Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YAZDIQLARIM ANLAŞILMAYANDA ÇOX NARAHAT OLURAM- MÜSAHİBƏ -EKSKLÜZİV-FOTOSESSİYA

Biz hələ bilmirik ki, ədəbiyyatın qapısının ağzında varıq, ya yox...

Onunla vədələşdiyimiz vaxtda gəldi. Özü də tək yox, rəfiqəsi Günel Xəzəllə. Dediyinə görə, təqdimata ehtiyacı yoxdur, çünki orijinal və az rast gəlinən ad qoyublar, ona. Müsahibə zamanı ədəbiyyatdan, bugünkü ədəbi tərcümə problemlərindən, şəxsi yaradıcılığından və onun məktublarından söhbət açdıq. Şeirlər oxudu, uşaqlıq xatirələrindən danışdı. Düşmən qazanacağını bilsə belə çox səmimi və cəsarətli olduğunu gördük. 
Müsahibimiz “Gənc yazarlar” rubrikasının qonağı Rəbiqə Nazimqızıdır. Jurnalistika sahəsində çalışdığından elə ilk sualımız da bu barədə oldu.


- Müsahibə almaq asandır, yoxsa müsahibə vermək?
- Müsahibə verməyi çox sevsəm də, müsahibə almaq daha maraqlıdır. Peşəkarlığın sirri budur ki, nəzərə çarpmadan müsahibinin daxili aləmini aça bilirsən. Amma müsahibə verəndə daha azad olursan, istədiyini danışa bilirsən, neçə vaxtdır ürəyində qalanları boşaldırsan.
- Ürəyinizdə çox şey yığılıb qalır? Yəni, ürəyiniz çoxmu doludur?
- Yox, ürəyimdə çox şey yığılıb qalmır, çünki mütəmadi onları boşaldıram. Ümumiyyətlə, ürəyimdə heç nəyi saxlamağı sevmirəm.
- Onları məktub şəklində açıqlamağı sevirsiz?
- Bu mənim sevdiyim janrdır və uşaq vaxtından məktub yazmağı sevirdim. Məsələn, tanımadığım insanlarla, aktyor, yazıçı və s. ya xəyalən, ya da məktublar vasitəsilə danışırdım. Xəyali bir obrazla və yaxud real bir obrazın xəyalı ilə söhbət edirdim. Sonra bu danışıqları məktub şəklində yazmağa başladım. Və ədəbiyyatçılar məktublara maraq göstərdilər. Düzünü deyim, bu qədər maraq doğuracağını gözləmirdim. Fikirləşirdim ki, məktub o qədər də ciddi ədəbiyyat janrı deyil. Buna görə də onlara önəm vermirdim. Amma son vaxtlar hara gedirəmsə, məktublarımın daha güclü olduğunu deyirlər. Məktub yazmaq məni rahatladır, içimdə yığılıb qalanları vərəqə köçürürəm. O şeyi ki, birbaşa ünsiyyətdə deyə bilmirəm, məktubda asanlıqla ifadə edə bilirəm.
- Belə çıxır ki, məktubda yazdıqlarınız yaşadıqlarınızdır...
- Əlbəttə. Bunlar yaşadıqlarımdır və tam reallıqdır. Həyatda olmuş şeylərdir. Demək olar ki, məktublarda uydurma bir şey yoxdur.
- İlk məktubunuzu nə zaman yazmısız?
- Xatırlamıram. Kimə yazdığım da yadımda deyil.
- Məktublarınıza cavab yazan tapılıb?
- Yox. Axı, mən o məktubları heç kəsə yollamamışam...
- İndiyə qədər nə qədər məktub yazmısınız?
- Dəqiq sayını deyə bilmərəm. Amma hamısı ədəbiyyat faktı kimi maraqlıdır. Məktublar məişət hadisələrindən bəhs etsə belə, onlarda ciddi mətnaltı mənalar var və hər birində ədəbiyyatla bağlı problemlər qoyulub.
- Belə çıxır ki, məktublarınıza tələbat böyükdür.
- Bu artıq məndə ənənə halını alıb və elə portallar, ədəbiyyat saytları və dərgilər var ki, məndən yalnız məktub istəyir.
- Böyük iddalar sizi ədəbiyyata gətirdi, yoxsa təsadüf?
- Ədəbiyyata gəlib-gəlməmək bir az mübahisəli məsələdir. Biz hələ bilmirik ki, ədəbiyyatın qapısının ağzında varıq, ya yox. Sadəcə, ədəbi proseslərdə bu və ya digər dərəcədə iştirak edirik. Məncə, bu proses uzun müddət davam edəcək və sonradan məlum olacaq ki, bizim ədəbiyyatda yerimiz var, yoxsa yox. O ki qaldı, ədəbiyyatda iddiama, mənim böyük iddiam olmayıb və yoxdur. Sadəcə, uşaqlıqdan şeir yazmışam.
- Uşaqlıqdan şeir yazan çox olur, amma bəzilərinin yazdıqlarını şeir hesab etmirlər, bəziləri isə çap olunma problemi yaşayır. Sizin çap olunma probleminiz olmayıb?
- Bir dəfə təsadüfən qəzetlərdən birinə getmişdim. Ordakı bəzi jurnalistləri tanıyırdım. Redaksiyadan çıxarkən redaktora dedilər ki, bu qız şeir yazır. Bəlkə, qəzetdə onun şeirlərini çap edəsiz. Düzünü deyim ki, mənim üçün qəzetdə çap olunmaq qeyri-adi bir şey idi və inanmırdım ki, qəzetdə şeirim çap olunar. Yazdıqlarımın hansı səviyyədə olması haqqında anlayışım yox idi. Şeirimi çap elədilər və sonra həmin qəzetdə jurnalist işləmək təklifi etdilər. Ancaq maraqlarımız üst-üstə düşmədiyindən oradan ayrıldım və “525-ci qəzet”də işə düzəldim. Uzun müddət yazdıqlarımı çap etdirməmişəm. Yalnız bir şeirim həmin qəzetdə çap olunub. 2005-2006-cı illərdə “Alatoran” jurnalının forumu fəaliyyət göstərirdi. Necə oldusa, internetdə bu forumla rastlaşdım, üzv oldum. Gördüm, şeirlər paylaşırlar. Çox yaxşı və çox zəif şeirlər var idi. Ona görə ürəkləndim və bir-iki dəfə öz şeirimi ora yerləşdirdim. O vaxt Rasim Qaraca mənim yazdıqlarımla maraqlandı. Bundan sonra tərəddüdlə olsa da, uzun müddət “Alatoran” jurnalına şeir verib-verməmək haqqında düşündüm, çünki Azad Yazarlar Ocağı ilə ədəbi yanaşmalarımızda kəskin fərq var. Sonda risq elədim və “Alatoran”da şeirlərim çap olundu.
- Demək, sizin mətbuata çıxışınızda Rasim Qaracanın xüsusi rolu var...
- Mən həmişə demişəm ki, mənim ilk dəfə böyük mənada mətbuatda şeirlərimin çap olunmasında Rasim Qaracanın xüsusi rolu var. Sonralar “Kultaz” ədəbi saytına yazmağa başladım. Ətrafımdakı insanlar, o cümlədən, dostlarım məni inandırmağa başladılar ki, səndə alınır. Beləcə, balaca iddialarımla ədəbiyyata kökləndim və gənc yazar kimi tanındım.
- Ancaq iddiasız olduğunuzu söyləmişdiniz...
- Bəzən bu iddia meydana çıxır. Zəif şeirlər görəndə istər-istəməz hansısa aqressiya yaranır içimdə. Mənim bir şeirim vardı. O şeir açıq-saçıq yazıldığından bir az mübahisələrə səbəb oldu. “Kultaz”ın təşkil etdiyi Nəsimi adına Milli Ədəbiyyat Müsabiqəsində qalib gələn ilk üçlükdə mən də vardım. Həmin şeiri ora da göndərmişdim. Məsələn, mən o şeiri məqsədli şəkildə, yəni iddia ilə yazmışdım. Bundan öncə bizim xanım yazarların şeirlərinin çox vulqar olduğunu müşahidə etmişdim, erotikanı poetikləşdirə bilməmişdilər, onların yazdıqları daha çox parnoqrafiyanı xatırladırdı. Fikirləşdim ki, mən bunu fərqli yazacağam və göstərəcəm ki, belə yazmaq daha gözəldir.
- Azərbaycan ədəbiyyatında nədənsə qadınlar kişilərdən daha çox açıq-saçıq şeirlər yazırlar...
- Əslində, bu haqda danışıb, özümə düşmən qazanacam (gülür), amma danışıram. Fikirləşirəm ki, bu dəqiqə Azərbaycanda açıq-saçıq, yəni erotik şeirlər yazan xanımların böyük əksəriyyəti maraq doğurmaq xatirinə yazırlar. Məqsəd ədəbiyyat deyil, sadəcə, ucuz şöhrət qazanmaq, ədəbi fiqur kimi, ümumiyyətlə, fiqur kimi görünməkdir.
- Daha çox oxucu cəlb etmək üçün?
- Daha çox ucuz şöhrət qazanmaq üçün. Adi bir misal çəkim: bir məclisə hamı eyni cür geyinir və diqqəti cəlb etmir. Amma biri hamıdan fərqli – bir az açıq geyimdə gəlir və hər kəsin diqqətini öz üzərinə toplayır.
- Ədəbiyyatı bu qədər ucuzlaşdırmaq düzgündür?
- Ədəbiyyatı ucuzlaşdırmaq mümkün deyil. Yaradıcı insanlar bu cür ucuz yazılarla ədəbiyyatı deyil, özlərini ucuzlaşdırırlar. Bu cür təhlükəli tendensiyalardan qaçmaq lazımdır. Faciə burasındadır ki, bu gün təkcə şeirimiz yox, nəsrimiz də ötəri və konyuktur hisslər üzərində qurulur. “Ən yeni ədəbiyyat” silsiləsində bunu aydın görmək olar. Burda bir sıra amillər var. İstedadlı yazarlar da buna meyl edirlər. Elə istedadlı yazarlar var ki, onların yazdıqlarının nəinki ədəbiyyata, hətta roman janrına belə heç bir dəxli yoxdur. Ciddi ədəbiyyat yaratmaq üçün vaxt və maliyyə imkanlarının olmamasını göstərirlər.
- Sizcə, bu bəhanələr inandırıcıdır?
- Təbii ki, yox. Amma onların bir arqumentləri ilə razılaşmamaq olmaz. Deyirlər ki, belə əsərlər daha çox satılır. Və dediklərində də bir həqiqət var, yazdıqları yaxşı tirajla satılır. Amma məsələnin görünməyən tərəfi də var. Sən kütlənin səviyyəsinə enirsən, yoxsa kütlənin səviyyəsini qaldırmaq istəyirsən? Kütləyə yuxarıdan aşağı baxmağın tərəfdarı deyiləm, amma fikirləşirəm ki, müəllif oxucusunu formalaşdırmalıdır. Yəni ədəbiyyatda müəllif üçün tələb təklifi üstələməməlidir.
- Ədəbiyyat da televiziya kimi kütlənin dalınca qaçırsa, sonu necə olacaq?
- Görünür yazarlarımızda da müəyyən qədər aşınma gedir. İstər-istəməz mühit adama təsir edir. Amma o mühitin təsirinə düşməmək üçün kifayət qədər iradən, iddian və prinsiplərin olmalıdır. Bəzən gənc yazarlara deyirlər ki, istənilən halda, hətta qalmaqala xidmət etsə belə, gedib televiziya verilişlərində iştirak etmək, orda bir kitabın, heç olmasa bir müəllifin adını çəkmək lazımdır. Mən bununla qətiyyən razı deyiləm. Halbuki, bu qalmaqallar yazarın imicinə zərbə vuracaq olsa belə, kitab bazarına xeyir gətirə bilər. Fikrimcə, bu yolla reklam o qədər də uğurlu deyil, çünki bu cür reklam vasitəsilə ciddi oxucu toplamaq mümkün deyil. Şəxsən mən belə şeylərə getmərəm.
- Tez-tez eksperiment edirsiz?
- Şeirdə eksperiment etmək çox çətindi. Həmişə uğurlu alınmasa, bunu eləmək çox çətin olsa da, hərdən edirəm. Bugünkü durumu şeirdə təsvir, ifadə eləmək çox çətindi. Bu, müəllifdən istedad, mütaliə, müşahidə çalışqanlıq tələb edir və eyni zamanda şeirin formasına da diqqət yetirmək önəmlidir. Bir də onu nəzərə almaq lazımdır ki, reallığı 100 faiz şeirə köçürmək mümkün deyil.
- Nəsr yazmaq daha rahatdır, yoxsa şeir?
- Mənim üçün şeir. Çünki nəsr yazmaq üçün oturaq həyat tərzi keçirməlisən. Mənsə bir yerdə otura bilmirəm. 15 dəqiqədən bir fikrimi dəyişə bilərəm ki, bu epizodu başqa cür yazım. Bu da mənim aləmimdə sonsuza qədər davam edə bilər. Şeir yazmaqsa bir dəfəyə, bir oturuma başa gəlir, az vaxt alır.
- Deyə bilmədiklərinizi yazırsız?
- Yox, elə bir problemim yoxdur. Mən kifayət qədər cəsartətli, açıq fikirli adamam.
- Deyə bildiklərinizi yazmağa ehtiyac var?
- Əlbəttə, var.
- Umimiyyətlə, həyatla necə yollaşırsız, maddi çətinliklər sizi çox sıxmır ki?
- Valideynlərim kömək edir, maaşım da pis deyil. Əlavə olaraq tərcümələrdən və yazdığım ssenarilərdən aldığım pulla birtəhər dolanıram.
- Tərcümə ilə məşğul olduğunuzu söylədiniz. Bu gün ölkəmizdə ədəbi tərcümənin vəziyyəti necədir?
- Bəli, hazırda Çexovun bir əsərini tərcümə edirəm. Onu da deyim ki, bu gün tərcümə çox bərbad vəziyyətdədir. Düzdür, üstün cəhəti dünyanın diqqətini cəlb edən tərcümə kitablarının dalbadal nəşr olunmasıdır. Amma təcümə kitablarının vəziyyətini biabırçı adlandırmaq olar. Redaktə, ümumiyyətlə yoxdur. Xalturalar olur, bəzən ədəbiyyatdan anlayışı olmayan adamlar bədii əsər tərcümə edib, kitab şəklində təqdim edirlər. Sovet dövründə yaxşı tərcüməçi kimi ad çıxarmış bir nəfərin bu yaxınlarda tərcümə etdiyi kitabı oxuyurdum. Az qaldım Nobel mükafatçısı olan müəllifə nifrət edim. Korrektura səhvlərini də sayıb qurtarmaq olmur. Bir kitabda nə qədər səhv olar? Onu da deyim ki, bəzən tərcümə ilə elə adamlar məşğul olur ki, o adamlar hətta müəllifin adını da düzgün yazmağı bacarmırlar.
- Əyalət yazarları ilə ədəbi əlaqəniz hansı səviyyədədir?
- Əyalətdə yaxşı yazarlar var. Bu yaxınlarda Xaçmazda Regional Televiziyada Sərdar Tağıyev adlı bir gənc yazarın yaradıcılığı ilə tanış oldum. Mənim üçün heyrətamiz idi ki, regionda bu cür gənc yazarlar var. Məlumatlı, yeni ədəbiyyatı oxuyan, yaradıcılığı yüksək səviyyədə olan gənc yazarlarla sosial şəbəkə vasitəsilə ədəbi əlaqə saxlayıram.
- Dini inanclarla bağlı yazmaq haqqında düşünmürsüz ki?
- Heç vaxt. Ustad hesab elədiyim adamların belə, küfr yazılarını qəbul etmirəm. Bunu ədəbiyyata gətirmək lazım deyil. İman məsələsi hər insanın daxili işidir. Mən dini təhqirlərin və dini təbliğin ədəbiyyata gətirilməyinin əleyhinəyəm. Dindar, imanlı və ateist adamlarla dostluq etsəm də, bu cür müzakirələrə heç vaxt qatılmıram. Hələ sağlığında Rafiq Tağını qınayanlardan olmuşam. Məncə, hər bir yazar insanlara və onların hisslərinə hörmət etməyi bacarmalıdır. Əvvəla özünə hörmət edib yazmırsan, sonra da qarşındakına. Çünki insanların ürəyinə dəyə bilərsən, müqəddəs hesab etdiyi şeylərə toxuna bilərsən. Axı, bu sənə nə verəcək? Ucuz şöhrət? Yoxsa faciəvi ölüm? Onu nəzərə almaq lazımdır ki, imanlı adamlar üçün Məhəmməd peyğəmbər öz ailəsindən belə öndə gəlir. Milyonlarla insanın sevgisini təhqir etmək, ucuz qalmaqal yaratmaq və özünü gözdən salmaqdır.
- 2008-ci ildən bəri yeni kitab çıxarmağı düşünmürsüz?
- Çıxarda bilərəm. Amma özüm gözləyirəm. Axı hər gün bir kitab çıxarmağın nə mənası olacaq? Sənin yeni çıxardığın kitabla, yəni yazdıqlarınla əvvəlkilər arasında heç bir keyfiyyət fərqi olmayacaqsa, onda niyə kitab çıxarırsan? Ona görə də, tələsmək lazım deyil. Gərək özün də yazılarındakı keyfiyyət fərqini görəsən.
- Sizi həyatda daha çox sıxan, narahat edən nədir?
- Ad günümdə, yazarları evə dəvət etmişdim. Şeirlər oxuyur, ədəbiyyat haqqında söhbət edirdik. Anam gəldi, bir az oturdu. Gördüm çox darıxır. Sonra bir az da zarafatla mənə dedi ki, onları tez-tez çağır, amma de ki, gələn dəfə şeir oxumasınlar. Evdəkilərlə aramızda nə qədər böyük uçurum olduğunu gördüm. Valdeynlərim Sovet kriteriyalarına görə, ədəbiyyatı gözəl bilirlər və xeyli kitab oxuyublar. Sadəcə, bizim yanaşmamızda fərq var. Onlar elə Sovet dövrünün formalaşdırdığı qəliblərdə qalıblar. Ən faciəvi hal o idi ki, kitabım çıxanda evdəkilər orada yazılan şeirləri anlamadılar. Yaxınlarım məni, mənim yazdıqlarımı anlamayanda çox narahat oluram. Xoşum gəlməyən adamların içərisində olmaqdan da sıxılıram. Demirəm ki, məni tərifləsinlər, təriflənməyi də sevmirəm, saxta tərifdən və qərəzli tənqiddən yoruluram...

Elmar Hüseynov

 






14 Fevral, 2012  15:30 Baxılıb: 1918 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner