaram!

P.S. O, həqiqətən də sənətkardır. Məhz sənətkar olduğu üçün də ona dəstək, yardım edilməsi üçün aidiyyatı qurumlara müraciət etməyə haqqı və haqqının düzgün dəyərləndirilməsinə ehtiyacı var!

P.S.S. Ümid edirik ki, Firuzə İbadova sənətinin günəşi illər öncə olduğu kimi, yenə də nur saçacaq. İnşallah!

Azər Nəsibov

 






5 Mart, 2012  17:41 Baxılıb: 5300 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner