Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SƏNƏTİNİ ÖVLADLARINA MƏSLƏHƏT GÖRMƏYƏN TARZƏN -MÜSAHİBƏ -FOTOSESSİYA

Elxan Mansurov: “Saatlarla muğam verilişləri vermək insanları bezdirir”

Bu gün tanınmış tarzən Elxan Mansurovun doğum günüdür.

Tanıtım - 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulub. Tar çalmağı uşaq yaşlarından atası Bəhram Mansurovdan öyrənib. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1981-ci ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 42 ildir ki, Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlayıb. Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir. Elxan Mansurov 2005-ci ildə "əməkdar artist" fəxri adına layiq görülüb. Dəfələrlə xarici ölkələrdə - Finlandiya, Türkiyə, İraq, Rusiya və Orta Asiyada Azərbaycan musiqisini öz ifası ilə təbliğ edib. Onun ifasında yazılmış CD və DVD disklər Fransa, İran, Kanada, Almaniya, Türkiyədə istehsal olunub yayımlanır.
Tanınmış musiqiçi Məşədi Məlik bəy Mansurovun nəticəsi, Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.

57 yaşını qeyd edən tarzəni Simsar.az-ın redaksiyasına dəvət edib həm ad günü təəssüratlarını, həm də Azərbaycanda musiqili incəsənətin durumu ilə bağlı fikirlərini öyrəndik.

- Elxan müəllim 57 yaşda özünüzü necə hiss edirsiz?

- Bəzən deyirlər ki, insan 50 yaşdan sonra qocalır, əldən düşür. Amma etiraf edim ki, məndə 50 yaşdan sonra yeni gənclik həvəsi yaranıb. Özümü sağlam, gümrah hiss edirəm. Yaradıcılıq sahəsinə də həvəsli, gənc tarzən kimi baxıram. Hələ bir sıra planlarım var ki, üzərində işləyirəm.

- Sirr deyilsə, planlar barədə məlumat verərdiz?

- 42 ildir Opera və Balet Teatrında işləyirəm. Solistləri tamaşalara hazırlayan atam 1985-ci ildə rəhmətə gedəndən sonra, 27 ildir ki, gənc solistləri tamaşalara hazırlayıram. Məqsədim ömrümün axırına qədər bu işi inkişaf etdirib, yeni solistləri rollara hazırlamaqdır.

- Belə bir deyim var, şagird müəllimindən, oğul atasından irəli getməsə inkişaf olmaz. Siz atanızdan qabağa gedə bilmisiz?

- Bəzən ata elə bir sürətlə irəli gedib zirvələri fəth edir ki, ona çatmaq olmur. Üzərimizdəki Mansurov soyadı tarixə qızıl hərflərlə yazılıb. Soyadımıza hörmət əlaməti olaraq ölkə başçısı ötən il atamın 100 illiyinin qeyd olunması barədə göstəriş verdi. Bizim də borcumuzdur ki, soyadımızın səviyyəsini saxlaya bilək. Əks təqdirdə gərək bu sənətdən gedəm. Mən atamın sənətini davam etdirirəm. Qardaşım Eldar Mansurov bəstəkardı. Ölkə başçısının qərarı ilə mənə əməkdar artist, qardaşıma incəsənət xadimi titulu verilib. Digər qardaşım Aydın Mansurov sənətdən ayrılıb televiziyada operator kimi işləyir.

- Övladlarınızdan bu sənəti davam etdirən varmı?

- Yox, heç biri müsiqi ilə peşəkar məşğul olmur. Mənim də, qardaşımın da uşaqları fərqli sahələrdə çalışır. Bu sənət çox çətin və məsuliyyətlidir. Həm də gərək adamın arxası olsun. Bizim arxamız atamız idi. Özümüz də bu işə məsuliyyətlə yanaşırdıq ki, tanınaq. Atam da vaxtı ilə istəmirdi ki, biz musiqi ilə məşğul olaq. Anamın hesabına bu sənətlə məşğul olduq. Əvvəl istədilər Eldarı tara qoysunlar. Amma onun həvəsi pianoya oldu. Aydın müsiqi nəzəriyyəçisi olmaq istədi. Axırda anam dedi ki, heç olmasa biriniz atanızın sənətini davam etdirin. Məni tara qoydular. İlk illər həvəsim olmasa da, sonradan məndə tara bağlılıq yarandı. Bu sənətin çətinliyi həm də ondadır ki, burada paxıllıq var.

- Bəs, gənc tarzənlərə nə məsləhət görürsüz? Vaxtında sənəti tərk edib başqa işlə məşğul olmalarını yoxsa…

- Gənc tarzən ilk növbədə çalışmalıdır ki, istedadını, təcrübəsini öyrənsin. Bəzən görürsən ki, istedadlı gənclər kənarda qalır. Çünki arxaları yoxdur. Elələri də var ki, zəifdir, amma kiminsə hesabına irəli gedir. Belə zərbələr gənc tarzənlərin həvəsdən düşməsinə gətirib çıxarır.

- Muğamata, tara ictimai maraq, tamaşaçı marağı sizi qane edirmi?

- Əlbətdə ki, xeyr. İnsanların zövqü ciddi şəkildə korlanıb. Əvvəllər, bir AzTV var idi və hər cümə axşamı muğam saatı olurdu. İnsanlar da oturub həmin verilişi gözləyirdilər və muğamata qulaq asıb heyran qalırdılar. İndii ucuz, səviyyəsiz estrada musiqiləri və müğənnilər televiziyalarımızı başına bürüyüb. Sənət qıraqda qalıb. Danışan yoxdur, danışanları da baltalayırlar. Bizim Nardaran kəndində əvvələr muğama böyük qiymət verilərdi. İndi toylara gedəndə görürsən ki, yaşlı nəsil yoxdur. Cavanlar isə «dolya vorabskaya» sifariş verirlər.

- Muğamata olan maraq harada qırıldı?

- Oranjimanlar, səviyyəsiz ifalar muğamımızın belini qırdı. İldən-ilə gözləyirik ki, nəsə düzəlsin. Bəziləri mənə deyir ki, sən köhnə fikirlisən. Mən dahilərlə işləmişəm. Muğamın nə olduğunu yaxşı bilirəm. Dövləti tanımaq üçün gərək onun mədəniyyətini yaxından tanıyasan. Azərbaycan mədəniyyəti həmişə zəngin olub. Əvvəllər sənətə xidmət olunurdu, indi madiyyata. Stanislavksi deyirdi ki, sənətkara deyil, sənətə paxıllıq edəsən.

- Müasir reallıqla uyğunlaşdırmaq baxımından muğamda, tarda yeniliklər etmək mümkündürmü?

- Yenilik də gərək çərçivədə olsun. İfaçılıqda da həmçinin. Bizim klassik muğamımız olub. Onlara qulaq asanda adama ləzzət edib. İranda hansısa dəstgahın 50-60 şöbəsi olub. Bizim də dəstgahımızın 20-30 şöbəsi olub. Bakıda babamın təşkil etdiyi muğam məclislərində dövrün ən tanınmış xanandələri gələrdilər. Orada yeni nəfəslər olurdu və dərhal ona yeni ad verirdilər ki, itib-batmasınlar. İndi onların heç biri yoxdur. Hamısını yığışdırıb götürüblər. Bizim «Heydəri» adlı dəstgahımız olub. Amma sonradan oxunmayıb. Xan əmi bunun səbəblərilə bağlı bildirib ki, 13 hissədən ibarət olan «Heydəri»nin 5 bəm də 8 hissəsi zildə oxunduğundan müğənni çox yorulurdu və növbəti müğamatı oxuya bilmirdi. «Heydəri»dən bizə yalnız zərb musiqisi qalıb. Onu da atam yaşadıb.

- Dünyanın neçə ölkəsində tardan istifadə olunur?

- Tardan əsasən İranda istifadə olunub. O da başqa formadadır. Əlimizdəki tar yalnız Azərbaycana məxsusdur. Bunu harasa yozmaq, kiməsə bağlamaq düzgün deyil. İran dəstgahı ilə bizim dəstgahlarda xeyli fərqlər var. Onlar muğamlarını inkişaf etdirməyiblər. Biz isə neçə dəfə qabağa getmişik. Neçə dəfə simpoziumlar olub. Bəhram Mansurovun sayəsində hər dəfə birinci yerə çıxmışıq.

- «Eurovision - 2010» musiqi yarışmasında Azərbaycan çıxış edəndə tardan istifadə olundu. Bu dəfə keçiriləcək musiqi yarışmasında milli musiqi alətlərindən istifadəyə necə baxırsız?

- Hə, Araş tardan istifadə etmişdi. Amma gərək tar çalanı da orada göstərəydilər. Tarın estrada ilə bir yerdə olmasında qəbahət yoxdur. Gərək bunu peşəkarcasına edəsən. Üzeyir Hacıbəyov özü də muğamdakı, aşıq mahnılarındakı ritmlərdən öz əsərlərində böyük ustalıqla istifadə edib.

- Muğamın gələcəyilə bağlı proqnozlarınızı bilmək maraqlı olardı.

- Muğam yaddan çıxırdı. İtib-batacaqdı. Allah Mehriban xanımın köməyi olsun. Muğamın inkişafı və təbliğilə bağlı xeyli işlər görüb. Bəziləri muğamın inkişafı və təbliği ilə bağlı göstərişdən sui-istifadə edirlər. Mehriban xanım demədi ki, gecə-gündüz muğam verin. Telekanallarda saatlarla muğam verilişləri vermək insanları bezdirir. Eyni adamlara, eyni simalara baxmaq, eyni səslərə qulaq asmaq insanları yorur. Bu sənəti ucuzlaşdırmaq olmaz. Gərək hər şey çərçivəsində, qədərində olsun.

Simsar.az kollektivi Elxan Mansurovu ad günü münasibəti ilə təbrik edir, yaradıcılıq uğurları arzulayır.

Ruslan XƏLİL

 






21 Fevral, 2012  14:58 Baxılıb: 2053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner