Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ZƏRDÜŞT ƏLİZADƏ: «QUBADA BAŞ VERƏNLƏR HAKİMİYYƏT DAXİLİNDƏKİ ÇATDAN XƏBƏR VERİR» - MÜSAHİBƏ

«Qruplaşma ardıcıl olaraq Ziya Məmmədova qarşı zərbələr hazırlayıb»

Təxminən bir ay öncə prezident İlham Əliyev Almaniyada iştirak etdiyi konfransda iştirakçıların sualına cavab olaraq Azərbaycanda Misiar inqilabının gözlənilmədiyini demişdi. Hətta ölkə ictimaiyyətində, bəzi siyasi çevrələrdə belə fikir var idi ki, ölkədə heç vaxt ərəb ölkələrində olduğu kimi aksiya, iğtişaş olmayacaq. Amma martın 2-də Qubada baş verən hadisələr bütün bu deyilənlərin, gözləntilərin əksini göstərdi. İcra başçısı Rauf Həbibovun qubalılar haqqındakı aşağılayıcı fikirləri ona baha başa gəldi. Rayondakı evi yandırıldı, vəzifəsi əlindən alındı. Ən əsası yerli sakinlərin prinsipial mübarizəsi hakimiyyətin yüksək rütbəli nümayəndələrinin təcili olaraq rayona səfər etmələrinə, insanlar qarşısına çıxıb üzr istəmələrinə səbəb oldu.
Qubada baş verənləri qiymətləndirmək üçün Simsar.az politoloq Zərdüşt Əlizadəyə müraciət edib. O, rayonda baş verənləri hakimiyyətdaxili mübarizənin nəticəsi kimi dəyərləndirir.


- Baş verənlər bir daha göstərdi ki, yuxarılarda çat var. Bu, Ziya Məmmədova qarşı olan qruplaşmaların planı idi və müəyyən mənada həyata keçdi. Xatırlayırsınızsa, bir müddət öncə rəsmi «Azərbaycan» qəzetində Ziya Məmmədov sərt tənqid olunurdu. Həmin qəzet Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ideyalarını təbliğ edir. Qruplaşma ardıcıl olaraq Ziya Məmmədova qarşı zərbələr hazırlayıb. Sonuncu zərbə daha ağır oldu. Noyabr ayında edilən çıxışın indi-indi ortaya çıxması heç də təsadüfi deyil. Əvvəldən-axıra kimi hər şey yuxarıdan təşkil olunub.

- Hər halda icra başçısının qubalıları aşağılayan məlum çıxışı ortadadı. Və əksəriyyət məhz icra başçısının çıxışına ediraz edib…

- İcra başçısının çıxışı harada yayımlanıb? Onu sosial şəbəkəyə kimlər ötürüb? Aksiyaya çıxanların hamısı o çıxışa baxıbmı? Suallar çoxdur. Orada adamlar var ki, xarici görünüşlərindən bəlli olur ki, sosial şəbəkələr barədə anlayışı belə yoxdur. Deməli, kimsə onları başa salıb, yönləndirib. Burada birmənalı şəkildə məqsəd Ziya Məmmədovu vurmaq idi. Onlar yaxşı məqam seçmişdilər. Havalar nisbətən qızmışdı, yağış, qar yağmırdı. Nəyə görə, iki həftə öncə yerdə bir metr qar olanda aksiya keçirilməmişdi? Aksiyanın daha güclü olmasına təsir edən amillərdən biri insanların sosial durumu idi. İcra başçısının yürütdüyü yarıtmaz siyasət, mədəniyyətsiz, məsuliyyətsiz çıxışları yerli camaatın ayağa qalxmasına stimul verdi. Rauf Həbibov axı kimi idi ki, onu gətirib icra başçısı qoyublar? O, Ziya Məmmədovun öz adamı olub. Bəlli qruplaşma Rauf Həbibovun zəif tərəfindən istifadə edib Ziya Məmmədovu vurmağa, gözdən salmağa çalışdı. Hesab edirəm ki, müəyyən qədər məqsədlərinə nail oldular.
1988-ci ildə də insanlar meydana ilkin olaraq sosial problemlərin həlli tələbləri ilə çıxdılar və sonradan siyasiləşmə getdi. Bu mənada hesab edirəm ki, sosial problemlər həll olunmasa, siyasi tələblər ortaya çıxacaq. İndiki məqamda adda-budda eşidilən «istefa» şüarları qarşıdakı aylarda daha da kütləviləşə bilər.

- Hadisələrin bundan sonrakı inkişafını necə görürsüz?

- Düşünürəm ki, Qubada bir sıra sosialyönümlü işlər görüləcək. Abadlıq, tikinti və s. İcra başçısı sərt cəzalandırılacaq. Bu günə qədər qazandığı əlindən alınacaq, Qubadakı mülklərinə, var-dövlətinə əl qoyulacaq və s. Amma hakimiyyətdaxili qruplaşmalar öz işlərini yenə də görəcəklər. Yeni icra başçısı ağıllı oğru olacaq. Dövlət vəsaitini, insanların pullarını elə mənimsəyəcək ki, heç kəsin ruhu belə inciməyəcək. Görünür, Rauf Həbibov bu sahədə qeyri-peşəkar olub. Və ya Bakıdakı day-dayısına o qədər arxlayın olub ki, vəziyyətin bu həddə çatacağını proqnozlaşdıra bilməyib. Hakimiyyətdə heç vaxt sabitlik olmayacaq. Digər rayonlarda da belə aksiyalar, iğtişaşlar gözlənilir. Əgər qruplaşmalardan biri İlham Əliyevlə bağlı plan hazırlayıbsa, o zaman vəziyyət daha təhlükəli olacaq. Əks təqdirdə müxalifətin arzuladığı proseslər olmayacaq. Mümkündür ki, bir müddətdən sonra qruplaşmalar təşkil etdikləri iğtişaşların qarşısını ala bilməsinlər. Amma hələ ki, bu gözlənilmir.

- Qonşu ölkələr olan İran və Rusiyada keçirilən seçkilər ərəfəsində Azərbaycanda belə iğtişaşların olmasında xarici faktorun rolu nə dərəcədədi?

- Bunu istisna edirəm. Ola bilsin ki, müəyyən daxili və xarici qüvvələrin maraqları var. Amma birbaşa müdaxilələri yoxdur. Baş verənlər onu göstərdi ki, xalq ölməyib. Əksinə həddindən artıq acıqlıdır. Bu nifrətin, acığın böyük hissəsi məhz hakimiyyətə qarşı yönəlib. Hakimiyyət başa düşür ki, xalqın etirazını yatırmaq üçün onlarla vaxtında danışmaq, dil tapmaq, problemləri həll etmək lazımdır. Ziya Məmmədov, Vahid Əhmədov, Zeynal Nağdəliyev Qubaya getməsəydi, orada nələrin baş verəcəyini təsəvvür etmək çətin deyil. Daha ciddi qarşıdurma olacaqdı. Hakimiyyət müxalifətdən, dini təşkilatlardan qorxmur, amma sadə rayon insanlarından qorxur. Müxalifət Bakıda dinc aksiya keçirir, üzvlərini həbs edirlər, amma rayonlarda insanlar icra başçısının,yəni prezidentin nümayəndəsinin evini yandırır onlara heç nə deyilmir. Bütün bunlar düşündürücüdür.

Ruslan XƏLİL






3 Mart, 2012  15:03 Baxılıb: 1460 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner