Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ELXAN YURDOĞLU: “NAXÇIVANDA YAŞAMAQ ƏDƏBİYYAT YARATMAĞA MANE OLA BİLMƏZ”

“Mən o qədər də məhsuldar yazar deyiləm”

Bu dəfə “Gənc yazarlar” rubrikasının qonağı əyalətdən oldu. Telefonda bizimlə mütləq görüşəcəyini söylədi. Vədinə əməl edib Simsar.az-ın ofisinə təşrif buyurdu. Dediyinə görə Bakıya bir günlüyə gəlmişdi. Vaxtı az olsa da, bizə xeyli vaxt ayırdı. Naxçıvandan, ordakı ədəbi mühitdən, ədəbiyyatımızın gələcəyindən danışdıq. 
Rubrikamızın qonağı şair Elxan Yurdoğludur.


- Elxan Yurdoğlu üçün Naxçıvanda olmaq ədəbi mühitdən kənarda qalmaq demək deyil ki?

- Naxçıvanda yaşasam da ədəbiyyatdan heç vaxt kənarda qaldığımı hiss eləmirəm. Çünki mənim Azərbaycan ədəbi mühitində, istər Bakıda-mərkəzi ədəbi mühitdə, istərsə də Qubada, Qazaxda, Lənkəranda da yazıb yaradan gənc və orta nəsil nümayəndələrinin çoxu ilə əlaqələrim var. Həmçinin münasibətim olan və olmayan yazarların hamısını imkanım, gücüm, vaxtım çatan dərəcədə oxumağa çalışıram. Bu mənada, Naxçıvanda yaşamaq ədəbiyyatdan aralı qalmaq kimi dəyərləndirilməməlidir. İndi dünyanın harasında olursan ol, harada yaşayırsan yaşa, sosial şəbəkələr elədir ki, ədəbiyyatdan qıraqda qala bilməzsən. İnternete qoşulandan sonra, kompyuterin olduqdan sonra Robinzon Kruzo kimi adada da yaşasan, yenə ədəbiyyatın içində ola bilərsən. Elektron variantda da olsa əsərləri oxumaq imkanın olacaq.

- Əsərin kompyuterdən oxunması ilə kitabdan oxunması eynidir?

- Əsərlərin, kompyuterdən və kitabdan oxuması barədə tam fərqli müqayisə aparmaq olar. Biri var xəyal etmək, biri də var ki, xəyalı gerçəkləşdirmək. Məncə bədii əsəri internetdən, kompyuterdən oxumaq xəyal eləməkdir. Amma kağızdan oxumaq, kitabın, kağızın qoxusunu hiss eləmək xəyalın reallaşmasıdır.

- Bakıda qaynar mühit var, insanlar daha çox qaynardı. Bir-birləri ilə daha çox ünsiyyətdə olurlar. Uzaqda olmaq qaynar mühitdən uzaq düşmək deyil ki?

- Müəyyən mənada sizə haqq qazandırmaq olar. Bir dəfə Bakıda “Ulduz” jurnalının redaksiyasına getmişdim. Şeirlərimi təqdim etmək üçün. Şəxsən tanımadığım, amma imzalarını yaxşı bildiyim Elçin Hüseynbəyli, İlqar Fəhmi, Qulu Ağsəslə 5-10 dəqiqəlik söhbətim oldu. Sanki bu söhbətlərin özündə də bir ədəbiyyat vardı, yəni adamda ədəbiyyat ovqatı yaradırdı. Bu baxımdan dediyiniz düzdür, Naxçıvanda yaşayıb, mərkəzdən uzaqda qalmaq yaradıcı adama bir az təsir edir. Amma söhbət əsl ədəbiyyatdan gedirsə bu fikirlə razı deyiləm.

- Şairlər sevginin bəndəsidir, yoxsa Allahın?

- (gülür) ikinci kitabım “Mən sevginin bəndəsiyəm” adlanır. Mən özümü sevginin bəndəsi hesab edirəm. Buna görə də üçüncü kitabımın adını “Ən gözəl sevgidir ölüm” qoydum. Məncə, ölüm ona görə ən gözəl sevgidir ki, ən böyük sevgiliyə - Allaha qovuşmaq üçün yeganə vasitədir. Bu baxımdan da ölüm ən gözəl sevgidir. Biz o vasitə ilə ən böyük sevgiyə – Sevgiliyə qovuşuruq. Allah ən böyük Sevgidirsə, insanlara özündə olanı, yəni sevgisini veribsə, şairlər nə üçün onun bəndəsi olmasın? Ən böyük sevgi Allah olduğu üçün mən həm də sevginin bəndəsiyəm.

- Allaha gedən yol şairlikdən keçir?

- Fikrimcə, şairlər Allaha daha yaxındırlar. Çünki şair öz-özünə yazmır. O, müxtəlif şəkildə, bir növ Allahın səsini eşidir. Sanki sənin beyninə Allah bilərəkdən hansısa fikri gətirir ki, yazasan.

- Onda, şairlikdən Allahlığa yol nə qədərdir?

- Şair dostum İlqar Qulubəyliyə belə bir şeir yazmışdım.
Şairlikdən Allahlığa
Yol bir qarışdır, bir qarış,
Getməliyik, şair dostum,
Gəl, bir qarışdır, bir qarış.

- Bədiilik o deməkdir ki, insan Allahlığa iddia etməlidir?

- Mən insan Allah münasibətlərinin hansı səviyyədə, hansı kontekstdə olmasını yaxşı bilirəm. Deyirlər ki, Allaha yaxınlıq müqayisəsində Peyğəmbərlərdən sonra şairlər gəlir. Bu mənada fikirləşirəm ki, şairlikdən Allahlığa yol bir qarışdır. Burada söylənmək istənən Allahlıq iddiası deyil, Allaha yaxınlıq məsafəsidir.

- Yasəmənin qoxusu nə vaxt gedir?

- Mənim üçün heç vaxt. Çünki yasəmənlərin çiçək açması anadan olduğum aya—aprelə təsadüf edir. Həmin ayda bizim tərəflərdə gül olaraq təkcə yasəmənlər açır. Anadan olduğum və hazırda yaşadığım evin də qarşısında yasəmən ağacı var. Yasəmən mənim üçün bütün ətirlərin, bütün güllərin şahıdır. Yasəmən ətri həmişə burnumun ucundadır.

- Gənc yazarlardan kimləri oxuyursuz?

- Hamısını.

- Daha çox yazmaq haqqında yoxsa necə yazmamaq haqqında düşünürsüz?

- Alman yazarı Flober deyir ki, bir yaxşı əsər yazmaq üçün 100 yaxşı əsər oxumaq lazımdır. O mənada yox ki, necə yazasan, o mənada ki, necə yazmayasan. Mən o qədər də məhsuldar yazar deyiləm. Buna baxmayaraq, yazdığım şeirlər öz tənqidimdən keçmirsə, onu nə cəmiyyətə təqdim edirəm, nə də ən yaxın oxucuma. O sadəcə kopmyuterimin arxivində qalır. Buna görə də, çox yazmaq yox, necə yazmaq şərtdir.

- Bir şair kimi həyatda və yaradıcılığınızda nə kimi fərqlər var?

- Bu, mühitlə, daha dəqiq desək iş və qeyri-iş günləriylə bağlı olaraq dəyişir. Həmişə rəsmi geyinməyə çalışıram. Amma xaraktercə sərbəst biriyəm. Onu da deyim ki, yazıda çox pintiyəm. Uşaqlıqdan əlyazmalarımda demək olar ki, həmişə qaralamalar olurdu. Bu üzdən də ibtidai sinifdən yazı imla dərslərindən 5 aldığımı xatırlamıram. Yaradıcılığımda elmi məqalələr, publisistik və qəzet yazıları, həmçinin bədii yaradıcılıqda da dağınıqlıq var. İstər-istəməz düşüncələrimdə də bu əks olunur. Yazdıqlarımın üzərində işləyəndən sonra artıq səliqəli şəklə salmağa çalışıram. Elmi və publisistik yazılarımdan fərqli olaraq bədii yaradıcılığıma məsuliyyətsiz yanaşıram. Çoxlarından fərqli olaraq ədəbiyyatda hər hansı iddiam da yoxdur. Özüm üçün yazıram, çap elətdirirəm və oxucular qiymətini verir.

- Qorxmursuz, ədəbiyyatda gəldi-gedər ola bilərsiz?

- Gəlmişiksə gedəcəyik. Dediyim kimi, ədəbiyyatda qalmaq kimi bir iddiam yoxdu. Ədəbiyyatı sevirəm, oxuyuram, yazıram. Bir də ki, ədəbiyyatda qalmaq öz əlində deyil. Yazıçını, şairi ədəbiyyatda bir az ədəbiyyatşünaslar, bir az oxucular, daha çox isə zaman saxlayır.

- Gənc yazarladan biri dedi ki mənim üçün oxucuların fərqi çoxdur. Sizin üçün necə?

- O gənc yazar belə düşünürsə, onun düşüncəsinə hörmət eləmək lazımdı. Mən elə fikirləşirəm ki, oxucular fərqlidir. Hamının düşüncə zövqü eyni ola bilməz. Mən hamı üçün yazıram. Kim nə səviyyədə anlayırsa, bu artıq başqa məsələdi.

- Ədəbiyyat sizin üçün mübarizə meydanıdır?

- Mübarizə aparmağı sevirəm, amma mübahisə etməyi yox. Ona görə ki, ədəbiyyat mənim üçün kiminləsə mübahisə aparamaq meydanı deyil. O sadəcə kross qaçışıdır. Kim nə qədər qaça bilər, kim hansı məsafəni hansı zaman müddətində qət edə bilərsə, həmin məsafədə qazandığı seyirci alqışı – oxucu sevgisi də, bir o qədər çox olacaq.

- Sovet ədəbiyyatının nəyi pis idi?

- Mən elmi müəssisədə çalışıram və hər dövrün yaradıcılığına o dövrün siyasi hakimiyyəti nöqteyi-nəzərindən yanaşmağı da məqsədəuyğun sayıram. Bu mənada sovet ədəbiyyatının da üstündən xətt çəkə bilmərik. Bu haqda sual verənlərə isə xalq yazıçısı Elçinin “Sosrealizm bizə nə verdi” məqalələr silsiləsini oxumağı tövsiyyə edərdim.
Arifə Mikayılova,
Elmar Hüseynov

 

 

 






1 Mart, 2012  15:32 Baxılıb: 2827 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner