Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DİLAVƏR NƏNƏ: “KÖHNƏ KİŞİLƏRDƏN ADAM QORXURDU”- FOTOSESSİYA

Müğənniyə ərə gedən qız dəlidir

Bu sayımızdan etibarən jurnalımızda “Hələ qocalmamışam” rubrikası altında yaşlı nəslin nümayəndələri ilə yarızarafat, yarıciddi müsahibələr oxuyacaqsız. İlk qonağımız Şamaxı rayonunun Məlhəm kənd sakini 75 yaşlı Dilavər nənədir. Dilavər nənə öz nurani siması, şirin danışığı ilə adamı özünə elə cəlb edir ki, sanki doğma insanla oturub söhbətləşirsən. Doğma demişkən, təbii ki, hər bir yaşlı nəslin nümayəndəsi bizə əziz və doğmadır. Onların varlığı bizim ürək rahatlığımız, baş tacımızdır. Yaxşı ki, onlar var...

“Bakı xəstəlik ocağıdır”

- Dilavər nənə, özünüzü hazırda olduğunuz yaşda hiss edirsiz?
- Ondan da zəif hiss edirəm. Elə bil daha da yaşlıyam.
- Elə niyə?
- Xəstəyəm.
- Nədir xəstəliyiniz?
- Beş dəfə əməliyyat olmuşam. Eh, xəstəliyim bir deyil, iki deyil. Heç bilmirəm hansından şikayət edim.
- Şamaxı yaxşıdır, yoxsa Bakı?
- Şamaxı yaxşıdır. Bakı xəstəlik ocağıdır.
- Hansı xəstəliklərin?
- Əsas, sıxıntı. Ürək ki, sıxıldı, əsəblər tarıma çəkilir. Bütün xəstəliklər də elə bundan yaranır.
- Sıxılanda özünüzü necə ovudursuz?
- Əsəblərimi gah qızımın, gah da nəvəmin üstünə töküb özümü sakitləşdirirəm (gülürük). Ən çox da nəvəm Fəridlə savaşıram. Çox istədiyimdən bütün acığımı onun üstünə tökürəm. Sonra da qadasını alıram. O, mənim bir dənəm, həyatımdır.
- Nə qəribəsiz, ay nənə (nənə qəh-qəhə çəkir). Ondansa, əsəbləşəndə oturub televizora baxın.
- Televizorda baxmalı maraqlı bir veriliş yoxdur. Elə eyni sifətlərdir.
- Maraqlı nə axtarırsız?
- Keçmiş artistlərin konsertlərini, kinolarını az göstərirlər. İndikilərdənsə onları göstərsinlər. Bax, Lütfəli Abdullayevin kinolarına baxanda adam doymur.
- Bu gün komik aktyorlarımızdan Rafael İsgəndərov və Coşqun Rəhimov da var. Onları çox bəyənirlər.
- Mən də onları çox istəyirəm. Amma bəs eləmir. Onlar kimi yaxşı aktyorlar çox olsa yaxşıdır.

“Tünzalə Ağayeva elə bil gəlib adamı bıçaqlayacaq...”

- Ay nənə, camaatın çoxu “Onun yarısı” və “Toy olsun” verilişlərinə baxır. Siz nə əcəb baxmırsız?
- O verilişlərdə aparıcılar imkan verirlər ki, bir ərə gedən, arvad almaq istəyən danışsın? Elə hey özləri danışırlar. Adam da baxanda əsəbləşir. Evləndirməkdən başqa hər şeydən danışırlar. Ən çox da özlərini tərifləyirlər. Elə bil ki, bunlar camaata çox lazımdı. Məni ora aparan olsaydı ağzıma gələni deyərdim o aparıcılara.
- Bu günün oxuyanlarından kimisə bəyənirsiz? Məsələn, Röya – onu, demək olar ki, hamı çox istəyir.
- Röya şirindir. Oxumağı adama yapışır. Amma o şuşalı qız oxuyur e, adı da deyəsən Xuramandır. Onun oxumağı nədir? O, niyə oxuyur? Maraqlı heç nə yoxdur onda. Rəqsanə ondan min dəfə yaxşı oxuyur.
- Bəs Aygün Kazımova?
- Ondan da xoşum gəlir. Həm şirindir, həm də şəndir. Nadir Qafarzadə də şəndir. Onlara baxanda adamda xoş hiss oyanır.
- Bəs Tünzalə Ağayeva? Onu da çox istəyirlər.
- Başqalarını bimirəm, amma mən onu heç görmək istəmirəm. Kişi kimi gəlir, elə bil indicə gəlib adamı bıçaqlayacaq. Faiq Ağayev var ey, bax, çox ağıllı, mərifətli oğlandır. Amma heç bir mahnısı xoşuma gəlmir.
- Ay nənə, axı Faiq sənin üçün oxumur (gülürük)... Bəs qadın müğənnilərin geyimlərini bəyənirsiz?
- O müğənninin nə günahı var ki? Günah tikəndədir. Modelyer nə tikirsə yazıqlar onu da geyinirlər.
- Bəs xarici müğənnilərdən kimi tanıyırsız?
- Heç birini tanımıram, bircə o qlobusbaşdan başqa (həm gülür, həm də təəccüb edirik)...
- O kimdir?
- Sərdar Ortacı deyirəm. Oxumağını başa düşməsəm də, özündən xoşum gəlir.
- Ay nənə, bəs eşitmişik ki, bir vaxtlar Mahsun Kırmızıgülə baxmaq üçün gecəyarısı evdəkiləri oyadırmışsız ki, durun, televizoru açın, ona baxım (gülürük, nənə də utancaq şəkildə gülümsəyir).
- Daha xoşuma gəlmir. Oxuyanda qaş-qabağını tökür. Bir gül, adama ləzzət versin də...

“Zeynəb kimi oxuyan var?”

- Heç toyda oynayırsız?
- Yox, heç vaxt oynamamışam. Heç nəvəm Fəridin toyunda da oynamadım. Elə yalandan məcburi qolumu 2-3 dəfə qaldırıb endirdim, vəssalam.
- Müğənnilərin evlənib boşanmalarına necə baxırsız?
- Onlara gedən qızların ağılları çatmır. Görmürlər ki, televizorda duxulu-muxulu qızlarla oynayıb, danışıb-gülürlər? Bilmirlər ki, o müğənnilərə arvad lazım deyil? Onlara ərə getməsinlər də. Müğənniyə ərə gedən qız dəlidir.
- İlhamə Quliyeva ilə Flora Kərimovanın aralarında dava getdiyini bilirsiz?
- Bilirəm.
- Hansından daha çox xoşunuz gəlir?
- Floranın bir ölü ritmi var, elə həmişə o ritmdə oxuyur. Ona görə də, əvvəldən ondan heç xoşum gəlmir. Amma İlhamədə arada ritm dəyişir.
- Bəs Nisə Qasımova?
- Hə, bax, Nisə yaxşı oxuyur. Zeynəbi isə bütün dünya tanıyır həm də xoşlayır. Zeynəb kimi oxuyan var?

“Köhnə kişilərdən adam qorxurdu”

- Ay nənə, köhnə kişilərlə indikilərin fərqi varmı?
- Əlbəttə var. Köhnə kişilərdən adam qorxurdu. Ona görə yox ki, indi döyəcək. Sadəcə zəhmləri adamı basırdı. Kişi evə gəlməmişdən, arvad məsuliyyətindən durub tez çay-çörək hazırlayırdı. İndinin arvadları isə ərlərindən qorxmurlar.
- Bəs siz?
- Mənim həyat yoldaşım heç vaxt məni döyməyib. Rəhmətlik məni çox istəyirdi. Amma içimdə ona qarşı qorxu var idi. Bu qorxu da hörmətimdən irəli gəlirdi.
- Deyirlər ki, o vaxtın gəlinləri hər şeyin yerini bilən idilər...
- Düzdür. Bizim vaxtımızda elə şey olmurdu ki, gəlin yata, qaynana işləyə. Amma indikilər saat 1-ə 2-yə kimi yatırlar. Qaynana da onların yerinə işləyir. Şəxsən mən xəcalət çəkərdim ki, qaynanam durub mənim yatağımı yığılmamış, səliqəsiz görsün. Üstəlik də indikiləri ər, ailə yox, pul maraqlandırır. Mən varlı qızı, amma kasıb ailənin gəlini olmuşam.
- Düzünü deyin, atanız sizi kasıb oğlana verəndə narazılıq etdiniz?
- Ümumiyyətlə, məni ərə verəndə çox ağladım. Cəmi 14 yaşım var idi. Belə tez ailə qurmaq istəmirdim. İndi 14 yaşındakı qızlar hər şeyi bilirlər. Amma evdə qalmış 44 yaşlı qızlar onlar qədər bilmirlər. Varlı olmağımıza baxmayaraq, çətinliklər də görmüşəm. Nə olsun ki, kasıb oğlana ərə getmişdim. Yoldaşıma həmişə dəstək olurdum. Qarşılıqlı hörmət əsasında xoş güzaranımızı özümüz yaratdıq.
- İndi olduğu kimi, o vaxt da bir çox kişilər qazanc dalınca Rusiyaya gedirdilər. Sizin də həyat yoldaşınız gedirdi?
- Gedirdi.
- Bəs rus qızlarına qısqanmırdız?
- (Gülür) Yox e, bilirdim ki, hara getsə də axır qayıdacaq yeri evimizdir. Sən deyən kişilərdən deyildi (gülürük).
- Belə başa düşürəm ki, qaynananız da siz tərəfdən yarıyıbmış.
- Allah rəhmət eləsin. Qaynanamla bir-birimizi çox istəyirdik.
- Neçə övladınız var?
- 7 övladım olub. Amma onlardan təkcə qızım Nəzirə qaldı. Qalanları elə anadan olan kimi ölürdülər. Yoldaşım o qədər yaxşı adam idi ki, uşaqlar öləndə mən qəmlənməyim deyə, hədiyyələr alırdı, eynim açılsın. 3 ildir rəhmətə gedib. Yeri görünür, darıxıram onunçün (qəmlənir)... Çox sıxılıram. İstəyirəm ki, bu həyatdan köçüm. Artıq bu həyat mənə dar gəlir, sevmirəm. Amma əvvəlki dövr olsaydı, istəyərdim ki, uzunömürlü olum.
- Ölümdən sonrakı əbədi həyatın varlığına inanırsız?
- İnanıram. Bu həyatda itirdiklərini orada əbədi qazanırsan.

“Obama yaxşı oğlandır, Putin demaqoq, dünyanın ən yaxşı prezidenti İlham Əliyevdir”

- Gəlin mövzunu dəyişək. Siyasətlə maraqlanırsız?
- Hə, siyasətçilərimizi də tanıyıram.
- Kimləri?
- Fazil Mustafa, İqbal Ağazadə-bunlardan xoşum gəlir. Amma o ağlamalıdan xoşum gəlmir...
- Fəzail Ağamalını nəzərdə tutursuz?
- Hə, bax ondan.
- Ərdoğanı necə, tanıyırsız?
- Xoşum gəlmir ondan. Danışıqlarını başa düşmürəm. Ancaq “əvət” sözünü bilirəm.
- Amerikanın İrana qarşı müharibəyə hazırlığına necə baxırsız?
- Yaxşı. O İran ki, bizi yox, erməniləri tutub, onlara Obama yaxşı edir. Qoy gəlib qırsın onları. Çünki ermənini əzizləyib qazı onlara verirlər. Obama yaxşı oğlandır.
- Putin necə?
- Zəhləm gedir. O, demaqoq adama oxşayır. Amma Medvedevdən xoşum gəlir. Öz prezidentimiz hamısından yaxşıdır. Dünyada onun kimi yaxşı prezident yoxdur. Bircə sovetlər vaxtından banklarda qalan pullarımızı da verdirsə heç dərdim olmaz.
- İnşallah, ay nənə. Ən böyük arzunuz nədir?
- Ən böyük arzum nəvəmi xoşbəxt görməkdir. Onun xoşbəxtliyi mənim üçün hər şeydən üstündür.

Söhbətləşdi: Azər Nəsibov
“SİMSAR” jurnalı






5 Mart, 2012  16:22 Baxılıb: 2276 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner